Möminlər hər mövzunu “doğrunu səhvdən ayıran” Qurana görə təyin edərlər. Quranda isə həqiqi mərhəmətin nə olduğu, hansı şərtlərdə, kimlərə və necə göstərilməli olduğu “açıq-aşkar ayələrlə” bildirilmişdir. Bu mövzular ətraflı şəkildə izah ediləcək.
Allah Quranda inananların, “inkar edənlərə qarşı sərt, bir-birlərinə qarşı isə mərhəmətlidirlər.” (Fəth surəsi, 29) olduqlarını bildirmişdir. Ayənin bu ifadəsindən aydın olduğu kimi, möminlərin şəfqət və mərhəmət göstərdiyi şəxslər yenə möminlər, yəni Allaha inanan, Ondan qorxub çəkinən insanlardır. Onlar bunu hər şeydən əvvəl Allahın əmri olaraq yerinə yetirərlər. Bununla yanaşı, möminlərin Allaha olan sevgilərini, Onun rizasını qazanmaq üçün göstərdikləri səyləri və yaşadıqları gözəl əxlaqı görmək digər möminlərdə sevgi, şəfqət və mərhəmət yaranmasına səbəb olur. “Sizin dostunuz ancaq Allah, onun elçisi, rüku edərək namaz qılan və zəkat verən möminlərdir.” (Maidə surəsi, 55) ayəsinin gərəyi olaraq bir-birlərinin vəliləri olduqlarını bilirlər və səmimi və sevgi ilə hərəkət edərlər. Bu xüsusiyyətləri başqa bir ayədə belə ifadə edilmişdir:
Mömin kişilər və mömin qadınlar da bir-birlərinin dostudurlar. Onlar yaxşı işləri əmr edər, pis işləri qadağan edər, namazı qılar, zəkatı verər, Allaha və elçisinə itaət edərlər. Allah onlara mərhəmət edəcəkdir. Şübhəsiz ki, Allah yenilməz qüvvət və hikmət sahibidir.
Məhz möminlər bu dostluq anlayışı ilə bir-birlərinə çətinlik yaradacaq hər cür təsiri ortadan qaldırmağa, hüzur, rahatlıq verici mühit yaratmağa çalışırlar. Digər mömin bacı-qardaşlarının da özləri kimi aciz bəndə olduqlarını və bu səbəbdən də həmişə səhv edə biləcəklərini, səhv düşünə biləcəklərini, unutqanlıq göstərə biləcəklərini bilirlər. Buna görə də heç vaxt qəzəblənmədən və ya mərhəmətsizlik göstərmədən bir-birlərini şəfqətlə doğruya dəvət edərlər.
Ancaq bununla yanaşı, Allah möminlərə inkar edənlərə qarşı “sərt” olmalarını əmr etmişdir. Çünki onlar Allahın dininə qarşı mübarizə aparan və hətta din əxlaqının yaşanmasına mane olmağa çalışan şəxslərdir. Bu vəziyyətdə bu şəxslərə göstəriləcək mərhəmət, dinə vurulacaq zərərə göz yummaq deməkdir ki, məhz bu da, möminlərin əsla icazə verməyəcəkləri və həyatının sonuna qədər mübarizə aparacaqları davranışdır. Buna görə də mərhəmətləri, Allahdan qorxan və var gücü ilə Onun rizasını qazanmaq üçün səy göstərən səmimi möminlərədir.
Quranda hicrət edənlər ayədə bu cür təsvir edilir:
“...Onlar, Allahdan lütf və riza diləyib, Allaha və Onun elçisinə yardım edərkən yurdlarından və mallarından uzaqlaşdırılmışlar....”
Yenə başqa bir ayədə bu şəxslərin yalnız, “Rəbbimiz Allahdır” (Həcc surəsi, 40) dediklərinə görə inkar edənlər tərəfindən haqsız yerə sürgün edildikləri bildirilir.
Allah möminləri, Öz yolunda hicrət edən bu şəxsləri qorumaqla vəzifələndirmiş və bir-birlərinin vəliləri olduğunu bildirmişdir:
“Şübhəsiz ki, iman edib hicrət edənlər, Allah yolunda malları və canları ilə cihad edənlər və (mühacirlərə) sığınacaq verib yardım edənlər bir-birinin dostudurlar...”
Allahın “sığınacaq verib yardım edənlər” olaraq adlandırdığı möminlər, maddi-mənəvi sahib olduqları hər cür imkanı arxalarında buraxaraq onlara sığınan bu şəxslərə, bəlkə də daha əvvəl heç tanımadıqları halda kömək əlini uzadarlar. Hicrət edib gələn bu insanların nə mal varlığının miqdarı, nə etibarları, nə də peşələri, onlar üçün heç bir əhəmiyyət kəsb etməz. Çünki onlar bu insanlara yalnız Allaha iman etdiklərini dediklərinə görə dəstək olarlar. Həmçinin, bu insanlardan heç bir qarşılıq ummazlar. Buradakı məqsədləri sadəcə Allahın rizasını qazana bilməkdir, bu səbəbdən dəstək olmalarının qarşılığını da yenə yalnız Allahdan gözləyərlər.
Möminlərin hicrət edənlərə etdikləri kömək onların gözəl əxlaq və mərhəmət anlayışından qaynaqlanır. Bu əxlaqı yalnız Allahın əmri olduğu üçün tətbiq edərlər. Çünki Allah, “İçinizdən fəzilət və sərvət sahibləri qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə (sədəqə) verməyəcəklərinə dair and içməsinlər! (Onları) bağışlasınlar və (bu niyyətlərindən) vaz keçsinlər! Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah çox bağışlayandır, rəhmlidir.” (Nur surəsi, 22) ayəsiylə onlara bu öhdəliklərini bildirmişdir.
İman gətirənlər Allahın bu əmrinə uyaraq, hicrət edən şəxsləri “mömin bacı-qardaşları” olaraq mənimsəyər və onlara qarşı son dərəcə şəfqətli davranarlar. Əllərindəki maddi-mənəvi bütün imkanları bu insanlarla paylaşar, onları saxlayacaq imkanlar təmin edər və qayğı göstərərlər. Rahat olmaları və çətinliyə düşməmələri üçün bütün ehtiyaclarını onlar dilə gətirmədən tək-tək təsbit edib aradan qaldırmağa çalışarlar.
