Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran məlumatı: Allah

Mündəricat
  1. Giriş
  2. Allah
  3. Quran-i Kərim
  4. Möminlər
  5. Münafiqlər
  6. İman etməyənlər
  7. Mövzularına görə ayələr
  8. Quranda intizam anlayışı
  9. Dünya həyatı
  10. Allahın əmr və tövsiyələri
  11. Quran və elm

O, Özündən başqa heç bir məbud olmayan, qeybi və aşkarı Bilən Allahdır. O Mərhəmətlidir, Rəhmlidir.

O, Özündən başqa heç bir məbud olmayan, Hökmran, Müqəddəs, Pak, haqqı təsdiq edən, hər şeyi müşahidə edən, Qüdrətli, Qadir, Məğrur Allahdır. Allah onların Ona şərik qoşduqlarından ucadır.

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.

Həşr surəsi, 22-24

Ondan başqa ilah yoxdur

Allah Özündən başqa ibadətə layiq olan məbudun olmadığına şahidlik etdi, mələklər və elm sahibləri də şahidlik etdilər. Allah əbədi olaraq ədalətli olmaqdadır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur, Qüdrətlidir, Müdrikdir.

Ali İmran surəsi, 18

Allah: “İki məbuda sitayiş etməyin! O, yalnız Tək bir İlahdır. Yalnız Məndən qorxun!” – dedi.

Nəhl surəsi, 51

De: “O Allah Təkdir!

İxlas surəsi, 1

O, Allahdır. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Dünyada da, Axirətdə də həmd Ona məxsusdur. Hökm Onundur və siz Ona qaytarılacaqsınız.

Qəsas surəsi, 70

Sizin məbudunuz Tək olan İlahdır. Ondan başqa məbud yoxdur, Mərhəmətlidir, Rəhmlidir.

Bəqərə surəsi, 163

Qəlblər Onun idarəsindədir

Amma Allah istəməyincə, siz istəyə bilməzsiniz! Həqiqətən, Allah Biləndir, Müdrikdir!

İnsan surəsi, 30

Yoxsa onlar sənin barəndə:

“O, Allaha qarşı yalan uydurdu” – deyirlər? Əgər Allah istəsə, sənin qəlbinə möhür vurar. Allah batili silib yox edər və haqqı Öz sözləri ilə bərqərar edər. Şübhəsiz ki, O, kökslərdə olanları Biləndir.

Şura surəsi, 24

Quranı anlamasınlar deyə, Biz onların qəlbinə örtüklər çəkdik, qulaqlarına da tıxac vurduq. Sən Quranda Rəbbinin Tək Allah olduğunu yada saldığın zaman onlar bu dəvətə nifrət edərək arxalarını çevirib gedərlər.

İsra surəsi, 46

Bunlar o kəslərdir ki, Allah onların qəlbinə, qulaqlarına və gözlərinə möhür vurmuşdur. Onlar əsl qafildirlər.

Nəhl surəsi, 108

Onlar bağladıqları əhd-peymanı pozduqlarına, Allahın ayələrini inkar etdiklərinə, peyğəmbərləri haqsız yerə öldürdüklərinə və:

“Qəlblərimiz qapalıdır!” – demələrinə görə lənətə düçar edildilər. Xeyr, küfrləri üzündən Allah onların qəlblərini möhürləmişdir. Onlar olduqca az inanırlar (yaxud onların yalnız az bir hissəsi iman gətirir).

Nisa surəsi, 155

Allah onların qəlblərini və qulaqlarını möhürləmiş, gözlərinə də pərdə çəkmişdir. Onlar üçün böyük bir əzab vardır.

Bəqərə surəsi, 7

Nəfsinin istəyini ilahiləşdirən şəxsi gördünmü? Allah əzəli elmi sayəsində onu azğınlığa saldı, qulağını və qəlbini möhürlədi, gözünə də pərdə çəkdi. Allahdan başqa kim onu doğru yola yönəldə bilər? Məgər düşünüb anlamırsınız?

Casiyə surəsi, 23

İstədiyi hər şeyi edəndir

Gördüyünüz göyləri dirəksiz yüksəldən, sonra da Ərşə ucalan, müəyyən vaxta qədər göydə hərəkət edən günəşi və ayı əmrinə tabe edən Allahdır. O, işləri yoluna qoyur və ayələrini belə izah edir ki, bəlkə Rəbbinizlə qarşılaşacağınıza yəqinliklə inanasınız.

Rad surəsi, 2

O, göydən yerə qədər olan bütün işləri idarə edir. Sonra da bu işlər sizin saydığınız illərdən min ilə bərabər olan bir gündə Ona doğru yüksəlir.

Səcdə surəsi, 5

Hər şeyi yaradandır

Axı sizi də, sizin düzəltdiklərinizi də Allah yaratmışdır”.

Saffat surəsi, 96

O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir.

Ənam surəsi, 101

Göylərin və yerin səltənəti Ona məxsusdur. O, Özünə oğul götürməmişdir və səltənətində də şəriki olan yoxdur. O, bütün şeyləri xəlq etmiş və onlara münasib bir biçim vermişdir.

Furqan surəsi, 2

Sizi xəlq etdik, sonra sizə surət verdik, sonra da mələklərə:

“Adəmə səcdə edin!” – dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.

Əraf surəsi, 11

Məgər onlar görmürlər ki, göyləri və yeri yaradan Allah onlar kimisini də yaratmağa qadirdir? Allah onlar üçün elə bir əcəl müəyyən etmişdir ki, ona heç bir şəkk-şübhə yoxdur. Zalımlar isə küfrdən başqa bir şey qəbul etmədilər.

İsra surəsi, 99

Sözünüzü gizli saxlasanız da, onu açıq desəniz də, fərqi yoxdur, Allah kökslərdə olanları bilir.

Mülk surəsi, 13

Yaradan Allah Lətif və hər şeydən Xəbərdar olduğu halda, ola bilərmi ki, O, gizlində və aşkarda olanları bilməsin?

Mülk surəsi, 14

Məgər kafirlər göylərlə yer bir olduğu zaman Bizim onları bir-birindən araladığımızı, hər bir canlını sudan yaratdığımızı görmürlərmi? Yenədəmi inanmırlar?

Ənbiya surəsi, 30

Ondan başqa qüvvət yoxdur

Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, Biləndir və hər şeyə Qadirdir.

Fatir surəsi, 44

Ad xalqına gəlincə, onlar yer üzündə haqsızcasına təkəbbür göstərib:

“Bizdən daha qüvvətli kim ola bilər?” – dedilər. Məgər onları yaradan Allahın onlardan daha qüvvətli olduğunu görmürdülərmi? Onlar ayələrimizi, sadəcə, inkar edirdilər.

Fussilət surəsi, 15

Onların sözləri səni kədərləndirməsin. Çünki qüdrət bütünlüklə Allaha məxsusdur. O, Eşidəndir, Biləndir.

Yunis surəsi, 65

İnsanlardan elələri də vardır ki, Allahdan qeyrilərini Ona tay tutur, onları da Allahı sevdikləri kimi sevirlər. İman gətirənlərin isə Allaha olan sevgisi daha güclüdür. Kaş zülm edənlər əzabı gördükləri zaman bütün qüdrət və qüvvətin Allaha məxsus olduğunu və Allahın şiddətli əzab verdiyini görəydilər.

Bəqərə surəsi, 165

Allah əzəldən belə yazmışdır:

“Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.

Mücadilə surəsi, 21

Biz elçilərimizi aydın dəlillərlə göndərdik və onlarla birlikdə Kitab və tərəzi nazil etdik ki, insanlar ədalətli olsunlar. Biz özündə çox böyük qüvvə və insanlar üçün mənfəətlər olan dəmiri də endirdik ki, Allah, Onu görmədən Ona və elçilərinə kömək göstərənləri üzə çıxartsın. Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.

Hədid surəsi, 25

Bu ona görə idi ki, elçiləri onlara açıq-aydın dəlillər gətirdikləri halda, onlar inkar edirdilər. Buna görə də Allah onları əzabla yaxaladı. Həqiqətən, O, Qüvvətlidir, cəzası da şiddətlidir.

Mümin surəsi, 22

Bütün varlıqlar Ona boyun əymişdir

Yoxsa onlar Allahın dinindən başqa bir din axtarırlar? Halbuki göylərdə və yerdə olan hər bir məxluq istər-istəməz Ona təslim olmuş və Ona da qaytarılacaqdır.

Ali İmran surəsi, 83

Mən, Rəbbim və Rəbbiniz olan Allaha təvəkkül etdim. Elə bir canlı yoxdur ki, Allah onun kəkilindən tutmuş olmasın. Həqiqətən, Rəbbim ədalətlidir.

Hud surəsi, 56

onların belinə, yaxud göyərtəsinə qalxıb yerləşdiyiniz zaman Rəbbinizin nemətini yada salıb deyəsiniz:

“Bunu bizə ram edən Allah pakdır, müqəddəsdir. Yoxsa bizim ona gücümüz çatmazdı.

Zuxruf surəsi, 13

Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə Allahın şəninə təriflər deyirdilər.

Sad surəsi, 18

Rəbbinin dəvətini qəbul edənlər üçün ən gözəl nemət (Cənnət) hazırlanmışdır. Onun dəvətini qəbul etməyənlərə gəlincə, yer üzündə olan var-dövlətin hamısı, üstəlik bir o qədəri də onların olsaydı, əzabdan qurtarmaq üçün onu mütləq fidyə verərdilər. Onlarla dəhşətli bir haqq-hesab çəkiləcəkdir. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis yataqdır!

Rad surəsi, 18

Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun lütfündən axtarmanız üçün dənizi sizin xidmətinizə verən Allahdır. Bəlkə, şükür edəsiniz.

Casiyə surəsi, 12

Hər şeyi əhatə edəndir

O dedi: “Ey qövmüm! Məgər mənim qəbiləm sizin üçün Allahdan da əzizdir? Siz Onu saymayıb unutdunuz. Şübhəsiz ki, Rəbbim sizin nə etdiklərinizi əhatə edir.

Hud surəsi, 92

Doğrudan da, onlar öz Rəbbi ilə qarşılaşacaqlarına şübhə edirlər. Həqiqətən, O, hər şeyi əhatə edir.

Fussilət surəsi, 54

Bir zaman Biz sənə: “Rəbbin insanları əhatə etmişdir” – demişdik. Meracda sənə göstərdiyimiz mənzərəni və Quranda lənətlənmiş ağacı insanlar üçün yalnız bir imtahan etdik. Biz onları qorxuduruq, bu isə onlarda ancaq böyük bir azğınlığı daha da artırır.

İsra surəsi, 60

Yeddi göyü və yerdən də bir o qədərini yaradan Allahdır. Vəhy onların arasında ona görə nazil olur ki, Allahın hər şeyə qadir olduğunu və Allahın hər şeyi elmi ilə əhatə etdiyini biləsiniz.

Talaq surəsi, 12

Bax belə! Biz onun başına gələnlərin hamısından xəbərdarıq.

Kəhf surəsi, 91

Sizin məbudunuz yalnız Özündən başqa heç bir məbud olmayan Allahdır. O, elm ilə hər şeyi əhatə edir”.

Taha surəsi, 98

Onlar öz günahlarını insanlardan gizlədir, Allahdan isə gizlətmirlər (Ondan çəkinmirlər). Halbuki onlar Allahın razı qalmadığı sözləri gecələr xəlvətdə söylədikləri vaxt belə, O, onların yanında olur. Allah onların nə etdiklərini əhatə edir.

Nisa surəsi, 108

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur. Allah hər şeyi əhatə edir.

Nisa surəsi, 126

Məşriq də, məğrib də Allahındır! Hansı səmtə yönəlsəniz, Allahın Üzü orada olar. Həqiqətən, Allah hər şeyi Əhatəedəndir, Biləndir.

Bəqərə surəsi, 115

Qədəri təyin edəndir

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.

Hədid surəsi, 22

Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.

Qamər surəsi, 49

Bütün işlər sonunda Ona dönür

O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır.

Qiyamət surəsi, 12

Yoxsa onlar ancaq onu gözləyirlər ki, Allah bulud kölgəsində mələklərlə birlikdə gəlsin və iş bitmiş olsun? Bütün işlər Allaha qaytarılacaqdır.

