Qurana edilən yanlış dəyərləndirmələrə Quran cavab verir: Gi̇ri̇ş
Mündəricat
- Gi̇ri̇ş
- Qərəzlilik, pis niyyətlilik və səmimiyyətsizlik
- Mütəşabih ayələrlə möhkəm ayələri qarışdırmaq
- Bədiüzzaman Səid Nursinin mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Elmalılı Hamdi Yazırın mütəşabih ayə və hədislərlə əlaqədar şərhləri
- Quranı şərh edə bilməmək
- Ərəbcə bilməmək
- Allah qatından bir ağıl və anlayışın verilməməsi
- Qürur və təkəbbür
- Quranı, Qurana və sünnəyə uyğun olmayan bidət və xurafatlarla şərh etməyə çalışmaq
- Quranın elmi ayələrini qavramamaq
- İçində yaşadığı quruluşun səhv meyarlarına görə Quranı şərh etmək
- Cənnətdə şərab içilməsi ilə əlaqədar ayələri səhv başa düşmək
- Şərab mövzusu ilə əlaqədar bir başqa yanlış şərh etmə
- “Donuz əti bugünkü sağlamlıq şərtlərində yeyilə bilər” yanılması
- Hekayələrdəki hikmətləri başa düşməmək
- Quranı digər ilahi kitabların oxşarı zənn etmə yanılması
- Qurandakı elmi həqiqətlərin qədim mədəniyyətlərin məlumatlarından tərtib olunduğu yanılması
- Quran ərəblərə endirilmişdir yanılması
- Allahın öz zatı üçün “biz” xitabından istifadə etməsini səhv şərh etmək
- Quranda verilən nümunələri başa düşməmək
- Qurandakı təkrarları başa düşməmək
- Quranın üslubunu başa düşməmək
- Altı gündə yaradılış mövzusu
- “Haman” adı haqqındakı ağıldankənar fərziyyələr
- Nuh tufanı haqqındakı ağıldankənar fərziyyələr
- Son söz

Quran, aləmlərin Rəbbi, sonsuz elm və güc sahibi olan Allahdan insanlara bir rəhmət olaraq endirilmişdir. Allah insanlara bir kitab göndərməklə onlara lütf etmişdir. Allahın bu lütfünə səmimiyyət, minnətdarlıq və şükür ilə cavab verənlər bu davranışlarının faydasını yenə özləri görərlər. Quranı başa düşər, iman gətirər, ona tabe olar və Allahın rəhmətini qazanarlar. Dünyada da, axirətdə də Allahdan gözəl bir qarşılıqla mükafatlandırılarlar. Bunun əksinə, qərəzli və düşməncə bir rəftarla Qurana yaxınlaşanlar isə bunun zərərini yenə özləri görərlər. Quranı qavraya bilməz, ondan faydalana bilməz, dünyada və axirətdə ziyana uğrayarlar. Ancaq nə Qurana, nə də İslama bir zərər verə bilməzlər.
Quran, hər insanın asanlıqla başa düşə biləcəyi bir kitab olaraq endirilmişdir. Allah bir ayəsində, “Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət gəlmişdir”. (Yunis surəsi, 57) deyə buyurur. Bu ayədən də aydın olduğu kimi Allaha iman gətirən və vicdanına uyan hər insan Quran ayələrindən öyüd-nəsihət ala bilər, ayələrdəki əmrləri ən gözəl şəkildə yerinə yetirə bilər. Ancaq nəfsinə uyan, Allahın gücünü təqdir edə bilməyən, axirət mövzusunda şübhə içində olan insanlar, ayələri də öz səhv məntiqləri istiqamətində yanlış şərh edərlər. Allah bir ayəsində Quranda öyüd-nəsihət ala bilməyən bu insanların vəziyyətini belə xəbər vermişdir:
And olsun, Biz bu Quranda öyüd-nəsihət alsınlar deyə müxtəlif şərhlər etdik. Halbuki bu, onların daha da uzaqlaşmasını artırır.
Bura qədər izah edilənlərdən başa düşüldüyü kimi Quranı düzgün anlamaq səmimi olaraq iman gətirməklə mümkündür. Allah Quranı, iman gətirib dərk edən qullarının qavrayıb öyüd ala biləcəyi açıq-aşkar bir Kitab olaraq endirmişdir.
İnsanın imanı artdıqca ağlı, səmimiyyəti və Allah qorxusu da eyni dərəcədə artar, bu səbəbdən Quran ayələrindəki incəlikləri və sirləri daha yaxşı qavrayar.
