Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quran məlumatı: Mövzularına görə ayələr

Mündəricat
  1. Giriş
  2. Allah
  3. Quran-i Kərim
  4. Möminlər
  5. Münafiqlər
  6. İman etməyənlər
  7. Mövzularına görə ayələr
  8. Quranda intizam anlayışı
  9. Dünya həyatı
  10. Allahın əmr və tövsiyələri
  11. Quran və elm

Hər şey qədərə görə yaradılmışdır

Sonra O, bu qəm-qüssənin ardınca sizə bir təskinlik – bir qisminizi bürüyən mürgü nazil etdi. O biri qisminiz isə öz canlarının hayına qaldı. Onlar:

“Bu işdə bizim üçün bir xeyir varmı?” – deyə Allah barəsində haqsız olaraq, cahiliyyə dövründəkinə bənzər düşüncələrə qapıldılar. De: “Bütün işlər Allaha aiddir!” Onlar sənə bildirmədiklərini öz içərilərində gizlədir: “Əgər bu işdə bizim üçün bir xeyir olsaydı, elə buradaca öldürülməzdik” – deyirlər. De: “Əgər siz evlərinizdə olsaydınız belə, öldürülməsi qabaqcadan müəyyən edilmiş kimsələr yenə çıxıb öləcəkləri yerlərə gedərdilər. Allah sizin kökslərinizdə olanları sınamaq, qəlblərinizdə olanları təmizləmək üçün belə etdi. Allah kökslərdə olanları bilir”.

Ali İmran surəsi, 154

Biz, həqiqətən də, hər şeyi qədərincə yaratdıq.

Qamər surəsi, 49

De: “Allahın istədiyindən başqa, mən özümə nə bir zərər, nə də bir xeyir verməyə qadirəm. Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər”.

Yunis surəsi, 49

Sən hansı bir işdə olsan, Qurandan nə oxusan, siz nə iş görsəniz, başınız ona qarışarkən Biz sizə şahid olarıq. Nə yerdə, nə də göydə zərrə qədər bir şey Rəbbindən gizli qalmaz. Bundan daha kiçiyi və daha böyüyü yoxdur ki, açıq-aydın Yazıda (Lövhi-Məhfuzda) olmasın.

Yunis surəsi, 61

Əgər Rəbbin tərəfindən əvvəlcədən vəd edilmiş Söz və müəyyən edilmiş bir vaxt olmasaydı, əzab onları dərhal yaxalayardı.

Taha surəsi, 129

Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubandırar.

Muminun surəsi, 43

Əgər Allah sizi azdırmaq istəyirsə, mən sizə nəsihət vermək istəsəm belə nəsihətim sizə fayda verməz. O sizin Rəbbinizdir və Ona da qaytarılacaqsınız”.

Hud surəsi, 34

Əgər Allah sənə bir zərər toxundursa, bunu Ondan başqa heç kəs aradan qaldıra bilməz. Əgər sənə bir xeyir diləsə, heç kəs Onun lütfünün qarşısını ala bilməz. O, bunu Öz qullarından istədiyinə nəsib edər. O, Bağışlayandır, Rəhmlidir.

Yunis surəsi, 107

O zaman bacın gedib camaata deyirdi:

“Sizə onun qayğısına qalacaq birisini göstərimmi?” Beləliklə, gözü aydın olsun və qəm yeməsin deyə, səni anana qaytardıq. Sən boya-başa çatdıqda bir nəfəri öldürdün. O vaxt Biz səni qəm-qüssədən qurtardıq. Biz səni çətin sınaqlardan keçirtdik. Sən illərlə Mədyən əhli içində qaldın. Sonra da müəyyən olunmuş məqama gəlib çatdın, ey Musa!

Taha surəsi, 40

İnsanlar vahid bir ümmət idilər, sonra ixtilafa düşdülər. Əgər Rəbbin tərəfindən əzəldən bir Söz verilməsəydi, ixtilafa düşdükləri şey barəsində aralarında dərhal hökm verilərdi.

Yunis surəsi, 19

Rəbbin istədiyini yaradır və istədiyini də peyğəmbər seçir. Onların isə seçməyə haqqı yoxdur. Allah pakdır, müqəddəsdir və onların qoşduqları şəriklərdən ucadır.

Qəsas surəsi, 68

Yer üzündə baş verən və sizin başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, Yazıda müəyyən edilmiş olmasın. Şübhəsiz ki, bu, Allah üçün çox asandır.

