Quranda Yəhudilər Lənətlidirmi, Üstün Irqdırmı?
Quranda bəzi ayələrdə yəhudilərin aləmlərə üstün edildiyindən (Bəqərə 47, 122) söz açılarkən, bəzi ayələrdə isə lənətləndiklərindən (Nisa 46, Bəqərə 88) söz açılır. Mövzuya səthi bir baxışla baxıldıqda bu ayələr arasında bir ziddiyyət olduğu düşünülə bilər. Xüsusilə şərqşünas qərbli tədqiqatçılar və virtual müzakirə platformalarında və bəzi ateist bloqlarda bu ayələr arasında bir ziddiyyət varmış kimi göstərilib Allahın kəlamına tənqid gətirilməyə çalışılır. Yenə bir sıra çevrələr də bu ayələrdəki ifadələri öz məqsədləri istiqamətində yanlış şərh edərək Quranın irqçi bir kitab olduğunu iddia edirlər. Lakin mövzu ilə bağlı ayələr araşdırıldıqda, yəhudilərin necə anladıldığı daha yaxşı anlaşılacaq və ayələr arasında bir ziddiyyətin olmadığı aydın şəkildə görüləcək….
Hücurat surəsi 13-cü ayə…
Ey insanlar! Biz sizi bir kişi ilə bir qadından yaratdıq və bir-birinizlə tanış olasınız deyə sizi millətlərə, qəbilələrə ayırdıq. Xəbəriniz olsun ki, Allah dərgahında ən şərəfliniz ən təqvalınızdır. Şübhəsiz ki, Allah biləndir, hər şeydən xəbərdardır.
Bir əvvəlki ayədə “Ey iman edənlər” buyurularkən, bu ayədə “Ey insanlar” şəklində müraciət edilir. Müraciət yalnız inananlara deyil, bütün insanlaradır. Bütün insanlar eyni ana-atadan, yəni Həzrət Adəm ilə Həzrət Həvvadan əmələ gəldilər. Bu baxımdan bir irqin digərinə üstünlük iddia etməyə haqqı yoxdur.
Ümumiyyətlə, Quranda irqçilik qadağan edildiyinə görə ayələrin bir qismində yəhudiləri uca Allahın tərifləməsi, bir qismində isə tənqid etməsi vəziyyətinə aydınlıq gətirək…..Bu mövzuya aydınlıq gətirə bilmək üçün həmin ayələri kontekstindən qoparmadan anlamağa çalışmalıyıq…
Musa qissəsində yəhudilərdən bəhs edən bir ayədə onların nəyə görə lənətləndiyi belə açıqlanır:
And olsun ki, biz Musaya kitab verdik və ondan sonra ardıcıl rəsullar göndərdik. Və Məryəm oğlu İsaya da apaydın dəlillər verdik və onu Cəbrayıl ilə dəstəklədik. Lakin sizə nə vaxt bir rəsul, nəfslərinizin xoşlamadığı bir şeylə gəldisə, təkəbbür göstərdiniz. Bir qismini yalanladınız, bir qismini də öldürdünüz. Dedilər ki, qəlblərimiz örtülüdür. Əksinə, inkarlarına görə Allah onları lənətlədi. Buna görə çox azı iman edir. Bəqərə surəsi 87,88
Bu ayədə çox aydın göründüyü kimi, lənətlənən insanların bütün yəhudi irqi olmadığı anlaşılır. Ayənin müxatəbi olan insanlar, Musa ə.s.-a, ondan sonra gələn bir çox peyğəmbərə və İsa ə.s.-a iman etməyən, yalanlayan və öldürməyə qalxan şəxslərdir. Bütün yəhudi irqini əhatə edən bir vəziyyət olmadığı kimi, o dövrdə yaşayan yəhudilərin də hamısını müxatəb almır….Yalnız bəhs edilən dövrdə yaşayan və inkarçı olan yəhudiləri əhatə edir. Bu insanların tənqid edilməsinin səbəbi yəhudi olmaları deyil, lazım olduğu kimi dinə əməl etmədikləri üçündür. Tövrata uyan yaxşı yəhudilər olmadıqları üçün Allah bu şəxsləri tənqid etmişdir. Quranda lənətlənmiş olan şəxslər yalnız yəhudi irqindən olan şəxslər deyil. Allah bütün inkar edənləri lənətlədiyini Ali-İmran surəsində belə açıqlayır:
İmanlarından sonra kafir olan bir qövmü Allah necə hidayətə çatdırar? Onlar rəsulun haqq olduğuna şahid olmuşdular və onlara apaydın dəlillər gəlmişdi. Allah zalım bir qövmü hidayətə çatdırmaz. Belələrinin cəzası, Allahın, mələklərin və bütün insanların lənətinin üzərlərində olmasıdır. Ali-İmran surəsi 86,87
Necə ki, yəhudilər özlərinə göndərilən elçilərə tabe olduqda, Allah onları aləmlərə üstün etmişdir.Yanlış olaraq yəhudiləri üstün irq kimi göstərmək üçün təfsir edilən ayədə onsuz da bu vəziyyəti açıqlayır….
Ey İsrail oğulları, sizə bağışladığım nemətimi və sizi aləmlərə üstün etdiyimi xatırlayın. Bəqərə surəsi 47,122
Burada unudulmamalı olan ən mühüm nöqtə Zəkəriyyə, Yəhya, Yaqub kimi peyğəmbərlərin də yəhudi nəslindən olmasıdır! Bunlar vicdanlı, səmimi yəhudilərin olduğu qədər bizim də peyğəmbərlərimizdir. Hamısı da Allahın elçisidir və bizim üçün nümunə insanlardır. Yalnız peyğəmbərlər deyil, İsa ə.s.-ın anası Hz. Məryəm də yəhudi irqindəndir və bizim də anamızdır. Allah onu təqvasına görə (irqinə görə deyil), bütün qadınlardan üstün etmişdir:
Mələklər, ey Məryəm! Şübhəsiz ki, Allah səni seçdi, səni təmizlədi və səni dünya qadınlarından üstün etdi, dedilər. Ali-İmran surəsi 42
Ayələrin açıqlamalarından aydın şəkildə görüləcəyi kimi, Quranda yəhudilər irq olaraq nə lənətlidirlər, nə də digər insanlardan üstündürlər. Allah yaratdığı bütün insanlar kimi, onların da vəziyyətlərini irqlərinə görə deyil, təqvalarına görə (Allaha yaxınlıq, fəzilət) qiymətləndirmişdir….
Bu baxımdan Allahın kəlamında yəhudilərin bəzi ayələrdə təriflənib, bəzilərində tənqid edilməsi, bu ayələrin kontekstləri araşdırıldıqda əsla bir-biri ilə ziddiyyət təşkil etmir. Onsuz da Allahın kəlamı Quranda ziddiyyət olmaz……..