İnsan xarakter cəhətdən tələskən yaradılmışdır və bu xüsusiyyətinə görə də bir çox səhvlər edir. Halbuki, Quranda insanın bu tələskənliyindən əl çəkməsi və Allah üçün səbir etməsi tövsiyə edilir. Mömin Allah’ın vəd etdiyi böyük nemət və qurtuluşu gözləməyi və buna görə səbir etməyi bacarmalıdır. Bu, bir ibadətdir. Ayədə “Rəbbin üçün səbir et” (Muddəssir surəsi, 7) hökmü verilir. Həm Allah yolunda mübarizənin, həm də Allah’a yaxınlaşmaq üçün gedilən yolun ən əhəmiyyətli nemətlərindən biri səbirdir. Bir ayədə belə buyurulur:
Ey iman gətirənlər! Səbir edin, dözümlü olun, növbələşin və Allah’dan qorxun ki, bəlkə nicat tapasınız!
Bir şeyi unutmayaq ki, səbir ilə dözüm anlayışları fərqlidir. Cahiliyyə cəmiyyətində bu iki anlayış bir-birinə qarışmışdır. Halbuki, bu iki anlayış arasında mömin tərəfindən qavranılan çox mühüm fərq var. Xoşa gəlməyən, ağrı verən çətinliyə dözüm deyilir. Halbuki, Quranda nəzərdə tutulan səbir mömin üçün çətinlik qaynağı deyil. Mömin Allah’ın rizasını qazanmaq üçün səbir edir, buna görə də səbrindən ötrü heç bir əzab çəkmir, əksinə, mənəvi həzz alır. Quranda səbrin möminlər üçün həzz, inkarçılar üçün isə çətin dözüm olduğu belə ifadə edilmişdir:
Səbir etmək və namaz qılmaqla (Allah’dan) kömək diləyin! Həqiqətən, bu, (Allah’a) itaət edənlərdən başqa (hamıya) ağır gəlir.
Quranda səbrin möminlər üçün “müjdəli” ibadət olduğu və möminlərin qarşılarına çıxan çətinliklərə qarşı səbir edərkən sahib olduqları ruhi halı belə izah edilir:
Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver. O kəslər ki, onlara bir müsibət üz verdikdə:
“Biz Allah’a məxsusuq və Ona da qayıdacağıq!” – deyirlər.
Səbir elə üstün xüsusiyyətdir ki, mömin birliyində böyük güc meydana gətirə bilər. Allah gücün səbrə görə necə dəyişdiyini aşağıdakı ayədə belə açıqlayır:
İndi Allah sizin (yükünüzü) yüngülləşdirdi. Çünki O, sizdə zəiflik olduğunu bilirdi. Əgər aranızda yüz səbirli kişi olsa, (kafirlərdən) iki yüzünə qalib gələr; əgər aranızda min (səbirli kişi) olsa, Allah’ın izni ilə (kafirlərdən) iki mininə qalib gələr. Allah səbir edənlərlədir.
Səbir Quranda izah edilən bütün mömin xüsusiyyətlərini də əhatə edən xüsusiyyətdir. Çünki bir insan təvazökar, mərd və fədakar ola bilər. Amma burda incə məqam var: əgər bu xüsusiyyətlərində səbir göstərərsə, bunların dəyəri o zaman olar. Səbir digər bütün mömin xüsusiyyətlərini qiymətli və etibarlı edir. Yalnız səbir imanı məqbul edir. Mömin bütün ömrü boyu səbir edir. Həyatının hər günü “Allah üçün səbir et” hökmünə itaət etməklə keçir. Nəticədə isə Allah canını alacaq və onu rizası və cənnəti ilə mükafatlandıracaqdır. Cənnətin qapısındakı mələklər möminlərə belə səslənərlər:
Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!