İnkarçıların ən əsas xüsusiyyətlərindən biri səmimiyyətsizlikdir. Həm Allah’a, həm insanlara, həm də özlərinə qarşı səmimiyyətsizdirlər. İnsanlara qarşı şəxsi mənfəətləri naminə çox gözəl davranar, amma çox asanlıqla onlara qarşı kin və ya qısqanclıq bəsləyə bilərlər. Qəribəsi budur ki, həmin ikiüzlülüyü özlərinə qarşı da edirlər. Etdikləri səhvləri özləri də bildikləri halda, özlərinin mükəmməl bir insan olduqlarını zənn edirlər.
Bu səmimiyyətsizliyin məntiqi çox qəribədir. Bu məntiq ürəklərindən keçən düşüncələrin heç kim tərəfindən bilinməyəcəyi və dolayısilə, bu düşüncələrinə görə heç kim tərəfindən günahlandırılmayacaqları inancına əsaslanır. Bu inanc öz əhatələrində doğrudur, yəni kimsə kiminsə əsl düşüncələrini bilməz. Ancaq nəzərə almadıqları bir şey vardır:Allah insanların zehinlərindən keçən bütün düşüncələri, hətta özlərinin belə fərqinə varmadığı şüur altı düşüncələri ən yaxşı şəkildə biləndir. Allah’ın gizli və ya açıq hər şeyi bilən olduğu ayələrdə belə bildirilir:
O, göylərdə və yerdə olanları bilir. Sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah kökslərdə olanlardan agahdır.
Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, (fərqi yoxdur Allah) kökslərdə olanları bilir. Yaradan (Allah) lətif və (hər şeydən) xəbərdar olduğu halda, ola bilərmi ki, O, (gizlində və aşkarda olanları) bilməsin? (Mülk surəsi, 13-14) Heç kim Allah’ın xəbəri olmadan başqa birisi ilə danışa bilməz. Allah’dan heç yerə qaça bilməz. Bu həqiqət Quranda belə ifadə edilmişdir:
Məgər Allah’ın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, (onların) dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, (Allah) onların yanındadır. Sonra qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir.
Bu səbəbdən, insanın Allah’ı aldatması qeyri-mümkündür. Allah etdiyimiz bütün hərəkətləri, ürəyimizdən keçən düşüncələri, hətta özümüzün belə bilmədiyimiz şüur altımızı bilir. Bir ayədə belə bildirilir:
İnsanı Biz yaratdıq və nəfsinin ona nəyi vəsvəsə etdiyini də bilirik. Biz ona şah damarından da yaxınıq.
Bu vəziyyətdə insan Allah’a qarşı son dərəcə səmimi olmalıdır. Allah insanın nə olduğunu bildiyi halda, bir insanın özünü üstün göstərməyinin heç bir mənası yoxdur. İnsan zəif nöqtələrini, qüsurlarını, imani zəifliklərini Allah’a səmimi şəkildə açmalı və Ondan kömək istəməlidir.
Peyğəmbərlər Allah ilə olan səmimi əlaqənin ən gözəl nümunələridir. Allah’a “Rəbbim, mənə ölüləri necə diriltdiyini mənə göstər” şəklində dua edən, Allah’ın isə ondan: “Məgər sən inanmırsan?” - deyə soruşduqda: “Əlbəttə (inanıram!) Amma (istəyirəm ki) qəlbim rahat olsun”. (Bəqərə surəsi, 260) - şəklində cavabı ilə İbrahim Peyğəmbər bu mövzuda Quranda nümunə verilir. Eyni şəkildə, Allah’ın ona “Firona get” əmrini verdikdə: “Ey Rəbbim! Mən onlardan birini öldürmüşəm, qorxuram ki, onlar da məni öldürələr” (Qəsəs surəsi, 33) - deyərək Allah’dan güc və kömək istəyən Musa Peyğəmbərin sözləri bir səmimiyyət nümunəsidir.
İnsan Allah’a möhtac olduğunu qavramadan özünü güclü, təqvalı, cəsur görməyə çalışmaqla bu xüsusiyyətlərə qovuşmaz. Çünki insan zəif yaradılmışdır (Nisa surəsi, 28) və bu zəifliyi Allah’a möhtac olduğunu yaxşı anlasın deyə vardır. Bu səbəbdən, səmimi bir şəkildə Allah’a yaxınlaşmalı, özündə gördüyü hər cür səhvi Ona açıb Rəbbimizdən kömək istəməlidir.