Əvvəlki hissələrdə Quranda səbrin necə təsvir edildiyindən və iman gətirənlərlə dindən uzaq insanların səbir anlayışı arasındakı fərqlilikdən bəhs etdik. Bu hissədə isə möminlərin hansı şeylərə səbir etdiyini izah edib bunu inkarçıların davranışları ilə müqayisə edəcəyik. Lakin bu mövzunu araşdırmamışdan əvvəl onu qeyd edək ki, Allah dünyada istədiyi zaman istədiyi quluna müxtəlif çətinlik verib onu imtahan edə bilər. Bu imtahan bir anlıq da ola, uzun da sürə bilər. Bunu təqdir edən Allahdır. Lakin bu bir həqiqətdir ki, axirətdə olduğu kimi, dünyada da bütün şərtlərdə ən gözəl həyat möminlərindir. Allah bu durumu bir ayədə belə bildirir:
Mömin olaraq yaxşı iş görən kişi və qadınlara, əlbəttə, gözəl həyat bəxş edəcək və etdikləri ən yaxşı əməllərə görə onları mütləq mükafatlandıracağıq.
Möminlər Allahın imtahan üçün yaratdığı çətinliklərə səbir edirlər və bunun nəticəsində də Allah bu çətinlikləri asanlaşdırır və onları yardımı ilə dəstəkləyir. Quranda Allahın iman gətirən qullarına yardımı belə buyurulur:
...Allah Ona yardım edənlərə mütləq yardım edər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir.
Növbəti səhifələrdə möminlərin səbir göstərdikləri mövzulardan bəhs ediləcək.
Vicdanlarından ömrü boyu səbirlə istifadə edirlər Allah insanda hər zaman doğrunu ilham edən vicdan yaratmışdır. Vicdan insanları Allahın bəyəndiyi kimi düşünməyə və Allahın razı olduğu həyatı yaşamağa çağırır. Hər insanda vicdanla yanaşı, bir də onu istək və həvəslərinə yönəltməyə çalışan nəfs var. İman gətirənlər ömrü boyu qarşılaşdığı hadisələrdə nəfslərinə tabe olmayıb vicdanlarının səsinə qulaq asırlar. Nəfsin istəkləri daha cəlbedici görünsə də, səbirli olub vicdanlarını dinləyir və doğruları yerinə yetirirlər. Möminlər daima götür-qoy edib ən doğru davranışı seçirlər. Buna misal olaraq Peyğəmbərimizin dövründə yaşamış saleh müsəlmanları nümunə göstərmək olar. “Nur” surəsindəki örtünmə ilə əlaqədar ayələr hicrətdən sonrakı dövrlərdə endirilmişdir. Həmin dövrdəki müsəlman qadınların gözəl davranışlarından belə bəhs olunur:
Şeybə qızı Safiyə danışır və deyir:
“Biz Aişənin yanında ikən bir neçə xanım qüreyşli qadınların vəziyyətindən və fəzilətlərindən bəhs etmişdirlər. Bu zaman Aişə belə buyurdu: “Qüreyşli qadınlar üstündürlər. Lakin Allaha and olsun ki, mən ənsarın qadınlarından daha çox Allahın kitabını təsdiq edən və Qurana inanan fəzilətli insanlar görmədim. “Nur” surəsindəki “örtüklərini yaxalarının üzərinə çəksinlər” ayəsi nazil olanda kişilər onların yanına gedib bu ayəni oxudular. Hamı zövcəsinin, qızının, bacısının və yaxınlarının yanında bu ayəni oxuyurdu. İçlərindən bu ayəyə əməl etməyən heç kim qalmadı. Allahın endirdiyi hökmlərə inandıqlarına görə örtündülər ...”
Peyğəmbərimizin dövründə mömin qadınlar Allahın təsəttür əmrini yerinə yetirib bunu şövq və istəklə qarşılamışdılar, vicdanlarına tabe olub itaət etmişdilər. Onlardan sonra gələn müsəlmanlar da eyni şövq və qərarlılıqla bu əmri yerinə yetiriblər.
