Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda sədaqət: Cahil Cəmiyyətin Yanlış Sədaqət Anlayışı

Mündəricat
  1. Giriş
  2. Cahil Cəmiyyətin Yanlış Sədaqət Anlayışı
  3. Atalarının dininə sadiqdirlər
  4. Sədaqət göstərmək üçün mütləq üstünlük görmək istəyərlər
  5. Sədaqət göstərə bilmələri müəyyən şərtlərə bağlıdır
  6. Sədaqətin Əhəmiyyəti
  7. Sədaqətin Açarı: Allah Sevgisi və Allah Qorxusu
  8. Allah qorxusu
  9. Möminlər Allaha sadiqdirlər
  10. Allah yolunda “doğru” istiqamətdədirlər
  11. Allaha ibadət etməkdə qətiyyət göstərərlər
  12. Peyğəmbərə sadiqdirlər Peyğəmbərin Allahın elçisi olduğuna iman edərlər
  13. Peyğəmbərə itaət edərlər
  14. Qurana sadiqdirlər
  15. Quranda Möminlərin Göstərdikləri Sədaqət Nümunələri
  16. Fironun ailəsində imanını gizlədən insan
  17. Hicrət edən möminlər
  18. Nəticə

Sözlərinə və andlarına sadiq deyillər

Cahil cəmiyyətindəki insanların sədaqət anlayışını formalaşdıran əsas ünsür mənfəətdir. Bu yanlış düşüncəni mənimsəyən insanlar mənfəətləri üçün kimə və ya nəyə sədaqət göstərilməlidirlərsə, bunu sevərək yerinə yetirərlər. Halbuki bu, tamamilə saxta və səmimiyyətsiz sədaqət növüdür. Sədaqətlərinin dərəcəsi əldə edəcəkləri mənfəətin dəyərindən və ölçüsündən asılıdır. Əgər mənfəətlərinə çatmağın tək yolu sədaqətli və itaətli davranmaqdırsa, bunu çətinlik çəkmədən zövqlə yerinə yetirərlər.

Bununla yanaşı, insanlar arasında yaranan anlaşılmazlıq və münaqişələrin böyük hissəsi isə onların bir-birlərinə verdikləri sözlərini tutmamalarından irəli gəlir. Bunun əsas səbəbi, yuxarıda izah edildiyi kimi, bu insanların mənfəətpərəst olmalarıdır. İman gətirməyən insan hər zaman mənfəət əldə etmək istədiyi üçün qarşısındakı insandan da istifadə etməyə və əsil niyyətini gizlətməyə çalışır. Bunun ən gözəl yolunu isə qarşısındakı insanın etibarını qazanmaqda görür. Beləliklə, qarşısındakının etibarını qazanaraq həm o insanın özü haqqında müsbət düşünməsini təmin edəcək, həm də ona hiss etdirmədən rahatlıqla məqsədinə çata biləcəyi bir mühit yaradacaq. Məhz bu yanlış düşüncədə olan insanlar bəhsi keçən “etibarlı mühiti” təmin etmək və mənfəət əldə etmək üçün həmişə yalandan and içir və tutmayacaqları vədlər verirlər. Quranda bildirilən şeytanın Adəm Peyğəmbəri aldatmaq üçün and içməsi də pis niyyətli insanların etibar qazanmaq və insanları aldatmaq üçün bu yola baş vurduqlarını göstərən nümunədir. Allah bu hadisəni Quranda belə bildirir:

“Şeytan onların bir-birindən gizli qalan ayıb yerlərini özlərinə göstərmək üçün onlara pıçıldayıb dedi: “Rəbbiniz sizə bu ağacı yalnız ona görə qadağan etmişdir ki, siz mələk və ya (Cənnətdə) əbədi qalanlardan olmayasınız”. (Üstəlik) onlara:

“Şübhəsiz ki, mən sizin nəsihətçilərinizdənəm”– deyə and içdi.

Əraf surəsi, 20-21

Şeytan bu yalanın doğruluğuna Adəm Peyğəmbəri inandırmaq və onun etibarını qazanaraq aldatmaq üçün dediklərinin ardınca and içmişdir. Allah Quranın bir çox ayəsində insanların müxtəlif mənfəətlər əldə etmək üçün bu cür hərəkət etdiklərini bildirir.