Bəqərə surəsi, 210

Yaxşı əməl sahibi olub özünü Allaha təslim edən şəxs ən möhkəm dəstəkdən yapışmış olar. Bütün işlərin sonu Allaha qayıdır.

Loğman surəsi, 22

Sonra onlar özlərinin həqiqi Himayədarı olan Allaha qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir.

Ənam surəsi, 62

Göylərin və yerin qeybi Allaha məxsusdur. Bütün işlər də Ona qayıdacaqdır. Elə isə yalnız Ona ibadət et və yalnız Ona təvəkkül et. Rəbbin nə etdiklərinizdən xəbərsiz deyildir.

Hud surəsi, 123

Göylərdə və yerdə nə varsa, Allaha məxsusdur və axırda bütün işlər Allaha qaytarılacaqdır.

Ali İmran surəsi, 109

İstədiyini edəndir

Əgər Allah sizi azdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm belə nəsihətim sizə fayda verməz. O sizin Rəbbinizdir və Ona da qaytarılacaqsınız”.

Hud surəsi, 34

Rəbbinin istədiyi istisna olmaqla, göylər və yer durduqca onlar orada əbədi qalacaqlar. Həqiqətən, Rəbbin istədiyini edəndir.

Hud surəsi, 107

İstəyən onu xatırlayar.

Müddəssir surəsi, 55

Bilin ki, Allah istəmədikcə onlar xatırlaya bilməzlər. Mütləq qüdrətindən qorxub çəkinməyə layiq olan da, bağışlamağa qadir olan da Odur!

Müddəssir surəsi, 56

Ayələrimizi yalan sayanlar qaranlıqlar içində qalmış karlar və lallardır. Allah istədiyini azdırar, istədiyini isə düz yola yönəldər.

Ənam surəsi, 39

Məgər bilmirsən ki, göylərin və yerin hökmranlığı Allaha məxsusdur? O, istədiyinə əzab verər, istədiyini də bağışlayar. Allah hər şeyə qadirdir.

Maidə surəsi, 40

Rəbbiniz sizi çox yaxşı tanıyır. İstəsə, sizə rəhm edər, istəsə, sizə əzab verər. Biz səni onlara qoruyan göndərməmişik.

İsra surəsi, 54

Allah iman gətirib yaxşı işlər görənləri ağacları altından çaylar axan Cənnət bağlarına daxil edəcək. Şübhəsiz ki, Allah istədiyini edər.

Həcc surəsi, 14

Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki lif qədər haqsızlıq edilməz.

Nisa surəsi, 49

Hər şeyə gücü çatandır

Göylərin və yerin qeybi Allaha aiddir. O Saatın gəlməsi bir göz qırpımı kimidir və ya daha tezdir. Həqiqətən, Allah hər şeyə qadirdir.

Nəhl surəsi, 77

Şimşək az qalır ki, onların gözlərini çıxartsın. Şimşək hər dəfə onların yolunu işıqlandırdıqda onunla gedirlər, zülmət onları bürüdükdə isə dayanıb dururlar. Əgər Allah istəsəydi, onları eşitməkdən və görməkdən məhrum edərdi. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.

Bəqərə surəsi, 20

Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə birbirinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.

Bəqərə surəsi, 148

Göylərdə və yerdə nə varsa, Allahındır. Siz içərinizdə olanı üzə çıxarsanız da, gizlətsəniz də Allah buna görə sizi hesaba çəkəcək. O, istədiyini bağışlayar, istədiyinə də əzab verər. Allah hər şeyə qadirdir.

Bəqərə surəsi, 284

Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.

Bəqərə surəsi, 255

Əgər yer üzündəki bütün ağaclar qələm olsaydı, dəniz də mürəkkəb olub ardından ona yeddi dəniz də qatılsaydı, yenə də Allahın Sözləri qurtarmazdı. Həqiqətən, Allah Qüdrətlidir, Müdrikdir.

Loğman surəsi, 27

Göyləri, yeri və onlarda yaydığı canlıları yaratması Onun dəlillərindəndir. Allah istədiyi vaxt yaratdıqlarını bir yerə toplamağa qadirdir.

Şura surəsi, 29

Siz onların başına ikiqat müsibət gətirmiş olduğunuz halda, başınıza bir müsibət gəldiyi zaman:

“Bu, haradan gəldi?” – söylədiniz. De ki: “Bu, sizin özünüzdəndir!” Həqiqətən, Allah hər şeyə qadirdir.

Ali İmran surəsi, 165

İmtahan üçün dünya həyatını yaradandır

İnsanlar elə güman edirlər ki, təkcə:

“İman gətirdik!” – demələri ilə onlardan əl çəkiləcək və onlar imtahan edilməyəcəklər?

Ənkəbut surəsi, 2

Biz onlardan öncəkiləri də sınaqdan keçirmişdik. Sözsüz ki, Allah doğru danışanları da, yalançıları da aşkara çıxardacaqdır.

Ənkəbut surəsi, 3

Biz yer üzündə olan bütün şeyləri ona bəzək etdik ki, insanlardan hansının əməlcə daha gözəl olduğunu sınaqdan keçirək.

Kəhf surəsi, 7

Biz aranızdakı mücahidləri və səbir edənləri ayırd edib üzə çıxarmaq üçün sizi mütləq sınayacaq və barənizdəki xəbərləri də yoxlayacağıq.

Məhəmməd surəsi, 31

İnsanı qarışdırılmış nütfədən yaradaraq onu sınaqdan keçirmək məqsədilə eşidən və görən etdik.

İnsan surəsi, 2

Şübhəsiz ki, Biz ona yol göstərdik! Fərqi yoxdur, ya şükür etsin, ya da naşükür olsun.

İnsan surəsi, 3

Xeyiri də, şəri də yaradandır

Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir.

Yunis surəsi, 107

Allahın izni olmadan heç kəsə bir müsibət üz verməz. Hər kəs Allaha iman gətirsə, Allah onun qəlbini haqqa yönəldər. Allah hər şeyi bilir.

Təğabun surəsi, 11

Hər kəs ölümü dadacaqdır. Biz sizi sınamaq üçün şər və xeyirlə imtahana çəkirik. Siz ancaq Bizə qaytarılacaqsınız!

Ənbiya surəsi, 35

Hər şeyə şahid olandır

Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.

Yunis surəsi, 61

De: “Mənimlə sizin aranızda Allahın şahid olması yetər. Həqiqətən, O, qullarından Xəbərdardır, nə etdiklərini Görəndir”.

İsra surəsi, 96

Kafirlər deyirlər:

“Sən göndərilmiş elçi deyilsən!” De: “Mənimlə sizin aranızda Allahın və Kitabı bilən kimsələrin şahid olması yetər”.

Rad surəsi, 43

Quranın haqq olduğu onlara aydın olana qədər, Biz dəlillərimizi onlara həm kainatda, həm də onların özlərində mütləq göstərəcəyik. Məgər Rəbbinin hər şeyə şahid olması kifayət deyil?

Fussilət surəsi, 53

Hər şeyi eşidən və görəndir

De: “Allahı qoyub sizə nə bir zərər, nə də bir fayda verə bilməyən şeylərəmi ibadət edirsiniz?” Allah Eşidəndir, Biləndir.

Maidə surəsi, 76

Peyğəmbər dedi:

“Rəbbim göydə və yerdə deyilən sözləri bilir. O, Eşidəndir, Biləndir!”

Ənbiya surəsi, 4

Allah yolunda vuruşun və bilin ki, Allah Eşidəndir, Biləndir!

Bəqərə surəsi, 244

Həqiqətən, Allah sizə əmanətləri sahiblərinə qaytarmanızı və insanlar arasında hökm verərkən ədalətlə hökm vermənizi əmr edir. Allahın sizə verdiyi bu öyüd-nəsihət necə də gözəldir! Şübhəsiz ki, Allah Eşidəndir, Görəndir.

Nisa surəsi, 58

De: “Onların nə qədər qaldıqlarını Allah daha yaxşı bilir. Göylərin və yerin qeybi ancaq Ona məxsusdur. O, necə gözəl görür, necə də yaxşı eşidir! Onların Ondan başqa heç bir himayədarı yoxdur. O, Öz mülkünə heç kəsi şərik etməz!”

Kəhf surəsi, 26

Budur sizin Rəbbiniz olan Allah. Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Hər şeyin Yaradıcısı Allahdır! Elə isə Ona ibadət edin! O, hər şeyi Qoruyandır.

Ənam surəsi, 102

Gözlər Onu dərk etmir. O isə gözləri dərk edir. O, Lətifdir, hər şeydən Xəbərdardır.

Ənam surəsi, 103

Hər şeyin üzərində qoruyucudur

O dedi: “Daha öncə qardaşını sizə etibar etdiyim kimi, heç onu sizə etibar edə bilərəmmi? Allah daha yaxşı qoruyur. O, rəhmlilərin ən rəhmlisidir”.

Yusif surəsi, 64

O dedi: “Məni sudan qoruyacaq bir dağa sığınacağam!” Nuh dedi: “Bu gün, Allahın rəhm etdiklərindən başqa heç kəs Onun əmrindən qoruna bilməz!” Sonda dalğa onları bir-birindən ayırdı və o, suda boğulanlardan oldu.

Hud surəsi, 43

Halbuki o, bu insanlar üzərində ixtiyar sahibi deyildi. Biz ancaq axirətə inananla ona şəkk gətirən kimsələri ayırd etmək üçün şeytana belə bir fürsət verdik. Sənin Rəbbin hər şeyi mühafizə edəndir.

Səba surəsi, 21

Kim yaxşı bir işə vasitəçilik etsə, ona bunun savabından bir pay düşər, kim də pis bir işə vasitəçilik etsə, ona da onun günahdan bir pay düşər. Allah hər şeyi Qoruyandır.

Nisa surəsi, 85

Hər şeydən xəbəri olandır

Əlif. Ləm. Ra. Bu, Müdrik, hər şeydən Xəbərdar olan Allah tərəfindən, ayələri mükəmməlləşdirilmiş, sonra da ətraflı izah edilmiş bir Kitabdır.

Hud surəsi, 1

Allahın sizə göstərdiyi lütfkarlığını və siz:

“Eşidirik və itaət edirik!” – dediyiniz zaman sizinlə bağladığı əhdi xatırlayın. Allahdan qorxun! Şübhəsiz ki, O, kökslərdə olanları bilir.

Maidə surəsi, 7

O, göylərdə və yerdə olanları bilir. Sizin gizlində və aşkarda nə etdiyinizi də bilir. Allah kökslərdə olanlardan agahdır.

Təğabun surəsi, 4

Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.

Yunis surəsi, 61

Allahın elçisinin vəzifəsi ancaq təbliğ etməkdir. Allah sizin aşkara çıxardığınızı da, gizlində saxladığınızı da bilir.

Maidə surəsi, 99

Söz yoxdur ki, Allah açıq deyilən sözü də, sizin gizlədib saxladıqlarınızı da bilir.

Ənbiya surəsi, 110

Baxın, onlar ürəklərini qısırlar (küfrü ört-basdır edirlər) ki, Allahdan gizlənsinlər. Doğrusu, onlar libaslarına büründükdə belə, Allah onların gizli saxladıqlarını da, aşkara çıxartdıqlarını da bilir. Həqiqətən də, O, kökslərdə olanları bilir.

Hud surəsi, 5

Sən ucadan danışsan da, danışmasan da, fərqi yoxdur. Çünki Allah sirri də, bundan daha gizli olanı da bilir.

Taha surəsi, 7

Məgər Allahın göylərdə və yerdə olan hər şeyi bildiyini görmürsən? Üç nəfərin arasında gedən elə bir xəlvəti söhbət yoxdur ki, onların dördüncüsü, beş nəfərin də altıncısı O olmasın. İstər bundan az, istərsə də çox olsunlar – harada olursa olsunlar, Allah onların yanındadır. Sonra Qiyamət günü onlara nə etdiklərini xəbər verəcəkdir. Allah hər şeyi bilir.

Mücadilə surəsi, 7

Ey Rəbbimiz! Sən bizim nəyi gizli saxladığımızı və nəyi aşkara çıxartdığımızı bilirsən. Nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz.

İbrahim surəsi, 38

Hər şeyi bənzərsiz yaradandır

O, göyləri və yeri icad edəndir. Onun zövcəsi olmadığı halda övladı necə ola bilər? Hər şeyi O xəlq etmişdir. O, hər şeyi bilir.

