İman edənlər üçün tək yol göstərici Allah’ın elçiləri və Allah’ın sözü olan Qurandır. Quranda inananların: “Allah hər şeyin Rəbbi olduğu halda, heç mən Ondan başqa Rəbmi istərəm?” (Ənam surəsi, 164) –dedikləri bildirilir.
İnkar edənlər isə özlərinə Allah’dan başqa səhv yol göstəricilər tapıb, fərqli şəxsləri nümunə götürüb və batil fikirləri izləyib çox yanlış düşüncə içində yaşayırlar. Lakin ölümdən sonra sonsuz cəhənnəm əzabını gördüklərində bu böyük xətalarını ayədə xəbər verildiyi kimi: “...Ey Rəbbimiz! Biz ağalarımıza, böyüklərimizə itaət etdik, onlarsa bizi haqq yoldan azdırdılar...” (Əhzab surəsi, 67) –deyərək etiraf edəcək və peşman olduqlarını bildirəcəklər.
Axirətdə görəcəkləri bu həqiqəti dünyada görməzlikdən gələnlərin bir çoxunun hərəkətlərini müəyyən edən amil yaşadıqları cəmiyyətin haqqa əsaslanmayan ümumi mühakimələri və bəzi batil adət-ənənələridir. Bu insanlar babalarının, çevrələrinin və cəmiyyətin bəzi öndərlərinin yanlış əməllərini örnək alıb yuxarıdakı ayədə də bildirildiyi kimi, yoldan azırlar. Halbuki, Qurana uyğun olmayan hər düşüncə və hər hərəkət yanlışdır.
Allah’ı tək hökm verici olaraq qəbul etməyən, Allah’ın hökmlərinə qarşı çıxan və ya Onun əmrlərindən kənar hökm çıxaran insanlar yoldan azmış olurlar. Bu insanlar böyük cəhalətlə cəmiyyətdə geniş yayılmış qayda və qanunları Allah’ın hökmlərindən üstün tuturlar. Üstəlik, bu mövzuda çox inadcıl olurlar. Doğru olanı vicdanları qəbul etsə də, kibirli və xurafatçı olduqlarına görə, ən gözəl və ən doğru olan hökmü qəbul etmirlər. Allah Quranda bu insanlar haqqında belə buyurur:
Onlara: “Allah’ın göndərdiyinə tabe olun!” –deyildiyi zaman, onlar:
“Biz ancaq atalarımızın getdiyi yolla gedəcəyik!” –deyirlər. Bəs ataları bir şey anlamayıb doğru yolda deyildilərsə necə?
Biz səndən əvvəl hər hansı bir məmləkətə qorxudan bir peyğəmbər göndərdiksə, onun naz-nemət içində yaşayan böyükləri sadəcə olaraq:
“Biz atalarımızı bir din üzərində gördük və biz də onların ardınca getməkdəyik!” – dedilər. (Hər peyğəmbər öz ümmətinə) belə dedi: “Əgər sizə atalarınızın sitayiş etdiyini gördüyünüz dindən daha doğrusunu gətirmiş olsam necə?!” Onlar: “Biz sizinlə göndərilənləri inkar edirik!” – deyə cavab verdilər.
Bəzi insanların sahib olduğu bu yanlış düşüncə Allah’ın dinini qəbul etmələrinə və iman etmələrinə əngəl olmuşdur. Məsələn, Musa Peyğəmbər və qardaşı Harun Peyğəmbər qövmlərini bir olan Allah’a ibadət və qulluq etməyə çağırdıqlarında firon və öndə gələnləri ayədə xəbər verildiyi kimi: “Bizi atalarımızın tapındığı dindən döndərmək, özünüz də yer üzündə böyüklük etmək üçünmü gəldiniz? Biz sizə iman gətirən deyilik!” (Yunis surəsi, 78) –deyə cavab vermişdir.
Şueyb Peyğəmbərə də xalqının: “Ey Şüeyb! Atalarımızın tapındığı bütləri tərk etməyimizi, mallarımızla istədiyimiz kimi hərəkət etməkdən vaz keçməyimizi sənə namazınmı əmr edir?” (Hud surəsi, 87) –deyərək ağılsızlıqla üsyan etdiyi ayədə bildirilir. Bu ayələrdən göründüyü kimi, peyğəmbərlər Allah’ın hökmlərini bildirdikdə həmin insanlardan həmişə “sənin dediklərin atalarımızın və babalarımızın yoluna ziddir, ona görə də onu qəbul etmərik” kimi cavablar almışlar. İnsanlar elçilərin təbliğinə hər dövrdə inkar və düşmənliklə qarşılıq vermiş, tutduqları yolu tərk etməmişlər. Halbuki, bütün peyğəmbərlər insanları dini yalnız Allah’a həsr edib ibadət etməyə dəvət etmişdir.
