Müşriklərin Tövbə surəsinin 5-ci ayəsinə görə öldürülməsi nə mənaya gəlir?
Ateist dostların ən çox ilişib qaldığı, dilə gətirdiyi və inkarlarına səbəb göstərdikləri ayələrdən biri Tövbə surəsinin 5-ci ayəsidir. Burada keçən “müşrikləri tapdığınız yerdə öldürün” ifadəsini götürüb “İslam (haşa) vəhşilik və müharibə dinidir” deyə təqdim edirlər. Halbuki Tövbə surəsinin ilk ayələrində müşriklərdən bəhs olunan hissə tolerantlığın ən yüksək səviyyəsinin təcəllisidir.
Mövzuya girməzdən əvvəl şirk və müşrik sözlərinin tərifini verək. Şirk yalnız bütə tapınmaq mənasına gəlmir. Allahdan və Onun razılığından öndə tutulan hər başlıq Allaha qoşulan şirkdir. Bu vəziyyətdə olan şəxsə də müşrik deyilir. Peyğəmbərimizin dövründə yaşayan müşriklər İslamın yayılmasından narahat olduqları üçün müsəlmanlara təzyiq və zülm etmişlər. Çağrı filmini izləyən hər kəs bu prosesi rahatlıqla gözündə canlandıra bilər. Bu təzyiq və zülmə görə Peyğəmbərimiz və iman edənlər Mədinəyə hicrət etmişlər. Hicrət edən mühacirlər və onlara kömək edən Mədinəli müsəlmanlar (Ənsar) qısa zamanda qaynayıb-qarışmışlar. Burada İslam tarixində ilk konstitusiya hazırlanmış və Mədinə Dövləti qurulmuşdur. Quranı konstitusiya kimi qəbul edən müsəlmanlarla digər qanunlara əməl edənlər arasındakı münasibətlər, məsuliyyət və öhdəliklər tarixdə Mədinə Konstitusiyası kimi tanınan qanunlarla təminat altına alınmışdır. Daha sonra qonşu müşrik qəbilələrlə və Ərəbistan daxilindəki digər müşriklərlə bir çox müqavilələr bağlanmışdır. Bu müqavilələrdən biri Hudeybiyə müqaviləsidir.
Hudeybiyə müqaviləsinə görə müsəlmanlarla müşriklər arasında 10 il müharibə olmayacaq, iki tərəf də bir-birinin malına və canına toxunmayacaqdı. Lakin müşriklərin bir qismi bu müqaviləyə əməl etməmiş və hələ ikinci ildə müsəlmanların mal və canlarına zərər vermişlər. Bunun üzərinə peyğəmbərimiz Məkkəni fəth etmişdir. Lakin bu prosesdə müşriklərə yenə də toxunmamışdır. Allah müqaviləni pozan müşriklərə haram aylarda (4 ay ərzində) Məkkəni tərk etmək və/və ya təcavüzkarlıqlarına görə tövbə etmək üçün müddət vermişdir. Bu müddət ərzində müsəlmanlara etdikləri hücum və zülmdən peşman olmasalar ya da Məkkəni tərk etməsələr, müddətin sonunda onları tapdığınız yerdə öldürə bilərsiniz deyilmişdir. Lakin 4-cü ayədə müqaviləyə əməl edən və müsəlmanlara qarşı mübarizə aparanlara kömək etməyənlərə toxunulmaması söylənir. Onlar ayrı tutulur.
(Bu,) Müşriklərdən özləri ilə müqavilə imzaladıqlarınıza Allahdan və Rəsulundan qəti bir xəbərdarlıqdır. (Tövbə surəsi 1)
Bundan sonra yer üzündə (sizə verilmiş bir müddət olaraq) dörd ay gəzin. Və bilin ki, Allahı aciz qoyan deyilsiniz. Həqiqətən Allah inkar edənləri alçaq və rəzil edəndir. (Tövbə surəsi 2)
…Əgər tövbə etsəniz, bu sizin üçün daha xeyirlidir; yox əgər üz çevirsəniz, bilin ki, Allahı əlbəttə aciz qoyan deyilsiniz. İnkar edənləri acı bir əzabla müjdələ. (Tövbə surəsi 3)
Ancaq müşriklərdən özləri ilə müqavilə imzaladıqlarınızdan (müqavilədən) bir şeyi əskiltməyənlər və sizə qarşı heç kimə kömək etməyənlər başqa; artıq müqavilələrini müddəti bitənə qədər tamamlayın. Şübhəsiz, Allah müttəqi olanları sevir. (Tövbə surəsi 4)
Haram aylar (müddət verilmiş dörd ay) sıyrılıb-bitincə (çıxınca) müşrikləri tapdığınız yerdə öldürün, onları həbs edin, mühasirəyə alın və onların bütün keçid yerlərini kəsib-tutun. Əgər tövbə edib namaz qılsalar və zəkat versələr, yollarını açın. Həqiqətən Allah bağışlayandır, əsirgəyəndir. (Tövbə surəsi 5)
Haram aylar çıxdıqda, özlərinə hücum edən, yaxınlarını və sevdiklərini öldürən müşrikləri öldürmək haqq olmuşdur. Lakin 6-cı ayədə çox mühüm bir xəbərdarlıq var. Əgər ailənizi, sevdiklərinizi öldürən o müşriklər sizdən aman diləsələr, onlara aman verin və onları təhlükəsiz olacaqları yerə çatdırın deyilir.
Əgər müşriklərdən biri səndən ’aman istəsə’, ona aman ver; belə ki, Allahın sözünü dinləmiş olsun, sonra onu ‘təhlükəsiz olacağı yerə çatdır.’ Bu, onların əlbəttə bilməyən bir toplum olmaları səbəbilədir. (Tövbə surəsi 6)
Bu ayəni (haşa) vəhşilik kimi görən dostlardan soruşuram: Kimlərsə sizin həyat yoldaşınıza, qızınıza təcavüz etsə, oğlunuzu qətlə yetirsə, nə edərsiniz? Anam və atam da içəridədir, getməzdən əvvəl onları da öldürün deyərsinizmi? Əlbəttə, yox. Var gücünüzlə özünüzü müdafiə edər, zülm edəni zərərsizləşdirib sevdiklərinizi qoruyarsınız.
Yenə soruşuram: Bu zülmü edən şəxslər sizdən aman diləsələr, onları bağışlayıb, üstəlik təhlükəsiz olacaqları yerə bizzat özünüz apara bilərsinizmi? Heç zənn etmirəm. Elə isə İslamın tolerantlıq və mərhəmətini sorğulamaq haqqınız da aradan qalxır.