İnsanların bədbəxt olmalarının ən əhəmiyyətli səbəblərindən biri də Allaha şirk qoşmaları, Allahdan başqa ilahlar qəbul etmələridir. Bir qisim insanlar Allaha şirk qoşmağın Qurandakı qarşılığının tam olaraq şüurunda deyildirlər. Şirk qoşmaq, Allahın Zatına aid olan sifətləri başqa cisim və varlıqlar üzərində varmış kimi görmək və bu səbəblə yalnız Allaha qarşı hiss edilməli və göstərilməli olan hörməti, rəftar və hərəkətləri bu cisim və varlıqlara göstərməkdir. Şirk, Allahın Zatına qarşı edilən böyük bir “böhtan” və “nankorluq”dur. Allaha qarşı edilən bu böyük “böhtan” və “nankorluğun” qarşılıqsız qalacağını düşünmək böyük bir aldanış olar. Allaha şərik qoşmaq bir insanın edə biləcəyi ən böyük qəflət və səhvdir. Allah Quranda, Özünə şərik qoşulmasını “böyük bir zülm” olaraq təsvir edir və əsla bağışlamayacağını buyurur. Buna görə şirk çox diqqət edilməli və şiddətlə çəkinilməli olan bir davranışdır:
Şübhəsiz ki, Allah Ona şərik qoşmağı bağışlamayacaq. Bundan başqa olan daha kiçik günahları isə istədiyi kimsəyə bağışlayacaqdır. Allaha şərik qoşan şəxs əlbəttə ki, dərin bir azğınlığa düşmüşdür.
Allahın şirk qoşan insanlara dünya həyatında verdiyi qarşılıqdan biri də bədbəxtlikdir. Yaxşı, şirk insanı necə sıxıntıya salar, ya da insan yalnız Allaha qarşı hiss etməli olduğu duyğu və düşüncələrini başqa varlıqlara yönəldərsə nə olar?
Cavab aydındır. Belə bir vəziyyətdə insanın həyatında minlərlə saxta ilah meydana gələr. Məsələn, insan qorxu hissini bir başqa insana yönəltdiyində qarşısındakı insana Allahdan müstəqil bir güc və iradə vermiş olar. Bu vəziyyətdə qarşısındakının ona pislik və ya zərər verə biləcəyini sandığından, onun dediyi hər şeyi etməyə, ona itaət etməyə hətta onun razılığını və məmnuniyyətini qazanacaq şəkildə davranmağa çalışacaq. Göründüyü kimi, bu duyğunun Allahın Zatı yerinə bir insana edilməsi, insan üzərində formalaşdırıcı təsir meydana gətirir. Bu da insanın özündən fərqli olmayan bir başqasını Allaha şirk qoşmasına səbəb olar. Halbuki qorxu duyulmağa, itaət edilməyə layiq olan yalnız Allahdır. Rəbbimiz bir ayəsində bu şəkildə buyurmuşdur:
Məgər Allah Öz qulunu qane etmirmi? Onlar isə səni Ondan başqaları ilə qorxudurlar. Allahın zəlalətə saldığı kimsəyə isə doğru yol göstərən olmaz.
Bu səbəbdən insan yalnız Rəbbimizin əmr və qadağalarına əməl etməli, Onun razılığını və sevgisini qazanmağa çalışmalıdır. Əks halda, böyük bir sıxıntı və narahatlıq yaşayacaq. Allah qorxusu, insanı Allaha daha da yaxınlaşdıran, Allah sevgisiylə birlikdə inkişaf edən, Allahın razılığını daha çox qazanma istiqamətində təşviq edən “faydalı” bir qorxudur. Şirk qoşmanın gətirdiyi qorxu isə insanı sıxıb narahat edən, şirk qoşması səbəbiylə insanı cəhənnəmə sürükləyə biləcək “zərərli” bir qorxudur. Allah, haqqında heç bir dəlil nazil etmədiyi şeylərə şirk qoşan bu insanların ürəklərinə qorxu salacağını Quranda belə bildirmişdir:
Haqqında heç bir dəlil nazil etmədiyi şeyi Allaha şərik qoşduqlarına görə, kafirlərin qəlblərinə qorxu salacağıq. Onların sığınacaqları yer Oddur. Zalımların məskunlaşacağı yer necə də pisdir!
