Kim Qiyamət günü yaxşı əməl gətirsə, ona bundan daha yaxşısı verilər. Kim də pis əməl gətirsə, pis iş görənlərə ancaq etdikləri əməllərin cəzası verilər.
Belə dediklərinə görə də Allah onları ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağları ilə mükafatlandırdı. Yaxşı iş görənlərin mükafatı budur.
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl sahibləri Allaha, Axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır.
Kim yaxşılıq gətirərsə, ona gətirdiyinin on qat əvəzi verilər. Kim pislik gətirərsə, ona ancaq gətirdiyinin misli qədər cəza verilər. Onlara haqsızlıq edilməz.
Onlardan: “Ey Rəbbimiz! Bizə həm bu dünyada, həm də axirətdə gözəl nemətlər ver və bizi Od əzabından qoru!” – deyənləri də vardır. Belələri üçün qazandıqları əməllərə görə bir pay vardır. Allah tez haqq-hesab çəkəndir.
Onlar yaralandıqdan sonra da Allahın və Peyğəmbərinin dəvətini qəbul etdilər. İçərilərindən yaxşı işlər görənlər və Allahdan qorxanlar üçün böyük bir mükafat vardır.
Onların gizli söhbətlərinin çoxunda xeyir yoxdur. Sədəqə verməyi və ya yaxşılıq etməyi yaxud da insanlar arasında sülh yaratmağı əmr edən şəxsin pıçıldaması isə istisnadır. Kim bunu Allahın razılığını qazanmaq üçün edərsə, Biz ona böyük mükafat verərik.
… Onlar özlərinə öyrədilmiş şeylərin bir hissəsini unutdular. İçərilərindən az bir qismi istisna olmaqla, sən onlardan daim xəyanət görəcəksən. Onları əfv et və təqsirlərindən keç. Şübhəsiz ki, Allah yaxşılıq edənləri sevir.
İman gətirib yaxşı işlər görənlərə, Allahdan qorxaraq iman gətirib yaxşı işlər gördükləri, sonra yenə Allahdan qorxaraq iman gətirdikləri, sonra yenə də Allahdan qorxaraq yaxşı işlər gördükləri təqdirdə, haram edilməmişdən əvvəl daddıqları şeylərə görə heç bir günah gəlməz. Allah yaxşı iş görənləri sevir.
Biz ona İshaqı və Yaqubu bəxş etdik. Hər ikisini doğru yola yönəltdik. Bundan əvvəl Nuhu da doğru yola yönəltmişdik. Onun nəslindən olan Davudu, Süleymanı, Əyyubu, Yusufu, Musanı və Harunu da. Biz yaxşı əməl sahiblərini belə mükafatlandırırıq.
De: “Gəlin, Rəbbinizin sizə nələri haram etdiyini oxuyum”. Ona heç nəyi şərik qoşmayın, valideynlərə yaxşılıq edin və yoxsulluq ucbatından uşaqlarınızı öldürməyin.
Sizin də, onların da ruzisini Biz veririk. Murdar əməllərin aşkarına da, gizlisinə də yaxınlaşmayın. Allahın, öldürülməsini haram buyurduğu şəxsi haqsız yerə öldürməyin. Allah bunları sizə tövsiyə etmişdir ki, bəlkə anlayasınız.
Bizim üçün bu dünyada da yaxşılıq yaz, axirətdə də. Həqiqətən, biz, Sənə üz tutduq!” Allah dedi: “İstədiyimi əzabıma düçar edirəm. Mərhəmətim isə hər şeyi əhatə edir. Mən onu Allahdan qorxan, zəkat verən və ayələrimizə iman gətirənlər üçün yazacağam.
Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə döyüşdə Allahın Elçisindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.
Gündüzün iki başında (əvvəlində və axırında) və gecənin bəzi saatlarında namaz qıl! Həqiqətən, yaxşı işlər pis əməlləri silib aparır. Bu, yada salanlar üçün bir xatırlatmadır. Səbir et! Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.
Beləliklə, Yusufa yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik.
“Yoxsa sən özün Yusufsan?” O dedi: “Mən Yusufam, bu da qardaşımdır. Allah bizə mərhəmət etmişdir. Kim Allahdan qorxsa və səbir etsə, bilsin ki, Allah yaxşı iş görənlərin mükafatını puç etməz”.
O kəslər ki, Rəbbinin Üzünü diləyərək səbir edir, namaz qılır, onlara verdiyimiz ruzidən gizli və aşkar xərcləyir və pisliyi yaxşılıqla dəf edirlər. Onlar üçün Axirət yurdu –
Səbir et! Sənin səbrin ancaq Allahdandır. Onlara görə kədərlənmə və qurduqları hiylələrdən ötrü də sıxılma. Həqiqətən də, Allah Ondan qorxanlar və yaxşı işlər görənlərlədir.
Rəbbin yalnız Ona ibadət etməyi və ata-ana ilə yaxşı davranmağı buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında qocalıq yaşına dolarsa, onlara:
“Uf!” belə demə, üstlərinə qışqırma və onlara xoş söz söylə!
Hər kim yaxşı əməllə gəlsə, ona daha yaxşısı (Cənnət) verilər. Onlar o gün dəhşətli qorxu hissindən uzaq olarlar. Pis əməllə gələnlər isə üzüstə oda atılarlar. Onlara deyilər:
“Məgər siz ancaq etdiyiniz əməllərə görə cəzalandırılmırsınızmı?”
Səbir etdiklərinə görə onlara mükafatları ikiqat veriləcəkdir. Onlar pisliyi yaxşılıqla dəf edir və özlərinə verdiyimiz ruzidən Allah yolunda xərcləyirlər.
Biz insana ata-anasının qayğısına qalmağı əmr etdik. Anası onu bətnində gündəngünə zəiflədiyinə baxmayaraq daşımışdır. Onun süddən kəsilməsi isə iki il ərzində olur. Mənə və valideynlərinə şükür et! Axır dönüş Mənədir.
Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etməyə cəhd göstərsələr, onlara güzəştə getmə! Dünyada onlarla gözəl davran. Mənə üz tutanların yolu ilə get! Sonra isə dönüşünüz Mənə olacaq, Mən də nə etdikləriniz barədə sizə xəbər verəcəyəm.
“Ey Mənim iman gətirən qullarım! Rəbbinizdən qorxun! Bu dünyada yaxşılıq edənləri yaxşılıq (Cənnət) gözləyir. Allahın yaratdığı yer üzü genişdir. Yalnız səbir edənlərə mükafatları hesabsız veriləcəkdir”.
İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi nemət budur. De:
“Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir.
Allah din uğrunda sizinlə vuruşmayan və sizi öz diyarınızdan qovub çıxartmayan kimsələrə yaxşılıq etmənizi və onlarla insafla davranmanızı sizə qadağan etmir. Şübhəsiz ki, Allah insaflı olanları sevir.