Ancaq hər şeydən əhəmiyyətlisi, möminlərin bütün bu fədakarlıqları özlərində bir sıxıntı hiss etmədən, sevərək və istəyərək etmələridir. Lazım olduğunda öz yeməklərini, paltarlarını, hətta evlərini onlara verər və bəlkə də özləri ehtiyac içərisində qalar, amma bundan ötrü zərrə qədər narahatçılıq və ya sıxıntı hiss etməzlər. Əksinə, hicrət edənlərə göstərdikləri bu mərhəmət onların vicdanını rahatlaşdırar. Allahın bəyəndiyi əxlaqı göstərməkdən məmnun olarlar. Allah möminlərin bu əxlaqını, “Onlardan əvvəl (Mədinədə) məskən salmış və iman qəlbinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərə görə qəlbində bir həsəd duyğusu hiss etməz və özləri ehtiyac içində olsalar belə, (hicrət edənləri) özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən qorunarsa, onlar əsil nicat tapanlardır.” (Həşr surəsi, 9) ayəsiylə açıqlamışdır. Allah, bu şəxslərin üstün əxlaqlarına görə, “nicat tapanlar” olduqlarını da bildirmişdir. Başqa bir ayədə isə, hicrət edənlərə Allah rizası üçün gözəl rəftar edənlər, Allahdan bağışlanma və bol ruzi ilə müjdələnmişdir:
“İman edib Allah yolunda hicrət edənlər, cihad edənlər və (mühacirlərə) sığınacaq verib yardım edənlərə gəldikdə, həqiqətən, onlar əsil möminlərdir. Onlar üçün bağışlanma və bol ruzi vardır.”
“Rəbbin yalnız Özünə ibadət etməyi və ana-ataya yaxşı davranmağı əmr etmişdir. Əgər onlardan biri və ya hər ikisi sənin yanında yaşlanarsa, onlara:
“Uf!” belə demə, onları danlama və onlara xoş söz söylə! Onları təvazökarlıqla mərhəmət qanadının altına al və (dua edərək) de: “Ey Rəbbim, kiçikliyimdən onlar məni böyütdükləri kimi, Sən də onlara rəhm et!
Möminlər Allahın ayələrdəki əmrlərə görə, yaşlanaraq qayğıya möhtac hala gəlmiş ana və atasına qarşı son dərəcə şəfqətli davranar.
Quranın bu ayəsində bizə, eyni zamanda ana-ataya qarşı necə mərhəmət göstərəcəyimizi də bildirilir. Allah “...onlara: “Uf!” belə demə, onları danlama və onlara xoş söz söylə!” (İsra surəsi, 23) ifadəsi ilə möminlərə, bu mövzuda ediləcək ən kiçik bir hörmətsizliyi, ya da mərhəmətsizliyi qadağan etmişdir. Bu səbəblə, möminlər öz yanlarında yaşlanaraq, gücdən düşmüş ana və atasına qarşı son dərəcə hörmətli, incə düşüncəli, təmkinli və qayğıkeş davranış sərgiləyər. Onlar üçün rahatlıq təmin etməkdə əllərindən gələni edərlər. Hörmətdə və mərhəmətdə səhvə yol verməməyə çalışarlar. Yaşlılığın səbəb olduğu çətinlik və əziyyətləri nəzərə alar və onlar dilə belə gətirmədən bütün ehtiyaclarını anlayışla, şəfqətlə aradan qaldırmağa cəhd edərlər. Həm maddi, həm mənəvi baxımdan əksiklik və sıxıntı çəkməmələri üçün bütün imkanlarını səfərbər edərlər. Həmçinin hər nə olursa olsun, könül oxşayan və hörmətkar üslubdan istifadə edərlər.
Ancaq bütün bunlarla yanaşı, möminlərin ana-atası ilə əlaqədar olaraq qarşılaşacaqları başqa bir vəziyyət də var. İman edən şəxslərin ana-atası bəzən inkar yolunu mənimsəmiş ola bilər. Belə bir fərqli inanca görə möminin göstərəcəyi davranış isə, yenə gözəl sözlə və könül oxşayan bir üslubla onları doğru yola dəvət etmək olacaq. İbrahim Peyğəmbərin bu mövzuda atasıyla danışıqları bizə belə bir vəziyyətdə istifadə ediləcək üslub və göstəriləcək davranış mövzusunda yol göstərir. İbrahim Peyğəmbər, bütlərə sitayiş edən atasını bu sözlərlə haqq dinə dəvət etmişdir:
Kitabda İbrahimi də an! Həqiqətən, o, çox dürüst bir insan və elçi idi. Bir zaman o, atasına demişdi:
“Atacan! Eşitməyən, görməyən və sənə heç bir fayda verə bilməyən şeylərə (bütlərə) nə üçün ibadət edirsən? Atacan! Həqiqətən, mənə, sənə gəlməyən bir elm gəlmişdir. Ona görə də mənə tabe ol ki, səni doğru yola aparım. Atacan, şeytana ibadət etmə! Şübhəsiz, şeytan Rəhmana (Allaha) üsyan etmişdir. Atacan! Rəhmandan sənə bir əzab toxunmasından və beləcə, şeytanın dostu olmağından qorxuram.”.
Ancaq İbrahim Peyğəmbərin atası kimi, bəzən belə bir gözəl üslub və hörmətli edilən çağırışa razı olmayan şəxslər də olur. Mömin buna baxmayaraq, Allahın bu əmrinə görə, yaşlı və qayğıya möhtac olan ana və atasına qarşı hörmət və mərhəmətində səhvə yol verməz. Ancaq azğın inanca sahib olduqlarına görə din mövzusundakı fikirlərinə etibar etməz və bu mövzuda onlara itaət etməzlər. Çünki mömin üçün din mövzusunda tək yol göstərici Allahın əmrləridir. Allah möminin belə bir vəziyyətdə necə əxlaq göstərəcəyini belə açıqlamışdır:
“Əgər onlar bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün səni məcbur etsələr, onlara itaət etmə! Dünyada onlarla yaxşı dolan! Mənə yönələnlərin yoluna tabe ol! Sonra dönüşünüz Mənədir. Mən də etdiyiniz əməlləri sizə xəbər verəcəyəm.”
