Allah Quranın Yusif surəsində bizlərə Yusif Peyğəmbərin həyatı haqqında məlumat verir. Yusif Peyğəmbər qarşılaşdığı çətinliklərdə, ona atılan böhtanlarda, qurulan tələlərdə hər zaman Allaha səmimi bir şəkildə dua edərək mübarizə aparmış və Rəbbimizə olan sədaqətindən heç zaman güzəştə getməmişdir. Allahın rizasını qazanmaq və harama girməmək üçün həbsə girməyi gözə almışdır. Göstərdiyi ixlas, səmimiyyət və şərəfli davranışlar səbəbiylə ətrafındakı insanlarda Yusif Peyğəmbərə qarşı sevgi və hörmət meydana gəlmişdir. O da insanlara verdiyi nəsihətlərlə onları doğru yola çağırmışdır. Yusif surəsində ən az Yusif Peyğəmbər qədər zikr edilən və Allaha olan sədaqəti və təslimiyyətiylə təriflənən bir başqa insan da var ki, o da Yusif Peyğəmbərin atası olan Yaqub Peyğəmbərdir.
Yaqub Peyğəmbər, oğlu Yusif Peyğəmbərin, gələcəkdə seçilmiş bir insan olacağını ona danışdığı yuxudan anlamış, buna görə də Yusif Peyğəmbəri öz gücü nisbətində qorumağa və ona dəstək olmağa çalışmışdır. Ancaq Yusif Peyğəmbərin qardaşları atalarının ona olan sevgisini və marağını qısqanaraq ona bir tələ hazırlamışlar. Öz aralarında danışaraq Yusif Peyğəmbəri quyuya atıb ondan xilas olmağa qərar vermişlər. Yusif Peyğəmbəri quyuya atdıqdan sonra da atalarına yalan söyləyərək, onu qurdun yediyini irəli sürmüşlər və dəlil olaraq da üzərinə yalandan qan sürtülmüş köynəyini gətirmişlər. Yaqub Peyğəmbər, bu kədərli vəziyyət qarşısında üstün bir əxlaq göstərmiş, Allahın rizasına uyaraq, həm oğullarına öyüd vermiş, həm də bu vəziyyətdən səbirlə və Allahın köməyi ilə xilas olacağını bildiyindən səbir etməyi üstün tutmuşdur. Allah Quranda Yaqub Peyğəmbərin bu rəftarını belə bildirir:
Qardaşları onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. Yaqub dedi:
“Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. Mənə gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”.
Qardaşlarının Yusif Peyğəmbərə qurduqları tələ Yaqub Peyğəmbər üçün Allahdan gələn bir sınaq olmuşdur. Yaqub Peyğəmbər, Allahın rizasına uyğun əxlaq göstərdiyi təqdirdə, Allahın onun bu kədərini, xoşbəxtliyə və sevincə çevirəcəyini ümid edərək təvəkkül etmişdir.
Yusif Peyğəmbər atıldığı quyudan bir karvan tərəfindən xilas edilərək misirli bir vəzirə satılmışdır. Allah, beləcə Yusif Peyğəmbəri Misirdə məskun etmiş, ona hökm və hikmət vermiş və yuxuların izahını öyrətmişdir. Yusif Peyğəmbər daha sonra vəzirin arvadı tərəfindən atılan bir böhtan nəticəsində zindana düşmüş burada illərlə qaldıqdan sonra, hökmdarın gördüyü, kimsənin mənasını başa düşmədiyi bir yuxunu, özünə verilən elmlə açıqlamış və hökmdarın diqqətini çəkmişdir. Ardından da hökmdar tərəfindən Misirə rəhbər təyin olunmuşdur. Allah onu rəhməti və köməyiylə dəstəkləmiş, zindandan xilas edərək ölkə xəzinələrinin başına keçirmişdir.
Bu əsnada Yusif Peyğəmbərin digər qardaşları, kim olduğunu bilmədən, ondan pul qarşılığı ərzaq almaq üçün bir neçə dəfə onun yanına gəlmişlər. Yusif Peyğəmbər bu sırada atasından olan digər qardaşını da pis niyyətli digər qardaşlarından qurtarmaq üçün bir plan hazırlamış və onu da öz yanında saxlamağı bacarmışdır. Yusif Peyğəmbərin qardaşları bu vəziyyəti atalarına dediklərində, Yaqub Peyğəmbərin göstərmiş olduğu təslimiyyətli rəftarı Allah Quranda belə bildirir:
Yaqub dedi: “Xeyr, sizin nəfsiniz sizi bu işə sövq etdi. Mənə isə yaxşı səbir gərəkdir. Ola bilsin ki, Allah onların hamısını mənə qaytarsın. Həqiqətən də, O, Biləndir, Müdrikdir”
Digər oğlunu da itirdiyini eşitmək Yaqub Peyğəmbərin kədərini daha da artırmışdır, ancaq o yenə də Allahın rizasına uyğun hərəkət etmiş, gözəl əxlaqından güzəştə getməmişdir və yenə səbir edərək onlara qovuşacağı günü ümidlə gözləmişdir. Allah Yaqub Peyğəmbərin bu üstün əxlaqına və təvəkkülünə qarşılıq onu hər iki oğluna da qovuşdurmuşdur. Allah, göstərmiş olduğu səmimi sədaqətə və Öz rizasına qazanmaqda güzəştə getməməsinin qarşılığı olaraq, Yaqub Peyğəmbərin çətinliyini xoşbəxtliyə və sevincə çevirmişdir.
Yaqub Peyğəmbər nümunəsində olduğu kimi, şərtlər nə olursa olsun, Allaha təslimiyyətini və Onun razılığını qazanmaqdan əsla güzəştə getməyən hər insan Allahın diləməsiylə mütləq xoşbəxt olacaq. Bu Rəbbimizin bizə vədidir.