Cahiliyyə cəmiyyətində ağılsızlıq deyincə ilk ağla gələn, zəka geriliyi, ya da anormallıq kimi anlayışlardır. Ağılı zəif olan insanların, zehin xəstəlikləri xəstəxanalarda olan, ağır, aydın danışmayanlar, qavrama pozuqluğu çəkən və hətta bəlkə də ilk anda gözə dəyən bəzi fiziki qüsurları olan kəslər olduqları düşünülər. Halbuki bu sayılanların, Quranda izah edilən həqiqi ağılsızlıqla heç bir əlaqəsi yoxdur.
Kitabın əvvəlindən bu yana izah etdiyimiz kimi ağıl, bir insanın vicdanını sonuna qədər istifadə edərək həyatının hər anında Allahın ən razı olacağı və Qurana ən uyğun olan rəftarı seçməsi və bunun nəticəsində də bütün həyatını əhatə edən bir düşüncə və rəftar mükəmməlliyi qazanmasıdır. Həmçinin ağlıyla yer üzündə mövcud olma məqsədini, onu yaradan Allahın sonsuz qüdrətini qavraya bilməsidir.
Bu şüurdan məhrum olan insanlar isə ağılsız kəslərdir. İnsanların çoxu, televiziyada seyr etdikləri kəslərdə, eyni mənzildə oturan qonşularında, universitet məzunu olan bir gəncdə, ya da mövqe sahibi bir iş adamında belə bir ağıl zəifliyi ola biləcəyinə heç bir şəkildə ehtimal verməzlər. Halbuki ağılsızlıq, insanların onlara, dünyada və axirətdə ən gözəl həyat şəklini bildirən Qurana uyğun gəlmək və gözəl həyat yaşamaq varkən, bunun yerinə cahiliyyə sistemini mənimsəmələri və bundan ötəri də çətin və ağır həyat sürmələridir. Bu səbəblə də insanın ətrafındakı bir çox insanda bu ağıl zəifliyinə rast gəlməsi mümkündür.
Allah, Quranda insanların dünya həyatı və cahil sistem üçün etdikləri seçimin səhvinə diqqət çəkmiş və onları bu vəziyyəti düşünərək ağılla qərar verməyə çağırmışdır:
Dünya həyatı oyun və əyləncədən başqa bir şey deyildir. Müttəqilər üçün isə axirət yurdu daha xeyirlidir. Məgər anlamırsınız?
Sizə verilən hər şey ancaq dünya həyatının keçici zövqü və onun bərbəzəyidir. Allah yanında olanlar isə daha xeyirli və daha sürəklidir. Məgər başa düşmürsünüz?
…Məgər müşriklər yer üzündə gəzib dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlər? Əlbəttə, Axirət yurdu Allahdan qorxanlar üçün daha xeyirlidir.
Məhz Qurandakı bütün bu xatırlatmalara baxmayaraq dünya və axirət həyatının həqiqi üzünü qavramaq istəməyən bu kəslər, Quranda bildirildiyinə görə ağıllarını istifadə etməyənlərdir. Allah anlamayan bu kəslərin Allah Qatındakı mövqeyini ayədə belə bildirmişdir:
Şübhəsiz ki, Allah yanında canlıların ən pisi haqqı anlamayan karlar və lallardır.
Ancaq əsl əhəmiyyətli olan bu kəslərin ağıl ilə ağılsızlıq arasındakı fərqi müqayisə edə biləcək bir anlayışa sahib olmadıqları üçün olduqları vəziyyəti də görə bilməmələridir. Belə ki, bu kəslər ağıllı insanların ağılsız, özləri kimi ağılsız insanların isə ağıllı olduğunu düşünürlər. Çünki Allahdan qorxmadıqları və dünyada etdiklərinin hesabının soruşulacağına ehtimal vermədikləri üçün, izlədikləri yolun ən doğrusu olduğunu zənn edərlər. Quranda onların bu səhv məntiq hörgülərinə belə bir nümunə verilmişdir:
Onlara: “Bu insanlar iman gətirdiyi kimi siz də iman gətirin!” – deyildiyi zaman:
“Biz də səfehlərin iman gətirdikləri kimi iman gətirək?” – deyirlər. Doğrusu, onlar özləri səfehdirlər, lakin bunu bilmirlər.
