Quran ayələriylə xatırladılan bir başqa mövzu da ana-ataya qarşı istifadə ediləcək üslubla əlaqəlidir. Allah Quranda, “Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündən-günə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.” (Loğman surəsi, 14) hökmüylə insana anasına və atasına qarşı yaxşılıqla davranmasını əmr etmişdir.
Şübhəsiz ana-atanın övladı üzərindəki səyi çox böyükdür. Anası çox çətinliyə sinə gərərək onu doqquz ay boyu bətnində daşımış və hər cür fədakarlığa dözərək böyütmüşdür. Atası da onu yetkin yaşa çatdıra bilmək üçün böyük əmək sərf etmişdir. İnsanın özünə göstərilən bu gözəl əxlaqı və əməyi görməzlikdən gələrək ana-atasına qarşı böyüklük göstərməsi, onlara qarşı mərhəmətsiz rəftar göstərməsi mömin əxlaqıyla uyğun gəlməz. Allah “…Valideynlərə, qohum-əqrəbaya, yetimlərə, kasıblara, yaxın və uzaq qonum-qonşuya, yol yoldaşına, müsafirə və sahib olduğunuz kölə və kənizlərə yaxşılıq edin! Həqiqətən, Allah lovğalıq edənləri və özünü öyənləri sevmir.” (Nisa surəsi, 36) sözləriylə də insana ana-atasına qarşı gözəlliklə davranmasını və onlara qarşı lovğalanan rəftar göstərməkdən çəkinməsini buyurur.
Allah bu mövzuda insanın necə rəftar göstərməsini belə açıqlayır:
Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara:
"Uf!" belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə! Onların hər ikisinə rəhm edərək təvazökarlıq qanadının altına al və:
“Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib böyütdükləri kimi, Sən də onlara rəhm et!” – de.
İnsan, ana-atasına qarşı “uf” belə deməyəcək qədər hörmətli üslub istifadə etməlidir. Olduqca təvazökar, anlayışlı olmalı və onlara həmişə gözəl söz söyləməlidir. Onlar onu yetişdirib böyüdərkən necə əmək verdilərsə, yaşlılığa çatdıqlarında da onlara qarşı eyni səbirli və şəfqətli olmalıdır. Ana-atasının qüsurlarına anlayış göstərməli, ehtiyaclarına şəfqətlə yaxınlaşmalıdır. Hər nə olursa olsun onlara qarşı hirsli yaxud hövsələsiz üslub istifadə etməməlidir.
İnsanın ana-atasının Allaha üsyan etdiyi halda isə Quranda bildirilən ölçü, din mövzusunda onlara itaət etməmək, amma yenə də, onlarla yaxşı dolanmaq şəklindədir. Quranda möminin göstərməsi lazım olan bu davranış belə açıqlanır:
Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm.
Biz insana valideynləri ilə gözəl davranmağı buyurduq. Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara güzəştə getmə. Dönüşünüz Mənə olacaq, Mən də bütün etdikləriniz barədə sizə xəbər verəcəyəm. (Ənkəbut surəsi, 8) Quranda Yusif Peyğəmbərin ana-atasına qarşı olan hörmətli rəftarı nümunə verilərək, bu əxlaqın üstünlüyünə diqqət çəkilmişdir. Yusif Peyğəmbər Misirin rəhbərliyində əhəmiyyətli bir yerə sahib olduğu halda ana-atasına qarşı çox təvazökar rəftar göstərmişdir:
Onlar Yusifin yanına gəldikdə o, ata-anasını bağrına basıb dedi: “Əmin-amanlıqla Allahın istəyi ilə Misirə daxil olun!” O, ata-anasını taxtın üstündə əyləşdirdi...
İbrahim Peyğəmbərin, bütlərə ibadət etməyə çağıran atasına qarşı olan rəftarı və danışma üslubu da inananlar üçün gözəl nümunədir. Atasının təcavüzkar olmasına baxmayaraq, İbrahim Peyğəmbər ona “atacan” xitabıyla cavab verərək üstün əxlaq sərgiləmişdir:
Kitabda İbrahimi də xatırla! Həqiqətən, o, sadiq insan və peyğəmbər idi. Bir zaman o, atasına demişdi:
“Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Mərhəmətli Allaha çox asi oldu. Atacan! Qorxuram ki, Mərhəmətli Allahdan sənə bir əzab toxunsun və beləcə, şeytana yoldaş olasan”. Atası dedi: “Sən mənim məbudlarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər buna son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!” İbrahim dedi: “Sənə salam olsun! Mən Rəbbimdən sənin üçün bağışlanma diləyəcəyəm. Həqiqətən, O mənə qarşı çox lütfkardır. Mən sizi və Allahdan başqa sitayiş etdiyiniz bütləri tərk edir və öz Rəbbimə dua edirəm. Ola bilsin ki, mən Rəbbimə dua etməklə heç vaxt bədbəxt olmayım”.