Cahil cəmiyyətlərdə yanlış şəkildə istiqamətləndirilən bir başqa duyğu da sevgidir. Sevgi Allahın insanların ürəklərinə vermiş olduğu çox gözəl bir duyğudur. Lakin bu gözəl duyğu doğru bir şəkildə istiqamətləndirilmədiyi təqdirdə, insanın özü üçün tamamilə dərd və acı mənbəyindən başqa bir şey olmayacaq. Belə ki, insanların mənfəət ehtirasları bütün əxlaqi dəyərlərin önünə keçdiyindən, sevgi hissi də bu insanlar üçün mənfəət əldə etmə vasitəsi halına çevrilmişdir. Qarşılıqsız bir şəkildə sevmələri mümkünsüzdür. Belə bir mühitdə insanlar birbirlərini, o adamdan əldə edə biləcəkləri mənfəətlərə görə sevərlər. Ancaq bundan ötrü də davamlı olaraq zərərə məruz qalarlar. Sevgi, şüursuz bir şəkildə, yanlış yerlərə və yanlış kəslərə göstərildiyi müddətcə, insan məyus olmaqdan heç vaxt xilas ola bilməz.
Sevgiyə və sevilməyə əsl layiq olan isə sonsuz güc sahibi olan Allahdır. İnsanı yoxdan var edən, istədiyi hər şeyi ona verən, onu yaradan, yedizdirən, içirdən, geyindirən, qoruyan və ona müxtəlif gözəlliklər verən Allahdır. Məqbul olan sevgi Allahı və Onun təcəllilərini əks etdirən, Onun göstərdiyi yola tabe olan varlıqları sevməkdir.
Lakin şirk qoşan bir kimsə üçün bu mümkün deyil. İçində olduğu şüursuzluq onun sevilməyə layiq olmayan varlıqlara kor-koranə bir sevgi bəsləməsinə səbəb olur. Allah inkarçıların bu vəziyyətini Quranda belə bildirir:
İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.
Şirk qoşmağın bir başqa növü isə, insanın ən çox özünü sevməsi, özünün ən güclü, ən ağıllı və ən gözəl olduğuna inanmasıdır. Belə bir insan öz düşüncələrinin doğru olduğunu müdafiə edərək, bunların ardınca gedər. Qısacası, özünü nəhəng aynasında görər. Bu insanın ilahı isə özüdür; öz özünü ilah qəbul etmişdir (Allahı tənzih edirik). Allah bu insanların vəziyyətini bir ayədə belə xəbər verir:
Nəfsinin istəyini ilahiləşdirən kimsəni gördünmü? Sən ona vəkillikmi edəcəksən?
Şirk qoşan insan, insanları və varlıqları ilah qəbul etdiyindən təbii olaraq həyatını bunların istəklərinə görə müəyyənləşdirəcəkdir. Çünki bu şəkildə xoşbəxt və hüzurlu ola biləcəyini zənn edir. Həmçinin bu saxta ilahların məmnuniyyətini, təqdirini və sevgisini qazanması da çox əhəmiyyətlidir. Xoşbəxtliyi bu saxta ilahların məmnuniyyətinə bağlı olduğundan, hər biri üçün ayrı bir hissəyə bölünər. Özünə birdən çox saxta ilah qəbul etdiyi üçün, hər biri üçün ayrı bir şəxsiyyət inkişaf etdirər. Bu, insana dözülməz bir sıxıntı verdiyi kimi, etmək istəmədiyi şeyləri də etmək məcburiyyətində buraxar. Halbuki yalnız Allahı ilah qəbul edən bir insan isə, yalnız Onun sözünə uyacaq, yalnız Onun razılığını, sevgisini qazanmağa çalışacaq, bütün gücünü və ağlını bunun üçün istifadə edəcək. Bu iki insan tipi arasındakı fərqi Allah Quranda çox hikmətli bir örnəklə açıqlamışdır:
Allah bir-biri ilə çəkişən bir neçə şərikli ağası olan kişi ilə tək bir ağası olan kişini məsəl çəkir. Onlar məsəlcə eyni ola bilərmi? Həmd Allaha məxsusdur, lakin onların əksəriyyəti bunu bilmir.
