İman etməyən insanlar inkarlarına dayaq tapa bilmək üçün, “yalnız bu dünya vardır, axirət yoxdur” şəklində yanlış məntiq irəli sürərlər. Bu düşüncələri istiqamətində, bu dünyada istədikləri hər şeyi edə biləcəklərini düşünərlər. Halbuki Allah axirət günündə bütün insanları dünya həyatında etdiklərindən sorğuya çəkəcəyini bildirmişdir:
Onlar dedilər:
“Dünya həyatımızdan başqa bir həyat yoxdur və biz dirildilməyəcəyik!” Onları Rəbbinin qarşısında dayandırılarkən bircə görəydin! Allah deyəcəkdir: “Məgər bu dirilmə həqiqət deyilmi?” Onlar: “Əlbəttə, Rəbbimizə and olsun ki, bu həqiqətdir!” – deyəcəklər. O buyuracaqdır: “Elə isə inkar etdiyinizə görə dadın əzabı!”
Ancaq inkar edənlər Allahın bildirdiyi bu həqiqəti gözardı edərlər və həyatlarını yalnız dünya həyatını əldə edə bilmə məqsədi üzərinə qurarlar. Bu dünyada daim güclü olanların qazanacağına inandıqlarından, xoşbəxt və hüzurlu bir həyat üçün mütləq maddi baxımdan güclü olmalarının vacib olduğuna inanarlar. Bu maddi gücü əldə etdiklərində istədikləri hər şeyə çata biləcəklərini zənn edərlər. Halbuki Allah dünya həyatını insanlar üçün imtahan yeri olaraq yaratmışdır. Bu səbəblə Allahın “Yoxsa insan üçün istədiyi hər şey hazırlanmışdır?” (Nəcm surəsi, 24) ayəsiylə bildirdiyi kimi, dünya həyatındakı hər şey insanların arzu etdikləri kimi reallaşmaya bilər. İnsanlar bəzən çox istədikləri bir şeyi heç əldə etməyə bilər, ya da sahib olduqlarını, qazandıqlarını ani bir hadisə ilə itirə bilərlər.
İndi cəmiyyətdəki bütün insanların bu psixologiyaya sahib olduğunu düşünün. Belə bir mühitdə insanlar bir-birlərinə bədbəxtlik və çətinlikdən başqa bir şey verə bilməzlər. Hər kəs yalnız öz mənfəətini güddüyü üçün, bu insanların bir-birlərinə gözəl əxlaq göstərib birlik, bərabərlik içində yaşamaları qeyri-mümkündür. Hər fürsətdə mənfəətləri zidd düşdüyü üçün həmişə bir-birləriylə mübarizə halındadırlar. Allah, “... Sən onların həmrəy olduğunu güman edirsən, halbuki onların qəlbləri dağınıqdır. Bu ona görədir ki, onlar ağlı kəsməyən adamlardır.” (Həşr surəsi, 14) ayəsi ilə bu insanların aralarındakı mənfəət qarşıdurmaları səbəbiylə dost ola bilmədiklərini və “ürəklərinin dağınıq” olduğunu xəbər vermişdir. Bunun səbəbi, Allahın ayədə də ifadə etdiyi kimi insanların ağılla düşünməmələridir. Bəs insanların ağılla düşünməmələri nə deməkdir? Allah, bunun cavabını bir ayədə belə vermişdir:
Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?
Allah dünya həyatının əyləncədən ibarət olduğunu, əsl həyatın isə axirətdə yaşanacağını bildirmişdir. İnkar edənlərin düşünmədikləri isə budur; bu kəslər həqiqi yurdun axirət həyatı olduğunu qəbul etmirlər. Bundan ötrü də əsl həyatları zənn etdikləri dünya həyatında amansız mənfəət yarışına girir və bu yarış səbəbiylə özləri qədər bir-birlərini də davamlı olaraq zərərə məruz qoyur və bədbəxt edirlər.