Hədid surəsi, 22

Göydə və yerdə elə bir gizli şey yoxdur ki, açıq-aydın Yazıda (Lövhiməhfuzda) olmasın.

Nəml surəsi, 75

Heç bir ümmət öz əcəlini nə qabaqlaya bilər, nə də yubada bilər.

Hicr surəsi, 5

Hər ümmətin bir əcəli vardır. Onların əcəli gəldiyi zaman bircə saat belə nə yubanar, nə də qabağa keçə bilərlər.

Əraf surəsi, 34

Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən Odur. Onun yanında Qiyamət günü üçün də bəlli bir əcəl vardır. Bunu bildikdən sonra siz yenə də şübhə edirsiniz.

Ənam surəsi, 2

Hər bir kəs ancaq Allahın izni ilə, əzəldən müəyyən edilmiş bir vaxtda ölür. Kim dünya mükafatını istəsə, ona bundan verərik. Kim də axirət mükafatını istəsə, ona da ondan verərik. Biz şükür edənləri mütləq mükafatlandıracağıq.

Ali İmran surəsi, 145

De: “Allahın bizim üçün yazdığından başqa bizim başımıza heç nə gəlməz. O bizim Himayədarımızdır. Qoy möminlər yalnız Allaha təvəkkül etsinlər!”

Tövbə surəsi, 51

Allahın qoyduğu sərhədlərə görə yaşamaq

Allah, – məcburiyyət qarşısında yeyəcəyiniz şeylər istisna olmaqla – haram buyurulanları təfərrüatı ilə sizə bildirdiyi halda, üstündə Onun adı çəkilənlərdən nə üçün yeməyəsiniz? Şübhəsiz ki, çoxları elmsiz olduqları üçün öz istəklərinə uyub insanları doğru yoldan azdırırlar. Həqiqətən, sənin Rəbbin, həddi aşanları daha yaxşı tanıyır.

Ənam surəsi, 119

Boşanma iki dəfə olar. Bundan sonra qadını şəriətə müvafiq qayda üzrə saxlamaq, yaxud xoşluqla buraxmaq gərəkdir. Onlara verdiklərinizdən bir şey götürmək sizə halal olmaz. Yalnız hər ikisinin Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxması istisnadır. Əgər siz onların Allahın hədlərini yerinə yetirməyəcəklərindən qorxsanız, qadının boşanmaq üçün bir şey əvəz verməsində ikisinə də heç bir günah yoxdur. Bunlar Allahın hüdudlarıdır, onları aşmayın! Allahın hüdudlarını aşanlar – məhz onlar zalımlardır.

Bəqərə surəsi, 229

Bunlar Allahın qoyduğu hüdudlarıdır. Kim Allaha və Onun Elçisinə itaət edərsə, Allah onu ağacları altından çaylar axan, içində əbədi qalacaqları Cənnət bağlarına daxil edər. Bu, böyük uğurdur.

Nisa surəsi, 13

Kim Allaha və Onun Elçisinə asi olub Onun hüdudlarını aşarsa, Allah onu içində əbədi qalacağı Cəhənnəm oduna vasil edər. Onun üçün alçaldıcı bir əzab vardır.

Nisa surəsi, 14

Kim bu əməlləri düşmənçilik və zülm etməklə yerinə yetirərsə, Biz onu odda yandıracağıq. Bu da Allah üçün asandır.

Nisa surəsi, 30

Ey iman gətirənlər! Allahın sizə halal buyurduğu təmiz ruziləri haram etməyin və həddi aşmayın. Həqiqətən, Allah həddi aşanları sevmir.

Maidə surəsi, 87

Tövbə edən, ibadət edən, həmd edən, oruc tutan, rüku və səcdə edən, yaxşı işlər görməyi buyurub pis əməlləri qadağan edən və Allahın qoyduğu hüdudlarını qoruyan o möminləri müjdələ.

Tövbə surəsi, 112

Bax belə! Hər kim Allahın haram buyurduqlarına hörmət etsə, bu, Rəbbi yanında onun üçün xeyirli olar. Haram olduğu sizə oxunanlardan başqa, qalan heyvanlar sizə halal edilmişdir. Elə isə murdar bütlərdən uzaq olun, yalan sözlərdən də çəkinin;

Həcc surəsi, 30

O kəslər ki, tənasül üzvlərini zinadan qoruyurlar –

Məaric surəsi, 29

zövcələrindən və sahib olduqları cariyələrdən başqa. Buna görə onlar əsla qınanmazlar.

