Mömin xüsusiyyətlərindən biri də Quranda təsanüd olaraq keçən qardaşlıq, həmrəylik, birlikdir. Quranda bildirildiyi kimi, bütün möminlər bir-birlərinin qardaşlarıdır. Eyni yola çıxmış, eyni kitaba tabe olmuş, eyni hədəfə və eyni duyğulara sahib olan insanlardır. Bu səbəbdən də aralarında böyük bir sevgi və həmrəylik olur. Allah bunu belə təsvir edir:
Şübhəsiz ki, Allah möhkəm bir divar kimi səf-səf düzülüb Onun yolunda vuruşanları sevir.
Yuxarıdakı ayədə təsvir edilən təsanüd ruhu içində Allah yolunda olmaq qəti əmrdir. Başqa bir ayədə belə buyurulur:
Hamınız Allah’ın ipindən möhkəm yapışın və parçalanmayın! Allah’ın sizə olan nemətini xatırlayın ki, siz düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.
Möminlər gözəl əxlaqlı, təvazökar, sevgi və hörmət dolu insanlardır. Buna görə də təsanüd möminlər arasında təbii şəkildə meydana gəlir. Ancaq bu mövzuda diqqət yetirilməli olan başqa məsələlər var. Çünki möminlərin edə biləcəyi bəzi səhvlər bu təsanüdün zədələnməsinə və möminlər arasında bir anlıq da olsa soyuq luğun yaşanmasına səbəb ola bilər.
Bu səhv hərəkətlərin səbəbi möminlərin davranışlarını qəflət anlarında idarəsi altına alan nəfsdir. Mömin fədakar, xoş münasibətli və mülayimdir, amma hamıda nəfs var və insan diqqət yetirməzsə, bəzən idarəsi nəfsin əlinə keçər. Qısqanc və eqoist olan nəfsin təsirinə düşmək isə bu pis hisslərin möminə təsir etməsi deməkdir. Məhz buna görə Allah Quranda möminləri təsanüd mövzusunda son dərəcə diqqətli olmaları üçün xəbərdar edir. Madam ki, şeytanın insandakı təzahürü olan nəfs insanı aldada bilər, elə isə mömin nəfsini hərəkətə keçirəcək bir üslubdan istifadə etməməlidir. Allah bir ayədə belə əmr edir:
Qullarıma de ki, ən gözəl sözləri danışsınlar. Çünki şeytan onların arasına ədavət sala bilər. Həqiqətən, şeytan insanın açıq-aydın düşmənidir.
Ayədə bildirilən həqiqət son dərəcə əhəmiyyətlidir. Birincisi, möminlərin bir-birlərinə qarşı ən gözəl xitab şəklini (yalnız gözəl deyil, ən gözəl) istifadə etmələri əmr edilir. İkincisi, şeytanın bir xüsusiyyəti aşkar olur: şeytan insanların və xüsusilə də möminlərin arasındakı münasibəti pozmaq üçün çalışır. Şeytanın və nəfsin möminlərin arasındakı təsanüdü pozmaq üçün ən çox istifadə etdiyi yol rəqabət duyğusudur. Əgər mömin qəflət halında olsa, mövqe, vəzifə kimi məsələlərdə rəqabət hissinə qapılıb qardaşlarını keçməyə, özünü onlardan önə çıxarmağa çalışa bilər. Eyni şəkildə, özündən daha ön mövqedəki bir qardaşına qarşı qısqanclıq hiss edə bilər. Əslində, qəflət halında edilən bu hərəkət Allah’a üsyan deməkdir. Çünki “Yoxsa onlar Allah’ın Öz lütfündən insanlara verdiyi şeyə görə onlara həsəd aparırlar?...” (Nisa surəsi, 54) ayəsinə görə insanlara verilmiş nemətlər Allah’dandır və bunları qısqanmaq Allah’ın təqdirinə qarşı gəlmək mənasını verir. Bu səbəbdən, möminlər qısqanclıq kimi bir xislətdən tamamilə uzaq dayanmalıdırlar. Bu, həm Allah’ın rizasına müxalif bir hərəkətdir, həm də ayənin hökmünə görə möminlərin gücünün azalmasına səbəb olar:
Allah’a və Onun Elçisinə itaət edin, bir-birinizlə mübahisə etməyin, yoxsa ruhdan düşər və zəifləyərsiniz. Səbir edin, çünki Allah səbir edənlərlədir.
