Peyğəmbər Qüreyzədə 400/900 Yəhudinin Öldürülməsi Əmrini Vermişdimi?
Rəvayətə görə yəhudi qəbilələrindən olan Bəni Qüreyzə, İslamı yox etmək üçün Mədinəyə uğursuz bir hücum edən qureyşlilərin və müttəfiqlərinin tərəfini tutmuşdur. İslama qarşı edilən bu ən ciddi hücum uğursuzluqla nəticələnmiş və sonra Bəni Qüreyzə Peyğəmbər tərəfindən mühasirəyə alınmışdır. Bəni Nəzir kimi, Bəni Qüreyzə təslim olduqda, Bəni Nəzirdən fərqli olaraq, öz müttəfiqlərindən Övs qəbiləsinin üzvü olan Sə‘d b. Mu‘azın hakimliyinə müraciət etmişlər. Sə‘d, yetkin kişilərin öldürülməsi, qadınların və uşaqların kölə olaraq sahiblənilməsi qərarını vermişdir. Bunun nəticəsində Mədinənin bazar yerində xəndəklər qazılmış, Qüreyzənin adamları dəstə-dəstə gətirilmiş və boyunları vurulmuşdur. Öldürülən adamların sayı haqqındakı rəvayətlər 400 ilə 900 arasında dəyişir.
Bu rəvayət araşdırıldıqda, rəvayətin təfərrüatları etirazlara yer verəcək xarakterdə görünür. İlk növbədə, 600, 800 və ya 900 qədər Bəni Qüreyzəlinin mərhəmətsizcəsinə qətlə yetirildiyi iddiası doğru deyil. Bu, sonradan ortaya atılmış bir iddiadır və əsas mənbəyini yəhudi rəvayətləri təşkil edir.
Bu mövzuda ən ətraflı məlumatı ehtiva edən ən qədim mənbə İbn İshaqın Sirəsidir. Bu əsər həm də ən əhatəli və ən çox iqtibas edilən əsərdir.
Halbuki, bu gec dövr və qəti olmayan mənbələrin yerinə, hadisələrlə eyni vaxtda olan və tamamilə səhih bir mənbə olan Quran yer almalıdır. Əhzab surəsinin 26-cı ayəsində, adı çəkilən hadisəyə çox qısa bir istinad var:
“Allah kitab əhlindən olub müşriklərə kömək edənləri qalalarından endirdi və qəlblərinə böyük bir qorxu saldı. Siz onların bir qismini [ferîqan] öldürür, bir qismini də əsir edirdiniz.”
Ayədə göründüyü kimi, öldürülənlərin sayı ilə bağlı heç bir məlumat yoxdur.
Qurandakı ayə, fiilən döyüşə qatılanlardan bəhs edir. Bu, döyüşlə bağlı bir bəyandır. Bu bəyanda döyüşən şəxslər söhbət mövzusu edilmişdir. (Döyüşün təbii nəticəsi olaraq) bunlardan bəziləri öldürülmüş, bəziləri də əsir alınmışlar.
İnsan belə düşünməkdən özünü saxlaya bilmir: Bu hadisə ilə bağlı olaraq əgər 600 və ya 900 nəfər öldürülmüşsə, bu hadisənin əhəmiyyəti çox böyük olardı. Quranda bu məsələ ilə bağlı daha aydın açıqlamalar, ibrətlər və öyrənilməli dərslər yer almalı idi. Yox, əgər yalnız günahkar (döyüşmüş) liderlər öldürülmüşsə, bunun nəticəsinin Quranda qısa bir açıqlama ilə yer alması lazım gələrdi.
Mənbələr haqqında deyiləcək son söz; bunlar nə diqqətə layiqdir, nə də etibar ediləcək vəziyyətdədir. Müəyyənləşdirmələr çox gec dövrlərə aiddir. Buna görə rəvayəti rədd etmək üçün əsaslar belə sıralana bilər:
1- Yuxarıda bildirildiyi kimi, Quranda bəhs edilən rəvayətlərə edilən istinadlar çox qısa olub çoxlu sayda insanın öldürülməsi ilə bağlı heç bir ifadə yoxdur. Döyüş söhbəti olduqda, edilən istinad fiilən döyüşənlərə yönəlikdir. Quran, tarixçilərin heç bir şübhə duymadan qəbul edəcəkləri yeganə mənbədir. O hadisə ilə eyni vaxta aid bir mətn olub, bir çox inandırıcı səbəbdən hadisənin əlimizdə olan ən səhih versiyasıdır.
2- İslami hökmlərə görə, yalnız xəyanətdən məsul olan şəxslər cəzalandırılır.
”Ancaq müşriklərdən özləri ilə müqavilə imzaladıqlarınızdan (müqavilədən) bir şeyi əskiltməyənlər və sizə qarşı heç kimə kömək etməyənlər başqadır; artıq müqavilələrini, müddəti bitənə qədər tamamlayın. Şübhəsiz, Allah müttəqi olanları sevər.” (Tövbə surəsi,4) Ayədən anlaşıldığı kimi, müqaviləyə əməl edən və ya öz tərəfində olanlarla birləşib müsəlmanlara qarşı onlara kömək etməyənlər ayrı tutulmuşlar.