Allahın ayədə ifadə etdiyi kimi, şirk qoşan insan həm özünə sıxıntı verən bu psixologiya içində yaşamaq məcburiyyətində qalır, həm də etdiyi heç bir şeyin tam qarşılığını ala bilməyərək, gözlədiyi maraq və təqdiri görə bilmir. Bunun səbəbi də insanların bir-birlərinə olan davranışlarında təməl olaraq öz mənfəətlərini və maraqlarını ön planda saxlama istəkləridir. Bir insanın kömək gözlədiyi, hər dediyini etdiyi, sevgisini, məmnuniyyətini qazanmağa çalışdığı kəslər, mənfəətləri və istəkləri gərəyi, istədiyi heç bir şeyi ona vermir və ya verə bilmirlər. Hətta yeri gələndə ona düşmən olub onun pisliyini istəyə biləcək qədər dəyişə bilirlər. Bu da insanın içində olduğu narahatlığı və sıxıntını daha da ağırlaşdıran başqa bir amildir. Şirk və onun gətirəcəyi bədbəxtlikdən xilas olmanın yolu şirki dərin düşünmək və Allahdan başqa bir güc olmadığını görərək yalnız Onun razılığına yönəlməkdir.
İnsanın şirk qoşduğu heç bir şeyin əslində özünə aid bir gücü, gözəlliyi, qabiliyyəti və ağlı yoxdur; bütün bunların tək sahibi Allahdır. Buna görə insan çətinlik içində qalıb kömək istədiyi zaman, əslində ona kömək edən Allahdır. “Düşünürəm” dediyi zaman düşündüyü şeyi ona ilham edən Allahdır. Hər hansı bir hərəkət etdiyi zaman əslində ona bu hərəkəti etdirən Allahdır. Yediyi gözəl bir yeməyi, ruzini və ləzzəti yaradan Allahdır. Yeməyin qarşısına gəlməsini təmin edən, ona süfrə hazırladan yenə Allahdır. Xəstələndiyində onu xəstə edən əslində mikrob deyil, Allahdır. Ona şəfa verib yaxşılaşdıracaq olan da həkim deyil, Allahdır. Çaxmaqla bir kağız yandırdığı zaman, kağızı yandıran çaxmaqdakı atəş deyil, Allahdır. Gözəl bir paltar geydiyində ona bu gözəlliyi verən Allahdır. Bu nümunələri çoxaltmaq mümkündür. Səhv başa düşülməməli olan bir nöqtə daha vardır. Əlbəttə ki, insan xəstələndiyində həkimə gedəcək. Ancaq özünü sağaldanın həkim olmadığını da çox yaxşı qavramalıdır. Ya da evində yemək bişirən adam insanın anası ola bilər. Ancaq yeməyi bişirdən və özünə yedizdirən səbəbləri yaradan Allahdır. Hadisələr arasında səbəb nəticə əlaqəsi vardır. Ancaq Allah nəticəni və nəticəyə vəsilə olan səbəbləri də tək-tək yaradır. İnsanın bu əhəmiyyətli həqiqəti çox yaxşı düşünməsi və qavraması lazımdır. Heç kimsənin Allahdan müstəqil olaraq hər hansı bir şeyi edəcək gücü, qabiliyyəti və ağlı yoxdur. Hər şeyin sahibi Allah olduğu üçün, hər şeyi edən və etdirən də yalnız Allahdır. Allah, insanın saxta ilah qəbul etdiyi varlıqların əslində heç bir güclərinin olmadığını bir çox ayəsi ilə bizlərə bildirir:
Onlar heç bir şey yaratmayan, özləri xəlq edilmiş olan şeyləri Allaha şərik qoşurlar? Bütlər nə onlara yardım edə bilər, nə də özlərinə kömək edə bilərlər. Siz onları doğru yola çağırsanız, sizin ardınızca gəlməzlər. Onları çağırsanız da, sussanız da onlar üçün fərqi yoxdur.
