Əri Ölən Bir Qadın Nə Qədər Müddət İddə Gözləyir?
Əri ölən bir qadının vəziyyəti ilə bağlı bəzi hökmlər Quranda bildirilir. Bu mövzuda hökmlərin bildirildiyi ayələrdə bir ziddiyyət olduğu iddia edilir. Bu ayələrin birində bir illik bir müddətdən söz edilərkən digərində isə dörd ay on günlük bir müddətdən söz edilir. Müddətlər fərqli olması bir ziddiyyət kimi göstərilməyə çalışılsa da, ayələrdə izah edilən mövzulara baxıldıqda ortada bir ziddiyyətin olmadığı görülür. Çünki müddətlərin fərqli olmasının səbəbi, dul qalmış qadınlar üçün fərqli mövzularda fərqli müddətlər bildirilmiş olmasından qaynaqlanır. Bu mövzu ilə bağlı ayələr belədir:
Ölüb geridə zövcələr qoyan kişiləriniz, zövcələrinin evlərindən çıxarılmadan bir il boyunca dolanışıqlarının təmin edilməsini vəsiyyət etsinlər. Çıxsalar, özləri üçün uyğun olanı etmələrindən siz məsul deyilsiniz. Allah Qüvvətlidir, Hikmət sahibidir. (Bəqərə surəsi, 240)
İçinizdən ölən kişilərin geridə qoyduğu zövcələri, dörd ay və on (gün) gözləyirlər. Müddətlərini doldurduqda artıq özləri üçün uyğun olanı etmələrində sizə məsuliyyət yoxdur. Allah etdiklərinizdən Xəbərdardır. (Bəqərə surəsi, 234)
Bəqərə surəsinin 240. ayəsində bildirilən mövzu dul qalmış qadınların ərlərinin evində bir il qalma haqqının olduğunun bildirilməsidir. Əri öldükdən sonra miras bölgüsündə ərə aid ev fərqli şəxslərə miras olaraq qalmış ola bilər. Bu halda qadının bu evdə bir il oturma haqqı vardır. Həmçinin dolanışığının da təmin edilməsi lazımdır. Bəqərə surəsinin 234. ayəsində isə ərləri ölən qadınların dörd ay on gün müddətində gözləmələri və bu müddət içində evlənməmələri buyurulur. Deməli iki ayədə qadın üçün fərqli iki vəziyyət barədə hökm bildirildiyi görülür. Ayə mövzuları ilə diqqətli bir şəkildə araşdırıldıqda ziddiyyət olmadığı açıqdır.