Ənam surəsi, 101

Qeybi biləndir

Qeybin açarları Onun yanındadır, Onları yalnız O bilir. O, quruda və dənizdə nələr olduğunu bilir. Onun xəbəri olmadan yerə düşən bir yarpaq belə yoxdur. Yerin qaranlıqlarında elə bir toxum, elə bir yaş və elə bir quru şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.

Ənam surəsi, 59

De: “Allahdan başqa göylərdə və yerdə olanların heç biri qeybi bilməz. Onlar nə zaman diriləcəklərini belə bilmirlər.

Nəml surəsi, 65

Həqiqətən, o Saat haqqında elm yalnız Allahdadır. Yağışı O yağdırır və bətnlərdə olanı O bilir. Heç kəs sabah nə qazanacağını bilə bilməz; heç kəs harada öləcəyini də bilməz. Allah isə, şübhəsiz ki, Biləndir, Xəbərdardır.

Loğman surəsi, 34

Allah deyəcəkdir: “Ey Məryəm oğlu İsa! Sənmi insanlara:

“Allahı qoyub məni və anamı iki məbud qəbul edin!” – demişdin?” İsa deyəcək: “Sən pak və müqəddəssən! Haqqım olmayan bir şeyi demək mənə yaraşmaz. Əgər bunu demiş olsaydım, əlbəttə, Sən onu bilərdin. Sən mənim qəlbimdə olanları bilirsən, mən isə Sənin Özündə olanları bilmirəm. Şübhəsiz ki, qeybləri bilən Sənsən!

Maidə surəsi, 116

Səndən o Saat barəsində soruşurlar ki, nə vaxt qopacaq? De:

“Bu haqda bilgi ancaq Rəbbimə aiddir. Qopacağı vaxtı yalnız O, aşkara çıxara bilər. Bu bilgi göylərə və yerə də ağır gəlir. O sizə qəflətən gələcəkdir”. Sanki onu bilirmişsən kimi səndən soruşurlar. De: “Bu haqda bilgi ancaq Allaha aiddir. Lakin insanların çoxu bunu bilmir”.

Əraf surəsi, 187

Yoxdan var edəndir

Ona belə vəhy olundu:

“Ey Zəkəriyya! Səni Yəhya adlı bir oğulla müjdələyirik. Biz bu adı ondan öncə kimsəyə qoymamışıq!”

Məryəm surəsi, 7

O dedi: “Ey Rəbbim! Zövcəm sonsuz bir qadın ikən, özüm də qocalığın son həddində olduğum halda necə mənim övladım ola bilər?”

Məryəm surəsi, 8

Mələk dedi: «Bu, belədir, lakin Rəbbin buyurdu:

“Bu Mənim üçün asandır. Axı əvvəlcə sənin özünü də sən heç bir şey deyilkən xəlq etmişdim!”»

Məryəm surəsi, 9

Biz bir şeyi yaratmaq istədikdə, ona ancaq:

“Ol!” – deyirik, o da olur.

Nəhl surəsi, 40

Göyləri və yeri haqq olaraq xəlq edən Odur. O:

“Ol!” – dediyi gün hər şey olar. Onun Sözü haqdır. Sur üfürüləcəyi gün hökm yalnız Ona məxsus olacaqdır. Qeybi və aşkarı Bilən də Odur. O, Müdrikdir, hər şeydən Xəbərdardır.

Ənam surəsi, 73

Göyləri və yeri icad edən Odur. O, bir işi yaratmaq istədikdə ona ancaq:

“Ol!” – deyər, o da olar.

Bəqərə surəsi, 117

Heç bir şeyə ehtiyacı olmayandır

Kitabdan xəbəri olan bir başqa kimsə isə belə dedi:

“Mən onu sənə bir göz qırpımında gətirərəm!” Süleyman taxtı yanında hazır durmuş görən kimi dedi: “Bu, Rəbbimin lütfündəndir ki, məni sınağa çəksin, görək şükür edəcəyəm, yoxsa nankor olacağam! Kim şükür etsə, ancaq öz xeyrinə şükür etmiş olar, kim də nankor olsa, bilsin ki, həqiqətən, Rəbbim onun şükrünə möhtac deyildir, Səxavətlidir!”

Nəml surəsi, 40

Cihad edən məhz öz xeyri naminə cihad edər. Allahın aləmlərə qətiyyən ehtiyacı yoxdur.

Ənkəbut surəsi, 6

Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir.

Fatir surəsi, 15

Xoş söz demək və xətaları bağışlamaq, minnətlə verilən sədəqədən daha yaxşıdır. Allah Zəngindir, Həlimdir.

Bəqərə surəsi, 263

Budur, siz Allah yolunda malınızdan xərcləməyə dəvət edilirsiniz. Aranızda isə simiclik edənlər də tapılır. Kim simiclik etsə, ancaq öz əleyhinə etmiş olar. Allah Zəngin, siz isə kasıbsınız. Əgər üz çevirsəniz, yerinizə sizin tayınız olmayan başqa insanlar gətirər.

Məhəmməd surəsi, 38

Musa dedi: “Əgər siz və yer üzündə olanların hamısı kafir olsanız, Allaha heç bir zərər yetirə bilməzsiniz. Çünki Allah, həqiqətən də, Zəngindir, Tərifəlayiqdir”.

İbrahim surəsi, 8

Hər varlığın möhtac olduğudur

Ey insanlar! Siz Allaha möhtacsınız. Allah isə Zəngindir, Tərifəlayiqdir.

Fatir surəsi, 15

Allah Möhtac deyildir.

İxlas surəsi, 2

Bütün əksikliklərdən uzaqdır

Sizi yaradan, sonra sizə ruzi verən, sonra sizi öldürən, sonra da sizi dirildəcək məhz Allahdır. Şərikləriniz içərisində bunlardan, heç olmazsa, birini edə bilən varmı? O, pakdır və müşriklərin Ona şərik qoşduqlarından ucadır.

Rum surəsi, 40

Məgər onlar göyləri və yeri yaradan, onları yaratmaqla yorulmayan Allahın ölüləri də diriltməyə qadir olduğunu görmürlərmi? Sözsüz ki, O, hər şeyə qadirdir.

Əhqaf surəsi, 33

De: “Özünə heç bir övlad götürməyən, mülkündə heç bir şəriki olmayan, aciz qalmamaqdan ötrü Özünə kömək edəcək heç bir dosta möhtac olmayan Allaha həmd olsun!” Onu tərifləyərək uca tut.

İsra surəsi, 111

Məgər onlar yer üzündə gəzib-dolaşıb özlərindən əvvəlkilərin aqibətinin necə olduğunu görmürlərmi? Onlar ki bunlardan daha qüvvətli idilər. Göylərdə və yerdə Allahdan qaçıb xilas ola biləcək heç bir şey yoxdur. Həqiqətən, O, Biləndir və hər şeyə Qadirdir.

Fatir surəsi, 44

O mömin kişi dedi: “Ey qövmüm! Mənim ardımca gəlin, sizi doğru yola çıxardım.

Mümin surəsi, 38

Doğmamış və doğulmamışdır

O, nə doğub, nə doğulub,

İxlas surəsi, 3

Onlar: “Allah Özünə övlad götürmüşdü!” – dedilər. O, pakdır, müqəddəsdir! O, heç nəyə möhtac deyildir. Göylərdə və yerdə nə varsa, Onundur. Buna aid sizdə heç bir dəlil yoxdur. Niyə Allaha qarşı bilmədiklərinizi söyləyirsiniz?

Yunis surəsi, 68

Allaha övlad götürmək yaraşmaz. O, pak və müqəddəsdir! O, bir işin olmasını istədikdə ona ancaq “Ol!” – deyər, o da dərhal olar.

Məryəm surəsi, 35

Mülkün tək sahibidir

Bilmirsənmi ki, göylərdə və yerdə hökmranlıq təkcə Allaha məxsusdur? Sizin Allahdan başqa nə bir himayəçiniz, nə də bir köməkçiniz vardır.

Bəqərə surəsi, 107

Göylərin və yerin açarları Ona məxsusdur. O, istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. O, hər şeyi Biləndir.

Şura surəsi, 12

Elə bir şey yoxdur ki, onun xəzinələri Bizdə olmasın. Biz onu ancaq müəyyən ölçüdə endiririk.

Hicr surəsi, 21

Göylərdə, yerdə, onların arasında və torpağın altında nə varsa, Ona məxsusdur.

Taha surəsi, 6

O Allahın ki, göylərdə və yerdə nə varsa, Onundur. Giriftar olacaqları şiddətli əzabdan dolayı vay kafirlərin halına!

İbrahim surəsi, 2

Göylərin, yerin və onların arasında olanların hökmranlığı Allaha məxsusdur və O, hər şeyə qadirdir.

Maidə surəsi, 120

Hər şeyin varisidir

Şübhəsiz ki, Biz həm dirildir, həm də öldürürük və hər şeyə varis olan da Bizik.

Hicr surəsi, 23

Şübhəsiz ki, yerə və onun üstündə qalanlara təkcə biz sahib çıxacağıq. Onların qayıdışı Bizə olacaqdır.

Məryəm surəsi, 40

Biz xoş güzəranı ilə qürrələnən neçə-neçə şəhəri məhv etdik. Budur onların yurdları. Özlərindən sonra bəzilərindən başqa orada heç kəs sakin olmadı. Onlara Biz varis olduq.

Qəsas surəsi, 58

Göylərin, yerin ve ikisi arasındakıların sahibidir

O, həm göylərin, yerin və onların arasındakıların Rəbbi, həm də məşriqlərin Rəbbidir.

Saffat surəsi, 5

Bilin ki, göylərdə və yerdə olanların hamısı Allahındır. Allahı qoyub başqa şəriklərə yalvaranlar nəyin ardınca gedirlər? Onlar yalnız zənnə uyur və ancaq yalan uydururlar.

Yunis surəsi, 66

O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol! Heç Ona oxşarını tanıyırsanmı?!

Məryəm surəsi, 65

Hər şeyi ölçüylə yaradandır

Allah göyü ucaltdı və tərəzini qoydu ki,

Rəhman surəsi, 7

hər kəs onların, Rəbbinin göndərdiklərini necə təbliğ etdiyini bilsin. Allah onların nə etdiklərini nəzarəti altında saxlayır və hər şeyi ayrıayrılıqda hesaba alır”.

Cin surəsi, 28

Kitabı və tərəzini gerçək həqiqət kimi nazil edən Allahdır. Nə bilirsən, bəlkə də o Saat yaxındır.

Şura surəsi, 17

Biz hər bir şeyi hesablayıb yazmışıq.

Nəbə surəsi, 29

Allah onları hesablamış və bir-bir saymışdır.

Məryəm surəsi, 94

Hər bir dişinin bətnində nə daşıdığını, bətnlərin nəyi əskildib, nəyi artıracağını (uşağın doqquz aydan tez yaxud gec doğulacağını) Allah bilir. Onun yanında hər şeyin müəyyən ölçüsü vardır.

Rad surəsi, 8

Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O Öz qullarından Xəbərdardır, Görəndir.

Şura surəsi, 27

və ona təsəvvürünə gətirmədiyi bir yerdən ruzi bəxş edər. Kim Allaha təvəkkül etsə, Allah ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü qoymuşdur.

Talaq surəsi, 3

Ulu, Uca ve Büyük olandır

Onun qarşısında, izin verdiyi kəslərdən başqa, heç kimin şəfaəti fayda verməz. Nəhayət, mələklərin qəlbindən qorxu keçib getdikdə onlar:

“Rəbbiniz nə buyurdu?” – deyə soruşar, digərləri isə: “Haqqı buyurdu! O, Ucadır, Böyükdür!” – deyə cavab verərlər.

Səba surəsi, 23

Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. O, Ucadır, Uludur.

Şura surəsi, 4

Sanki göylərin bir-birinin üstündən çatlayıb yarılmasına az qalır. Mələklər də Rəbbinə həmd ilə təriflər deyir və yerdəkilər üçün bağışlanma diləyirlər. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

Şura surəsi, 5

Daima diri olandır

Allah, Ondan başqa ibadətə layiq olan məbud yoxdur, əbədi Yaşayandır, bütün yaratdıqlarının Qəyyumudur. Onu nə mürgü, nə də yuxu tutar. Göylərdə və yerdə nə varsa, Ona məxsusdur. Onun izni olmadan Onun yanında kim havadarlıq edə bilər? O, məxluqatın gələcəyini və keçmişini bilir. Onlar Onun elmindən, Onun istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun Kürsüsü göyləri və yeri əhatə edir. Bunları qoruyub saxlamaq Ona ağır gəlmir. O, Ucadır, Uludur.