Möminlərin mərhəmətinin başqa nümunəsini də, yolda qalmış şəxslərə göstərdikləri davranışda görmək mümkündür. İman edənlər, müxtəlif səbəblərə görə getmək istədikləri yerə çatmaqda çətinlik çəkən insanlara maddi-mənəvi hər cür kömək edərək onların gedəcəkləri yerə təhlükəsiz şəkildə çatmalarını təmin edərlər. Bu əsnada qarşılaşacaqları çətinlikləri hesablayaraq bunlara qarşı təsirli tədbirlər görər və zəruri imkanları təmin edərlər. Allahın möminlərə yüklədiyi bu məsuliyyət Quranda belə bildirilmişdir:
...Yolda qalana və əlinizin altındakılara yaxşılıq edin! Şübhəsiz ki, Allah özündən razı halda lovğalıq edən kimsələri sevməz.”
Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, (zəkat yığan) işçilərə, qəlbi İslama isindiriləcək kimsələrə, (azad olmağa çalışan) kölələrə, borclulara, Allah yolunda olanlara və yolda qalan yolçulara aiddir.
Allah ayələrində bu şəxslərə ediləcək maddi yardımlarla bərabər, onlara qarşı “gözəl davranılmasını” da əmr etmişdir. Möminlər, yaşadıqları Quran əxlaqına görə bu şəxslərə göstəriləcək “gözəl davranış” formalarının necə olduğunu vicdanları sayəsində asanlıqla tapar və zövqlə tətbiq edərlər. Yolda qalmış bir insanın hansı ehtiyacları olacağını düşünər və bu səbəbdən, vəziyyəti uyğun davranarlar.
Allahın bu müddəaları eyni zamanda Quran əxlaqının möminlərə öyrətdiyi məsuliyyət anlayışını və insanlıq dərəcəsini də ortaya qoyur. Yolda qalmış bir insanın belə məsuliyyətini boynuna götürən möminlər, ətraflarında olub bitən heç bir hadisəyə qarşı da laqeyd davranmazlar. Zərər çəkmiş bir insana qarşı “mən bu insanı tanımıram”, “bu hadisənin mənimlə heç bir əlaqəsi yoxdur” yaxud “hər kəs öz başının çarəsinə baxsın” kimi səhv düşüncəylə hərəkət etməzlər.
Ehtiyac içərisində olan insanların yardım tələblərinə qarşı həssaslıq göstərər və imkanları ölçüsündə onlara dəstək olarlar. Bu mövzuda kömək edəcək maddi imkana sahib olmadıqlarında isə, bu şəxsləri yenə də öz başlarının çarəsinə baxsınlar deyərək buraxmazlar. Heç bir şey etməsələr belə ən azından onlar adına həll yolu axtararlar. Belə ki, çox vaxt ehtiyac içərisində olan insanın öz adına etdiyi cəhddən daha çoxunu göstərər və mövzunun həll yolunu tapana qədər də əl çəkməzlər.
Möminlərin göstərdiyi bu əxlaq və mərhəmət anlayışı, onların Allaha dərin sevgi və qorxu ilə bağlıdır. Bu bağlılıqlarına görə də Allahın əmr etdiyi Quran əxlaqını dəqiqliklə tətbiq edərlər.
Cahil insanlar kasıblara kömək mövzusunda son dərəcə həssas olduqlarını düşünürlər. Halbuki, bu insanların yoxsul insanlara qarşı göstərdikləri diqqət yalnız vərdiş olaraq yerinə yetirilən bəzi davranışlardan ibarətdir. Həqiqi həssaslıq isə, ancaq Quran əxlaqının bu mövzuda öhdəliklərin tam şəkildə tətbiqi olar.
Məhz möminlər Allahdan qorxduqlarına görə Quranın kasıblara köməklə bağlı hökmlərini əskiksiz şəkildə yerinə yetirərlər. Onlar bunu Allahın əmri, eyni zamanda da vicdanlarının və mərhəmət anlayışlarının gərəyi olaraq tətbiq edərlər. Bu səbəbdən maddi-mənəvi hər cür fədakarlığı sevərək və istəyərək yerinə yetirərlər.
Əvvəlcə, Allah Tövbə surəsinin 60-cı ayəsində, sədəqə veriləcək şəxslər arasında kasıbları da sayaraq möminlərin mallarından bu şəxslərə sədəqə vermələrini fərz etmişdir. Yenə başqa bir ayədə: “Mallarında da istəyənin və yoxsulun haqqı (payı) var idi.” (Zəriyət surəsi, 19) şəklində bildirilərək bu öhdəliyin yalnız ehtiyac içərisində olduğunu deyən şəxslər üçün deyil, eyni zamanda iffətli olduqlarına görə bu vəziyyətini dilə gətirməyən insanlara da aid olduğu açıqlanmışdır.
Allah bir ayəsində üstün əxlaqlı olduqlarına görə kasıb olduqlarını dilə gətirməyən bu şəxsləri belə bildirmişdir:
(Verəcəyiniz sədəqələr,) özünü Allah yoluna həsr edən və buna görə də yer üzündə (qazanc üçün) hərəkət edə bilməyən yoxsullara məxsusdur. Həyalı olduqlarına görə bilməyənlər onları zəngin hesab edərlər. Onları üzlərindən tanıyarsan. Onlar insanlardan israrla bir şey istəməzlər. İnfaq etdiyiniz hər bir xeyri (sədəqəni) şübhəsiz ki, Allah bilir.
Ayədə də bildirildiyi kimi, onlar insanlardan bir şey istəməzlər, amma möminlər mərhəmətli və vicdanlı olduqlarına görı bu şəxsləri bilər və əllərindən gələn hər cür yardım edərək onların ehtiyaclarını aradan qaldırmağa çalışarlar. Lazım olduğunda öz mənfəətlərini gözardı edərək bu şəxslərin ehtiyaclarına üstünlük verərlər. Quranda möminlərin bu üstün mərhəmət anlayışı bir ayədə belə izah edilmişdir:
“Onlar öz nəfsi çəkməsinə baxmayaraq yeməyi yoxsula, yetimə və əsirə yedirərlər. Sizi yalnız Allah rizası üçün yedirdirik. Sizdən nə bir əvəz, nə də bir təşəkkür istəyirik.