Məaric surəsi, 30

Bundan artığını istəyənlər isə həddi aşanlardır.

Məaric surəsi, 31

Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində boşayın, gözləmə müddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Onları, açıq-aşkar zinakarlıq etmələri istisna olmaqla, öz evlərinizdən qovub çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hüdudlarıdır. Allahın qoyduğu hüdudları aşan kimsə özünə zülm etmiş olar. Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir hökm versin.

Talaq surəsi, 1

Sonra isə, onlara verdiyimiz vədi yerinə yetirdik. Biz həm onları, həm də istədiyimiz kəsləri xilas edib, həddi aşanları məhvə uğratdıq.

Ənbiya surəsi, 9

Biz həddi aşanı və Rəbbinin ayələrinə inanmayanı belə cəzalandırırıq. Axirət əzabı isə, daha şiddətli və daha sürəklidir.

Taha surəsi, 127

Rəbbinizə acizanə, həm də gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevmir.

Əraf surəsi, 55

Dində çətinlik yoxdur

İnsanlara doğru yolu göstərən, bu yolun və haqqı batildən ayırd edənin açıq-aydın dəlilləri olan Quran ramazan ayında nazil edilmişdir. Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar. Xəstə və ya səfərdə olanlar isə başqa günlərdə eyni sayda oruc tutmalıdırlar. Allah sizin üçün çətinlik deyil, asanlıq istəyir. O, istəyir ki, siz müddəti (buraxdığınız günlərin orucunu) tamamlayasınız və sizi doğru yola yönəltdiyinə görə Onu uca tutasınız. Bəlkə şükür edəsiniz.

Bəqərə surəsi, 185

Biz Quranı sənə ona görə nazil etmədik ki, əziyyətə düşəsən.

Taha surəsi, 2

Onu Allahdan qorxanlar üçün ancaq nəsihət kimi göndərdik.

Taha surəsi, 3

Biz Quranı yada salmaq üçün asanlaşdırdıq. Amma heç bir yada salan varmı?

Qamər surəsi, 17

Biz onu (Quranı) sənin dilinlə asanlaşdırdıq ki, onunla müttəqilərə müjdə verəsən və inadkarlara xəbərdarlıq edəsən.

Məryəm surəsi, 97

Heyzdən kəsilmiş yaşlı qadınlarınızın iddəsi barəsində şübhəniz varsa, onların, eləcə də hələ heyz görməmiş qızların gözləmə müddəti üç aydır. Hamilə qadınların gözləmə müddəti isə onlar hamiləlikdən azad olana qədərdir. Kim Allahdan qorxarsa, Allah onun işini asanlaşdırar.

Talaq surəsi, 4

Səni ən asan olana müvəffəq edərik.

Əla surəsi, 8

Kim haqqını verir və Allahdan qorxursa,

Leyl surəsi, 5

və ən gözəl olanı (lə ilahə illəllahı) təsdiq edirsə,

Leyl surəsi, 6

Biz onu ən asan olana nail edəcəyik.

Leyl surəsi, 7

Allah sizin üçün şəriət hökmlərini yüngülləşdirmək istəyir, çünki insan zəif yaradılmışdır.

Nisa surəsi, 28

İman gətirib yaxşı əməl edənlər isə Cənnət sakinləridir. Onlar orada əbədi qalacaqlar. Biz hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər yükləyirik.

Əraf surəsi, 42

Biz hər kəsi yalnız qüvvəsi çatdığı qədər yükləyirik. Yanımızda haqqı deyən bir Kitab vardır. Onlara zülm olunmaz.

Muminun surəsi, 62

Allah yolunda lazımınca cihad edin. O, sizi seçdi və atanız İbrahimin dinində olduğu kimi, bu dində də sizin üçün heç bir çətinlik yaratmadı. Peyğəmbər sizə, siz də insanlara şahid olasınız deyə, Allah həm əvvəl nazil etdiyi kitablarda, həm də bu Kitabda sizi müsəlman adlandırdı. Elə isə namaz qılın, zəkat verin və Allaha möhkəm sarılın. O sizin Himayədarınızdır. O nə gözəl Himayədar, nə gözəl Yardımçıdır!

Həcc surəsi, 78