Allahdan savayı çağırdıqlarınız da sizin kimi qullardır. Əgər doğru deyirsinizsə, çağırın onları, sizə cavab versinlər. Məgər onların ayaqlarımı var, onunla yerisinlər? Yoxsa onların əllərimi var, onunla tutsunlar? Yoxsa onların gözlərimi var, onunla görsünlər? Yoxsa onların qulaqlarımı var, onunla eşitsinlər? De:
“Çağırın şəriklərinizi! Sonra mənə qarşı hiylə qurun və mənə heç möhlət də verməyin!
Allah bir başqa ayəsində bu insanların axirət günündə bu həqiqəti öz ağızları ilə etiraf etdiklərini belə bildirir:
Sonra da onlara deyiləcəkdir:
“Haradadır şərik qoşduqlarınız – Allahdan başqa ibadət etdikləriniz?” Onlar deyəcəklər: “Onlar bizi qoyub qaçdılar. Xeyr, biz öncə də heç bir şeyə ibadət etmirdik!” Allah kafirləri beləcə azğınlığa salar.
Bu səbəbdən insanın heç bir gücü olmayan bu varlıqlardan kömək istəməsi, onların istəkləri və məmnuniyyəti üçün səy göstərib, bütün həyatını onlara görə nizamlaması, həqiqətən də şirk qoşan bir insanın nə qədər böyük bir qəflət və aldanış içində olduğunun ən açıq dəlilidir. Yaxşı o zaman bu insanlar nəyə tabe olur və nəyə görə hərəkət edirlər? Bu problemin cavabını Allah Quranda bizə belə bildirir:
Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər? Onlar yalnız zənnə uyur və ancaq yalan uydururlar.
Görüldüyü kimi, bu insanlar həqiqətə deyil, tamamilə öz zənn və təxminlərinə uyur və bunlara görə hərəkət edirlər. Bütün bu saxta ilahlarını ortaya çıxaran öz zənn və təxminləridir. Bu zənn və təxminləri haqdan yana heç bir fayda təmin etmədiyi kimi, onların itkilərini daha da artıracaq və Allahın “Sənə və səndən əvvəlkilərə belə vəhy olunmuşdur: “Əgər şərik qoşsan, əməlin puç olacaq və mütləq ziyana uğrayanlardan olacaqsan.” (Zumər surəsi, 65) ayəsiylə bildirdiyi kimi, etdikləri hər şey və göstərdikləri bütün səy boşa çıxacaq. Peyğəmbərimiz də insanların Allahdan başqalarından mədət ummalarının özlərinə heç bir faydası olmayacağını xəbər vermişdir:
“... Bir şey istədikdə Allahdan istə. Kömək istəyəcəksənsə, Allahdan kömək dilə. Çünki qullar, Allahın yazmadığı bir məsələdə sənə faydalı olmaq üçün bir yerə gəlsələr, bu faydanı təmin etməyə qadir ola bilməzlər. Allahın yazmadığı bir zərəri sənə vermək üçün bir yerə gəlsələr, buna da qadir ola bilməzlər.”