Göründüyü kimi möminlər, göstərdikləri mərhəmətdən, etdikləri köməkdən ötrü heç kimi minnət altında buraxmazlar, qarşılıq olaraq təşəkkür belə ummazlar. Onların əsl hədəfi, yaşadıqları gözəl əxlaqla Allahın rizasını qazana bilməkdir. Çünki onlar axirət günü yoxsula haqqını veribvermədiklərinə görə sorğuya çəkiləcəklərini bilirlər. Quranda, Allahın bu hökmlərini bilə-bilə yerinə yetirməməyin nəticəsinin cəhənnəm olduğu bir çox ayəə bildirilmişdir:
“Sizi Səqərə (cəhənnəmə) salan nə idi? Onlar deyəcəklər: “Biz namaz qılanlardan deyildik. Yoxsulu yedirtməzdik.” (Müddəssir surəsi, 42-44) (O gün mələklərə belə deyiləcək:) Onu tutub bağlayın! Sonra cəhənnəmə atın! Sonra da onu yetmiş arşın uzunluğundakı bir zəncirə vurun! Çünki o, əzəmətli Allaha inanmırdı. O, (insanları) yoxsulu doyuzdurmağa təşviq etmirdi.” (Haqqə surəsi, 30-34)
Allah, axirətdə veriləcək bu qarşılığın bir səbəbinin də, insanların yoxsulları doyurma mövzusunda bir-birlərini təşviq etməmələri olduğu bildirir:
“Haqq-hesab gününü yalan hesab edəni gördünmü? O elə kimsədir ki, yetimi qovar və heç kimi yoxsulu yedirtməyə təşviq etməz.”
Bununla yanaşı, möminlərin yoxsullara olan mərhəmətləri yalnız maddi yardımdan ibarət deyil. “...Ata-anaya, qohum-əqrəbaya, yetimlərə, yoxsullara, yaxın və uzaq qonşuya, yaxın dosta, yolda qalana və əlinizin altındakılara yaxşılıq e din!...” (Nisa surəsi, 36) ayəsinin hökmünə uyaraq ehtiyac içərisində olan bu insanlara son dərəcə nəzakətli, hörmətli davranarlar. Yenə başqa ayə ilə Allah möminlərə, bütün ehtiyacı olan insanlara olduğu kimi yoxsullara qarşı da bağışlayıcı və təmkinli davranmalarını əmr etmişdir:
“İçinizdən fəzilət və sərvət sahibləri qohumlara, yoxsullara və Allah yolunda hicrət edənlərə (sədəqə) verməyəcəklərinə dair and içməsinlər! (Onları) bağışlasınlar və (bu niyyətlərindən) vaz keçsinlər! Allahın sizi bağışlamasını istəmirsinizmi? Allah çox bağışlayandır, rəhmlidir.”
Göründüyü kimi, möminlərin yoxsullara göstərdikləri gözəl əxlaq onlara olan mərhəmətlərini göstərir. Möminlər malı verənin də, alanın da Allah olduğunu, Allahın zənginliyi qarşısında bütün insanların kasıb olduğunu bildiklərinə görə yoxsullara qarşı da şəfqət və mərhəmətlə yaxınlaşarlar.
Yetimin “qovulmaması” və “yaxşı davranılması” ...
Möminlərin mərhəmət anlayışlarının başqa bir nümunəsi yetim uşaqlara olan davranışlarından görülər. Ana və atasını itirdikləri üçün başqa birinin qayğı və nəvazişinə möhtac qalan bu insanlara göstəriləcək ən gözəl davranışlar Quranda bildirilmişdir. Möminlərin diqqətlə tətbiq etdiyi bu davranışlardan biri, “yetimlərin qovulmaması” və onlara qarşı “yaxşı davranılması”dır.
Din əxlaqının yaşanmadığı cəmiyyətdə yetim bir uşağın hüquqlarını qoruyacaq, ya da gələcəyini hər baxımdan zəmanət altına alacaq bir sistem yoxdur. Bu mühafizə, insanların öz vicdanlarına buraxılmışdır. Bu səbəblə də, bir qisim insanlar bu uşaqların yaşlarının kiçik olmasından, təcrübə ya da biliyə sahibi olmamalarından asanlıqla istifadə edərlər. Yenə eyni şəkildə bu uşaqlar, haqlarını müdafiə edə biləcək kimsələri olmadığı üçün qayğılarını boynuna götürən şəxslər tərəfindən rahatlıqla pis davranışlara məruz qalarlar. Həmin şəxslər, yetimləri himayə altına aldıqlarına görə onları minnət altında qoyaraq etdikləri yaxşılıqları “başlarına vurar”. Ya da ailənin digər üzvlərindən daha fərqli münasibət bəsləyərək bu uşaqları həm mənəvi, həm də fiziki baxımdan əzərlər. Halbuki, Allah Quranda yetimlərə qarşı mərhəmətsiz davranmağı, onlara əziyyət verməyi ayələri ilə qadağan etmiş və bu cür çirkin davrananları qınamışdır:
“Haqq-hesab gününü yalan hesab edəni gördünmü?! O elə kimsədir ki, yetimi qovar və heç kimi yoxsulu yedirtməyə təşviq etməz. Vay o namaz qılanların halına ki, onlar namazlarında səhv edirlər. Onlar riyakarlıq edirlər. Az bir şey verməkdən belə boyun qaçırırlar.”
Quran əxlaqında isə bütün bu xoşagəlməz davranışların əksinə, yetim uşaqlara qarşı könül oxşayan, mərhəmətli davranılır. Quranda “... İnsanlarla xoş danışın! Namazı qılın, zəkatı verin!...” (Bəqərə surəsi, 83) ayəsiylə bu hökm möminlərə bildirilmişdir. Möminlər də Allahın bu əmrini dəqiqliklə yerinə yetirərlər. Onların vicdan və insanlıq anlayışı, köməyə və qayğıya möhtac olan uşaqlara sahib çıxmağı, onlara ehtiyacları olan maddi-mənəvi hər cür diqqəti göstərmələrini təmin edər. Heç vaxt kömək etdiklərinə görə onları əzməz, minnət altında qoymaz və onlardan maddi-mənəvi mənfəət əldə etməyə çalışmazlar. Əksinə, bütün hüquqlarını qoruyar və əllərindən gələn ən mükəmməl əxlaq göstərərlər. Möminlərin bu mövzuda göstərdikləri qətiyyət, Allah qorxusundan, vicdan və mərhəmət anlayışlarından irəli gəlir.