3- Bu qədər çox sayda adamı öldürmək, İslamın ədalət anlayışına və Quranda keçən “Heç bir günahkar başqasının günahının məsuliyyətini yüklənməz” (Fatir surəsi, 18) əsas prinsipi ilə tamamilə ziddir.
İslamda ”Allah, sizinlə din mövzusunda döyüşməyən, sizi yurdlarınızdan sürüb-çıxarmayanlara yaxşılıq etməyinizdən və onlara ədalətli davranmağınızdan sizi çəkindirməz. Çünki Allah ədalət edənləri sevər.” [Mümtəhinə surəsi, 8] buyurur. Müsəlmanlarla döyüşməyən və onları yurdlarından sürməyənlərə yaxşılıq və ədalətlə davranmaq əsasdır Quranda.
4- Bu rəvayət həmçinin döyüş əsirləri ilə bağlı Qurandakı hökmlərin ziddinədir. Quran hökmünə görə, əsirlər ya birbaşa sərbəst buraxılmalı, ya da fidyə qarşılığında azad edilməlidirlər.
… Nəhayət onları ‘yaxşıca məğlub edib qələbə çaldıqda’ artıq (əsirlər üçün) bağı möhkəm tutun. Bundan sonra ya bir lütf olaraq (onları buraxın) və ya bir fidyə (qarşılığında azad edin). Belə ki, döyüş ağırlıqlarını qoysun (sona çatsın)… (Məhəmməd surəsi, 4)
5- Əgər yüzlərlə insan bazarda öldürülmüş və bunun üçün xəndəklər qazılmışsa, bununla bağlı heç bir izin olmaması, bəhs edilən yerə işarə edən heç bir istinadın və ya yazının olmaması çox maraqlıdır.
6- Qüreyzə rəvayətində, aktiv düşmənçilik edən şəxslər kimi təsvir edilən bəzi adamların öldürüldüyü rəvayət edilmişdir. Bunların xəyanətə səbəb olduqları üçün cəzalandırılmaları ağlabatan bir nəticədir. Buradan bütün qəbilənin cəzalandırıldığı nəticəsi çıxarıla bilməz. Çünki yuxarıda da bildirdiyimiz kimi, bu, ayələrin hökmünə zidd bir vəziyyət olar.
Allah, ”Özlərinə zülm edildiyinə görə, onlara qarşı döyüş açılanlara (möminlərə, döyüşmək) izni verildi…” (Həcc surəsi, 39) deyir. Başqa bir ayədə Allah; ”Sizinlə döyüşənlərə qarşı Allah yolunda döyüşün, (ancaq) həddi aşmayın. Əlbəttə, Allah həddi aşanları sevməz.” (Bəqərə surəsi, 190) buyurur. İki ayədən də anlaşıldığı kimi, döyüş yalnız mal və can güvənliyini təhdid edəcək şəkildə hücum olduqda haqq olur. Ancaq həddi aşmağa icazə yoxdur.
7- Qüreyzənin nəslindən gələn şəxslərin öz əcdadlarını ucaltmaq istəmələri kimi, hadisə ilə əlaqəli olan mədinəlilərin nəslindən gələnlər də eyni şəkildə hərəkət etmişlər. Bu bir həqiqətdir ki, əcdadlarını ucaltmaq və ya başlanğıcda İslama qarşı olanları təmizə çıxarmaq məqsədilə, sonrakı nəsillər tərəfindən bir çox hekayə uydurulmuş, bu rəvayətlərin çoxu da İbn İshaq tərəfindən rəvayət edilmişdir.
8- Digər detalların da qəbul edilməsi çətindir. Yüzlərlə insanın Bəni Nəccarlı bir qadına aid tək bir evdə həbs edilmiş olması necə mümkün ola bilər.
Rəvayətin mənbələri həddindən artıq şübhəli olub xəbərin təfərrüatları İslamın ruhuna və Qurandakı ayələrə tamamilə ziddir. Etibarlı mənbə çatışmazlığı olub, ətraf dəlillər rəvayətləri dəstəkləmir. Bunun mənası, rəvayət şübhəli olmaqdan da o yana bir xarakterdədir.
İslamda qisas və döyüş vəziyyəti istisna olmaqla günahsız bir canın alınması, bütün insanları öldürməklə bir tutulmuşdur. Bir canın dirildilməsinə vəsilə olmaq da bütün insanları diriltmək kimi deyilmişdir. Qüreyzə mövzusuna Quran hökmləri işığında baxıldıqda həqiqətə uyğun olmayan bir hekayə olduğu rahatlıqla anlaşıla bilər.
”Kim bir nəfsi, başqa bir nəfsə və ya yer üzündəki bir fəsada qarşılıq olmadan (haqsız yerə) öldürsə, sanki bütün insanları öldürmüş kimi olar. Kim də onu (öldürülməsinə mane olaraq) diriltsə, bütün insanları diriltmiş kimi olar…” (Maidə surəsi, 32)