Məhəmməd Peyğəmbər də insanları tam olaraq Allah’a yönəlməyə və Onun hökmlərinə əməl etməyə dəvət etmişdir. Quran ayələrində insanların axirətdə Allah’ın hökmləri əsasında sorğu-sual ediləcəyi bildirilmişdir. Allah Quranda Özünə şərik qoşanları və onların hökmləri əsasında özlərinə yeni və azğın bir din çıxaranları belə xəbərdar edir:
Yoxsa Allah’ın dində izin vermədiyi bir şeyi onlar üçün qanuni edən şərikləri vardır. Əgər qəti söz olmasaydı, aralarında hökm artıq icra edilmiş olardı. Şübhəsiz ki, zalımları şiddətli bir əzab gözləyir!
Məgər oxunmaqda olan kitabı sənə nazil etməyimiz onlara kifayət etmədimi? Həqiqətən, bunda iman gətirən bir tayfa üçün həm mərhəmət, həm də öyüd-nəsihət vardır!
Yuxarıdakı ayələrdən də göründüyü kimi, elçilərin dəvətinə tabe olmayanların bir qismi öz batil dinləri adına ortaya çıxır və kəmağıllıqları ucbatından peyğəmbərləri dinlərini pozmaqda ittiham edirlər. Yaxud daha da ağılsızlıq edib Allah’ın və elçisinin dediklərini əsaslı görməyib başqa din uydururlar. Şübhəsiz ki, bu, böyük bir zülm və çox çirkin bir davranışdır. Halbuki, “Ənkəbut” surəsində də bildirildiyi kimi, Allah’ın endirdiyi kitab insanlara kifayətdir.
Əksəriyyətin əməlləri çox vaxt yanlış olur Allah’ın hökmlərini görməzlikdən gələn və cəmiyyətin çoxluğunu təşkil edən din əxlaqından uzaq çevrəyə bağlı insanların ən böyük səhvlərindən biri əksəriyyətin həmişə doğru olanları təmsil etdiyini zənn etməsidir. Halbuki, Allah insanların bir çoxunun doğru yolda olmayacağını Quranda bildirmişdir. Allah Quranda “Əgər yer üzündə olanların çoxuna itaət etsən, onlar səni Allah’ın yolundan azdırarlar. Onlar ancaq zənnə uyar və ancaq yalan danışarlar!” (Ənam surəsi, 116) şəklində buyurur. Yəni əksəriyyətin gəldiyi qərarlar əgər Qurana uyğun deyilsə, heç bir şəkildə doğruların inikası ola bilməz. Minlərlə, yüz minlərlə, hətta yüz milyonlarla insan eyni düşünsələr də, bu, o düşüncənin doğru olduğunu göstərməz. Yuxarıdakı ayədə də Allah insanların çoxunun hökm verərkən yalnız zənn və təxminlərə əsaslandığını və bir çox insanı doğru yoldan azdırdığını büruzə verir.
Əksəriyyətin aldığı qərarlara güvənib Allah’ın əmrini tərk etmək insanları dünya və axirətdə böyük itkiyə sürükləyir. Bu insanlar Allah’ın “...Onlar özlərinə ziyan etdilər. Uyduqları (şeylər də) onlardan uzaqlaşıb qeyb oldu” (Əraf surəsi, 53) ayəsində bildirdiyi kimi, tək-tənha qalmışlar. Allah’ın endirdiyini öz uydurduqları ilə dəyişdirənlərin axirətdə hüsrana uğrayacağı ayələrdə belə bildirilir:
Allah’a iftira yaxandan daha zalım kim ola bilər? Onlar Allah’ın hüzuruna gətirilər, şahidlər belə deyərlər:
“Bunlar Rəbbi barəsində yalan söyləyənlərdir!” Bilin ki, zalımlar Allah’ın lənətinə gələcəklər!
Möminlər isə Allah’ın hökmlərinə qəlbən təslim olurlar. Onların bu gözəl əxlaqı ayələrdə belə açıqlanmışdır:
...Rəbbimiz elm ilə hər şeyi ehtiva etmişdir. Biz yalnız Allah’a təvəkkül etmişik. Ey Rəbbimiz! Bizimlə tayfamız arasında ədalətlə hökm et. Axı Sən hökm verənlərin ən yaxşısısan!
...Mən Allah’ın qəza-qədərini sizdən heç bir şeylə dəf edə bilmərəm. Hökm yalnız Allah’ındır. Mən ancaq Ona təvəkkül etdim. Qoy təvəkkül edənlər də ancaq Ona təvəkkül etsinlər!