Quranda xəbər verildiyi kimi, elçilər ağıl, zəka, anlayış, qavrayış və bir çox başqa xüsusiyyətləri baxımından digər möminlərdən daha yüksək yaradılışa malikdirlər. Allahın bir çox sifətləri elçilərin üzərində daha aydın şəkildə əks olunur, möminlik əlamətlərini özlərində daha çox daşıyan insanlar Allahın seçdiyi elçilərdir. Belə olan halda mömin də öz yerini bilməli və elçinin bu açıq-aşkar üstünlüyü qarşısında hörmət, mülayim və səmimi əxlaq nümayiş etdirməli, elçini dəstəkləməlidir. Bu hal ayədə «möminlərin elçinin hüzurunda qabağa keçməkdən çəkinmələri» şəklində ifadə edilir:
«Ey iman gətirənlər! Allahdan və Peyğəmbərindən önə keçməyin. Allahdan qorxun. Həqiqətən, Allah eşidəndir, biləndir!»
Allahın rəsulunun hüzurunda önə keçmək onun qarşısında öz ağlını ön plana çıxaran davranış sərgiləmək, özünü bilikli göstərmək, onun sözünü kəsmək kimi müxtəlif formalarda nümayiş etdirilə bilər. Əlbəttə, bir möminin belə hərəkətləri bilərəkdən etməsini düşünmək olmaz. Lakin bir anlıq qəflətə, unutqanlığa dalıb, Allahın müəyyən etdiyi sərhədləri aşmaqdan da çəkinmək lazımdır.