Müsəlmanın vicdanlı davranışına dair gündəlik həyatdan başqa nümunələr də verə bilərik. Bəzən insanın nəfsi onu eqoist olmağa çağırdığı halda, vicdanı isə fədakar davranmağı ilham edir. Bir insan məşğul və yorğun ikən təcili köməyə ehtiyacı biri ondan kömək istəyə bilər. Elə vəziyyət yarana bilər ki, ona lazım olan bir şeyi daha çox ehtiyacı olan birisi ilə bölüşsün, hətta əlindəkilərinin hamısını o adama versin. Vicdanını dinləyən adam heç tərəddüd etmədən ehtiyacı olanlara əlindən gələn köməkliyi əsirgəməz. Quranda Peyğəmbərimizin dövründə yaşayan müsəlmanların əxlaqından belə nümunə verilir:
(Mühacirlərdən Mədinədə) əvvəl (orada) yurd salmış və iman gətirmiş kimsələr öz yanlarına hicrət edənləri sevir, onlara verdiklərinə görə qəlblərində peşmançılıq hissi duymurlar. Hətta özləri ehtiyac içində olsalar belə, onları özlərindən üstün tuturlar. Nəfsinin tamahından qorunan kimsələr nicat tapanlardır.
Möminlərin Quranda göstərilən bu nümunəvi və vicdanlı əxlaqı səbrin nəticəsidir.
Səbirli davranıb şeytanın səsini dinləmirlər Allah ilk insanı, yəni Adəmi yaradanda bütün mələklərin ona səcdə etməsini istəmiş, ancaq təkcə iblis Allahın bu əmrinə qarşı çıxıb səcdə etməmişdir.
Şeytanın bu təkəbbürünün əvəzində Allah onu cənnətdən çıxarmış və din gününə qədər lənətləndiyini bildirmişdir. Şeytan isə insanların dirildiləcəyi günə qədər Allahdan möhlət istəmiş, bu zamana qədər insanlara vəsvəsə verərək onları dünya həyatı ilə aldatacağını söyləmişdir. Allah şeytana din gününə qədər izin verib onun Öz səmimi qullarına təsir edə bilməyəcəyini buyurmuşdur:
(İblis) dedi:
“Ey Rəbbim! Sən məni yoldan çıxartdığına görə mən də yer üzündə onlara (pis işləri) gözəl göstərib onların hamısını azdıracağam. Yalnız Sənin sadiq qullarından başqa”. (Allah) dedi: “Bu, Mənə tərəf gətirib çıxaran düz yoldur. Şübhəsiz ki, qullarım üzərində sənin heç bir hökmün yoxdur. Yalnız sənə uyan azğınlar istisnadır”.
Göründüyü kimi, şeytan Adəm yarandıqdan sonra insanlara qarşı mübarizəyə başlamış, onlara vəsvəsə verərək Allahın yolundan azdırmaq üçün and içmişdir. Odur ki, insanın səbirli davranmaqda məsuliyyət daşıdığı şeylərdən biri də şeytanın oyunlarına qarşı ayıq olub ondan gələn vəsvəsələri dinləməməkdir.
Şeytan din gününə qədər yaşayacaq bütün insanlara müxtəlif vəsvəsələrlə yaxınlaşmağa çalışır. İnsanlar gündəlik həyatda şeytanın bu təsirlərinə tez-tez rast gəlirlər. Çünki şeytan heç ummadıqları yerdən onlara yaxınlaşır. Onlara qorxu və unutqanlıq verir, xeyirli işləri təxirə salmağı təlqin edir. Məsələn, bir insan Allah rizası üçün kasıblara kömək etmək barədə düşünərkən şeytan onu kasıblıqla qorxudur. Yaxud da dinə və müsəlmanlara faydalı işi unutdurmağa çalışır. Ancaq ayədə deyildiyi kimi, şeytanın hiyləsi çox zəifdir.
Rəbbimizə təvəkkül edib səbirli olanlara şeytan heç bir təsir edə bilməz. Çünki Allah şeytanın ancaq özü kimi inkar edənləri yoldan azdıracağını buyurur. Quranda “Əgər şeytandan sənə bir vəsvəsə gəlsə, Allaha sığın. Şübhəsiz ki, O eşidəndir, biləndir” (Əraf surəsi, 200) ayəsi ilə iman gətirənləri şeytanın vəsvəsələrindən qorunmaq üçün Özünə sığınmağa çağırmışdır. Allahın bu əmrin tabe olan möminlər həyatlarının sonuna qədər şeytanın oyun və hiylələrinə qarşı səbirlə mübarizə aparırlar. Onun insanları cəhənnəmə sürükləmək üçün daim fəaliyyət göstərdiyini əsla unutmurlar. Əgər xeyirli işlərdə daxilən tənbəllik hiss etsələr, bunun şeytanın vəsvəsəsi olduğunu bilib tez Allaha sığınır və o işə daha da şövqlə başlayırlar. Bir ayədə belə buyurulur:
Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman (Allahı) xatırlayar və dərhal (gerçəyi) görərlər.