Yetimin islah edilərək faydalı bir insan halına gətirilməsi ...
“...Səndən yetimlər haqqında da soruşurlar. De ki: “Onlar üçün (yaşayışlarını) yaxşılaşdırmaq daha xeyirlidir. Əgər onlarla birlikdə yaşayırsınızsa, onlar sizin qardaşlarınızdır...”
Yuxarıdakı ayə ilə Allah, yetimlərin hərtərəfli faydalı insanlar halına gətirilmələrini tövsiyə etmişdir. Möminlər bu məsuliyyəti böyük şövqlə öz üzərinə götürür və bu şəxslərə hər şeyin ən doğrusunu və ən gözəlini öyrətməyə çalışırlar.
Ancaq bir uşağın yetişdirilməsində, onu himayə edənlərin üzərinə düşən ən böyük məsuliyyət, şübhəsiz, bu adamın Allahı lazımı şəkildə tanıması və Quranı əksiksiz olaraq öyrənməsidir. Çünki bütün bunlar bir insanı doğruya və qurtuluşa aparan ən əhəmiyyətli mövzulardır. Bu şəxslər uşaq ikən öyrəndikləri bu məlumatlar əsasında bir əxlaq formalaşdıracaq və axirət həyatına da buna görə hazırlıq görəcəklər. Bu səbəblə, yetim olaraq himayə altına alınan biri üçün, möminlərin ən diqqət göstərdikləri mövzulardan biri budur. Öz məsuliyyəti altında olan yetim uşaqların mömin olaraq üstün xüsusiyyətlər qazanmaları üçün lazım olan səyi göstərərlər. Əlbəttə ki, bu da ancaq Quran əxlaqının yaşanması ilə mümkün olar. Bu əxlaq onların hər şeydən əvvəl özləri, sonra da ətrafdakıları üçün ən faydalı, ən ağıllı və ən çalışqan olmalarını təmin edər.
Yetimin malını qorumaq ...
Allah, miras yolu ilə mal sahibi olan yetim uşaqların mallarının haqsızlıqla əllərindən alınmasını haram etmiş və bu cür davrananları şiddətli şəkildə xəbərdar etmişdir:
“Şübhəsiz, yetimlərin mallarını haqsızlıqla yeyənlər qarınlarına ancaq od doldurarlar və onlar yandırıb-yaxan bir oda girəcəklər.”
Bu səbəblə möminlər, bir yetimin qayğısını boynuna götürdüklərində onun şəxsi mallarından öz mənfəətləri üçün xərcləməz və onlardan mənfəət gözləməz. Əksinə, Allahın əmanəti olan bu şəxslərin haqq və mallarını ən birinci özləri qoruyarlar.
Himayələri altındakı yetimlərin maddi varlıqlarını diqqətlə qorumaq yalnız iman edən, yüksək əxlaqlı və Quranda tövsiyə edilən mərhəməti qavramış insanların etina edəcəyi bir mövzudur. Çünki qəyyumları yetimlərin malını xərcləmə səlahiyyətinə sahibdirlər. Bir insanın xərcləmə səlahiyyətinə sahib olduğu mülk üzərində şəxsi mənfəətinə xərcləməməsi isə, tamamilə vicdan məsələsidir. Allah Quranda zəngin olanın bu mövzuda iffətli davranmasını, ancaq kasıb olanın əgər lazım olarsa yetimin malından Quranda bildirilən hökmə uyğun şəkildə xərcləyə biləcəyini bildirmişdir. Allahdan qorxan və etdikləri hər davranışın hesabını axirətdə verəcəklərini bilən möminlər bu mövzuda yüksək vicdan nümunəsi göstərərlər. Çünki Allah yetimin malına göz dikərək bu maldan mənfəət təmin etmənin Öz Qatında günah olduğunu bildirərək möminləri bu mövzuda xəbərdar etmişdir:
“(Həddi-büluğa çatdıqları zaman) yetimlərə mallarını (geri) verin və pisi yaxşı ilə dəyişdirməyin! Onların mallarını öz mallarınıza qatıb yeməyin! Həqiqətən, bu, böyük günahdır.”
Möminlər Allahdan və Onun axirətdəki əzabından qorxduqları üçün yetimlərin mallarını, onlar kifayət qədər əqli yetkinliyə çatana qədər böyük etina ilə mühafizə edərlər. Özlərini mühakimə edə biləcək yaşa və yetkinliyə çatdıqlarında da bu haqlarını onlara təhvil verərlər. Quranda bu təhvil vermə şərtləri belə bildirilmişdir:
“Nikah yaşına çatanadək yetimləri sınayın! Əgər onların ağla dolduqlarını hiss etsəniz, mallarını özlərinə qaytarın. Böyüyəcəklər deyə, onu (mallarını) israf edib tələm-tələsik yeməyin! (Qəyyumlardan) kim zəngindirsə, (yetimin malından) uzaq dursun! (Qəyyumlardan) kasıb olan isə, (ehtiyacına) uyğun bir şəkildə (ondan) yesin! Mallarını özlərinə (yetimlərə) qaytaracağınız zaman yanlarında şahid tutun! Haqq-hesaba çəkməyə Allah kifayətdir.”
Möminlər, Allahın yetimlərin qayğısı, təhsili və nəzarəti haqqında bildirdiyi bütün bu hökmlərə ciddi şəkildə tabe olarlar. Onların bu davranışları, din əxlaqından uzaq cəmiyyətlərin kimsəsiz uşaqlara olan davranışları ilə müqayisə edildikdə Quran əxlaqının üstünlüyünü açıq şəkildə ortaya çıxarır.
Allah möminlərə mərhəmətli davranışı, borcu olan şəxslərə qarşı göstərmələrini tövsiyə etmişdir:
Əgər (sizə borclu olan şəxs) çətin vəziyyətdədirsə, (maddi vəziyyəti)düzələnə qədər (ona) möhlət verin! Əgər bilmək istəyirsinizsə, (borcunu ona) sədəqə kimi bağışlamağınız sizin üçün daha xeyirlidir.
Borclu olub borcunu ödəyə bilməyəcək şəkildə zərər çəkmiş olan bir insan möminlərdən mütləq şəfqətli və anlayışlı davranış görər. Mömin hər şeydən əvvəl ağıl və vicdan sahibi bir insandır. Bu səbəblə, çətin vəziyyətdə qalmış bir insanın çətinliyini qiymətləndirər və bu adam üçün ən vicdanlı və mərhəmətli davranar.
