Həqiqətən, iman gətirən, hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edən mühacirlər və sığınacaq verib köməklik göstərən ənsarlar – məhz onlar bir-birinin dostlarıdır. İman gətirən, lakin hicrət etməyənlərə gəldikdə isə, onlar hicrət etməyincə siz onları himayə etməyə borclu deyilsiniz. Əgər onlar din uğrunda sizdən kömək istəsələr, sizinlə aralarında müqavilə olan bir qövm əleyhinə yardım istisna olmaqla, kömək etməyiniz gərəkdir. Allah sizin nə etdiklərinizi görür.
İman gətirən, hicrət edən və Allah yolunda cihad edənlər və sığınacaq verib köməklik göstərənlər – məhz onlar həqiqi möminlərdir. Onlar üçün bağışlanma və bolluca ruzi vardır.
Allahın Öz Peyğəmbərinə kəndlərin əhalisindən verdiyi qənimətlər Allaha, Peyğəmbərə, qohum-əqrəbaya, yetimlərə, yoxsullara və müsafirlərə məxsus edilmişdir ki, o, aranızdakı zənginlərin var-dövləti olub qalmasın. Peyğəmbər sizə nə verirsə, onu götürün, nəyi də qadağan edirsə, ondan çəkinin. Allahdan qorxun. Həqiqətən, Allah şiddətli cəza verəndir.
Qənimət həmçinin yurdlarından qovulmuş və mallarından məhrum olunmuş yoxsul mühacirlərə məxsusdur. Onlar Allahın mərhəmətini və razılığını qazanmağa can atır, Allaha və Onun Elçisinə kömək edirlər. Doğru olanlar da məhz onlardır.
Mühacirlərdən əvvəl Mədinədə yurd salmış, sonra da iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.
Qoy aranızda olan fəzilət və sərvət sahibləri qohumlara, miskinlərə və Allah yolunda hicrət edənlərə heç bir şey verməyəcəklərinə and içməsinlər. Qoy əfv edib bağışlasınlar. Məgər siz Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah Bağışlayandır, Rəhmlidir.
Onlar özlərinin istədikləri şeylərdən kasıba, yetimə və əsirə də verərlər və deyərlər:
“Biz sizi yalnız Allahın Üzü xatirinə yedirdirik və sizdən nə əvəzini, nə də minnətdarlıq gözləyirik! Əslində, biz, Rəbbimizdən gələ bilən çox kəskin və ağır bir gündən ehtiyat edirik!”
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır.
Muhəmməd Allahın Elçisidir. Onunla birlikdə olanlar kafirlərə qarşı sərt, öz aralarında isə mərhəmətlidirlər. Sən onları rüku edən, səcdəyə qapanan, Allahdan lütf və razılıq diləyən görərsən. ...
“Ey Rəbbimiz! Bizi əhalisi zalım olan bu şəhərdən çıxart, bizə Öz tərəfindən bir himayəçi təyin et, bizə Öz tərəfindən bir yardımçı təyin et!” – deyən zəif kişilər, qadınlar və uşaqlar uğrunda vuruşmursunuz?
Rəbbinin Üzünü diləyərək səhər və axşam çağı Ona dua edənləri yanından qovma. Nə sən onların verəcəkləri hesabata azca da olsa cavabdehsən, nə də onlar sənin verəcəyin hesabatında azca da olsa cavabdehdirlər. Onları qovsan zalımlardan olarsan.
Ey iman gətirənlər! Mömin qadınlar hicrət edib sizin yanınıza gəldikləri zaman onları imtahana çəkin. Allah onların imanını daha yaxşı bilir. Əgər bunların mömin olduqlarını bilsəniz, onları kafirlərə qaytarmayın. Nə bunlar onlara halaldır, nə də onlar bunlara halaldırlar. ...
Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.
Mömin kişilərlə mömin qadınlar bir-birinin dostlarıdır. Onlar insanlara yaxşı işlər görməyi buyurur, pis əməllərə qadağa qoyur, namaz qılır, zəkat verir, Allaha və Onun Elçisinə itaət edirlər. Allah onlara rəhm edəcəkdir. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.
Möminlər möminləri qoyub kafirləri dost tutmasınlar! Bunu edən kimsə bilsin ki, Allah ilə onun heç bir əlaqəsi yoxdur. Ancaq onlardan gələn təhlükədən çəkinməklə ehtiyat etməyiniz istisnadır. Allah sizi Özündən çəkindirir. Dönüş də ancaq Allahadır.