Həqiqətən də dua mömini inkar edənlərdən fərqləndirən, Allah qatında qiymətli edən əsas ibadətlərdən və imanın ən açıq göstəricilərindən biridir. İnsanların çoxu bütün kainatın maddələr cəmi olduğunu və bu maddələrin də heç bir ilahi idarə olmadan bir-birlərinə təsir edərək hərəkət etdiklərini zənn edirlər. Əslində, var olan hər şeyin Allah’ın iradəsinə boyun əydiyinin, hər şeyin ancaq Allah’ın “Ol” əmri ilə olduğunun fərqində deyillər. Buna görə də bütün həyatları bu maddələr dünyasında mübarizə, səy və məşğuliyyət içində çalışmaqla keçir. Ancaq iman edən insan kainatın sirrini bilir. Buna görə də istədiyi bir şeyə nail olmaq üçün o şeyləri yaradanından diləməli olduğunu da anlayır. Bilir ki, Allah hər şeyi Öz iradəsinə boyun əydirmişdir, hər şeyə hakimdir və Özündən kömək istəyən qullarına qarşı da şəfqətlidir. Allah bir ayəsində qullarına belə səslənir:
Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən (onlara) yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.
Ancaq bilinməlidir ki, “qəbul” duada istənilən hər şeyin verilməsi demək deyil. Çünki insan cahildir və ayədə ifadə edildiyi kimi xeyir dilədiyi kimi, şər də diləyir. (İsra surəsi, 11). Bu səbəblə, Allah hər duanı eşidər, amma bəzən istəniləni verər, bəzən də o istənilən şey həqiqətdə şər olduğu üçün verməz.
Duanın necə ediləcəyi isə yenə Qurana baxılaraq təyin edilməlidir. Allah duanı yalnız Özünə xas edilmiş, qorxu və ümidlə, yalvarayalvara, daxildən ediləcək bir ibadət olaraq təsvir edir. Bu xüsusiyyətlərə s)hib olmayan, Allah’ın əzəmətini təqdir edə bilməyən bir dua həqiqi dua olmaz. Dua ancaq ixlaslı, candan, səmimi bir şəkildə, çox istəyərək, yalvararaq, Allah’dan qorxaraq və əvəzini görmək ümidi ilə edildiyində həqiqi mənada dua olar. Duada çox səmimi olmaq və Allah’la çox yaxın bir əlaqə qurmaq lazımdır. Quranda “Rəbbinizə acizanə, həm də gizlicə dua edin!...” (Əraf surəsi, 55) və “Allah’a qorxu və ümidlə yalvarın. Həqiqətən, Allah’ın mərhəməti yaxşılıq edənlərə yaxındır” (Əraf surəsi, 56) ayələri necə dua etmək lazım olduğunu ən açıq şəkildə təsvir edir. Bir başqa ayədə isə Allah’ın adları ilə dua edilməsinə belə diqqət çəkilir:
Ən gözəl adlar Allah’ındır. Ona bu adlar vasitəsi ilə dua edin...
Dua anı insanın öz acizliyini və Allah’ın sonsuz qüdrətini ən nəzərə çarpan bir şəkildə hiss etdiyi andır. Allah bütün kainata nəzarət edən, gücü hər şeyə yetən, gizlinin gizlisini bilən, hər şeydən xəbərdar olandır. İnsanın duasını eşidən və ona cavab verəcək olan da sonsuz şəfqətli Rəbbimizdir. Duadan qaçmaq isə Allah’ın bu böyük rəhmətindən üz çevirmək, qürurlanmaq mənasını verir. Belə ki, Allah Quranda belə buyurur:
Rəbbiniz dedi:
“Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər cəhənnəmə zəlil olaraq girəcəklər”.
Dua mömin üçün həm ibadət, həm qüvvətli bir silah, həm də böyük nemətdir. Yalnız istəmək kimi asan bir hərəkətlə maddi-mənəvi hər şeyi əldə etməyin açarıdır.