Bəqərə surəsi, 255

O, əbədi Yaşayandır, Ondan başqa məbud yoxdur. Allaha, dini yalnız Ona məxsus edərək, dua edin. Aləmlərin Rəbbi olan Allaha həmd olsun!

Mümin surəsi, 65

Ölməz, əbədi Yaşayana təvəkkül et və Onu həmd-səna ilə təriflə. Onun Öz qullarının günahlarından agah olması kifayətdir.

Furqan surəsi, 58

Səhv etməyən və unutmayandır

Mələklər dedi:

“Biz dünyaya ancaq sənin Rəbbinin əmri ilə enirik. Önümüzdə, arxamızda və onların arasında nə varsa, Ona məxsusdur. Rəbbin unudan deyildir”.

Məryəm surəsi, 64

Musa dedi: “Onlar haqqındakı bilgi Rəbbimin yanında olan bir Kitabdadır. Rəbbim nə xəta edir, nə də unudur!”

Taha surəsi, 52

Onların etdiyi hər şey əməllərinin yazıldığı kitablarındadır.

Qamər surəsi, 52

Hər bir kiçik və böyük əməl yazılmışdır.

Qamər surəsi, 53

Səcdə ediləndir

Məgər onlar Allahın xəlq etdiyi hər hansı bir şeyi müşahidə etməyiblərmi? Onların kölgələri müti surətdə Allaha səcdə edərək sağasola əyilir.

Nəhl surəsi, 48

Göylərdə və yerdə olanların hamısı, heyvanlar da, mələklər də təkəbbür göstərmədən Allaha səcdə qılırlar.

Nəhl surəsi, 49

Gecənin bir hissəsində Ona səcdə et və gecədə uzun müddət Onun şəninə təriflər de!

İnsan surəsi, 26

Məgər göylərdə və yerdə olanların, günəşin, ayın, ulduzların, dağların, ağacların, heyvanların və insanların xeyli hissəsinin Allaha səcdə etdiyini görmürsənmi? Onların əksəriyyəti isə əzab çəkməyə layiq olanlardır. Allahın alçaltdığı kimsəyə heç kəs hörmət qoymaz. Həqiqətən, Allah istədiyini edər.

Həcc surəsi, 18

Təsbeh ediləndir

Biz dağları ona ram etmişdik. Onlar axşam çağı və səhər onunla birlikdə Allahın şəninə təriflər deyirdilər.

Sad surəsi, 18

Biz quşları da toplum halda ona ram etmişdik. Hamısı daima Allaha üz tutardı.

Sad surəsi, 19

Məgər göylərdə və yerdə olanların, həm də qanad açıb uçan quşların Allaha təriflər dediklərini görmürsənmi? Hər biri öz duasını və həmdsənasını bilir. Allah onların nə etdiklərini bilir.

Nur surəsi, 41

Göylərdə və yerdə kimlər varsa, hamısı Onundur. Onun yanında olanlar Ona ibadət etməyə təşəxxüs göstərmir və bundan yorulmurlar.

Ənbiya surəsi, 19

Onlar gecə-gündüz, usanmadan Onun şəninə təriflər deyirlər.

Ənbiya surəsi, 20

Göylərdə və yerdə olanların hamısı Allahın şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.

Hədid surəsi, 1

Yeddi göy, yer və onlarda olanlar Ona təriflər deyir. Elə bir şey yoxdur ki, həmd ilə Ona tərif deməsin, lakin siz onların tərifini anlamazsınız. Həqiqətən, O, Həlimdir, Bağışlayandır.

İsra surəsi, 44

Göy gurultusu həmd edərək Ona təriflər deyir. Mələklər də Onun qorxusundan təriflər deyirlər. Allah ildırımlar göndərib istədiyini vurur. Onlar Allah barəsində mübahisə edirlər. Halbuki O, şiddətli cəza verəndir.

Rad surəsi, 13

Həmd ediləndir

Göylərdəkilərin və yerdəkilərin hamısının sahibi olan Allaha həmd olsun! Axirətdə də həmd Ona məxsusdur. O, Müdrikdir, Xəbərdardır.

Səba surəsi, 1

Göyləri və yeri yaradan, zülmətləri və nuru var edən Allaha həmd olsun! Bu dəlillərdən sonra kafir olanlar hələ də bütləri öz Rəbbinə tay tuturlar.

Ənam surəsi, 1

Sən mələklərin, Ərşi əhatə edərək Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və:

“Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” – deyiləcəkdir.

Zumər surəsi, 75

Təriflənməyə layiq olandır

Elm verilmiş insanlar Rəbbindən sənə nazil edilənin haqq olduğunu, onun Qüdrətli, Tərifəlayiq Allahın yolunu göstərdiyini görürlər.

Səba surəsi, 6

Göylərdə və yerdə nə varsa, Onundur. Həqiqətən, Allah Zəngindir, Tərifəlayiqdir.

Həcc surəsi, 64

İzzət və şərəfin sahibidir

Kim qüdrət sahibi olmaq istəsə, bilsin ki, qüdrət bütünlüklə ancaq Allaha məxsusdur. Gözəl söz Ona tərəf yüksəlir və onu ucaldan yaxşı əməldir. Pis əməllər işlədib hiyləgərlik edənləri şiddətli bir əzab gözləyir. Onların qurduqları hiylələr də boşa çıxacaqdır.

Fatir surəsi, 10

Möminləri qoyub kafirləri özlərinə dost tutanlar gücü və əzəməti onlardamı axtarırlar? Halbuki qüvvət və əzəmət tamamilə Allaha məxsusdur.

Nisa surəsi, 139

Onlar: “Əgər biz Mədinəyə qayıtsaq, ən qüdrətlilər (münafiqlər) ən alçaqları (müsəlmanları) mütləq oradan çıxardacaqlar!” – deyirlər. Halbuki qüdrət yalnız Allaha, Onun Elçisinə və möminlərə məxsusdur, lakin bunu münafiqlər bilmirlər.

Münafiqun surəsi, 8

Daimi olandır

Yer üzündə olan hər kəs ölümə məhkumdur.

Rəhman surəsi, 26

Ancaq Rəbbinin əzəmətli və kəramətli Üzü əbədidir.

Rəhman surəsi, 27

Daima üstün və qalib olandır

Allah kafirləri qəzəbli olduqları halda geri qaytardı və onlar heç bir xeyrə nail olmadılar. Döyüşdə Allah möminlərə kifayət etdi. Allah Qüvvətlidir, Qüdrətlidir.

Əhzab surəsi, 25

Allah əzəldən belə yazmışdır:

“Mən və elçilərim hökmən qalib gələcəyik!” Həqiqətən, Allah Qüvvətlidir, Qüdrətlidir.

Mücadilə surəsi, 21

Ən gözəl adların sahibidir

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir.

Həşr surəsi, 24

Ən gözəl adlar Allahındır. Ona bu adlar vasitəsi ilə dua edin və Onun adları barəsində haqdan sapanları tərk edin. Onlar etdikləri əməllərin cəzasını alacaqlar.

Əraf surəsi, 180

De: “İstər Allah deyib çağırın, istərsə də Mərhəmətli deyib çağırın. Necə çağırsanız da, hər halda ən gözəl adlar Ona məxsusdur”. Namazını nə uca səslə, nə də pıçıltı ilə qıl. Bunların arasında orta bir yol tut.

İsra surəsi, 110

Allah! Ondan başqa ibadətə layiq olan məbud yoxdur. Ən gözəl adlar təkcə Ona xasdır!

Taha surəsi, 8

Ən gözəl vəkildir

Allah hər şeyin Xaliqidir. O, hər şeyi Qoruyandır.

Zumər surəsi, 62

Əslində, Mənim ixlaslı qullarım üzərində sənin hökmranlığın olmayacaqdır. Qoruyan olaraq Rəbbin yetər”.

İsra surəsi, 65

Həqiqi dost və yardımçıdır

Siz nə yerdə, nə də göydə Ondan gizlənib yaxa qurtara bilməyəcəksiniz. Allahdan başqa sizin nə bir himayədarınız, nə də bir yardımçınız olacaq”.

Ənkəbut surəsi, 22

Çünki onlar səni heç bir vəchlə Allahdan qurtara bilməzlər. Şübhəsiz ki, zalımlar bir-birinin himayədarıdırlar, Allah isə müttəqilərin Himayədarıdır.

Casiyə surəsi, 19

Həqiqətən, göylərin və yerin mülkü Allaha məxsusdur. O həm dirildir, həm də öldürür. Sizin Allahdan başqa nə bir himayədarınız, nə də bir köməkçiniz vardır.

Tövbə surəsi, 116

Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Himayəçi olaraq Allah kifayət edər! Yardımçı olaraq Allah yetər!

Nisa surəsi, 45

Göyləri, yeri və onların arasındakıları altı gündə yaradan, sonra da Ərşə ucalan Allahdır. Sizin Ondan başqa nə bir haminiz, nə də bir şəfaətçiniz vardır. Məgər düşünərək ibrət götürməyəcəksiniz?

Səcdə surəsi, 4

Bütün aləmlərin sahibidir

De: “Şübhəsiz ki, mənim namazım da, qurbanım da, həyatım da, ölümüm də aləmlərin Rəbbi Allah üçündür!

Ənam surəsi, 162

Sən mələklərin, Ərşi əhatə edərək Rəbbinə həmd ilə təriflər dediklərini görəcəksən. Onların arasında ədalətlə hökm veriləcək və:

“Aləmlərin Rəbbi olan Allaha həmd olsun!” – deyiləcəkdir.

Zumər surəsi, 75

Sən məni öldürmək üçün mənə əl qaldırsan da, mən səni öldürmək üçün sənə əl qaldıran deyiləm. Həqiqətən, mən aləmlərin Rəbbi Allahdan qorxuram.

Maidə surəsi, 28

Çox ədalətli olandır

Baş verəcəyinə şübhə edilməyən bir gündə onları topladığımız və hər kəsə qazandığının əvəzi ödəniləcəyi, özlərinə də heç bir haqsızlıq edilməyəcəyi zaman onların halı necə olacaq?

Ali İmran surəsi, 25

Hamınızın dönüşü Onadır. Bu, Allahın haqq olan vədidir. O, məxluqu ilk dəfə yaradır, sonra onu Qiyamət günü yenidən dirildir ki, saleh əməllər edənləri ədalətlə mükafatlandırsın. Kafirlərə gəlincə, küfr etdiklərinə görə onlar üçün qaynar içki və ağrılı-acılı bir əzab hazırlanmışdır.

Yunis surəsi, 4

Düşmənlərə qarşı bacardığınız qədər qüvvə və döyüş atları hazırlayın ki, bununla Allahın düşmənini, öz düşməninizi və onlardan başqa sizin bilmədiyiniz, lakin Allahın bildiyi kimsələri qorxudasınız. Allah yolunda nə xərcləsəniz, əvəzi sizə tam ödənilər və sizə zülm edilməz.

Ənfal surəsi, 60

Həm kişilərdən, həm də qadınlardan mömin olaraq yaxşı işlər görənlər Cənnətə girərlər və onlara xurma çərdəyinin qırıntısı qədər haqsızlıq edilməz.

Nisa surəsi, 124

Əlbəttə, onun can atdığı əməl ona nəsib olacaqdır.

Nəcm surəsi, 40

Sonra da ona bunun əvəzi tam veriləcəkdir!”

Nəcm surəsi, 41

Özlərini öyənləri görmürsənmi? Xeyr! Allah istədiyini tərifləyər və onlara xurma çərdəyindəki lif qədər haqsızlıq edilməz.

Nisa surəsi, 49

O gün bütün insanları öz başçıları ilə birlikdə çağıracağıq. O zaman kitabı sağ əlinə verilən kimsələr öz kitablarını sevinclə oxuyacaq və onlara xurma çəyirdəyindəki lif qədər zülm edilməyəcəkdir.

İsra surəsi, 71

Şübhəsiz ki, Rəbbin onların hər birinə əməllərinin əvəzini tam verəcəkdir. Şübhəsiz ki, Allah onların nə etdiklərindən xəbərdardır.

