Dünyada reallaşan və insanın da şahid olduğu heç bir hadisə məqsədsiz və əbəs yerə reallaşmır. Allah hər şeyi bir hikmətlə yaradır. Bunu qavramaq isə insanın şüurundan asılıdır. İmanı, bununla əlaqəli olaraq da ağlı və bəsirəti artan insan hadisələrdəki hikmətləri getdikcə daha yaxşı qavrayır.
Bu hikmətlərin ən əhəmiyyətlisi isə insanın imtahan edilməsidir. Allah qarşısına çıxardığı xüsusi yaradılmış vəziyyətlərlə, insanın səmimiyyətini və imanını yoxlayır. Ona bəzən nemət verərək şükür edib-etməyəcəyini ortaya çıxarır. Bəzən də təvəkküllü və sədaqətli davranıb-davranmadığını ortaya çıxarmaq üçün çətinlik verir. Bir ayədə belə buyurulur:
Hər bir kəs ölümü dadacaqdır. Yoxlamaq məqsədilə Biz sizi şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!
Əslində, insanın bütün həyatı imtahan sirrinə uyğun olaraq hazırlanır. Əvvəla, bədəni özünə imtahan üçün verilib. Quranda “İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik” (İnsan surəsi, 2) hökmü verilir. Bu səbəbdən, insanın eşitdiyi və gördüyü hər şey, əslində, bir imtahandır. Qarşılaşdığı hər hadisədə qarşısında iki variant var: ya Quranın hökmünə, ya da öz nəfsinin istəklərinə görə hərəkət etmək. Allah müxtəlif çətinliklər meydana gətirərək möminin səbrini və dözümlülüyünü də sınayır. Bunların ən əhəmiyyətlisi isə inkarçılar tərəfindən möminlərə edilən təzyiqlərdir. Fikri hücumlar, istehza etmək, fiziki təzyiqlər, hətta işgəncələr və öldürmə təşəbbüslərini ehtiva edən bütün bu fəaliyyətlər ancaq möminləri sınamaq üçündür. Bir ayədə belə buyurulur:
Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz. Sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyət verici sözlər eşidəcəksiniz. Əgər səbir edib (Allah’dan) qorxsanız, (bilin ki,) bu, əzmkarlıq (tələb edən) əməllərdəndir.
Onlardan dəniz sahilində yerləşən kənd barəsində xəbər al! O vaxt onlar şənbə günü (üçün qoyulmuş qadağanı) pozurdular. Şənbə günü onların balıqları üzə çıxaraq onların yanına axışır, şənbədən başqa günlərdə isə onlara tərəf gəlmirdilər. Günah etdiklərinə görə Biz onları beləcə sınayırdıq.
İmtahan ağılla aydın olar və ağılla keçilər. Buna görə də mömin həyatının hər anında imtahan dünyasında yaşadığını bir an olsun belə unutmamaq və Allah’ın hikmətlərini görə bilmək üçün dua etməli, diqqətli və ehtiyatlı davranmalıdır. Unudulmamalıdır ki, cənnət kimi böyük bir mükafat yalnız “iman etdik” deməklə qazanılmaz. Allah bu həqiqəti ayələrində belə xəbər vermişdir:
İnsanlar elə güman edirlər ki, təkcə:
“İman gətirdik!”– demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər? Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.