İnsanlar qarşılarındakı insanları öz istədikləri şəkildə istiqamətləndirmək üçün tez-tez yalan danışırlar. Yalanın arxasında bəzən insanın öz qürurunu xilas etmək təlaşı, bəzən qeyri-səmimi davranışa zəmin hazırlamaq, bəzən də üstünlük əldə etmək arzusu dayanır. Lakin səbəbindən asılı olmayaraq, yalan Quranda qınanan əməllərdəndir.
Allahın yalanı insanlara haram etməsi Quranda belə bildirilir:
«Allah sizi bilmədən içdiyiniz andlarınıza görə cəzalandırmaz, lakin içdiyiniz andlara görə cəzalandırar... Bununla belə, andlarınızı qoruyun. Allah ayələrini sizə belə izah edir ki, bəlkə, şükür edəsiniz!»
Qarşı tərəfi bilərək və ya qəsdən aldatmaq məqsədilə deyilən doğru olmayan hər bir söz yalan hökmündədir. Belə ki, Allah yalan danışan adamın qəlbindəki niyyətin əsas götürüldüyünü bildirir. Bir insan ağzından düşünmədən bir söz deyə və ya həmin an üçün əhəmiyyətsiz olan doğru bir söz deməyə bilər. Bunları qəsdən, qarşı tərəfi aldadaraq və mənfəət əldə etmək üçün deməyən bir insan dərhal öz səhvini düzəldər. Yalanda isə niyyət pozğunluğu vardır. Burada insan qarşı tərəfi yanlış tərəfə yönləndirərək hər hansı kiçik və ya böyük mənfəət əldə etmək istəyir. Belə ki, Allah bu cür niyyətlə deyilən sözə görə insandan axirətdə hesab soracaq. Buna görə də müsəlmanlar aşağıdakı ayənin hökmünə əsasən hər zaman sözün ən doğrusunu deməlidirlər:
«Ey iman gətirənlər! Allahdan qorxun və doğru söz söyləyin!»
Müsəlman danışığında boş, mənasız söz işlətdiyi zaman, onu dərhal düzəldər. Lakin axirətdə qarşılığını verə bilməyəcəyi şəkildə bir insanı qəsdən əsla aldatmaz. Çünki bu, həm axirətdə, həm də dünyada qınanan hərəkətdir.
Sözünə etimad göstərilməyəcək insanlar...
Həqiqəti tapa bilmək üçün insanın öz ağılı, biliyi və ya təcrübəsi kifayət etmədiyi hallarda, başqa bir insanın öyüdü ilə hərəkət etməsi Quranda tövsiyə edilən əxlaq formasıdır. İnsanlar çox vaxt səhv edəcəklərini düşündükləri məsələlərdə doğrunu bilmək və yanlış etməmək üçün qarşılarındakı insanlarla məsləhətləşirlər. Yəni öyüd almaqda məqsəd həqiqəti tapa bilməkdir. Lakin hər bir insan hər bir hadisədə doğru olanı seçə biləcək ağıla və şüura malik deyil. Ən azı doğrunu görsə də, öz mənfəətlərinə etinasız yanaşıb bu həqiqəti qarşı tərəfə izah etmək əxlaqına sahib deyil. Buna görə də yol göstərməsi üçün məsləhətləşmə aparacağı insanlarda da müəyyən xüsusiyyətlər olmalıdır. Bu xüsusiyyətlərin ən əsası insanın Allaha iman gətirməsidir. Çünki bir insanın həqiqəti dərhal müəyyənləşdirməsi və hətta öz mənfəətlərinə zidd olsa belə qarşı tərəfə izah etməsi vicdan işidir. Bir insanın maneəsiz olaraq öz vicdanından istifadə etməsini təmin edən yeganə qüvvə Allah qorxusu və Allah sevgisidir. Əxlaqında nöqsan olan, yəni vicdanı ilə hərəkət etməyən bir insan nə özü həqiqəti görmək iqtidarında olar, nə də qarşısındakı insanı doğruya yönəldə bilmək bacarığına sahib olar. Buna görə də insanlar məsləhət üçün müraciət edib, fikirlərinə etimad göstərdikləri şəxsləri yaxşı seçməlidirlər. Bu səbəbdən Allah Quranda bu məsələdə insanlara yol göstərəcək bir çox incəlikləri bildirir. Ayədə fikrinə etimad göstərilməyən insanların əxlaqi xüsusiyyətləri bildirilib və həmin insanların göstərdiyi yola tabe olmaq qadağan edilib. Ayələrdə belə buyrulur:
«İtaət etmə hər and içənə, alçağa; Qeybət edənə, söz gəzdirənə; Xeyrə mane olana, həddi aşana, günaha batana; Daş ürəkliyə, əsli-nəsəbi bilinməyən haramzadaya - O, mal-dövlət, oğul-uşaq sahibi olsa belə! Ayələrimiz ona oxunduğu zaman o:
Sözlərinə etimad göstərilməyən, yəni onların göstərdiyi yola, öyüdünə güvənilməyən kəslər ayələrdə açıq və anlaşıqlı şəkildə bildirilir. Bu təfsirə görə, bir müsəlman yalançı, dedi-qodu edən, aqressiv, bəhskeş, Allahın hökmlərini çox rahat şəkildə pozan, hiyləgər və ya lağ edən insanın tövsiyələri ilə hərəkət etməməlidir.