Hud surəsi, 111

Loğman dedi: “Oğlum! Gördüyün iş bir xardal dənəsi ağırlığında olsa da, bir qayanın içində, yaxud göylərdə və ya yerin dibində olsa da, Allah onu aşkar edər. Həqiqətən, Allah Lətifdir, Xəbərdardır.

Loğman surəsi, 16

Çox bağışlayıcı olandır

Musa Bizim təyin etdiyimiz vaxt üçün tayfasından yetmiş kişi seçdi. Onları zəlzələ yaxaladıqda o dedi: “Ey Rəbbim! Əgər istəsəydin, bundan əvvəl onları da, məni də məhv edərdin. Özümüzdən olan səfehlərin etdiklərinə görə bizi həlakmı edəcəksən? Bu, yalnız Sənin sınağındır. Sən onunla istədiyini azğınlığa aparır, istədiyini də doğru yola yönəldirsən. Sən bizim Himayəçimizsən! Bizi bağışla və bizə rəhm et! Axı Sən bağışlayanların ən yaxşısısan.

Əraf surəsi, 155

Kim pis bir iş görərsə və ya özü özünə zülm edərsə, sonra da Allahdan bağışlanma diləyərsə, Allahın Bağışlayan, Rəhmli olduğunu görər.

Nisa surəsi, 110

Bu, Onun tərəfindən möminlərə nəsib olan dərəcələr, bağışlanma və mərhəmətdir. Allah Bağışlayandır, Rəhmlidir.

Nisa surəsi, 96

Müşriklər səni yaxşılıqdan öncə pisliyə (əzabın gəlməsinə) tələsdirirlər. Halbuki onlardan əvvəl neçə-neçə ibrətamiz cəzalar olub keçmişdir. Həqiqətən, Rəbbin insanların zalımlığına baxmayaraq onları (tövbə edənləri) bağışlayır. Sözsüz ki, Rəbbinin cəzası şiddətlidir.

Rad surəsi, 6

Sən ancaq Zikrə tabe olub Mərhəmətli Allahı görmədən Ondan çəkinən şəxsi qorxuda bilərsən. Beləsini bağışlanma və çox gözəl bir mükafatla müjdələ.

Yasin surəsi, 11

Ancaq kim haqsızlıq edib sonra da pisliyin əvəzinə yaxşılıq edərsə, bilsin ki, Mən Bağışlayanam, Rəhmliyəm!

Nəml surəsi, 11

Rəbbiniz ürəklərinizdə olanları çox yaxşı bilir. Əgər əməlisaleh olsanız, bilin ki, həqiqətən də, O, tövbə edənləri Bağışlayandır.

İsra surəsi, 25

İnsanların eləsi də var ki, Allahın razılığını qazanmaq üçün canını da verər. Allah Öz qullarına qarşı Şəfqətlidir.

Bəqərə surəsi, 207

Allah onlara mükafatlarını tam olaraq versin, üstəlik də onlara Öz lütfünü artırsın. Həqiqətən, O, Bağışlayandır, şükürün əvəzini verəndir.

Fatir surəsi, 30

Mərhəmətlilərin ən mərhəmətlisidir

Əyyubu da yada sal! Bir zaman o, Rəbbinə yalvarıb demişdi:

“Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!”

Ənbiya surəsi, 83

Yusif dedi: “Bu gün siz qınanılmayacaqsınız. Allah sizi bağışlasın! O, rəhm edənlərin ən rəhmlisidir.

Yusif surəsi, 92

Hökm və hikmət sahibidir

Allah bunu sizə ancaq bir müjdə və qəlbiniz bununla sakit olsun deyə etdi. Kömək ancaq Qüdrətli və Müdrik Allahdandır.

Ali İmran surəsi, 126

Ey Rəbbimiz! Onların içərisindən özlərinə elə bir elçi göndər ki, Sənin ayələrini onlara oxusun, Kitabı və hikməti onlara öyrətsin və onları günahlardan təmizləsin! Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”

Bəqərə surəsi, 129

Sizə açıq-aydın dəlillər gəldikdən sonra haqq yoldan çıxsanız, bilin ki, Allah Qüdrətlidir, Müdrikdir.

Bəqərə surəsi, 209

Həqiqətən, bu, gerçək bir hekayətdir. Allahdan başqa ibadətə layiq olan məbud yoxdur. Şübhəsiz ki, Allah Qüdrətlidir, Müdrikdir.

Ali İmran surəsi, 62

Kim günah qazanarsa, onu ancaq özünün əleyhinə qazanmış olar. Allah Biləndir, Müdrikdir.

Nisa surəsi, 111

O Öz qulları üzərində mütləq hakimiyyət sahibidir. O, Müdrikdir, hər şeydən Xəbərdardır.

Ənam surəsi, 18

Məgər kafirlər Bizim, yer üzünə gəlib onu bəzi tərəflərindən azaltdığımızı (müsəlmanların ixtiyarına verdiyimizi) görmürlərmi? Allah istədiyi kimi hökm verir. Onun hökmünü ləğv edən olmaz. O, tez haqqhesab çəkəndir.

Rad surəsi, 41

Hökmün tək sahibidir

Haqq Hökmdar olan Allah ucadır! Onun ayələrinin vəhyi sənə tamamlanmayınca Quranı oxumağa tələsmə və:

“Ey Rəbbim! Elmimi artır!” – de.

Taha surəsi, 114

De: “Mən Rəbbimdən nazil olan açıq-aydın bir dəlilə əsaslanıram. Siz isə onu təkzib etdiniz. Sizin səbirsizliklə can atdığınız əzab məndə deyildir. Hökm yalnız Allaha məxsusdur. Allah haqqı söyləyir və O, ayırd edənlərin ən yaxşısıdır”.

Ənam surəsi, 57

Ey iman gətirənlər! Əhdlərinizi yerinə yetirin. Haram edildiyi sizə bildiriləcək heyvanlar və ihramda olarkən ovladığınız ov istisna olmaqla digər heyvanlar sizə halal edildi. Həqiqətən, Allah istədiyi hökmü verir.

Maidə surəsi, 1

Onlar cahiliyyə dövrünün hökmünümü istəyirlər? Qəti inanan bir camaat üçün Allahdan daha yaxşı hökm verən kim ola bilər?

Maidə surəsi, 50

Nuh Rəbbini çağırıb dedi:

“Ey Rəbbim! Axı oğlum da mənim ailəmdəndir. Sənin vədin, şübhəsiz ki, haqdır. Sən hakimlərin ən hikmətlisisən!”

Hud surəsi, 45

De: “Allah bu Kitabı sizə təfərrüatı ilə nazil etdiyi halda, mən Ondan başqasınımı hakim qəbul etməliyəm?” Kitab verdiklərimiz bilirlər ki, o, həqiqətən, sənin Rəbbin tərəfindən nazil edilmişdir. Odur ki, şübhə edənlərdən olma.

Ənam surəsi, 114

Lütf sahibi olandır

Elçiləri onlara dedilər: “Biz də sizin kimi bir insanıq. Lakin Allah Öz qullarından istədiyinə lütfkarlıq edir. Allahın izni olmadan biz sizə heç bir dəlil gətirə bilmərik. Qoy möminlər ancaq Allaha təvəkkül etsinlər.

İbrahim surəsi, 11

O sizə istədiyiniz hər şeydən vermişdir. Əgər Allahın nemətlərini sayacaq olsanız, onları sayıb qurtara bilməzsiniz. Həqiqətən, insan çox zalım, çox nankordur.

İbrahim surəsi, 34

Allah Öz qullarına qarşı Lütfkardır. O, istədiyinə ruzi verir. O, Qüvvətlidir, Qüdrətlidir.

Şura surəsi, 19

Tövbələri qəbul edəndir

Yaramaz işlər görüb sonra bunun ardından tövbə edib iman gətirənlərə gəlincə, şübhəsiz ki, Rəbbin bundan sonra Bağışlayandır, Rəhmlidir.

Əraf surəsi, 153

Bu ona görədir ki, Allah doğru danışanları doğruluqlarına görə mükafatlandırsın, münafiqlərə də ya istəsə əzab versin, ya da onların tövbələrini qəbul etsin. Həqiqətən, Allah Bağışlayandır, Rəhmlidir.

Əhzab surəsi, 24

Məgər onlar bilmirlər ki, Allah qullarından tövbəni qəbul edir, sədəqələri götürür və Allah tövbələri qəbul Edəndir, Rəhmlidir?

Tövbə surəsi, 104

Ey Rəbbimiz! İkimizi də Sənə təslim olacaq, nəslimizdən də Sənə təslim olan bir ümmət et. Bizə ibadət qaydalarını göstər və bizim tövbələrimizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, Rəhmlisən!

Bəqərə surəsi, 128

Şübhəsiz ki, Rəbbin, avamlıqları üzündən pis iş görən, ondan sonra tövbə edib özlərini islah edənləri, bütün bunlardan sonra, əlbəttə ki, Rəbbin bağışlayacaq və rəhm edəcək.

Nəhl surəsi, 119

Ancaq tövbə edib iman gətirən və saleh əməllər edənlərdən başqa. Allah onların pis əməllərini yaxşı əməllərlə əvəz edər. Allah Bağışlayandır, Rəhmlidir!

Furqan surəsi, 70

Kim tövbə edib yaxşı iş görərsə, o, doğrudan da Allaha tərəf qayıtmış olar.

Furqan surəsi, 71

Səmimi duaya qarşılıq verəndir

Qullarım səndən Mənim barəmdə soruşsalar, Mən onlara yaxınam, Mənə yalvaranın duasını yalvardığı vaxt qəbul edərəm. Qoy onlar da Mənim çağırışımı qəbul edib Mənə iman gətirsinlər ki, doğru yola yönələ bilsinlər.

Bəqərə surəsi, 186

Nuh Bizə yalvarıb yaxardı. Biz çağırışa necə də gözəl cavab verənik!

Saffat surəsi, 75

Darda qalan kimsə yalvardığı zaman ona cavab verən, şəri sovuşduran və sizi yer üzünün varisləri edən kimdir? Heç Allahla yanaşı başqa bir məbudmu var? Siz necə də az düşünürsünüz?

Nəml surəsi, 62

Rəbbiniz dedi:

“Mənə dua edin, Mən də sizə cavab verim. Həqiqətən, Mənə ibadət etməyə təkəbbür göstərənlər Cəhənnəmə zəlil olaraq girəcəklər”.

Mümin surəsi, 60

Qoca vaxtımda mənə İsmaili və İshaqı bəxş edən Allaha həmd olsun! Həqiqətən, Rəbbim duaları eşidəndir.

İbrahim surəsi, 39

Yaxşılığın əvəzini artıqlaması ilə verəndir

Həqiqətən, Allah zərrə qədər də olsa zülm etməz. Əgər qulun gördüyü iş yaxşı əməl olarsa, Allah bunu artırar və Öz tərəfindən böyük mükafat verər.

Nisa surəsi, 40

Sizdə olan nemətlər tükənəcək, Allah yanında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.

Nəhl surəsi, 96

Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.

Nəhl surəsi, 97

Bu ona görədir ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyinə hesabsız ruzi verir.

Nur surəsi, 38

Kimdir o şəxs ki, Allaha gözəl bir borc versin (Allah yolunda malını yaxşı işlərə sərf etsin), O da onun üçün bunu qat-qat artırsın? Onun üçün çox dəyərli bir mükafat da vardır.

Hədid surəsi, 11

Yaxşı iş görənlər üçün ən yaxşısı (Cənnət) və bundan da üstünü (Allahı görmək) vardır. Onların üzünü nə bir qubar, nə də bir zillət bürüyər. Onlar Cənnət sakinləridirlər və orada əbədi qalacaqlar.

Yunis surəsi, 26

İman gətirib yaxşı işlər görən qullarına Allahın müjdə verdiyi nemət budur. De: “Mən sizdən bunun əvəzində qohumluq sevgisindən başqa bir şey istəmirəm”. Kim bir yaxşılıq etsə, onun savabını artırarıq. Həqiqətən, Allah Bağışlayandır, şükrün əvəzini verəndir.

Şura surəsi, 23

Şükrün qarşılığını verəndir

O zaman Rəbbiniz bildirmişdi:

“Əgər şükür etsəniz, sizə olan nemətimi artıraram, yox əgər nankorluq etsəniz, bilin ki, Mənim əzabım şiddətlidir”.