Allahın “Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!” (Bəqərə surəsi, 153) tövsiyəsini dinləyib səbirlə şeytandan qorunmaq üçün Rəbbimizdən yardım istəyirlər və vəsvəsələrdən üz çevirirlər:
De: “Ey Rəbbim! Şeytanların vəsvəsələrindən Sənə sığınıram! Onların mənə yaxınlaşmalarından Sənə sığınıram, ey Rəbbim!”
Gözəl əxlaqı yaşamaqda səbirli olurlar Allah bütün insanlara Qurana tabe olmağı və onda təsvir edilən gözəl əxlaqı yaşamağı buyurmuşdur. İnsanların hesab günü sorğu-sual ediləcəkləri mövzulardan biri də Quran əxlaqını yaşayıb-yaşamadıqlarıdır. Dünyada gəlib-getmiş insanların hamısı buna görə xəbərdar edilib və Allahın razı olduğu əxlaqı yaşamağa dəvət ediliblər. Fəqət Allahın bu çağırışına tabe olanlar yalnız iman gətirənlərdir.
Din əxlaqından uzaq cəmiyyətlərdə də Quranda təsvir edilən gözəl əxlaqın bəzi yönlərini yaşayan insanlar vardır. Onlar yeri gəldikdə fədakar, mərhəmətli və ədalətli davranırlar. Lakin həmin insanlar nə qədər gözəl əxlaqlı olduqlarını iddia etsələr də, səbirli davranmadıqları vaxtlar mütləq olur. Təsəvvür edin ki, vacib iclasa tələsən birisi səhər vaxtında dura bilmir. Tələm-tələsik durub həyəcanla evdən çıxır və bu dəfə yolda tıxaca düşür. Gecikdiyini xəbər vermək üçün işə zəng vurmaq istəyir, lakin dalğa tutmadığından xəbər verə bilmir. Bu zaman yanındakı insan ondan bir söz soruşanda ona xoş cavab vermir, hətta tərs-tərs baxır. Həmin adam özünə görə hər zaman anlayışlı və yardımsevər olduğunu iddia etsə də, belə durumda səbrinin tükəndiyini deyir və kobud davranır.
Quran əxlaqını yaşamayan insanlar gün ərzində bəzi hadisələrə lazımsız yerə əsəbiləşirlər. Məsələn, katibəsi əhəmiyyətli bir sözü unudub ona deməyəndə, evdə uşaq dəyərli bir əşyanı qıranda və ya xanımı yeni aldığı avtomobili harasa vuranda özündən çıxırlar. Quran əxlaqını yaşamayan insanlar belə hallarda, əsasən, özlərindən çıxıb kobud davranırlar. Belə ki, bunların səbəbi Allahın əmr etdiyi əxlaqı yaşamaqda səbirli olmamaqdır.
Quranın əmr etdiyi gözəl əxlaqı isə ancaq səbirli olanlar yaşaya bilirlər. Bu insanların ən əhəmiyyətli xüsusiyyətlərindən biri şərtlərə və şəxslərə görə dəyişməmələridir. Məsələn, bir insan əsəbi xarakterə sahib ola bilər. Amma Allahın möminlər üçün buyurduğu “... qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir” (Ali-İmran surəsi, 134) ayəsini öyrəndikdə səbirli davranıb bağışlayır. Hətta həyatı boyu əsəbiləşdirici hərəkətlərə ardarda rast gəlsə də, reaksiyasını dəyişməz. İman gətirənlər hər nə olsa da, qəzəbini boğub səbirli olar, Quranda əmr edilən əxlaqdan üz döndərməzlər.
İnsanın əxlaqını gözəlləşdirən o əxlaqı yaşamaqda göstərdiyi səbir və iradədir. Mömin təkcə əfvedici olmamalı, ehtiyac zamanı belə fədakar davranmalı, eyni zamanda cəsarətdə, təvazökarlıqda, sevgidə və hörmətdə hər zaman iradə göstərməlidir. Çünki Allah “O, göylərin, yerin və onların arasında olanların Rəbbidir! Elə isə yalnız Ona ibadət et və Ona ibadətdə səbirli ol!..” (Məryəm surəsi, 65) ayəsi ilə möminlərə ibadətdə qərarlı olmağı əmr etmişdir. Allahın başqa bir əmri isə pisliklərə gözəlliklə cavab verməkdir. Belə ki, Quranda möminlərin səbir sayəsində pislikləri ən gözəl tərzdə uzaqlaşdırdıqlarına diqqət çəkilmişdir:
Yaxşılıqla pislik eyni ola bilməz. Sən (pisliyi) yaxşılıqla dəf et! O zaman səninlə ədavət aparan kimsə sanki yaxın bir dost olar. Bu isə ancaq səbir edənlərə verilir və ancaq böyük qismət sahiblərinə nəsib olur.
