Quranda kişilər qadınlardan üstündürmü?
Ateist və ənənəçi din anlayışına malik dostların kişinin qadından üstün olduğuna dəlil kimi göstərdiyi iki ayə var. Mövzu ilə bağlı əvvəlcə Nisa surəsinin 34-cü ayəsini araşdıraq.
Kişilər qadınlar üzərində hakimdirlər. O səbəbdən ki, Allah onlardan bəzisini (kişiləri) bəzisindən (qadınlardan) üstün etmişdir. (Nisa surəsi, 34)
Ayədə keçən ”erricalü kavvamune alennisai” ifadəsi ”kişilər qadınları gözləyir” ya da ”kişilər qadınların dolanışığına cavabdehdir” mənasında tərcümə edilməli ikən, əksər məallarda kişinin qadın üzərində avtoritet/hakim olduğu şəklində tərcümə edilmişdir.
Məal müəlliflərinin çoxu bu ayədə keçən ”kavvam” sözünü ”idarəçi, hakim” kimi tərcümə etməsinə baxmayaraq, nə hikmətsə eyni sözün keçdiyi Nisa surəsinin 135-ci və Maidə surəsinin 8-ci ayəsində ”ədaləti ayaqda tutun, ədaləti gözləyin” kimi tərcümə olunmuşdur.
Yenə həmin ayədə ”feddelellahu badehum ala badin” ifadəsinin mənası ” hər birinə fərqli bacarıq və xüsusiyyətlər verdik”dir. Lakin bir çox məalda nədənsə ”Allah bəzilərini (kişiləri), bəzilərindən (qadınlardan) üstün etmişdir” şəklində tərcümə olunmuşdur.
Ayədə ”Allah kişiləri qadınlardan üstün etmişdir” yazılsaydı, belə olmalı idi; faddalellahur ricae alen nisai.
Ayədə keçən ”badehum” (bəziləri) sözündəki ”hum” əvəzliyini yalnız kişilərə aid etdikdə məna belə olur: Allah kişilərin bəzisini bəzisindən üstün etmişdir. Bu da ayənin içində olduğu mətnə uymur.
Hum əvəzliyini kişi və qadınlardan ibarət qarışıq bir qrupa aid etdikdə məna belə olur: Allah kişilərin və qadınların bəzisini bəzisindən üstün etmişdir.
Nisa surəsinin 32-ci və Rəd surəsinin 4-cü ayəsində eyni sözlər keçir. Lakin nə hikmətsə burada ”bəzinizi bəzinizdən üstün etdi” kimi tərcümə olunmuşdur. Ayənin mənası ”Allah hər birinə fərqli bacarıq və xüsusiyyətlər vermişdir”dir. Cinsiyyət ayrı-seçkiliyi yoxdur. Ayənin doğru tərcüməsi aşağıdakı kimidir.
Kişilər qadınları gözləməklə borcludur. Çünki Allah hər birinə fərqli bacarıqlar və xüsusiyyətlər vermişdir. Necə ki, kişi evin dolanışığına cavabdehdir… (Nisa surəsi, 34) (Edip Yüksel)
Edip Yüksel
Kişi üstünlüyünə dəlil göstərilən digər ayə isə Bəqərə 228-dir. Ayənin son hissəsi götürülüb ilk hissəsi nəzərə alınmazsa, kişi qadından üstünmüş kimi bir nəticə çıxar. Lakin ayəni bütöv oxuduğunuzda belə bir mənaya uzaqdan-yaxından aidiyyəti olmadığını görərsiniz. Ayəyə baxaq;
Boşanmış qadınlar, ərə getmədən üç aybaşı müddətində gözləyəcəklər. Allaha və axirət gününə inanırlarsa, bətnlərində Allahın yaratdığını gizlətmələri onlara halal olmaz. Bu müddət ərzində barışmaq istəsələr, ərlərinin onları almağa birinci növbədə haqları var. Kişilərin ədalət ölçülərinə görə qadınlar üzərində haqları olduğu kimi, qadınların da kişilər üzərində haqları var. Ərlər həyat yoldaşları üzərində üstünlüyə malikdirlər. Allah qüdrət və hikmət sahibidir.. (Bəqərə surəsi, 228)
Ayədə boşanan kişi və qadının vəziyyəti izah olunur. Boşandıqdan sonra qadının üç aybaşı gözləməsi lazım olduğu, bu müddət ərzində hamilə olduğu anlaşılarsa, körpənin atası olan keçmiş həyat yoldaşının qadınla evlənmək məsələsində digər kişilərə nisbətən öncəliyi/üstünlüyü olduğu bildirilir.
Allah ayədə ”Kişi olsun, qadın olsun, bir mömin olaraq kim saleh bir əməl etsə, heç şübhəsiz Biz onu gözəl bir həyatla yaşadarıq və onların əvəzini etdiklərinin ən gözəli ilə mütləq verərik.” (Nəhl surəsi, 97) deyir. Kişi və qadın əməl baxımından tam bərabərdir. ”Allah yanında sizin ən üstün olanınız (irq ya da soy baxımından deyil) təqvaca ən irəlidə olanınızdır.” (Hucurat surəsi, 13)
Nəticə olaraq kişi qadının hakimi deyil, qoruyub gözləyənidir. Quranda xitab ”mömin kişilərə və mömin qadınlara söylə” şəklindədir. Heç kim heç kimdən üstün deyil. Üstünlük yalnız təqvaya görədir. Bu da Allah yanındadır.
Mömin kişilər və mömin qadınlar bir-birlərinin vəliləridirlər. Yaxşılığı əmr edər, pislikdən çəkindirər, namazı dosdoğru qılar, zəkatı verər və Allaha və Rəsuluna itaət edərlər. Budur, Allahın özlərinə rəhmət edəcəyi bunlardır… ( Tövbə surəsi, 71)