İbrahim surəsi, 7

Küfr etsəniz, bilin ki, Allah sizə möhtac deyildir. O, qullarının kafirlik etməsinə razı olmaz. Əgər şükür etsəniz, buna görə sizdən razı qalar. Heç bir günahkar başqasının günah yükünü daşımaz. Sonra Rəbbinizin yanına qayıdacaqsınız. O sizə nə etdiklərinizi bildirəcəkdir. Həqiqətən, O, kökslərdə olanları bilir.

Zumər surəsi, 7

Şükür etsəniz və iman gətirsəniz, sizə əzab vermək Allahın nəyinə gərəkdir? Allah itaətkar qullarına təşəkkür edəndir, Biləndir.

Nisa surəsi, 147

İnsana hər şeyi öyrədəndir

Əgər nədənsə qorxsanız, namazınızı ayaq üstə və ya minik üzərində qılın. Təhlükə sovuşduqda isə Allahı, sizə bilmədiklərinizi necə öyrədibsə, o cür yad edin!

Bəqərə surəsi, 239

Allah Adəmə bütün şeylərin adlarını öyrətdi. Sonra onları mələklərə göstərib dedi:

“Doğru danışanlarsınızsa, bunların adlarını Mənə deyin!”

Bəqərə surəsi, 31

Onlar dedilər:

“Sən pak və müqəddəssən! Sənin bizə öyrətdiklərindən başqa bizdə heç bir bilik yoxdur! Həqiqətən, Sən Bilənsən, Müdriksən!”

Bəqərə surəsi, 32

Şəfa verəndir

Biz Quranda möminlər üçün şəfa və mərhəmət olan ayələr nazil edirik. Bu ayələr zalımların ancaq ziyanını artırır.

İsra surəsi, 82

O Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir;

Şuəra surəsi, 80

Ey insanlar! Rəbbinizdən sizə bir öyüd-nəsihət, kökslərdə olana bir şəfa, möminlərə doğru yol göstəricisi və mərhəmət gəlmişdir.

Yunis surəsi, 57

Ruzi verəndir

O Rəbb ki, məni yedirdir və içirdir;

Şuəra surəsi, 79

Yer üzündə elə bir canlı yoxdur ki, onun ruzisini Allah verməsin. Allah onların qərar tutduqları yeri də, qorunub saxlanıldıqları yeri də bilir. Bunların hamısı açıq-aydın Yazıdadır (Lövhi-məhfuzdadır).

Hud surəsi, 6

Bu ona görədir ki, Allah onları, etdikləri əməllərin ən gözəli ilə mükafatlandırsın, onlara olan lütfünü artırsın. Allah istədiyinə hesabsız ruzi verir.

Nur surəsi, 38

Əgər Allah Öz qullarına bolluca ruzi versəydi, onlar yer üzündə həddi aşardılar. Lakin O, istədiyi şeyi qədərincə göndərir. Həqiqətən, O Öz qullarından Xəbərdardır, Görəndir.

Şura surəsi, 27

Allah istədiyinin ruzisini bol edər, istədiyininkini də azaldar. Onlar dünya həyatı ilə sevinirlər. Halbuki dünya həyatı axirətlə müqayisədə keçici bir zövqdür.

Rad surəsi, 26

Güldürən və ağladandır

Güldürən də, ağladan da Odur!

Nəcm surəsi, 43

Can verən və alandır

Biz dedik: “İnəyin bir parçasını ona (ölüyə) vurun!” Allah ölüləri bu cür dirildir və Öz ayələrini sizə göstərir ki, bəlkə anlayasınız.

Bəqərə surəsi, 73

Gecələr sizi yatızdıran, gündüzlər isə nələr etdiyinizi bilən Odur. Sonra O, sizi səhərlər oyadır ki, müəyyən olunmuş əcəliniz gəlib çatsın. Sonra isə dönüşünüz Ona olacaq. O, nə etdikləriniz barədə sizə xəbər verəcəkdir.

Ənam surəsi, 60

Allahı necə inkar edirsiniz ki, siz ölü idiniz, O sizi diriltdi? Sonra O sizi öldürəcək və yenə dirildəcək, daha sonra isə siz Ona qaytarılacaqsınız.

Bəqərə surəsi, 28

Ölüləri dirildəndir

Sur ikinci dəfə üfürülən kimi onlar dərhal qəbirlərdən çıxıb Rəbbinə tərəf axışacaqlar.

Yasin surəsi, 51

Bəlkə insan özbaşına qoyulacağını güman edir?

Qiyamət surəsi, 36

Məgər o, kişi toxumundan axıdılan bir damla nütfə deyildimi?

Qiyamət surəsi, 37

Sonra laxtalanmış qan oldu. Allah onu yaradıb kamil bir görkəmə saldı.

Qiyamət surəsi, 38

Ondan da bir cüt kişi və qadın yaratdı.

Qiyamət surəsi, 39

Məgər O, ölüləri diriltməyə qadir deyil?

Qiyamət surəsi, 40

Həmin Saat gələcəkdir, ona heç bir şəkk-şübhə yoxdur və Allah qəbirlərdə olanları dirildəcəkdir.

Həcc surəsi, 7

onlar zəlil baxışlarla gözlərini aşağı dikmiş halda ətrafa yayılan çəyirtkələr kimi qəbirlərindən çıxacaqlar.

Qamər surəsi, 7

Kafirlər carçıya tərəf tələsərək:

“Bu nə çətin bir gündür!” – deyəcəklər.

Qamər surəsi, 8

Hesab gününü yaradandır

Vaqiə qopacağı zaman

Vaqiə surəsi, 1

onun qopduğunu heç kəs dana bilməz.

Vaqiə surəsi, 2

O: “Qiyamət günü nə vaxt olacaq!” – deyə rişxəndlə soruşur.

Qiyamət surəsi, 6

Gözlər bərələ qalacağı,

Qiyamət surəsi, 7

ay tutulacağı

Qiyamət surəsi, 8

və günəşlə ayın qovuşacağı zaman –

Qiyamət surəsi, 9

o gün insan deyəcəkdir:

“Hara qaçaq?”

Qiyamət surəsi, 10

Xeyr, o gün pənah aparılacaq yer tapılmayacaq.

Qiyamət surəsi, 11

O gün qayıdış ancaq sənin Rəbbinə olacaqdır.

Qiyamət surəsi, 12

O gün insana əvvəllər etdiyi və sonraya saxladığı əməlləri barədə xəbər veriləcəkdir.

Qiyamət surəsi, 13

Hesabı tez görəndir

Kafirlərin əməlləri səhradakı ilğıma bənzəyir ki, susamış kimsə onu su hesab edər. Ona yaxınlaşdıqda isə onun heç nə olduğunu görər. O öz yanında Allahı tapar. O da onun cəzasını verər. Allah tez haqq-hesab çəkəndir.

Nur surəsi, 39

Məgər kafirlər Bizim, yer üzünə gəlib onu bəzi tərəflərindən azaltdığımızı (müsəlmanların ixtiyarına verdiyimizi) görmürlərmi? Allah istədiyi kimi hökm verir. Onun hökmünü ləğv edən olmaz. O, tez haqqhesab çəkəndir.

Rad surəsi, 41

Sonra onlar özlərinin həqiqi Himayədarı olan Allaha qaytarılacaqlar. Hökm yalnız Ona məxsusdur və O, ən tez haqq-hesab çəkəndir.

Ənam surəsi, 62

Həqiqətən, Allah yanında qəbul olunan din, İslamdır! Kitab verilənlər ancaq özlərinə elm gəldikdən sonra aralarındakı zülm və həsəd üzündən ixtilafa düşdülər. Kim Allahın ayələrini inkar edərsə, bilsin ki, Allah tez haqq-hesab çəkəndir.

Ali İmran surəsi, 19

Vədi haqq olandır

Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir!

Həcc surəsi, 47

Onlar orada əbədi qalacaqlar. Allahın vədi haqdır. O, Qüdrətlidir, Müdrikdir.

Loğman surəsi, 9

Bu Cənnət Mərhəmətli Allahın Öz qullarına vəd etdiyi və onların görmədikləri Ədn bağlarıdır. Onun vədi mütləq yerinə yetəcəkdir.

Məryəm surəsi, 61

Əgər oxunan bir kitabla dağlar hərəkətə gətirilsəydi və ya onunla yer parçalansaydı və yaxud da onun sayəsində ölülər danışsaydılar o kitab yenə bu Quran olardı. Lakin bütün işlər Allaha məxsusdur. İman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi? Allahın vədi gəlincəyə qədər etdikləri əməllərə görə kafir olanlara müsibət üz verməkdə davam edəcək və ya onların yurdunun yaxınlığında dayanacaqdır. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz.

Rad surəsi, 31

Xəbərdarlıq edib qorxudandır

Bu Quran insanlar üçün bir bildirişdir. Qoy onunla həm qorxsunlar, həm Allahın Tək İlah olduğunu bilsinlər, həm də ağıl sahibləri düşünüb ibrət alsınlar.

İbrahim surəsi, 52

And olsun bu aydın Kitaba!

Duxan surəsi, 2

Biz onu mübarək bir gecədə nazil etdik. Həqiqətən, Biz qorxuduruq.

Duxan surəsi, 3

Allah, Öz tərəfindən gələcək şiddətli bir əzabla günahkarları qorxutmaq, yaxşı işlər görən möminləri gözəl mükafata nail olacaqları ilə müjdələmək üçün bu Kitabı dopdoğru şəkildə nazil etdi.

Kəhf surəsi, 2

Beləliklə, Biz onu ərəbcə Quran olaraq nazil etdik. Biz orada təhdidləri dönə-dönə açıqladıq ki, bəlkə, onlar pis əməllərindən çəkinsinlər və ya ibrət alsınlar.

Taha surəsi, 113

Hidayətdə olanı və doğru yoldan azanı ən yaxşı biləndir

Allah iman gətirənləri də, münafiqləri də aşkar edəcəkdir.

Ənkəbut surəsi, 11

De: “Hər kəs öz xasiyyətinə görə iş görər. Rəbbiniz isə kimin doğru yolda olduğunu daha yaxşı bilir”.

İsra surəsi, 84

Onların bilik səviyyəsi budur. Şübhəsiz ki, sənin Rəbbin Onun yolundan azanı da, doğru yolla gedəni də yaxşı tanıyır.

Nəcm surəsi, 30

İnkarçılara tələ qurandır

Bir zaman kafirlər səni həbs etmək, öldürmək və ya yurdundan qovmaq üçün sənə qarşı hiylə qururdular. Onlar hiylə işlətdilər, Allah da hiylə işlətdi. Allah hiylə işlədənlərin ən yaxşısıdır.

Ənfal surəsi, 30

Onlar hiylə qurdular, Allah da hiylə qurdu. Allah hiylə quranların ən yaxşısıdır.

Ali İmran surəsi, 54

Zalımlar öz hiylələrini qururdular. Halbuki onların hiyləsi Allaha bəlli idi. Onların hiyləsi ilə dağlar yerindən tərpənən deyildir.

İbrahim surəsi, 46

Onlar hiylə qurdular, Biz də hiylə qurduq. Lakin onlar bunu hiss etmədilər.

Nəml surəsi, 50

İnsanlara üz verən bəladan sonra onlara bir mərhəmət daddırdığımız zaman ayələrimizə qarşı hiyləgərlik etməyə çalışarlar. De: “Allah daha tez hiylə qurar”. Şübhəsiz ki, elçilərimiz (mələklər) qurduğunuz hiylələri yazırlar.

Yunis surəsi, 21

İnkarçıların tələlərini boşa çıxarandır

Onlardan öncəkilər də hiylə qurmuşdular. Sonra Allah onların tikililərini özülündən dağıtdı, tavanları başlarına uçdu və əzab onlara gözləmədikləri yerdən gəldi.

Nəhl surəsi, 26

Musa onlara Bizim dərgahımızdan həqiqəti bəyan etdikdə onlar dedilər: “Onunla birlikdə iman gətirənlərin oğullarını öldürün, qadınlarını isə sağ buraxın!” Amma bilin ki, kafirlərin hiyləsi boşa çıxar.

Mümin surəsi, 25

Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?

Fil surəsi, 1

Məgər Rəbbin onların hiyləsini dolaşığa salmadımı?

Fil surəsi, 2

Bax belə! Həqiqətən də, Allah kafirlərin hiyləsini zəiflədər.

