Allah Quranda yer alan Kəhf hekayəsində, inkarçı qövmlərindən ayrılan iman sahibi gənclərin Allaha ibadətdə qətiyyət göstərərək ibadət etmək üçün yaşadıqları yerdən uzaqlaşıb mağaraya sığınmağı seçdiklərini bildirir. Kəhf hekayəsində bildirilən Kəhf əhli olaraq adlanan bu topluluğun Allaha olan güclü bağlılığının və sədaqətinin iki mühüm əlaməti diqqət çəkir. Bunlardan birincisi onların gənc olmalarıdır.
Bir çox insan üçün gənclik, bəlkə də, həyatında istədiyi hər şeyi edə biləcəyi, ən sağlam və fiziki baxımdan da ən gözəl və güclü olduğu dövrdür. Kəhf əhli də gənc olmalarına baxmayaraq, gəncliklərinin bütün imkanlarını Allahın razılığını qazanmaq üçün həsr etmişlər. Həyatlarının ən mühüm hissəsini Allahın razılığını qazana bilmək üçün könüllü Allaha həsr etmələri bu insanların dərin imana sahib olduqlarını göstərir. Sadəcə Allaha ibadət etmək üçün əllərindəki bütün imkanlardan imtina edərək mağaraya sığınmağı gözə almaları və Allaha ibadətdə belə qətiyyət göstərmələri Allaha olan güclü sevgiləri, bağlılıqları və sədaqətlərindən irəli gəlir. Allah Quranda Kəhf əhlinin Allaha olan güclü imanları və göstərdikləri təslimiyyətli davranışlarını belə bildirir:
Yoxsa sən mağara və Rəqim əhlinin möcüzələrimizdən ən qəribəsi olduğunumu güman edirsən? Bir zaman gənclər mağaraya sığınıb:
“Ey Rəbbimiz! Bizə Öz tərəfindən mərhəmət bəxş et və işimizdə bizə düz yol göstər!”– demişdilər.
“Rəbbimiz göylərin və yerin Rəbbidir. Biz heç vaxt Ondan başqa tanrıya ibadət etməyəcəyik. Əks halda olduqca böyük bir (küfr) danışmış olarıq!”– deyərkən onların qəlbinə qüvvət verdik.
Madam ki, siz onları və Allahdan savayı ibadət etdiklərini tərk etdiniz, onda mağaraya sığının ki, Rəbbiniz sizə Öz mərhəmətini geniş etsin və işinizdə sizin üçün fayda hazırlasın.
Allah Quranda “bu gənclərin qəlbinə səbri və qətiyyəti rəbt etdik" şəklində buyurmuşdur. Bundan başqa, bu gənclərin Allaha iman etmədə nə qədər qətiyyətli və səbirli olduqlarını xəbər vermişdir.
Başqa bir ayədə isə Fironun zülmünə baxmayaraq, Allaha təslim olaraq Musa Peyğəmbərə iman gətirən gənclərin sədaqətlərinə belə diqqət çəkilir:
Firon və onun əyanları tərəfindən özlərinə işgəncə veriləcəyindən qorxaraq Musaya öz qövmündən yalnız azsaylı bir nəsil iman gətirdi. Həqiqətən də, Firon yer üzündə qəddar hakim və həddi aşanlardan idi.
Firon dövründəki bu gənclər kimi Kəhf əhlinin də inkar edənlərin təzyiqlərinə qarşı çıxa bilmələri və Allahın razılığını qazanmaq üçün mağara kimi yaşanılması çətin olan bir yeri seçmələri bu insanların Allaha olan sədaqətlərini göstərən başqa bir gözəl davranışdır. Allaha olan güclü sədaqət və bağlılıqları onlara bu gücü və cəsarəti vermiş və bundan sonra qarşılaşdıqları çətinlik və əngəllərdə göstərdikləri səbirə də zəmin yaratmışdır. Eyni vəziyyət fironun zülmünə və qəddarlığına baxmayaraq, Musa Peyğəmbərə iman gətirən gənclərə də aiddir. Bu gənclər firondan qorxmamış və Musa Peyğəmbərə tabe olaraq Allaha sədaqətlərini göstərmişlər.
Bütün bunlar bizə göstərir ki, Allaha olan güclü sədaqət və bağlılıq möminin hər zaman Allahın rizasına uyğun hərəkət etməsini təmin edir.