Allah var-dövləti həm müsəlmanlara, həm də kafirlərə verə bilər. Quran da bunu açıq şəkildə bildirir. Lakin ayələrə baxanda məlum olur ki, zənginliyin hər iki tərəfə verilməsinin məqsədləri fərqlidir. Müsəlmanlara verilən zənginliyin səbəbi gözəl əxlaqlarının əvəzi olaraq Allahın onlara gözəl həyat tərzi vəd etməsidir. Allah müsəlmanları yer üzünün mülklərinə varis edəcəyini bildirmişdir. Belə ki, peyğəmbərlərin həyatına baxanda onların həyatında ortaq dəyişikliyin olduğunu görürük. Bu dəyişiklik peyğəmbərlərin həyatlarının başlanğıcında maddi çətinlik içində yaşamalarına baxmayaraq, onların bir müddət sonra böyük zənginliklərə qovuşmasıdır. Bununla yanaşı, Allaha və dinə düşmən olduqları halda, böyük zənginliklər içində yaşayan insanlar vardır. Allah bu insanlara da var-dövlət vermişdir. Lakin Allahın belə insanlara mal-dövlət verməsinin məqsədi müsəlmanlarda olduğundan çox fərqlidir. Həmin məqsəd Quranda belə izah edilir:
«Onların nə mal-dövləti, nə də oğul-uşağı səni heyrətə salmasın. Allah bununla onlara ancaq dünyada əzab vermək və kafir olduqları halda, canlarının çıxmasını istər»
Allahı inkar edən və inkarında inad göstərən insanlara verilən zənginlik, gözəllik, gözəl evlər, geyimlər və ya imkanlar bir imtahan vasitəsidir. Burada əsas məqsəd inkarçılara bu qədər nemətin bağışlanmasına baxmayaraq, onların yenə də nankorluq etdiklərini, hər cür imkanlarına baxmayaraq Allaha qarşı sadiq olmadıqlarını insanlara göstərməkdir. Allah sonsuz ağıl sahibidir. Buna görə də O, insanları müxtəlif formalarda cəzalandırır. Allah inkarçılara insanın heç düşünməyəcəyi və əsla dərk edə bilməyəcəyi bir çox üsullarla cəza verə bilər. Həmin əvəz gözlə görünən təbii fəlakət, dağıntı da ola bilər, insanı daxildən sarsıdan sıxıntı da ola bilər. Əzabın başqa bir növü isə insanın özü üçün xeyirli hesab etdiyi bir vəziyyətin onun axirətdəki məsuliyyətinin artmasına səbəb ola bilər. Elə bu səbəbdən də müsəlmanın kafir insanlarda olan imkanlara rəğbətlə baxması Quran əxlaqına uyğun olmaz. Əsl rəğbət ediləcək müsəlmanların əxlaqı və təqvasıdır. Buna görə də Allah insanın daxilində dini əxlaqın qaydalarına əməl etməyən insanların zənginliyinə, yaşadıqları həyata, imkanlarına və ya hər hansı bir xüsusiyyətlərinə qarşı bir heyranlıq hissi duymamalarını əmr etmişdir.
Dində zorakılığın olmaması və din əxlaqına hikmətlə, gözəl öyüd-nəsihətlə dəvət etmək «İnsanları hikmətlə, gözəl öyüd-nəsihət ilə Rəbbinin yoluna dəvət et, onlarla ən gözəl surətdə mübahisə et. Həqiqətən, Rəbbin yolundan azanları da, haqq yolda olanları da daha yaxşı tanıyır!» («Nəhl» surəsi, 125). İslam dininin xüsusiyyəti bu dinin insanın onu yalnız öz daxilindən gələrək və qəlbən qəbul edərək yaşaması ilə Allah dərgahında qəbul edilən bir inanc sistemi olmasıdır. Allah dinin bu xüsusiyyətini Quranın bir çox ayələrində izah etmişdir. Məsələn, namaz qılan bir insan namazını Allah üçün istəyərək və sevərək qılmalıdır. Həmçinin mal-dövlətindən Allah yolunda xərcləyən bir insanın həmin ibadətinin Allah dərgahında qəbuledilən olması onun verdiyi bu sədəqəni istəyərək və sevərək verməsinə bağlıdır. Bir insan müsəlman olmaq üçün dini və Allahı ağlıyla dərk etməli və Onu qəlbən də təsdiq etməlidir. Yerinə yetirdiyi bu xidmətləri nə üçün etdiyini bilməlidir. Müsəlmanın dinə olan bağlılığı onun Allahın varlığına olan inamından irəli gəlir. Bu səbəbdən də dinin tələblərini istəyərək və sevərək yerinə yetirir. Dolayısı ilə İslam yalnız insanın öz rizası olduğu təqdirdə, həqiqi mənada yaşana biləcək bir sistemdir. Buna görə də dində zorakılıq yoxdur. Allah müsəlmanlara dinə qarşı istəksiz olan insanlara İslamı zorla qəbul etdirməyə çalışmamağı əmr etmişdir. Çünki Allah dini insanın zorakılıqla deyil, qəlbən yerinə yetirəcəyi şəkildə yaratmışdır. Qəlbən deyil, zorla qəbul etdirilərək yaşanan bir dinin Allahın dərgahında heç bir qiyməti olmaya bilər və bu halda həmin insanın dinə əməl etməsi ilə əməl etməməsi arasında da heç bir fərq olmayacaq. Müsəlmanların din əxlaqını izah etməsi yalnız gözəl sözlü dəvət şəklində ola bilər. Bu həmçinin Allahı sevənlərin din əxlaqını yaşamasına istiqamətlənən bir dəvətdir. Dində zorakılığın olmaması ilə bağlı bir ayədə belə buyrulur:
«Dində məcburiyyət yoxdur. Artıq doğruluq azğınlıqdan ayırd edildi. Hər kəs Tağutu inkar edib Allaha iman gətirərsə, o, artıq ən möhkəm bir ipdən yapışmış olur. Allah eşidəndir, biləndir!»
Ayədəki əmrdən də görünür ki, müsəlmanlar İslamı təbliğ edərkən və imanı sevdirərkən sözün ən gözəlini işlədirlər, qarşılarında olan insanı incitməyəcək, müsəlmanlara qarşı qəlblərində bir sevgi oyandıracaq şəkildə dini əxlaqı təbliğ edirlər. Çünki müsəlmanlara qarşı qəlbində sevgi yaranan bir insanda onları bu qədər gözəl əxlaqlı insanlar edən inanc sisteminə qarşı da maraq və sevgi hissi əmələ gələcək. Buna görə də gözəl söz onun qəlbini İslama daha da yaxınlaşdıran mühüm amildir.