Borc əlbəttə ki, insanın yükləndiyi əhəmiyyətli məsuliyyətdir və qarşı tərəfə verilmiş bir sözdür. Necə ki, Quran ayələrində insanlara, verdikləri sözə əməl etmələri əmr edilmişdir. Ancaq Allah yuxarıdakı ayənin hökmü ilə, çətin vəziyyətdə qalma ehtimalına görə bu mövzuda qərarı borcu verən adama buraxmışdır. Bu adamın ödəmə müddətini uzada biləcəyini bildirildiyi kimi, mömin üçün əsl xeyirli olanın, bu borcu sədəqə olaraq bağışlaması olduğu da bildirilmişdir.
Ancaq bu mövzuda əhəmiyyətli bir şərt var. Mömin bu haqqını ancaq qarşı tərəfin dürüstlüyünə əmin olduqda bağışlayar. Yoxsa ciddi mənada çətin vəziyyətdə olmadığı halda, qarşı tərəfdən mənfəət əldə etmək məqsədi ilə saxtakarlıq edən biri üçün bu vəziyyət keçərli deyil. Əks təqdirdə, Allahdan səmimi şəkildə qorxmayan insanlar qarşılarında yaxşı niyyətli və dürüst insanlar olduğu zaman bu cür saxtakarlığa cəhd edirlər.
Mömin bu mövzuda vicdanına və ağlına üz tutar. Quranın bu hökmünü insanın həqiqətən də dürüst və səmimi olduğuna inandıqdan sonra həyata keçirər.
“Qəlbi dinə isindiriləcək” şəxslərə göstərilən mərhəmət Sədəqələr (zəkatlar) Allah tərəfindən bir fərz olaraq ancaq yoxsullara, miskinlərə, (zəkat yığan) işçilərə, qəlbi İslama isindiriləcək kimsələrə, (azad olmağa çalışan) kölələrə, borclulara, Allah yolunda olanlara və yolda qalan yolçulara aiddir.
Yuxarıdakı ayədə də göründüyü kimi, “qəlbi isinişdiriləcək” olan bir qrup insandan bəhs edilir. Bu insanlar islam dinini yeni tanımağa başlayan, ya da hələ tanımayan, ancaq iman etməsi üçün cəhd edilən kimsələrdir.
Allahın onlar üçün seçdiyi dinin mükəmməlliyini və yaradılışlarına uyğun olduğunu görən möminlər, bu gözəlliyi özləri kimi bütün insanların da yaşamasını istəyərlər. Hətta Allahın, insanları dünya həyatında etdikləri əməllərə görə axirətdə sorğu-sual edəcəyini bildikləri üçün hələ vaxt var ikən bütün insanları xəbərdar etməyə və onlara doğru yolu göstərməyə çalışarlar. Çünki insanlar üçün dünyada da, axirətdə də tək qurtuluşun din əxlaqını yaşamaq olduğunu bilirlər. Bununla yanaşı, Allah din əxlaqının digər insanlara izah edilməsini iman edənlərin üzərinə fərz etmişdir. Möminlərin bu xüsusiyyəti Quranda belə bildirilmişdir:
“Siz insanlar üçün ortaya çıxarılmış ən xeyirli ümmətsiniz. Yaxşılığı əmr edib pis əməlləri qadağan edirsiniz və Allaha inanırsınız...”
Möminlər, insanların Quran əxlaqından uzaq bir həyatdan xilas olmaları və cəhənnəmə düşməmələri üçün hər cür fürsəti qiymətləndirərlər. Onları doğruya dəvət edər, xeyirə yönəldər, pis işləri qadağan edərlər. Burada məqsəd, cahil olduqlarına görə uçurumun kənarında olan bu şəxsləri gec olmadan xilas edə bilməkdir. Allah bir insanın iman etmədən əvvəlki vəziyyətini bu şəkildə təyin edir:
“... Siz bir alovlu uçurumun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz.”
Dinsizliyin hakim olduğu bir həyatın insan üzərində yaratdığı əzabı bilən möminlər, insanların Allaha və Qurana iman etmələri, düşdükləri vəziyyətdən xilas olmaları üçün müxtəlif yollar sınayarlar. “Qəlbi dinə isindiriləcək” olan kimsələrə Quran əxlaqını təbliğ etmə mövzusunda maddi-mənəvi heç bir fədakarlıqdan çəkinməzlər. Quranda, bu şəxslərin imanı qavramaları üçün möminlərin qarşılıqsız şəkildə etdikləri bütün maddi xərclər “sədəqə” olaraq adlandırılmışdır. Bu, Allah Qatında məqbul olan və qarşılığı gözəl olan xərcdir. Çünki bir insanın iman etməsi onun eyni zamanda cəhənnəm əzabından xilas olub sonsuz cənnət həyatını qazanması deməkdir. Möminlərin heç bir qarşılıq gözləmədən etdikləri bu xərcləmələr isə, Allah qorxularından qaynaqlanan mərhəmətin gərəyidir.
Çünki onların etdikləri bu xərcləmələr qarşılığında heç bir mənfəətdən söhbət gedə bilməz. Əksinə, bütün bunlar öz imkanlarından qısaraq və böyük fədakarlıqlar edərək həyata keçirdikləri yardımlar da ola bilər. Ancaq bütün bunları yalnız Allahın rizasını qazanmaq məqsədiylə etdiklərinə görə heç bir qarşılıq gözləməzlər. Belə ki, “qəlbi dinə isindiriləcək” olan bu şəxslərin bütün bu cəhdlərin nəticəsində din əxlaqını yaşamağı qəbul etməmə ehtimalı da ola bilər. Ancaq bu vəziyyətdə də möminlər üçün boşa gedən bir şey yoxdur. Çünki bütün edilənlərin qarşılığı axirətdə onlara qüsursuz, hətta artıqlaması ilə veriləcəkdir. Tarix boyunca din əxlaqını təbliğ etməklə vəzifələndirilən bütün elçilər bu həqiqəti dilə gətirmişlər:
“Ey qövmüm! Mən buna görə sizdən heç bir əvəz tələb etmirəm. Mənim mükafatım yalnız məni yaradana aiddir. Hələ də düşünüb dərk etmirsinizmi?”