Bu səbəbdən, mömin qətiyyən qardaşları ilə çəkişmə, rəqabət mühiti meydana gəlməsinə mane olmalıdır. Həm özü qısqanclıq kimi çirkin bir duyğuya qapılmamalı, həm də sahib olduğu xüsusiyyətləri ön plana çıxardaraq qardaşlarının nəfsindəki qısqanclıq damarını oynatmamalıdır. Təvazökar olmaq rəqabət təhlükəsini yox edər. Quranda bu mövzuda verilən bir başqa meyar isə qardaşlarının nəfsini öz nəfsindən üstün tutmaq, yəni hər vəziyyətdə fədakar davranmaq və bundan zövq almaqdır. Quranda bu meyar belə təsvir edilir:
(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.
Qısqanclıq, rəqabət, incimə inananlar arasında birliyin və qardaşlığın qarşısı alan ən sərt maneələrdəndir. Həvəsin nəticəsi olaraq möminlər arasında yarana biləcək hər hansı rəqabət möminlərin birbirinə olan sevgisini azaldır. Quran əxlaqına zidd olan bu cür hərəkət onların ruhlarına böyük zərər verər və mənəvi yorğunluğa gətirib çıxarar. Halbuki, inananlar üçün sonsuz bir savab qaynağı var ikən birbirlərinin qarşısını kəsib haqsız rəqabət və qısqanclıqla vaxt keçirməyin heç bir mənası yoxdur. Hədəf Allah’ın rizasıdırsa, burada hər hansı rəqabət ola bilməz. Çünki insanlar başqasının qarşısını kəsmədən də Allah rizası üçün xidmət edə bilər, savab yığa bilər. Bu səbəbdən, möminlər bir-birlərinin yardımçısı olduqlarını unutmamalı və qardaşlarının müvəffəqiyyətlərini özününkü kimi görə bilməlidir. Bu, son dərəcə əhəmiyyətli amildir.
Quranda möminlərin arasındakı təsanüdlə əlaqədar çoxlu sayda ayə vardır. Möminlərin digər möminlərlə təsanüdlərinin artması üçün etdikləri dualardan biri belədir:
Sonra gələnlər deyirlər:
“Ey Rəbbimiz! Bizi və bizdən əvvəlki iman gətirmiş qardaşlarımızı bağışla. Bizim qəlbimizdə iman gətirənlərə qarşı nifrət və həsədə yer vermə. Ey Rəbbimiz! Həqiqətən də, Sən şəfqətlisən, rəhmlisən!”
Möminlərin arasında münaqişənin və ya incikliyin yaşanması, bütün mübarizəyə zərər verir. Belə bir hərəkət möminlərin gücünü azaldır, inkarçıları isə gücləndirir. Belə ki, bir Quran ayəsində möminlərin bir-birlərinin vəliləri (dost və qoruyucuları) olmadıqları təqdirdə fitnə çıxacağı belə xəbər verilir:
Kafirlər də bir-birinə dostdurlar. Əgər siz bunu etməsəniz, yer üzündə fitnə və böyük bir fəsad baş verər.
Səndən qənimətlər haqqında soruşurlar. De: “Qənimətlər Allah’a və Peyğəmbərə aiddir”. Elə isə Allah’dan qorxun və öz aranızdakı əlaqələri möhkəmlədin. Əgər möminsinizsə, Allah’a və Onun Elçisinə itaət edin.
Dinlərini parçalayıb firqə-firqə olanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi Allah’a aiddir. Sonra (Allah) onlara etdikləri əməllər barədə xəbər verəcəkdir.
Möminlər digər möminlərə qarşı son dərəcə mərhəmətli və təvazökar olmaqla məsuldurlar. Bunun əleyhinə hər hansı bir rəftar qətiyyən mömin rəftarı deyil. Qürur, qısqanclıq möminlərin deyil, inkarçıların xüsusiyyətidir. Bu səbəbdən də hər hansı mömin nəfsinə görə belə bir alçaqlığa düşübsə, dərhal özünü yığışdırmalı, Allah’a sığınmalı və əsl mömin rəftarını göstərməlidir. Əksinə bir davranış göstərdiyində aşağıdakı ayənin hökmünə girməkdən çəkinməlidir:
Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah (onun əvəzinə) Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allah’ın lütfüdür, onu istədiyinə verər. Allah əhatə edəndir, biləndir.