“Əgər bizi bundan qurtarsan, əlbəttə ki, şükür edənlərdən olarıq” – deyə yalvardığınız zaman sizi qurunun və dənizin zülmətlərindən xilas edən kimdir?” De: “Ondan və bütün başqa sıxıntılardan sizi Allah xilas edir. Sonra siz yenə də şərik qoşursunuz”.
Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?
Sizə dənizdə bir fəlakət üz verdiyi zaman Ondan başqa tapındıqlarınız sizdən uzaqlaşar. O sizi xilas edib quruya çıxartdıqda isə üz döndərirsiniz. Həqiqətən, insan nankordur!
Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.
Onlar özlərinə edilmiş xəbərdarlığı unutduqları zaman Biz pis əməlləri qadağan edən kimsələri xilas etdik, haqsızlıq edənləri isə itaətdən çıxdıqlarına görə dəhşətli bir əzabla yaxaladıq.
“Sizə onun qayğısına qalacaq birisini göstərimmi?” Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Sən boya-başa çatdıqda bir nəfəri öldürdün. O vaxt Biz səni qəm-qüssədən qurtardıq. Biz səni çətin sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da müəyyən olunmuş məqama gəlib çatdın, ey Musa!
Onlar dedilər: “Əgər ondan əvəz çıxmaq istəyirsinizsə, onu yandırın ki, məbudlarınıza kömək edəsiniz”. Biz:
“Ey od! İbrahim üçün sərin və zərərsiz ol!” – dedik. Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq. Biz onu da, Lutu da zalımlardan xilas edib aləmlər üçün bərəkət verdiyimiz yerə gətirdik.
Lutu da yada sal! Biz ona hökmranlıq (peyğəmbərlik) və elm bəxş etdik, onu çirkin işlər görən bir məmləkətdən xilas etdik. Həqiqətən, onlar pis, fasiq bir qövm idilər.
Zün-Nunu da yada sal! Bir zaman o qəzəbli qövmündən ayrılıb getmiş və ona gücümüz çatmayacağını güman etmişdi. Sonra da zülmətlər içində yalvarıb demişdi:
“Səndən başqa ibadətə layiq olan heç bir məbud yoxdur! Sən paksan, müqəddəssən! Mən isə, həqiqətən, zalımlardan olmuşam!” Biz onun duasını qəbul etdik və onu qəm-qüssədən qurtardıq. Biz möminləri belə xilas edirik!
Biz Musaya: “Əsanla dənizə vur!” – deyə vəhy etdik. Dəniz dərhal yarıldı, on iki yol açıldı və hər biri nəhəng bir dağ kimi oldu. O birilərini də ora yaxınlaşdırdıq. Musa və onunla birlikdə olanların hamısını xilas etdik.
Nuh dedi: “Ey Rəbbim! Qövmüm məni yalançı hesab etdi. Mənimlə onların arasında qəti hökm ver, məni və mənimlə birlikdə olan möminləri əzabdan qurtar!” Biz onu və onunla birlikdə olanları yüklü gəmidə xilas etdik.
Haqsızlıqları üzündən viran qalmış evləri də budur. Həqiqətən, bunda bilən adamlar üçün ibrət vardır. İman gətirib Allahdan qorxanları isə xilas etdik.
“Lutun ailəsini kəndinizdən çıxarın. Çünki onlar təmiz qalmaq istəyən adamlardır!” – demələri oldu. Biz onu və ailəsini xilas etdik. Yalnız arvadından başqa. Biz onun arvadının geridə qalanlardan olmasına qərar verdik.
Biz Nuhu öz qövmünə peyğəmbər göndərdik. O, min ildən əlli il az bir müddət ərzində onların arasında qaldı. Tufan onları zülm etdikləri zaman yaxaladı. Biz onu və gəmidə olanları xilas edib bu möcüzə ilə aləmlərə ibrət dərsi verdik.
Elçilərimiz İbrahimə müjdə gətirdikləri zaman dedilər:
“Biz bu şəhərin sakinlərini məhv edəcəyik. Həqiqətən, oranın sakinləri zalımlardır”. İbrahim dedi: “Orada Lut da var!” Onlar dedilər: “Biz orada kimin olduğunu yaxşı bilirik. Biz onu da, onun ailəsini də mütləq xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq”. Elçilərimiz Lutun yanına gəldikdə o, onlara görə kədərləndi və ürəyi sıxıldı. Onlar dedilər: “Qorxma və kədərlənmə! Biz səni və sənin ailəni xilas edəcəyik. Yalnız arvadından başqa. O, geridə qalanlardan olacaq.
Mən heç Ondan başqa məbudlar qəbul edərəmmi? Əgər Mərhəmətli Allah mənə bir zərər yetirmək istəsə, onların şəfaəti mənə heç bir fayda verməz və onlar məni xilas edə bilməzlər.
Səmud xalqına gəldikdə isə, Biz onlara doğru yol göstərdik, onlar isə korluğu doğru yoldan üstün tutdular və onları qazandıqları günahlar üzündən alçaldıcı əzab ildırımı yaxaladı. İman gətirib Allahdan qorxanları isə xilas etdik.
Biz onların üstünə qasırğa ilə birgə daşlar göndərdik. Yalnız Lutun ailəsini sübh çağı xilas etdik –Özümüzdən bir mərhəmət olaraq! Biz şükür edənləri belə mükafatlandırırıq.
De: “Həqiqətən, məni Allahdan kimsə xilas edə bilməz və mən Ondan başqa bir pənah yeri tapa bilmərəm! (Cin surəsi, 22) qoy onlar bu Evin Rəbbinə ibadət etsinlər. Allah onlara aclıqdan sonra yemək verdi və qorxudan sonra əmin-amanlıq bəxş etdi. (Qureyş surəsi, 3-4)
Bir zaman Biz sizi Fironun tərəfdarlarından xilas etdik. O vaxt onlar sizə ağır əzablar verir, oğlan uşaqlarınızı öldürür, qadınlarınızı isə sağ buraxırdılar. Bunda Rəbbiniz tərəfindən sizin üçün böyük bir sınaq var idi. O zaman Biz sizə görə dənizi yardıq, sizi xilas etdik və Fironun tərəfdarlarını gözünüzün qabağında dənizdə batırdıq.