Cahiliyyə cəmiyyətindəki insanların əksəriyyəti kobud, düşüncəsiz, laqeyd xarakterə sahibdirlər. Bunun ən böyük səbəbi isə inkarçıların əsas xüsusiyyətlərindən biri olan eqoizmdir. Hamı yalnız öz mənfəətlərini düşünür. Digər insanların düşüncə və duyğuları isə ya ikinci dərəcəlidir, ya da tamamilə diqqətdən kənardır. Halbuki, həqiqi mömin birliyi tamamilə fərqlidir. Çünki möminlərin ən əhəmiyyətli xüsusiyyətlərindən biri nəfslərinin eqoist istəklərindən xilas olmalarıdır. Nəfsinin sonsuz istəklərinə hakim olan mömin isə digər möminlərə qarşı fədakar və incə düşüncəli davranar. Quranda Peyğəmbərimizlə birlikdə Məkkədən köçən mühacirlərlə Mədinədə onlara kömək edən möminlər (ənsar) arasındakı bu fədakarlıq belə izah edilir:
(Mühacirlərdən Mədinədə) əvvəl yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.
Göründüyü kimi, Quran əxlaqı möminlərin öz haqlarından keçərək digər mömin qardaşlarını özlərindən üstün tutmalarını tələb edir. Həqiqi iman, həqiqi təslim olma və həqiqi qardaşlıq budur. Möminin digər mömin qardaşlarını özündən üstün tutması ona sadəcə maddi imkan təmin etməklə kifayətlənmir. Bu qardaşlığın ifadə edildiyi yerlərdən biri də düşüncədir. Mömin qardaşlarının ehtiyaclarını özündən çox düşünməlidir. Kobud və düşüncəsiz rəftarlar insanın imanının kamilləşmədiyini göstərir. Etdiyi bir hərəkətin digər möminlərə necə təsir edəcəyinin fərqinə varmayan, tək öz istəklərinə görə ağlına gəldiyi kimi hərəkət edən insan Allah’ın təsvir etdiyi mömin modelindən tamamilə uzaqdır. Quranda incə düşüncənin və düşüncəsizliyin nümunələri əhəmiyyətlidir. Şübhəsiz, ən əhəmiyyətlisi elçiyə qarşı incə düşüncəli və hörmətli olmaqdır. Allah bir ayəsində elçiyə hörmətə belə diqqət çəkir:
Ey iman gətirənlər! Allah’ı və Onun Elçisini qabaqlamayın. Allah’dan qorxun! Həqiqətən, Allah eşidəndir, biləndir.
İncə düşüncənin əhəmiyyəti bir başqa ayədə isə belə vurğulanır:
Ey iman gətirənlər! Sizə yeməyə izin verilməyib (süfrəyə dəvət olunmadıqca) Peyğəmbərin evlərinə girməyin və yeməyin hazırlanmasını da gözləməyin. Lakin dəvət olunduqda girin və yemək yedikdən sonra bir-birinizlə söhbətə dalmadan dağılışın. Çünki bu, Peyğəmbəri narahat edir və o, sizdən utanır. Allah isə sözün açığını (sizə bəyan etməkdən) utanmır. (Peyğəmbərin) zövcələrindən bir şey istədikdə, pərdə arxasından istəyin. Bu, həm sizin qəlbinizə, həm də onların qəlbinə daha çox saflıq gətirər. Sizə Allah’ın Elçisini narazı salmaq, vəfatından sonra onun həyat yoldaşları ilə izdivac etmək qətiyyən yolverilməzdir. Həqiqətən, bu, Allah yanında böyük günahdır. (Əhzab surəsi, 53)
Quran əxlaqı ilə yetişmiş insanlar son dərəcə keyfiyyətli, nəzakətli, sadə və incə düşüncəlidirlər. Bu hal öz nəfslərindən öncə qardaşının nəfsini düşünən, ona duyduğu sevgiyə baxmayaraq, yeməyi yoxsula, yetimə və əsirə yedirdən möminlərin təbii hallarıdır. İncə düşüncəli olmaq, eyni zamanda, cənnətdəkilərin xüsusiyyətlərindən biridir.
İncə düşüncə nümunələrini şərtlərə və mühitə görə çoxaltmaq mümkündür. Bunların bəziləri bir işlə məşğul olan qardaşını narahat etməmək, əgər dua edirsə, mühitin səssizliyini pozmamaq, o istəmədən ona xidmət etmək, rahatlamasını təmin etmək, bir çatışmazlığı və ya ehtiyacı olub-olmadığını öyrənmək sayıla bilər. Amma nəzərə almaq lazımdır ki, bu sayılanlar sadə və ümumi bir izahdır. Fərqli mühit və şəraitə görə bu nümunələrin sayı yüzlərlə, minlərlə artırıla bilər.