Ayədə də açıqlandığı kimi, həqiqi mənada ağılsız olan bir insanın özünü ağıllı sanması və səhv yolda ola biləcəyinə heç ehtimal verməməsi, ağılsızlığın gətirdiyi nəticədir. Quranda həmçinin ağıldan məhrum olan bu kəslər, fiziki mənada heç bir nöqsanları olmadığı halda, görə bilməyən və eşidə bilməyən kəslər olaraq tanıdılmışlar. Çünki bu kəslər həqiqətləri doğru şəkildə qəbul edə bilməz, gördükləri və eşitdikləri həqiqətləri qavraya bilməzlər. Məsələn yer üzündəki qüsursuz yaradılışa baxıb, bütün bunları yaratmış olan Allahın ucalığını görə bilməzlər. Görsələr də ağılsız olduqları və vicdanlarına tabe olmadıqları üçün görməzlikdən gəlirlər. Və ya onları doğru yola çağıran, Quran əxlaqını izah edən bir insanla qarşılaşdıqlarında, onun izah etdiklərini eşitməzlər. Daha doğrusu fiziki olaraq eşidərlər, amma həyatlarını sanki onu heç dinləməmiş kimi qəflət içində davam etdirərlər. Quranda bu kəslərin içərisində olduqları bu vəziyyət belə açıqlanmışdır:
Onlardan səni dinləyənlər də vardır. Məgər karlara – əgər anlamırlarsa – sənmi eşitdirəcəksən? Onlardan sənə baxanlar da vardır. Məgər korları – əgər görmürlərsə – sənmi doğru yola yönəldəcəksən? Həqiqətən, Allah insanlara əsla zülm etməz, lakin insanlar özləri özlərinə zülm edərlər. Allah onları bir yerə toplayacağı gün, sanki dünyada və yaxud qəbirdə gündüzün ancaq bir saatını qalmışlar kimi, bir-birlərini tanıyacaqlar. Allahla qarşılaşacaqlarını yalan sayanlar mütləq ziyana uğrayacaqlar. Onlar doğru yola yönələn deyillər.
Qurandakı bütün bu izahlardan aydın olduğu kimi ağılsızlıq, insanları insani funksiyalarından uzaqlaşdıraraq onları düşünməyən, həqiqətləri görməyən və eşitməyən varlıqlar halına gətirməkdədir. Bir başqa ayədə bu vəziyyət belə açıqlanmışdır:
Biz Cəhənnəm üçün bir çox cinlər və insanlar yaratdıq. Onların qəlbləri var, onunla anlamazlar; gözləri var, onunla görməzlər; qulaqları var, onunla eşitməzlər. Onlar heyvan kimidirlər, hətta daha çox azğınlıqdadırlar. Qafil olanlar da məhz onlardır.
Kafirlərin məsəli çığırtı və bağırtıdan başqa bir şey anlamayanları (heyvanları) haylayanın (çobanın) məsəlinə bənzəyir. Onlar kar, lal və kordurlar, haqqı anlamazlar.
İrəliləyən sətirlərdə ağlı örtən mövzulardan başlıcalarına toxunmamızdakı məqsəd də, insanları ağılsızlıq təhlükəsinə qarşı xəbərdar etməkdir. Çünki ağlını örtən bu səhvlərdən xilas ola bilməyən bir insan dünyada və axirətdə böyük itkilərə məruz qalacaq. Allah, ağıldan məhrum qalan bu kəslərin, axirətdə ikən dünya həyatlarını peşmanlıqla xatırlayaraq belə deyəcəklərindən bəhs etmişdir:
Onlar deyəcəklər:
“Əgər biz dinləsəydik və ya anlasaydıq alov şölələri saçan od sakinlərinin içində olmazdıq!”