Hələ iman gətirməmiş bir insan da, ön mühakimə yürütmədən, pis niyyət daşımadan səmimi bir vicdanla Qurana yaxınlaşdığı təqdirdə, onun ilahi bir kitab olduğunu asanlıqla qavrayar və iman edər. Allahın ayələri açıq-aşkar olduğu üçün dərhal onları tətbiq edər. İman gətirdikdən sonra isə imanının dərinliyi, duası və elmi ölçüsündə Quranın sirləri və incəlikləri özünə aydın olar.
İman gətirməyən, Allah qorxusuna sahib olmayan kəslər isə Quranı doğru qavraya bilməzlər. Başa düşdüklərini zənn etdikləri mövzuları isə səhv başa düşərlər. Açıq və dəqiq ifadələri öz aləmlərində ziddiyyətli hesab edərlər. Bu cür kəslər nə qədər ağıllı, nə qədər məlumatlı və nə qədər mədəni olsalar belə, Quranı nə qədər istəyirlərsə tədqiq etsinlər Uca Rəbbimiz Allaha iman gətirmədikləri üçün ağıllarını işlətmək qabiliyyətindən məhrumdurlar. Məhz buna görə Quranı başa düşə bilməzlər.
Qurana qarşı, öz aləmlərində bəzi etirazlar edən adamların irəli sürdükləri iddialar tədqiq edildiyində, bunların əslində əhəmiyyətli bir anlayış və məntiq pozğunluğu olduğu aydın olar. Bəzən bir ibtidai məktəb uşağının belə açıq və asan şəkildə qavraya biləcəyi ayələri, nəfslərinə uyan bəzi kəslər öz zəif ağıllarına görə ziddiyyətli və anlaşılmaz zənn edərlər. Halbuki, Quranda heç bir ziddiyyət yoxdur. Allah Quranın bir çox ayəsində inkar edənlərin Quranda bildirilən nümunələr üçün, “Bu məsəllə Allah nə demək istədi?” deyərək çaşıb qaldıqlarını, bu nümunələri başa düşə bilmədiklərini xəbər vermişdir.
Həqiqətən də, Quranda xəbər verildiyi kimi inkar edənlər hər dövrdə bu nümunələri dərk etmədiklərini birbaşa ya da bilvasitə olaraq etiraf edərlər. Bu, Quranın bir möcüzəsidir; eyni ayəni bir mömin asanlıqla dərk etdiyi halda, inkar edən bir kimsə dərk edə bilmir. Bu da bizə Quranın başa düşülməsinin və ya başa düşülməməsinin tamamilə niyyətlə əlaqəli olduğunu, Allahın istədiyinə başa düşmək qabiliyyəti verdiyi kimi, istədiyini də ayələrindən pərdələndiyini göstərir. Bu vəziyyət bir ayədə belə xəbər verilir:
Rəbbinin ayələri yadına salınarkən onlardan üz döndərən, əvvəlcə öz əlləri ilə etdikləri günahlarını unudan adamdan daha zalım kim ola bilər? Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən onları doğru yola çağırsan da, onlar heç vaxt doğru yola gəlməzlər.
İman gətirən, səmimi, vicdanlı bir insan Qurandakı əsas imani mövzuları, hökmləri çox asan başa düşər və tətbiq edər. Peyğəmbərimiz (s.ə.v) bir hədisində Quran ilə əlaqədar olaraq belə buyurur:
Quran, Allah Azzə və Cəllənin kəlamıdır. Elə isə Quran sahibi, Rəbbinin qadağan etdiklərini etməmək surəti ilə ona təzim (hörmət) etsin. (G. Ahmed Ziyaüddin, Ramuz El Hadis, 1-ci cild, Gonca Yayınevi, İstanbul, 1997, 227/10)
İman etməyən, səmimiyyətsiz, ön mühakiməli bir insan isə hər cür texniki məlumata və mükəmməl bir ərəbcəyə sahib olsa da, bir elm sahəsində nüfuz qazansa da, yenə də Quranı lazım olduğu kimi və doğru şəkildə başa düşməyə bilər, çünki belə bir insan əvvəlcə nəfsinə tabe olur. Buna görə də ağlını işlətmə qabiliyyətindən məhrumdur. Ağlını işlədə bilmədiyi üçün də Quran ayələrini səhv başa düşər, ayələr haqqında yanlış və ağılsız şərhlər edər.
Bu kitabda, ağıllarını işlədə bilməyən bu cür kəslərin, Quranı yanlış şərh etmələrinin səbəbləri yazılır, bunların ayələr haqqında etdikləri ağılsız şərhlərdən və etirazlardan ibarət olan müxtəlif nümunələr tədqiq edilir və bunların hamısının cavabları verilir. Bu kəslərin Quran ayələri haqqında gətirdikləri etirazlara əsaslanaraq, ağılsızlıqları, mühakimələrindəki və formal xarakterli məntiqlərindəki pozğunluqlar müəyyənləşdirilir.