Ancaq bəzi insanlar şirk qoşmağın nə qədər böyük bir təhlükə və aldanış olduğunun fərqində deyillər. Həyatları boyunca Allaha şirk qoşaraq yaşayan bu insanlar, şirk qoşduqları bütün varlıq, ya da cisimlərin özlərini necə üz üstə buraxıb getdiklərini, boş vədlərlə aldatmaqdan başqa bir şey olmadıqlarını və heç bir gücləri olmadığını axirət günü anlayacaqlar. Allah bu kəslərin axirətdə yaşayacaqları peşmanlığı və psixoloji çöküntünü Quran ayələrində belə bildirir:
O zaman, tabe olunmuş başçılar tabe olanlardan uzaqlaşacaq, hamısı əzabı görəcək və aralarındakı əlaqələr kəsiləcəkdir. Tabe olanlar deyəcəklər:
“Əgər bizim üçün dünyaya dönüş olsaydı, indi onlar bizdən uzaqlaşdıqları kimi biz də onlardan uzaqlaşardıq!” Beləcə, peşman olsunlar deyə Allah onlara özlərinin əməllərini göstərəcək və onlar heç vaxt Cəhənnəm odundan çıxa bilməyəcəklər.
Şirk qoşan, özlərinə Allahdan başqa vəlilər qəbul edən insanlar həyatları boyunca boş bir xoşbəxtlik gözləyəcəklər. Allahı vəli və dost qəbul etmədikləri üçün həyatları boyunca həqiqi mənada rahatlığı, hüzuru və xoşbəxtliyi yaşayamayacaqlar. Allah bu kimi insanlara, etdikləri nankorluğun qarşılığını bədbəxtlik olaraq verir. Bu əsla dəyişməyəcək bir həqiqətdir. İnsanın bu vəziyyətə düşməsinin səbəbi isə yalnız özüdür. İnsan bədbəxtliyini səbəbini özündə axtarmalı və düşünməlidir. Allah bir ayəsində, insanların öz əməllərinə görə bədbəxt olduqlarını xatırladır:
Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər.
İnsan şirkdən xilas ola bilmək üçün Allaha könüldən yönəlməli, vicdanıyla düşünməli, Allahın gücünü və qüdrətini təqdir etməlidir. İbrahim Peyğəmbərin vicdanına uyaraq Allaha yönəlməsi, Allahın gücünü və qüdrətini dərk etməsi, bu mövzuda bütün insanlara nümunə ola biləcək xüsusiyyətdədir. Allah Quranda İbrahim Peyğəmbərin bu rəftarını belə bildirir:
Beləcə, Biz, İbrahimə göylərin və yerin səltənətini göstərdik ki, yəqinliklə inananlardan olsun. Gecənin qaranlığı onu bürüdükdə o, ulduz görüb:
“Bu mənim Rəbbimdir!” – dedi. O batdıqda isə:
“Mən batanları sevmirəm!” – dedi. Doğan ayı gördükdə: “Bu mənim Rəbbimdir!” – dedi. O batdıqda isə: “Əgər Rəbbim məni doğru yola yönəltməsəydi, mən azmış adamlardan olardım” – dedi. Doğan günəşi gördükdə: “Bu mənim Rəbbimdir, bu daha böyükdür!” – dedi. O batdıqda isə dedi: “Ey qövmüm! Həqiqətən, mən sizin Allaha şərik qoşduqlarınızdan uzağam! Doğrudan da mən, hənif olaraq üzümü göyləri və yeri yaradana çevirdim. Mən müşriklərdən deyiləm”
Əgər insan, həyatı boyunca Allahın razılığını qazanmaq üçün çalışar, hər şeyi Allahdan istəyər, məsuliyyətlərini səmimi olaraq yerinə yetirərsə, Allahın hər işində ona kömək edəcəyini və onu hər cür çətinlikdən qurtaracağını mütləq görəcək. Allah Quranda möminlərə olan köməyini belə müjdələmişdir:
De: “Ondan və bütün başqa sıxıntılardan sizi Allah xilas edir. Sonra siz yenə də şərik qoşursunuz”.
Əgər Allah sizə kömək edərsə, heç kəs sizə qalib gələ bilməz. Əgər O, sizi zəlil edərsə, Ondan sonra kim sizə yardım edə bilər? Qoy möminlər Allaha təvəkkül etsinlər!