Qadının boşandıqdan sonra maddi baxımdan zəmanət altına alınması ...
Allah Quranda boşanan qadının dolanışığını təmin etməsi məqsədiylə, maddi baxımdan zəmanət altına alınmasının hər mömin kişinin üzərində öhdəlik olduğunu bildirmişdir:
“Boşanan qadınların adətə müvafiq qaydada dolanışıqlarının təmin edilməsi müttəqilərin borcudur.”
Bəhs etdiyimiz yardımın miqdarı isə, tərəflər arasında razılaşaraq təsbit edilir. Quranda möminlərin bu miqdarı təyin etməkdə qarşılarındakı insanın ictimai mövqeyini və hər cür ehtiyacını nəzərə alaraq vicdanlı davranmaları bildirilmişdir. Allah bu mövzuda möminlərə belə bildirir:
“...Onlara adətə müvafiq qaydada bir pay verin! Varlı gücünün çatdığı qədər, kasıb da imkanı daxilində versin. Bu, yaxşı əməl sahiblərinin üzərinə bir borcdur.”
“İmkanlı olan (boşanmış, yaxud südəmər uşağı olan qadınlara) öz imkanına görə versin! İmkanı az olan da Allahın ona verdiyindən xərcləsin! Allah hər kəsi yalnız ona verdiyindən məsul tutar. Allah çətinlikdən sonra asanlıq bəxş edər.”
Allah zəngin olana da, kasıb olana da öz imkanları dərəcəsində kömək etməyi bildirmişdir. Cahil cəmiyyətdə boşanılan və artıq heç bir mənfəətin olmadığı birinə yüklü miqdarda maddi yardım etmək, boşa gedən xərc olaraq qiymətləndirilir. Bu səbəblə, kişilər boşandıqları qadınlara mümkün qədər az miqdarda aliment verməyə çalışır və hətta bəzən sırf bu məqsəd üçün saxta üsullara üz tutmaqdan çəkinmirlər. Ancaq mömin vicdanlı və mərhəmətli olduğuna görə bu mövzuda əsla bitərəf davranmaz.
Çünki mömin bu köməyi hər şeydən əvvəl Allahın rizasını qazanmaq üçün axirəti üçün saleh əməl olaraq həyata keçirər. O insandan gələcəyi üçün heç bir ümid yeri qalmaması, ya da o insana olan şəxsi düşüncəsi onun üçün ölçü olmaz. Həmçinin insanlıq və mərhəmət anlayışı, köməyə möhtac olan birinə ən yaxşı şəkildə kömək etməyi tələb edir. Bu səbəblə, zəngin olan şəxs, qarşı tərəfin rahatlıq içində yaşaması üçün bu imkanı ona yaradar. Eyni şəkildə, kasıb olan biri də, “nə də olsa maddi imkanım yoxdur” deyərək bu məsuliyyətdən qaçmaz və imkanı daxilində mütləq bu öhdəliyini yerinə yetirər.
Qadına verilən malların boşandıqdan sonra geri alınmaması ...
“Əgər bir arvadın yerinə başqa bir arad almaq istəsəniz, onlardan birinə çoxlu mehr vermiş olsanız da, ondan heç bir şeyi geri almayın! Böhtan ataraq və açıq-aşkar günah bir iş görərək onu gerimi alacaqsınız?! Onu necə geri alarsınız?! Axı, (vaxtilə) birbirinizlə yaxınlıq etmişdiniz və onlar sizdən möhkəm bir təminat almışdılar.”
Möminlər, yuxarıdakı ayənin hökmünə görə, evli qaldıqları müddətdə yoldaşlarına verdikləri malları, boşanma qərarından sonra heç bir şəkildə geri istəməzlər. Çünki bu mallar evlilik əsnasında qadına zəmanət olaraq verilmişdir və bunların geri alınması qadının çətin vəziyyətdə qalması deməkdir. Allah bu çətin vəziyyətin qarşısını almaq üçün mömin kişiyə belə bir şərt qoşmuş və qadının ictimai mövqeyini zəmanət altına almışdır.
Həmçinin bu malın miqdarı nə qədər çox olursa olsun, Quranın bu hökmündə heç bir dəyişiklik olmaz. Mömin kişi malının hamısını yoldaşına vermiş belə olsa, boşananda heç bir şey tələb etməz.
Göründüyü kimi, Qurandakı bu hökmlər, Allahın, möminlərin qazanmalarını istədiyi mərhəmət anlayışının üstünlüyünü açıq şəkildə ortaya qoyur. Möminlər, özləri çətin vəziyyətdə olsalar belə, Allahın əmr etdiyi mərhəmət prinsiplərindən geri çəkilməz və bu hökmü tam şəkildə tətbiq edərlər.
Qadınlarla könüllərini xoş tutaraq və onları razı salmaqla boşanmaq...
Dini dəyərlərdən uzaq yaşayan cəmiyyətlərdə boşanma halları, adətən, müxtəlif psixoloji narahatlıqlara və sosial anlaşılmazlıqlara səbəb ola bilər. Bunun əsas səbəbi isə tərəflərin ortaq məntiq çərçivəsində razılığa gələ bilməmələridir. Hər kəsin özünəməxsus müəyyən tələb və iddiaları mövcuddur ki, bunların doğruluğunu və ya yanlışlığını müəyyən edəcək obyektiv meyarlar da çox zaman yoxdur. Bu vəziyyət tərəflər arasında bir çox mövzuda münaqişə və anlaşılmazlıqların yaranmasına səbəb olur.
Allaha inanan insanların həyatı isə cahil cəmiyyətdən olduqca fərqlidir.
Onların həyatının hər anını nizamlayan, onlar adına ən doğru olanı təyin edən yol göstəriciləri vardır. Bu, Allahın insanlara rəhmət olaraq endirdiyi Qurandır. Qurana tabe olan insanların isə doğruları, səhvləri, iddiaları, tələbləri, qısacası, hər cür fikir və düşüncələri ortaqdır. Bundan əlavə, ortaq anlayışın təməli Allahın nazil etdiyi haqq kitaba əsaslandığı üçün bu yanaşma nəticə etibarilə ən doğru və ən gözəl həll yollarını ortaya qoyur. Belə bir anlayış çərçivəsində evlənən insanlar, boşanma vəziyyətində də eyni ortaq razılaşma və qarşılıqlı hörmət prinsipləri ilə hərəkət edirlər. Çünki möminlər üçün hadisələr və ya şərtlər dəyişə bilər, ancaq əsas olan Quran əxlaqını ən mükəmməl şəkildə yaşamaları və Allahın razı olacağı şəkildə hərəkət etmələridir. Bu səbəblə, boşansalar belə tərəflər bir-birlərinə qarşı nəzakət, hörmət və mərhəmət göstərməkdən imtina etməzlər. Allah bu mövzuda möminlər üçün nümunəvi davranış tərzini bu şəkildə bəyan etmişdir:
“Qadınlarınızı boşadığınız və onların gözləmə müddəti başa çatdığı zaman onları ya xoşluqla saxlayın, ya da xoşluqla ayrılın!