Allah Quranda “münafiq” adlandırılan, qəlblərində xəstəlik olan insanların da imanlarının zəifliyini gizlətmək və möminləri səmimi insanlar olduqlarına inandırmaq üçün and içmə üsuluna üz tutduqlarına diqqət çəkmişdir. Allah üçün ən doğru yola yönəlmək, Quran əxlaqına ən gözəl şəkildə tabe olmaq və insanları haqq dinə dəvət edərkən qarşılaşdığı çətinliklərə səbir etmək ancaq Allaha güclü iman və sədaqət hissi ilə mümkündür. Buna görə də, səmimi imandan məhrum olan münafiq xarakterli insanların Allahın razılığını qazanmaq üçün ciddi səy göstərmələri və peyğəmbərlərin yolunu izləmələri mümkün deyil. Bunun şüurunda olan bu səmimiyyətsiz insanlar da peyğəmbərləri və saleh möminləri aldada bilmək üçün Allah adından and içərlər. Ancaq qarşılaşdıqları hər hansı bir çətinlikdə də verdikləri bu andları və Allaha qarşı verdikləri sözləri pozmaqdan çəkinmirlər. Allah Quranda iman gətirənlərlə birlikdə hərəkət edəcəklərinə dair söz verib and içən, ancaq Peyğəmbərimiz-lə birlikdə döyüşmək məsələsi ortaya çıxdıqda verdikləri bu sözdən geri dönən insanların vəziyyətini belə bildirir:

“(Münafiqlər) Allaha çox möhkəm and içdilər ki, əgər sən onlara əmr etsən, onlar mütləq (döyüşə) çıxacaqlar. De: “And içməyin! İtaətiniz bəllidir. Şübhəsiz ki, Allah nə etdiklərinizdən xəbərdardır”.

Nur surəsi, 53

“Əgər səfəriniz gəlir gətirən və yüngül bir yürüş olsa idi, onlar mütləq sənin ardınca gedərdilər. Lakin əziyyətli yol onlara çətin gəldi. Onlar:

“Əgər taqətimiz olsa idi, biz də sizinlə bərabər çıxardıq!”(– deyə) Allaha and içəcəklər. Onlar özlərini həlak edirlər. Çünki Allah onların yalançı olduqlarını bilir”.

Tövbə surəsi, 42

Bu insanlar pis niyyətlərini gizlətmək və Peyğəmbərimiz-in etibarını qazana bilmək üçün Allah adına and içirlər. Bu şəkildə sədaqətsizliklərini və qəlblərindəki həqiqi niyyəti gizlədə biləcəklərini və özlərinə mənfəət əldə edə biləcəkləri mühitlər yarada biləcəklərini düşünürlər. Halbuki, göstərdikləri rəftar onların həqiqi niyyətlərini aşkar şəkildə ortaya qoyur və ifşa olmalarına şərait yaradır. Çünki bir insanın Allaha olan sədaqət və bağlılığının ən açıq dəlillərindən biri Onun razılığını qazana bilmək üçün lazım gələrsə, hər cür fədakarlığı sevə-sevə edə bilməsidir. Bu bağlılığı və sədaqəti hiss etməyən insanlar isə fədakarlıqdan qaçmaq üçün əsassız bəhanələr uydurur və insanları bu bəhanələrin doğru olduğuna inandırmaq üçün Allah adına and içirlər.

Bu insanların yalan yerə and içmələrinin bir səbəbi də iman edənlərin səmimiyyətlərindən istifadə edərək onlardan mənfəət əldə etmək istəmələridir. Bu cür davranaraq fədakar, yardımsevər və mərhəmətli əxlaqa sahib möminlərin yaşadığı hüzurlu həyatı özlərinin də yaşaya biləcəklərinə və heç bir səy göstərmədən onların sahib olduqları nemətləri əldə edə biləcəklərinə inanırlar. Allahın həqiqi niyyətlərini ortaya çıxardığı anda isə aralarından ayrılmalı olacaqlarından qorxaraq möminlərlə birlikdə olmaq üçün yalandan and içirlər. Allah bu səmimiyyətsiz insanların xarakterlərini Quranın Tövbə surəsində bizlərə belə tanıdır:

“Qarşınızda and içəcəklər ki, onlardan razı qalasınız. Siz onlardan razı olsanız da, Allah fasiq camaatdan razı qalmaz”.

