Ümidsizlik iki cür ola bilər. Birinci halda, insan qarşılaşdığı çətinliklər qarşısında ümidsizliyə qapıla bilər. Ancaq iman etmiş hər insan Allah’ın nəzarəti altında icra edilən və Onun dəstəkləyəcəyini vəd etdiyi işlərdə hər hansı mənfi halın olmayacağını bilir. Çünki Qurandakı ayələrdə Allah’ın konkret olaraq möminləri dəstəklədiyi və onları əsla inkarçılar qarşısında köməksiz buraxmayacağı xəbər verilir.
İkinci halda isə etdiyi səhv və ya işlədiyi günah səbəbi ilə hər hansı insanın öz imanından ümid kəsməsi, Allah’ın onu bağışlamayacağına və artıq cəhənnəmlik olduğuna özünü inandırmasıdır. Halbuki, bu, tamamilə Qurana zidd düşüncədir. Əksinə, Allah səmimi tövbə edənlərin bütün günahlarını bağışlayar. Allah’a yönəlmək, Onun rəhmətinə sığınmaq üçün heç vaxt gec deyil. Allah Quranda qullarına belə səslənir:
“De: “Ey Mənim özlərinə qarşı həddi aşmış qullarım! Allah’ın rəhmindən ümidinizi üzməyin. Şübhəsiz ki, Allah bütün günahları bağışlayır. O, həqiqətən, bağışlayandır, rəhmlidir!”
Ümidsizlik şeytanın mömini Allah’ın haqq yolundan uzaqlaşdırmaq üçün verdiyi vəsvəsələrdən biridir. Şeytan bu yolla səhv etmiş möminin əhvalını pozmağa, adi səhvlərini həmin insanın gözündə böyütməyə və onu daha da böyük səhvlərə sürükləməyə çalışır. Şeytanın hədəfi mömini imanından və səmimiyyətindən şübhəyə salmaq, ona cəfəng fikirlər aşılamaqdır. Əgər insan şeytanın bu təlqinindən təsirlənsə, getdikcə imani zəifliyə düşər, səhv üstünə səhv etməyə başlayar. “Bir dəfə səhv etdim, artıq geri yol yoxdur”, - deyərək getdikcə daha da böyük günahlar edər. Mömin belə hissə qapıldıqda dərhal Allah’a sığınmalı, Quranın nuru ilə düşünməli və şeytanın istədiyi bu qorxunc ruhi haldan çıxmalıdır. Bir ayədə möminin bu cür hallardakı rəftarı belə açıqlanır:
Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allah’a sığın. Şübhəsiz ki, O, eşidəndir, biləndir.
Mömin ixlaslı və səmimi olduqdan sonra səhv etsə də, bağışlanma dilədikdən sonra Allah’ın onu bağışlayacağına ümid edə bilər. Edilən səhv nə olursa-olsun yenə də hər an tövbə edib özünü düzəldə bilər.
Allah’ın sonsuz rəhmət və ədalət sahibi olduğunu bilərək, möminlərə cənnəti və uğur vəd etdiyi halda ümidsizliyə qapılmaq ancaq şeytanın hiyləsidir. Yaqub Peyğəmbərin Quranda bildirilən bu nəsihəti bütün möminlər üçün yol göstəricidir:
“… Allah’ın mərhəmətindən ümidinizi üzməyin. Çünki Allah’ın mərhəmətindən ancaq kafir adamlar ümidlərini kəsər”