Allah dünya hayatınının “oyun və əyləncə” olduğunu bildirmişdir. İnkar edənlərin, Allahın razılığını güdmək yerinə, hər işlərini nəfslərinin onlara əmr etdiyi şəkildə reallaşdırmaları, etdikləri bütün işlərin eynilə bir oyunda olduğu kimi, mənasız və dəyərsiz hala gəlməsinə səbəb olur. Bu insanların hazırladıqları və əldə etdikləri şeylər özləri üçün çox qiymətlidir; amma əslində etdiklərinin həqiqi mənada heç bir dəyəri yoxdur. Çünki bu işləri Allahın razılığını güdərək etməmişlər. Bu səbəbdən əslində o işlərlə yalnız vaxt keçirib əylənmişlər. Allah qatında yalnız Allahın razılığını qazanmaq üçün edilən saleh əməllərin və yaxşılıqların bir dəyəri vardır. Hər hansı bir şeyi dəyərli edən, onu əldə etmək yolunda göstərilən cəhd, sərf olunan güc, ya da pul deyil, bütün bunların edilməsində yalnız Allahın razılığının güdülməsidir. Məsələn, bir iş adamı həyatı boyunca bir çox işlər bacarmış, böyük investisiyalar yatırmış, adını dünyaya eşitdirmiş olsa belə, bütün bunları Allahın razılığını qazanma niyyətiylə etməmişsə, etdiklərinin həqiqi mənada bir dəyəri olduğundan söz edilə bilməz. Bir şeyin dəyəri, onun Allahın razılığına uyğun olub-olmadığı, ya da Allahın razılığını qazanmaq üçün istifadə edilibedilmədiyinə bağlıdır. Bu səbəbdən insanların etdikləri işin nə olduğu əhəmiyyətli deyil, bunu nə niyyətlə etdikləri əhəmiyyətlidir. Edilən xərclərin miqdarı əhəmiyyətli deyil, nə niyyətlə xərcləndiyi əhəmiyyətlidir. Allah edilən ibadətlərdə əhəmiyyətli olanın insanların niyyətləri olduğunu bir ayədə belə bildirir:
... Onların nə əti, nə də qanı, Allaha çatmaz. Ona yalnız sizin təqvanız çatar ...
Sadəcə, Allah rizası üçün edilən bir işin Allah Qatında keçərliliyi və dəyəri vardır. Cahil cəmiyyətin insanları isə özlərinə Allah rizasını məqsəd etmədikləri üçün, hər nə qədər əhəmiyyətli işlər görən kimi görünsələr də, əslində sərf etdikləri bütün bu cəhdlər boşa gedir. Allah inkar edənlərin bu vəziyyətini bir ayədə belə açıqlayır:
O kəslər haqqında ki, onların dünya həyatındakı səyləri boşa çıxmışdır. Çünki onlar özlüyündə yaxşı işlər gördükləri gümanında idilər.
Allahın onlara verdiyi imkanları, Allahın razılığını qazanmaq məqsədiylə hərəkət etmədikləri üçün, boş və zərərli şeylər uğruna xərcləyərlər. Dünya malına olan düşkünlükləri səbəbiylə, həmişə sahib olduqlarını itirmənin qorxusunu yaşayarlar. Heç gözləmədikləri bir anda, heç təxmin etmədikləri bu hadisə səbəbiylə zərərə düşə və əllərindəkini itirə biləcəklərini bilmək onları böyük bir narahatlığa salar. Bu səbəbdən nə qədər gözəl işlər etsələr, ya da nə qədər çox mənfəət əldə etsələr də, içlərindəki bu itirmə qorxusu onları həmişə bədbəxt və sıxıntılı edər.
İnkar edənlər sahib olduqlarının həqiqi dəyərinin və özlərinə verilmə məqsədinin şüurunda deyildirlər. Bu səbəblə də əllərindəki imkanları Allahın rizasını qazana biləcəkləri xeyirli işlər üçün istifadə etmək yerinə, yalnız dünya həyatını ölçü alaraq düşüncəsizcə sərf edərlər. Məsələn, qumar oynayıb bir anda bütün mallarını, hətta etibarlarını itirə bilərlər. Ya da daha da zənginləşmək üçün haqsız yollardan gəlir əldə etməyə çalışa bilərlər. Lakin unudulmamalıdır ki, edilən hər səhv və ya ədalətsiz işin sonu mütləq uğursuzluqla nəticələnir. Allah, Öz rizasına uymayan insanların zərərə uğrayacaqlarını, bu insanlar üçün dünya həyatındakı hər şeyin problem və kədər qaynağı ola biləcəyini bu kimi vəsilələrlə insanlara göstərir. Axirət həyatına inanmayan insanların bu kədər və stressi yaşamalarının səbəbi isə, Allahın dinindən üz çevirmələri və dünya həyatına ehtirasla bağlanmış olmalarıdır.