Tövbə surəsi, 96

“Onlar sizinlə həmrəy olduqlarına and içirlər. Halbuki onlar sizdən deyildirlər. Əslində, onlar qorxaq adamlardır”.

Tövbə surəsi, 56

Ancaq bu insanların and içmələrinin yeganə səbəbi həqiqi niyyətlərini gizlədərək özləri üçün mənfəət əldə etmək deyil. Digər bir hədəfləri də iman gətirənləri Allah yolundan uzaqlaşdırmağa çalışmaqdır. Eynilə şeytanın Adəm Peyğəmbəri və xanımını and içərək aldatmağa və Allahın əmrinə uymalarına mane olmağa çalışması kimi, bu insanlar da şeytanın məntiqi ilə hərəkət edirlər. Yanındakı möminləri doğru yoldan azdırmaq və ya ən azından onlara zərər verə bilmək üçün şeytanın tətbiq etdiyi “and içmə” üsulundan istifadə edirlər. Allah bir ayədə bu insanların andlarını “sipər” kimi istifadə etdiklərini belə xəbər verir:

“Onlar andlarını özlərinə sipər edib (insanları) Allah yolundan döndərdilər. Onları alçaldıcı bir əzab gözləyir”.

Mücadilə surəsi, 16

Ancaq Allahın ayədə bildirdiyi kimi, qəlblərində xəstəlik olan bu insanların möminlərə yönəlmiş bu pis niyyətli təşəbbüsləri Allahın izni ilə hər dəfə boşa çıxır və onlar üçün əzaba çevrilir.

Andlarını pozaraq və sözlərində durmayaraq möminlərin arasında fitnə-fəsad salmağa çalışmaları, bu insanların içlərində gizlətdikləri sədaqətsizliyin açıq göstəricisidir. Bu əxlaqı mənimsəyən insanlar verdikləri sözlərlə, etdikləri böyük andlarla ətraflarındakı insanlarda olduqca sadiq olduqlarına dair təəssürat yaratdıqlarını zənn etsələr belə, sədaqətlərini sübut etmələri tələb edilən bir vəziyyətlə qarşılaşdıqda həqiqi niyyətlərini dərhal ortaya qoyurlar. Allah bu insanların əxlaqlarını Quranda belə bildirir:

“Onlar Allaha çox möhkəm and içdilər ki, özlərinə qorxudan (bir peyğəmbər) gəlsə, hər hansı ümmətdən daha çox doğru yolda olacaqlar. Onlara qorxudan (peyğəmbər) gəldikdə isə bu, onların ancaq nifrətini artırdı”.

Fatir surəsi, 42

Quranda diqqət çəkilən bu insanlar göndərilən elçiyə itaət edəcəklərinə Allaha and içmişlər. Ancaq onlara bir elçi göndərildikdə bəslədikləri nifrət, verdikləri sözə sədaqətsiz olduqlarını açıq şəkildə göstərmişdir.

Bu insanlar “Həqiqətən də, Allahla olan əhdlərini və andlarını ucuz qiymətə satan kəslər üçün axirətdə heç bir pay yoxdur. Allah onları danışdırmayacaq, Qiyamət günü onların üzünə baxmayacaq və onları təmizə çıxarmayacaqdır. Onlar üçün üzücü bir əzab vardır” (Ali-İmran surəsi, 77) ayəsi ilə Allahın bildirdiyi kimi andlarını “az bir dəyər” qarşılığında satmışlar. Bu səbəbdən, Allah axirət günü onları mərhəmətindən məhrum edəcək. Allah bu insanların qiyamət günü Allahın hüzuruna çıxdıqlarında Allahın əzabından da yenə and içərək xilas olacaqlarını zənn etdiklərini Quranda belə xəbər verir:

“Allah onların hamısını dirildəcəyi gün onlar sizə and içdikləri kimi, Ona da and içəcək və nə isə əldə etdiklərini güman edəcəklər. Əslində, onlar əsl yalançılardır”.

