İnsan dünyaya müvəqqəti olaraq gəlmişdir. Burada həm sınanacaq, həm də öyrədiləcək, sonra da axirətdəki əbədi yurduna gedəcək. Dünyadakı nemətlər, gözəlliklər isə cənnətdəki gerçək nemətlərin məhdud bir nüsxəsi kimi və axirəti xatırlatmaq üçün yaradılmışdır. Ancaq inkarçılar bunu qavraya bilməz və əbədi zənn etdikləri dünyanı həyatlarının yeganə məqsədi hesab edərlər. Bu isə tamamilə səhvdir. Çünki son dərəcə müvəqqəti, əksik və qüsurlu olan dünya nemətləri əbədiyyətə və mükəmməlliyə can atan insanı təmin edə bilməz. Allah dünyanın bir aldanma olduğunu bir ayədə belə bildirir:
Bilin ki, dünya həyatı oyun və əyləncə, bəzək-düzək, birbirinizin yanında öyünmək, var-dövləti və oğul-uşağı çoxaltmaq istəyindən ibarətdir. Bu, elə bir yağışa bənzəyir ki, ondan əmələ gələn bitki əkinçiləri heyran edir. Sonra o quruyur və sən onun sapsarı olduğunu görürsən. Sonra isə o, çör-çöpə dönür. (Kimisini) axirətdə şiddətli əzab, (kimisini də) Allah’dan bağışlanma və razılıq gözləyir. Dünya həyatı isə aldadıcı ləzzətdən başqa bir şey deyildir.
Həqiqətən də, qəflət içində yaşayan inkarçıların hamısı yuxarıda sadalanan bir neçə hədəfə (mal və uşaqlarda çoxalma həvəsi, öyünmə) çatmağı məqsəd hesab edərək yaşayırlar. “Ali-İmran” surəsindəki ayələrdə dünyanın aldadıcı xisləti haqqında belə buyurulur:
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır. De: “Sizə bunlardan daha yaxşısı barədə xəbər verimmi? Allah’dan qorxanlar üçün Rəbbi yanında altından çaylar axan, içində əbədi qalacaqları cənnət bağları, pak zövcələr və Allah’ın rizası vardır”. Allah qullarını görür.
Dünya axirətlə müqayisə olunmayacaq qədər sadə və dəyərsizdir. Bunu ifadə etmək üçün işlətdiyimiz “dünya” kəlməsi ərəb sözü olub, “dar, sıxılmış, murdar yer” mənasını verir. İnsanlar dünyada keçirəcəkləri 60-70 illik ömrü təzə-təzə çox uzun və zövqləri təmin edən yer zənn edirlər, halbuki qısa bir müddət sonra bu ömrün sonuna çatdığını görürlər. Ölüm yaxınlaşdıqca da yaşadıqları həyatın nə qədər qısa olduğunu daha yaxşı anlayırlar. Məhşər (diriliş) günü isə belə insanlarla bu cür rəftar olunacaq:
Dedi ki: “Yer üzündə neçə il qaldınız?” – deyə soruşacaq. Onlar:
“Bir gün yaxud bir gündən də az qaldıq. Sən (günləri) sayanlardan soruş” – deyəcəklər. (Allah) deyəcək: “Siz çox az qaldınız. Kaş biləydiniz! Yoxsa elə hesab edirdiniz ki, sizi əbəs yerə yaratmışıq və siz Bizə qaytarılmayacaqsınız?”
Allah’a üsyan edərək dünya həyatına həvəslə bağlanmaq və axirəti ikinci dərəcəli görmək əbədi cəhənnəmlə cəzalandırılacaq bir günahdır. Allah kitabın bir hissəsinə inanıb, bir hissəsini inkar edənlər haqqında bu hökmü verir:
Onlar axirəti verib dünya həyatını satın aldılar. Ona görə də onların nə əzabı yüngülləşdiriləcək, nə də onlara kömək göstəriləcəkdir.
Şübhəsiz ki, Bizimlə qarşılaşacaqlarına ümid etməyənlər, dünya həyatından razı qalıb onunla rahatlıq tapanlar və ayələrimizdən xəbərsiz olanların- məhz onların qazandıqları (günahlara) görə sığınacaqları yer oddur.
Bəzi insanlar dünyanın Allah’ın yaratdığı müvəqqəti məkan olduğunu inkar edirlər. Daha doğrusu, bu müvəqqəti məkanda Allah’ın yaratdığı bəzi nemətlərə Rəbbimizdən üz çevirərək həvəslə bağlanırlar. Belə bir insan, əlbəttə ki, əzaba layiqdir. Quranda belələrinin vəziyyəti çox açıq ifadə edilmişdir. Ayələrdə belə hökm verilir:
Kim həddi aşmışsa, dünya həyatını (axirətdən) üstün bilmişsə, həqiqətən, cəhənnəm onun sığınacağı olacaqdır.