Ənfal surəsi, 18

Onlardan əvvəlkilər də hiylə qurdular. Halbuki bütün hiylələr Allaha aiddir. O, hər kəsin nə qazandığını bilir. Kafirlər Axirət yurdunun kimin olacağını biləcəklər.

Rad surəsi, 42

İnkarçılara günahlarının artması üçün zaman verəndir

Kafirlər elə güman etməsinlər ki, Bizim onlara möhlət verməyimiz xeyirlərinədir. Biz onlara ona görə möhlət veririk ki, günahlarını daha da artırsınlar. Onlar üçün alçaldıcı bir əzab hazırlanmışdır.

Ali İmran surəsi, 178

Mən onlara möhlət verəcəyəm. Şübhəsiz ki, Mənim hiyləm sarsılmazdır.

Əraf surəsi, 183

Allah da onlara istehza edər və azğınlıqlarını o qədər artırar ki, sərgərdan gəzərlər.

Bəqərə surəsi, 15

Neçə-neçə şəhərlərə, əhalisi zülm edərkən möhlət verdim, sonra onları əzabla yaxaladım. Dönüş də ancaq Mənədir!

Həcc surəsi, 48

Əgər Allah insanları hər etdikləri zülmə görə cəzalandırsaydı, yer üzündə heç bir canlını sağ qoymazdı. Lakin Allah onlara müəyyən vaxta qədər möhlət verir. Onların əcəlinin çatdığı an bircə saat belə nə yubanar, nə də tezləşə bilər.

Nəhl surəsi, 61

Zalımların etdikləri əməllərdən Allahın xəbərsiz olduğunu sanma. Allah sadəcə onları cəzalandırmağı gözlərin bərələ qalacağı günə saxlayır.

İbrahim surəsi, 42

De: “Qoy Mərhəmətli Allah azğınlıqda olan hər kəsə uzun müddət möhlət versin! Nəhayət, özlərinə vəd olunan ya əzabı, ya da o Saatı gördükləri zaman onlar kimin məqamının daha pis, kimin ordusunun daha zəif olduğunu biləcəklər”.

Məryəm surəsi, 75

İnkarçılara çətinlik və sıxıntı verəndir

Allah kimi doğru yola yönəltmək istəsə, onun köksünü İslam üçün açar, kimi azdırmaq istəsə, onun köksünü, sanki o, göyə çıxırmış kimi daraldar və sıxıntılı edər. Allah iman gətirməyənləri beləcə cəzalandırar.

Ənam surəsi, 125

İnkarçıları azdırandır

Pis əməli özünə gözəl göstərilib onu yaxşı hesab edənlə, doğru yolla gedən kimsə eyni ola bilərmi? Həqiqətən, Allah istədiyini zəlalətə salır, istədiyini də doğru yola yönəldir. Sən onlara görə özünü üzüb əldən salma. Şübhəsiz ki, Allah onların nə törətdiklərini bilir.

Fatir surəsi, 8

Onlara Allahdan başqa kömək edəcək dostlar olmayacaqdır. Allah kimi azğınlığa salsa, onun üçün heç bir qurtuluş yolu olmaz.

Şura surəsi, 46

İnkarçıları öldürücü olandır

Sən Allah yolunda vuruş! Sən ancaq özünə cavabdehsən. Möminləri də döyüşə təşviq et! Ola bilsin ki, Allah kafirlərin qüvvəsinin qarşısını alsın. Allahın qüvvəsi daha çox, cəzası daha şiddətlidir.

Nisa surəsi, 84

İnkarçılardan intiqam alandır

Biz onu ayələrimizi yalan hesab edən adamlardan müdafiə etdik. Doğrudan da onlar pis adamlar idilər. Odur ki, Biz onların hamısını suya batırdıq.

Ənbiya surəsi, 77

Rəbbinin ayələri yadına salındıqdan sonra onlardan üz döndərən kəsdən daha zalım kim ola bilər? Şübhəsiz ki, Biz günahkarlardan intiqam alacağıq.

Səcdə surəsi, 22

Biz də onlardan intiqam aldıq. Bir gör haqqı yalan sayanların aqibəti necə oldu.

Zuxruf surəsi, 25

İnkarçıları əzablandırandır

Kafir olub insanları Allah yolundan sapdıranlara törətdikləri fitnəfəsada görə əzab üstündən əzab artıracağıq.

Nəhl surəsi, 88

Qəlbi imanla sabit qaldığı halda haqqı danmağa məcbur edilən kəslər istisna olmaqla, kim iman gətirdikdən sonra Allahı inkar etsə və qəlbini küfrə açsa, Allahın qəzəbinə düçar olar. Onlar üçün böyük bir əzab vardır.

Nəhl surəsi, 106

Bizə vəhy olundu ki, əzab, haqqı yalan sayıb üz döndərənlərə veriləcəkdir!”

Taha surəsi, 48

Allahın ayələrinə inanmayanları, əlbəttə ki, Allah doğru yola yönəltməz və onlar üçün ağrılı-acılı bir əzab vardır.

Nəhl surəsi, 104

İnkarçılar üçün cəhənnəmi yaradandır

Hər kəs doğru yol ona bəlli olduqdan sonra Peyğəmbərə qarşı çıxsa və möminlərin yolundan başqa bir yolla getsə, onu üz tutduğu yola yönəldər və Cəhənnəmdə yandırarıq. Ora nə pis dönüş yeridir.

Nisa surəsi, 115

Münafiqlərin qəlblərindəki xəstəliyi ortaya çıxarandır

Uhudda iki qoşunun üz-üzə gəldiyi gün sizə üz vermiş müsibət Allahın izni ilə oldu ki, möminləri aşkara çıxartsın

Ali İmran surəsi, 166

və münafiqləri bəlli etsin. Onlara:

“Gəlin, Allah yolunda döyüşün, yaxud heç olmasa müdafiədə durun!” – deyildi. Onlar: “Döyüş olacağını bilsəydik sizin ardınızca gedərdik” – dedilər. Onlar o gün imandan çox küfrə yaxın idilər. Onlar qəlblərində olmayanı ağızları ilə deyirlər. Halbuki Allah onların nəyi gizlətdiklərini çox yaxşı bilir.

Ali İmran surəsi, 167

Münafiqləri rüsvay edəndir

Onlarla vuruşun ki, Allah sizin əllərinizlə onlara əzab versin, onları rüsvay etsin, sizə onların üzərində qələbə çaldırsın, mömin camaatın qəlbini sevindirsin

Tövbə surəsi, 14

Münafiqləri əzablandırandır

Allah münafiq kişilərə, münafiq qadınlara və kafirlərə içərisində əbədi qalacaqları Cəhənnəm odu vəd etmişdir. Bu onlara kifayət edər! Allah onlara lənət etmişdir. Onlar üçün daimi bir əzab vardır.

Tövbə surəsi, 68

Möminləri doğru yola yönəldəndir

Əgər oxunan bir kitabla dağlar hərəkətə gətirilsəydi və ya onunla yer parçalansaydı və yaxud da onun sayəsində ölülər danışsaydılar o kitab yenə bu Quran olardı. Lakin bütün işlər Allaha məxsusdur. İman gətirənlər hələ bilmirlərmi ki, əgər Allah istəsəydi, bütün insanları doğru yola yönəldərdi? Allahın vədi gəlincəyə qədər etdikləri əməllərə görə kafir olanlara müsibət üz verməkdə davam edəcək və ya onların yurdunun yaxınlığında dayanacaqdır. Şübhəsiz ki, Allah vədinə xilaf çıxmaz.

Rad surəsi, 31

Doğru yolla gedənlərə gəldikdə isə, Allah onlara hidayətini artırar və onları təqvalı olmağa müvəffəq edər.

Məhəmməd surəsi, 17

Səni çaşqın olduğun halda doğru yola yönəltmədimi?

Duha surəsi, 7

Kafir olanlar deyirlər:

“Niyə ona Rəbbindən bir möcüzə endirilməyib?” De: “Şübhəsiz ki, Allah istədiyini sapdırır. Tövbə edib Ona üz tutan kimsəni isə doğru yola yönəldir”.

Rad surəsi, 27

Biz dedik: “Hamınız oradan yerə enin! Mənim tərəfimdən sizə doğru yol göstəricisi gəldikdə Mənim yol göstəricimin ardınca gedənlərə heç bir qorxu yoxdur və onlar kədərlənməyəcəklər”.

Bəqərə surəsi, 38

Doğru yol göstərmək Allaha aiddir. Əyri yollar da vardır. Əgər O istəsəydi, sizin hamınızı doğru yola yönəldərdi.

Nəhl surəsi, 9

Allah, Onun rizasını arayan şəxsləri bu Kitabla əmin-amanlıq yollarına yönəldir, onları Öz izni ilə zülmətlərdən nura çıxarır və düz yola yönəldir.

Maidə surəsi, 16

Bu, Allahın hidayətidir. Bununla O, qullarından istədiyi şəxsi doğru yola yönəldir. Əgər Ona şərik qoşsaydılar, əlbəttə, etdikləri əməllər puç olardı.

Ənam surəsi, 88

Musa dedi: “Rəbbimiz hər şeyə öz xilqətini verən, sonra da ona doğru yolu göstərəndir!”

Taha surəsi, 50

Biz sənə Öz əmrimizdən olan ruhu (Quranı) vəhy etdik. Sən kitab nədir, iman nədir bilmirdin. Lakin Biz onu, qullarımızdan istədiyimizi doğru yola yönəltmək üçün, bir nur etdik. Həqiqətən, sən onları doğru yola yönəldirsən –

Şura surəsi, 52

Möminləri bir araya gətirəndir

Hər kəsin üz tutduğu bir qibləsi vardır. Yaxşı işlər görməkdə birbirinizlə yarışın. Harada olursunuz olun Allah sizin hamınızı bir yerə toplayacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.

Bəqərə surəsi, 148

Möminlərin qəlblərini birləşdirəndir

Allah onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir.

Ənfal surəsi, 63

Əgər onlar səni aldatmaq istəsələr, bil ki, sənə Allah yetər. O, səni həm Öz köməyi ilə, həm də möminlərlə qüvvətləndirdi.

Ənfal surəsi, 62

Allah onların qəlblərini birləşdirdi. Əgər sən yer üzündə olanların hamısını sərf etsəydin belə, onların qəlblərini birləşdirə bilməzdin. Lakin Allah onları birləşdirdi. Həqiqətən, O, Qüdrətlidir, Müdrikdir.

Ənfal surəsi, 63

Ey Peyğəmbər! Sənə və sənin ardınca gedən möminlərə Allah kifayət edər.

Ənfal surəsi, 64

Hamınız Allahın ipindən möhkəm yapışın və parçalanmayın! Allahın sizə olan nemətini xatırlayın ki, siz bir-birinizə düşmən idiniz, O, sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində bir-birinizlə qardaş oldunuz. Siz odlu bir uçurumun lap kənarında idiniz. O, sizi ondan xilas etdi. Allah Öz ayələrini sizə beləcə bəyan edir ki, bəlkə doğru yola gələsiniz.

Ali İmran surəsi, 103

Möminlərə imanı sevdirib, küfrü çirkin göstərəndir

Bilin ki, Allahın Elçisi aranızdadır. Əgər o, bir çox işlərdə sizə güzəştə getsəydi, çətinliyə düşərdiniz. Lakin Allah sizə imanı sevdirmiş, onu qəlbinizə gözəl göstərmiş, sizdə küfrə, günaha və asi olmağa qarşı nifrət oyatmışdır. Doğru yolda olanlar da bunlardır.

Hucurat surəsi, 7

Möminlərin işlərini asanlaşdırandır

Allah sizin üçün şəriət hökmlərini yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır.

Nisa surəsi, 28

Heyzdən kəsilmiş yaşlı qadınlarınızın iddəsi barəsində şübhəniz varsa, onların, eləcə də hələ heyz görməmiş qızların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar.

Talaq surəsi, 4

Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz.

Muminun surəsi, 62

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik.

Əraf surəsi, 42

Kim haqqını verir və Allahdan qorxursa,

Leyl surəsi, 5

və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə,

Leyl surəsi, 6

Biz onu ən asan olana nail edəcəyik.

Leyl surəsi, 7

Səni ən asan olana müvəffəq edərik.

Əla surəsi, 8

Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən.

Məryəm surəsi, 97

İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.

