Möminlərin inkarçılar qarşısındakı müvəffəqiyyətlərinin sirlərindən biri də aralarındakı qardaşlıq və həmrəylikdir. Quranda “Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir” (Səff surəsi, 4) ayəsi ilə bu birlik və həmrəyliyin əhəmiyyəti vurğulanır.
Buna görə də bu birlik və həmrəyliyi zədələyəcək, möminlərin arasını vuracaq hər cür söz və ya davranış dinə qarşı bir rəftar olar. Allah Quranda möminləri bu təhlükəyə qarşı belə xəbərdar etmişdir:
Allah’a və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir.
Saleh bir mömin belə bir mübahisə və çəkişməyə yer verməmək üçün maksimum diqqət göstərməlidir. Daim digər mömin qardaşlarını incidə biləcək söz və davranışlardan çəkinməli, aradakı sevgi və etibarı daha da artıracaq rəftar göstərməlidir. Quranda bu mövzuda belə hökm verilir:
Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.
Mömin başqa bir mömin qardaşı ilə müxtəlif fikirdə olduğu zaman hadisəyə mümkün qədər hörmətlə yanaşmalı, təvazökar olmalı və beləliklə, iki müxtəlif fikrin müşavirə ölçüsündə qalmasını və əsla mübahisə statusuna girməməsini təmin etməlidir. Digər iki qardaşı arasında arzuolunmaz bir hadisə olduğunda isə “Möminlər, həqiqətən də qardaşdırlar. Elə isə qardaşlarınızı barışdırın və Allah’dan qorxun ki, sizə rəhm edilsin” (Hucurat surəsi, 10) ayəsindəki hökmə uyğun bir üslubla qardaşlarının arasını düzəltməlidir. Unutmaq olmaz ki, möminlər arasındakı ən kiçik bir qarşıdurma Allah’ın razı olmadığı bir rəftardır.