Mücadilə surəsi, 18

Bu cür yaşamağı özlərinə prinsip hesab edən insanlar eyni rəftarı öz aralarında bağladıqları andlaşma və müqavilələrdə də göstərirlər. İnsanların bir-birlərinin haqlarını tanımamaları və verdikləri sözə uyğun davranmamaları göstərəcəkləri sədaqətin maraqlarına tərs düşməsindən irəli gəlir. Bu səbəbdən, bu düşüncədə olan insanlarla bağlanan müqavilələr, demək olar ki, sədaqətsizliklə nəticələnir. Allahın, "Onların əksəriyyətini vədə xilaf çıxan gördük. Onların çoxunu günahkar gördük” (Əraf surəsi, 102) ayəsi ilə bildirdiyi kimi, bu insanlar verdikləri sözlərə heç bir bağlılıqları olmadığı üçün verdikləri andları ilk fürsətdə pozmağa çalışırlar. Allah bu insanların vəziyyətini Quranda belə təsvir etmişdir:

“Onlar əhd bağladığın kimsələrdir ki, sonra hər dəfə öz əhdlərini pozur və (heç nədən) çəkinmirlər.”

Ənfal surəsi, 56

Bundan başqa, Allah münafiq xarakterli bu səmimiyyətsiz insanların, əvvəlcə, Allahın razılığını qazana bilmək üçün fədakarlıqdan qaçmayacaqlarına dair Allaha söz verdiklərini, lakin sözlərinin üstündə durmadıqlarını bildirmişdir:

“Baxmayaraq ki, onlar bundan əvvəl (cihaddan) boyun qaçırmayacaqlarına dair Allaha söz vermişdilər. Onlar Allaha verdikləri sözə görə sorğu-sual olunacaqlar”.

Əhzab surəsi, 15

Bu əxlaqa sahib insanlar həyatları boyunca Allaha, elçilərinə və ətraflarındakı digər insanlara xəyanət edirlər. Şeytanın ikiüzlü rəftarı bu cür insanların əxlaqını ortaya qoyan mühüm nümunələrdən biridir. Şeytan insanlara saxta vədlər vermiş, ancaq daha sonra bu vədlərinin yalan olduğunu açıqlamışdır. Allah Quranda şeytanın bu ikiüzlü əxlaqını bizlərə belə bildirir:

“O zaman şeytan onların əməllərini özlərinə gözəl göstərib:

“Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə (yardım edən bir) qonşuyam!”– demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!”– demişdi.”

Ənfal surəsi, 48

Bu pis əxlaqı mənimsəyən insanların Allaha və elçilərə qarşı səmimi bağlılıq hiss edə bilmələri və rastlaşdıqları çətinlik və sıxıntılara səbir edə bilmələri mümkün deyil. Azğın niyyətlərini və sədaqətsizliklərini gizlətmək, iman gətirənlərlə birlikdə olub onların hər cür imkan və vasitələrindən faydalana bilmək üçün hər fürsətdə and içərək söz verirlər. Ancaq səmimiyyətsizlikləri o qədər böyükdür ki, hər dəfə andlarını pozmalarına və içlərində gizlədikləri düşmənçiliyin açığa çıxarmalarına səbəb olur. Buna görə də verdikləri sözlərlə, andlarla möminləri nə qədər aldatmağa çalışsalar da, Allah bu insanların səyini həmişə boşa çıxarır və onların həqiqi niyyətlərini səmimi insanlara göstərir.

Bu insanların bu cür ağılsız və şüursuz davranmalarının bir səbəbi də, Allahın qəlblərini sərtləşdirmiş olmasıdır. Allah Quranda verdikləri sözləri pozmaları səbəbindən bu əxlaqı mənimsəyən insanları lənətlədiyini bildirmiş və iman edənləri onların niyyətləri barədə xəbərdar etmişdir:

Allahın Quranda bildirdiyi bu yanlış düşüncədə olan insanların sədaqətdən nə qədər xəbərsiz olduqları açıq şəkildə aydın olur. Verdikləri andları davamlı pozmaları, verdikləri sözləri tutmamaları, bağladıqları müqavilələrə riayət etməmələri bu insanların sədaqət anlayışlarını açıq şəkildə göstərir.