Bəqərə surəsi, 185

Məgər Biz sənin üçün köksünü açmadıqmı?

İnşirah surəsi, 1

Yükünü səndən götürmədikmi?

İnşirah surəsi, 2

Onlar belini bükürdü.

İnşirah surəsi, 3

Biz adını sənə görə ucaltmadıqmı?

İnşirah surəsi, 4

Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir.

İnşirah surəsi, 5

Əlbəttə ki, hər çətinliyin ardınca asanlıq gəlir.

İnşirah surəsi, 6

Möminləri sevəndir

Ey iman gətirənlər! Sizlərdən hər kim dinindən dönsə, Allah onun əvəzinə Özünün sevdiyi və Onu sevən, möminlərə qarşı mülayim, kafirlərə qarşı isə sərt olan, Allah yolunda cihad edən və tənə edənin tənəsindən qorxmayan bir camaat gətirər. Bu, Allahın lütfüdür, onu istədiyinə verər. Allah hər şeyi Əhatə edəndir, Biləndir.

Maidə surəsi, 54

Heç vaxt orada namaz qılma. İlk gündən təqva üzərində qurulmuş məscid, əlbəttə, içində namaz qılmağın üçün daha layiqdir. Orada təmizlənməyi sevən kişilər vardır. Allah da təmizlənənləri sevir.

Tövbə surəsi, 108

Möminlərə güvən duyğusu və hüzur verəndir

Əgər siz Peyğəmbərə kömək etməsəniz, bilin ki, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq Məkkədən çıxartdılar. O iki nəfər mağarada olarkən onlardan biri öz yoldaşına (Əbu Bəkrə) dedi: “Qəm yemə, Allah bizimlədir!” Bundan sonra Allah ona arxayınlıq nazil etdi, sizin görmədiyiniz döyüşçülərlə ona yardım göstərdi və kafirlərin sözünü alçaltdı. Ancaq Allahın Sözü ucadır. Allah Qüdrətlidir, Müdrikdir.

Tövbə surəsi, 40

Sonra Allah Öz Elçisinə və möminlərə əminlik nazil etdi, görə bilmədiyiniz döyüşçülər göndərdi və kafirlərə əzab verdi. Budur kafirlərin cəzası.

Tövbə surəsi, 26

O zaman Allah Öz tərəfindən bir təskinlik olsun deyə, sizə yüngül bir mürgü göndərmiş, göydən sizin üzərinizə yağmur endirmişdi ki, onunla sizi təmizləsin, şeytanın vəsvəsəsini sizdən uzaq etsin, qəlbinizi möhkəmləndirsin və onunla qədəmlərinizi sabit etsin.

Ənfal surəsi, 11

Möminlərin imanı üstünə iman artırmaq üçün onların qəlbinə rahatlıq göndərən Odur. Göylərin və yerin orduları Allahındır. Allah Biləndir, Müdrikdir.

Fəth surəsi, 4

Möminlər Hüdeybiyyədə ağac altında sənə beyət edərkən Allah onlardan razı qaldı. Allah onların qəlbində olanı bildi, onlara mənəvi rahatlıq nazil etdi və onları yaxın bir zəfərlə mükafatlandırdı.

Fəth surəsi, 18

Möminlərin pisliklərini örtəndir

İman gətirərək yaxşı əməl işlədənlərin, əlbəttə ki, təqsirlərindən keçərik və onları etdikləri əməllərdən daha üstün olanı ilə mükafatlandırarıq.

Ənkəbut surəsi, 7

Beləcə, Allah onların etdikləri ən pis əməlləri bağışlayacaq və etdikləri ən yaxşı əməllərə görə mükafatlarını verəcəkdir.

Zumər surəsi, 35

O gün Allah sizi Toplanma gününə cəm edəcək. Həmin gün qarşılıqlı aldanma günüdür. Hər kəs Allaha iman gətirib yaxşı işlər görsə, Allah onun günahlarını bağışlayar və onu ağacları altından çaylar axan Cənnət bağlarına daxil edər. Onlar orada əbədi qalacaqlar. Bu, böyük müvəffəqiyyətdir.

Təğabun surəsi, 9

Ey iman gətirənlər! Əgər Allahdan qorxsanız, O sizə haqla nahaqqı ayırd etmə bacarığı verər, günahlarınızdan keçər və sizi bağışlayar. Allah böyük lütf sahibidir.

Ənfal surəsi, 29

Möminlər üçün cənnəti yaradandır

Onlara deyiləcəkdir:

“Həqiqətən, bu sizə bir hədiyyədir və səyiniz təşəkkürə layiqdir”.

İnsan surəsi, 22

Biz o Axirət yurdunu yer üzündə təkəbbürlük etmək və fitnə-fəsad törətmək istəməyənlərə nəsib edirik. Gözəl aqibət müttəqilərindir.

Qəsas surəsi, 83

Bunun əvəzində Allah da onları həmin günün şərindən qoruyar və onlara gözəllik və sevinc nəsib edər;

İnsan surəsi, 11

onlara səbir etdiklərinə görə Cənnəti bəxş edər və orada geyəcəkləri ipəklə mükafatlandırar.

İnsan surəsi, 12

İman gətirib hicrət edən və Allah yolunda öz malı və canı ilə cihad edənlərin Allah yanında ən yüksək dərəcələri vardır. Məhz onlar nicat tapanlardır.

Tövbə surəsi, 20

Rəbbi Öz tərəfindən onları bir mərhəmət, razılıq və içərisində onlar üçün tükənməz nemətlər olan Cənnət bağları ilə müjdələyir.

Tövbə surəsi, 21

İman gətirib yaxşı işlər görənlər üçün Nəim bağları hazırlanmışdır.

Loğman surəsi, 8

Dinə yardım edənlərə dünyada və axirətdə yardım edəndir

Ey iman gətirənlər! Əgər siz Allaha (Onun dininə) kömək göstərsəniz, O da sizə kömək göstərər və ayaqlarınızı möhkəmlədər.

Məhəmməd surəsi, 7

Şübhəsiz ki, Biz Öz elçilərimizə və möminlərə həm dünya həyatında, həm də şahidlərin şəhadət verəcəyi gün yardım edəcəyik.

Mümin surəsi, 51

Ən gözəl adlar Allahındır…

Əraf surəsi, 180

ALLAH: Bütün gözəl sifətləri özündə ehtiva edən

AXIR: Hər şey yox olduqdan sonra da var olan

ALİYY: Çox uca olan

ALİM: Hər şeyi çox yaxşı bilən

ASİM: Qoruyan

BAİS: Göndərən (peyğəmbər)

BAQİ: Davam edən, fani olmayan

BARİ: Yaradan, qüsursuzca var edən

BASİR: Yaxşı görən

BATİN: Gizli

BASİT: Açan, genişlədən, bollaşdıran

BƏDİ: Nümunəsiz olaraq yaradan

BƏRR: Qullarına qarşı yaxşılığı çox olan

CABBAR: Dilədiyini zorla etdirən

CAMİ: İstədiyi yerdə yığan

DAİ: Çağıran, dəvət edən

DAFİQ: Bəlaları dəf edən, uzaqlaşdıran

DARR: Zərər verən şeylər yaradan

ƏDL: Adil olan, ədaləti əmr edən

ƏFÜVV: Əfvi çox olan

ƏHKAM-ÜL

HAKİMİN: Hökm verənlərin hakimi

ƏZM: Çox əzəmətli, böyük olan

ƏZİZ: Üstün, qüvvətli

ƏR-HAMUR-RAHİMİN: Mərhəmətlilərin ən mərhəmətlisi

ƏVVƏL: İlk

FALİQ: Yaran

FASIL: Ayıran, açıqlayan

FATIR: Yaradan, icad edən

FƏTTAH: Çox yaxşı hökm verən, hökm edən

HADİ: Hidayət lütf edən

HAFİD: Alçaldan

HAFİZ: Qoruyan, mühafizə edən

HAKİM: Hökm edən, haqqı yerinə yetirən

HASİB: Haqq-hesab çəkən

HAYY: Diri

HAQQ: Varlığı heç dəyişmədən dayanan

HƏLİM: Şəfqətli, mərhəmətli, həlim olan

HƏMİD: Ancaq Özünə şükr edilən

XALİQ: Yoxdan var edən

XƏBİR: Xəbərdar olan

KABID: Sıxan, daraldan

KABİL: Qəbul edən, bağışlayan

KADİ: Hökmünü yerinə yetirən

KARİB: Yaxın olan

KASİM: Paylaşdıran

KAVİ: Çox güclü olan

KAFİ: Kifayət edən

KƏBİR: Çox böyük

KƏRİM: Kərəmi bol olan

QAFFAR: Bağışlaması çox olan

QANİYY: Çok zəngin

QADİR: Gücü çatan

QAHHAR: Qəhr edən

QƏDİM: Əvvəldən xəbərdar edən

QƏYYUM: İdarə edib qüvvədə saxlayan

QUDDÜS: Əskiklikdən çox uzaq

LƏTİF: Lütf sahibi, lütf edən

MAKİR: Tələ quran

MALİK-İ

YƏVMİD-DİN: Din gününün sahibi

MALİK-ÜL

MÜLK: Mülkün əbədi sahibi

MƏCİD: Şanı böyük və yüksək

MƏLCA: Özünə Sığınılan

MƏLİK: Bütün kainatın sahibi

MƏTİN: Çox qüdrətli olan

MÖVLA: Möminlərin dostu olan

MÖMİN: Əminlik yaradan MUAXXİR /

MUQƏDDİM: İstədiyini yubadan, tezləşdirən

MUAZZİB: Əzablandıran

MUHİT: Əhatə edən MUBKİ / MUDHİK: Ağladan / güldürən

MUCİB: Razılıq edən

MUĞNİ: İstədiyini zəngin edən

MUHSİ: Hər şeyin sayını bilən

MUHSİN: Lütfkar

MUHYİ: Sağlamlıq verən, dirildən, yaşadan

MUKALLİB: Çevirən (ürəkləri)

MÜKMİL: Kamilləşdirən

MÜSƏVVİR: Şəkil və surət verən

MÜSƏVVA: Şəkilləndirən, surət verən

MUTAHHİR: Mənəvi çirklərdən təmizləyən

MÜVƏFFİ: Əhdini yerinə yetirən

MÜDRİK: Hikmət sahibi

MÜQTƏDİR: Qüvvət və qüdrət sahibi

MÜNTƏQİM: İntiqam alan

MÜBƏŞŞİR: Müjdələyən

MÜBƏYYİN: Açıqlayan

MÜDƏBBİR: İdarə edən

MÜHƏYMİN: Nəzarət edən və qoruyan

MÜSTƏAN: Özünə ehtiyac olunan

MÜTƏALİ: Çox Uca

MÜTƏKƏBBİR: Böyüklüyünü göstərən

MÜYƏSSİR: Asanlaşdıran, dində asanlıq verən

MÜZƏKKİ: Qullarını təmizə çıxaran

MÜZƏYYİN: Bəzəyən

MÜZİL: Zillətə salan

NASİR: Kömək edən

NUR: Aləmləri nurlandıran

RAFİ: Yüksəldən

RAQİB: Bütün işləri idarə edən

RAUF: Çox əsirgəyən, çox şəfqətli

RƏBBİL-ALƏMİN: Aləmlərin Rəbbi RƏHMAN/RƏHİM: Mərhəmətli

RƏZZAQ: Ruzi verən

SAMƏD: Heç kəsə möhtac olmayan

SADİQ: Vədinə sadiq

SAİQ: Cəhənnəmə atan

SANİ: Sənətçi,

SALAM: Salamatlığa çıxaran

SƏMİ: Eşidən

ŞAFİ: Şəfa verən

ŞARİH: Açan

ŞAHİD: Şahid olan

ŞƏFİ: Şəfaətçi

ŞƏKUR: Qarşılıq verən

TƏVVAB: Tövbələri qəbul edən

VAHİD: Tək olan

VARİS: Sərvətlərin həqiqi sahibi

VASİ: Hər şeyi əhatə edən

VƏDUD: Yaxşı qullarını sevən

VƏHHAB: Hədiyyəsi çox olan

VƏKİL: Təvəkkül edənlərin işini düzəldən

VƏLİ: İman gətirənlərin dostu

ZAHİR: Aşkar olan

ZÜLCƏLAL-İ

VƏL

İKRAM: Böyük, həm kərəm və ikram sahibi