Zərər verərək haqlarına təcavüz etmək üçün onları saxlamayın!
Allahın bu hökmü ilə möminlər könül razılığı ilə etdikləri evliliyi, lazım olduğu zaman, yenə könül razılığı ilə sona çatdırarlar. Evlənərkən yoldaşlarına göstərdikləri hörməti boşanma zamanı da qoruyarlar. Boşanmanı dava və ya inciklik səbəbi etməzlər. Allah rizası üçün evləndikləri kimi, Allah rizası üçün də boşanarlar. Bu səbəblə mömin bir kişi boşandığı yoldaşını nə sözləri ilə, nə də davranışı ilə qətiyyən çətin vəziyyətdə buraxmaz. Hətta mömin bir başqa mömini imanından və əxlaqından ötrü sevdiyi üçün, boşandığı insana qarşı duyduğu imani sevgi, ehtiram və hörmət də hər zaman davam edər.
Boşanan qadınlar üçün sığınacaqların təmin edilməsi ...
Möminlər, Quran əxlaqının onlara qazandırdığı mərhəmətə görə, boşandıqları qadınları bir anda ortada buraxmazlar. Bu şəxslərin onlara baxacaq ailələri, yaşaya biləcək maddi imkanları və hətta qala biləcəkləri evləri olmaya bilər. Bu və buna bənzər şərtləri nəzərə alan möminlər, qadın özünü bu baxımdan təminat altına alana qədər, boşanmış olsalar belə, ona hərtərəfli dəstək və zəmanət verməyə davam edərlər.
Qarşılıqlı razılaşma əsasında, qadınların öz evlərində və ya onların nəzarəti altında olan başqa bir məkanda sığınmalarını təmin edərlər. Lakin bu davranışın yeganə məqsədi Allahın rizasını qazanmaq və mömin bir insana qarşı gözəl əxlaq və mərhəmət çərçivəsində münasibət göstərməkdir. Bunun xaricində hər hansı bir şəxsi mənfəət və ya dünyəvi məqsəd güdülmür. Allah kişilərə, bu müddət ərzində qadınlara çətinlik törədə biləcək və ya onlara zərər verə biləcək heç bir davranışa yol verməməyi tövsiyə etmişdir. Qadınlara göstərilməli olan bu şəfqətli və mərhəmətli yanaşma Qurani-Kərimin bir ayəsində belə ifadə edilmişdir:
“Onları gücünüz çatdığı qədər yaşadığınız yerin (evinizin) bir hissəsində məskunlaşdırın və sıxışdırmaq (evdən çıxarmaq) məqsədilə onlara zərər verməyin! Əgər onlar hamilədirlərsə, uşağı dünyaya gətirənə qədər onların dolanışığını təmin edin! Sizin üçün uşaq əmizdirərlərsə, onlara ücrətlərini verin və aranızda gözəl bir şəkildə razılaşın! Əgər (razılaşmaqda) çətinliyə düşsəniz, uşağı başqa bir qadın əmizdirə bilər.”
Ayənin davamında isə boşanma sonrasında ortaya çıxa biləcək hər cür məsələnin, boşanan tərəflər arasında gözəlliklə və islam prinsiplərinə uyğun şəkildə müzakirə edilərək həll olunması tövsiyə olunur. Belə bir razılaşmanın əsasını isə, şübhəsiz ki, möminin Allah qorxusu, vicdanı və mərhəmət hissi təşkil edir. Qarşısındakı insana, hər şeydən əvvəl, iman sahibi bir şəxs olduğu üçün dəyər verən möminlər, bu şəxsin çətin vəziyyətdə qalmasına və ya incidilməsinə səbəb ola biləcək ən kiçik bir davranışa belə yol verməzlər. Onlar üstün əxlaq nümunəsi göstərərək, qadını onun istəyinə uyğun müddət ərzində yanında saxlayar və ehtiyaclarını qarşılayarlar.
Qadına zorla varis çıxmamaq ...
“Ey iman edənlər, qadınlara zorla varis çıxmaq sizə halal deyildir!
Açıq-aşkar pis bir iş görmələri istisna olmaqla, onlara verdiyinizin (mehrin) bir hissəsini geri almaq üçün onlara əziyyət verməyin və onlarla yaxşı davranın!...”
Allah, qadına verilən malın yalnız qadının açıq-aydın iffətsizliyi halları xaricində zorla geri alınmaması üçün möminləri xəbərdar etmişdir. Qurani Kərimə əsasən, qadına aid olan malın istifadəsi onun öz istəyinə buraxılmışdır və bu məsələdə heç bir təzyiq və ya müdaxilə yolverilməzdir.
Ancaq unutmamaq lazımdır ki, bütün bu incəliklər möminlərin Qurani əxlaqını tam şəkildə yaşamasından irəli gəlir. Allahdan qorxduqları üçün, şərtlər nə olursa olsun, qadınlara qarşı göstərdikləri mərhəmət heç vaxt dəyişməz. Hətta kimsənin görmədiyi və eşitmədiyi yerlərdə belə, qarşılarındakı insana eyni mərhəmətlə yanaşarlar. Allahın etdikləri hər şeyə şahid olduğunu bildikləri üçün, bu münasibətlərində səbirli və qətiyyətli olarlar.
Quranda qadının şəfqətlə qorunmasına və çətin vəziyyətə düşməsinin qarşısının alınması üçün bir çox tədbir mövcuddur. Bütün bu tədbirlər Quran əxlaqının qadına qarşı mərhəməti necə təşviq etdiyini və möminlərin də bu mərhəmət anlayışını böyük dəqiqliklə tətbiq etdiklərini açıq şəkildə göstərir.