Möminlərin səbirli olmalarının nəticəsində isə Allah onlara ən gözəl mükafat verib cənnətə salacaq. Bunu xəbər verən ayə belədir:
Sizdə olan nemətlər tükənəcək, Allahın dərgahında olan nemətlər isə daim qalacaqdır. Səbirli olanlara etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik.
Allahdan başqa heç bir şeydən qorxmamaqda səbirli olurlar Allahın gücünü və böyüklüyünü qavramayan insanlar yer üzündə canlı-cansız hər şeydən qorxa bilirlər. Bəziləri insanlardan qorxur, bəziləri də qaranlıqdan, rəngdən və ya rəqəmlərdən qorxurlar.
Möminlər isə gücün tək sahibin Allah olduğunu və Onun izni olmadan heç kimin bir başqasına zərər və ya fayda verməyəcəyini bilirlər. İnsanların və ya digər varlıqların heç birinin Allahdan müstəqil güclərinin olmadığını, hər birinin Allahın nəzarətində olduğunu unutmurlar. Əgər hər hansı çətinliklə qarşılaşsalar, bunu ancaq Allahın aradan qaldıra biləcəyinə ürəkdən inanırlar. Buna görə də Allahdan başqa heç kimdən və heç bir şeydən qorxmurlar. Allah bir ayədə möminləri Özündən başqa heç bir şeydən qorxmamağı belə xəbərdar edir:
O şeytan sadəcə sizi öz dostları ilə qorxudur. Möminsinizsə, onlardan qorxmayın, Məndən qorxun!
Möminlər Allahdan qorxub Ona çox güvəndiklərinə görə qarşılaşdıqları qorxuducu hadisələrin heç birindən narahat olmurlar. Başqalarının təzyiqi və məhdudiyyəti onları Allah üçün yaşamaqdan, eləcə də Onun rizası üçün cəhd etməkdən əsla kənarlaşdıra bilməz. Quranda möminlərin bu xüsusiyyətindən belə bəhs olunur:
(Bəzi) adamlar onlara:
“Camaat sizə qarşı (ordu) toplayıbdır, onlardan qorxun!” -dedilər. Bu, onların imanını daha da artırdı və onlar: “Allah bizə yetər. O, nə gözəl qoruyandır!” -dedilər.
Möminlər çətinliklər və bütün qorxuducu hadisələr qarşısında səbirlidirlər, Allahdan başqasından qorxmaz və imanlarından dönməzlər. Allah həqiqi iman gətirənlərlə iman gətirməyənləri və ya imanı zəif olanları ayırd etmək üçün insanları qorxu ilə imtahan edəcəyini bildirmişdir. İmanda səbirli olanlara isə belə müjdə verir:
Biz sizi bir az qorxu, bir az aclıq, bir az da mal-dövlət, insan və məhsul itkisi ilə sınayarıq. Səbir edənlərə müjdə ver.
Mallarına zərər gəldikdə səbirli olurlar Allah dünya həyatını müxtəlif gözəlliklərlə bəzəmiş və insanı bunlardan zövq alacaq şəkildə yaratmışdır. İnsan isə ona verilən nemətlərdən gözəl istifadə etməli, lakin heç vaxt bunlara həvəslə bağlanmamalıdır. Çünki dünyada qazanılan şeylər elə bu dünyada qalacaq və insanlar Rəbbimizin hüzurunda bunlardan necə istifadə etdiklərinə dair hesab verəcəklər. Nemətlərin Allahın lütfü olduğunu bilib şükür edənlər mükafatlandırılacaqlar və axirəti unudub yalnız bu nemətləri əldə etmək üçün cəhd göstərənlər isə çox məyus olacaqlar. Allah Quranda insanlara verilən bu nemətlərin bəzilərindən belə bəhs etmişdir:
Qadınların, uşaqların, yığın-yığın qızıl-gümüşün, yaxşı cins atların, mal-qaranın və əkin yerlərinin verdiyi zövqlərə olan istək insanların gözünə gözəl göstərilmişdir. Bunlar, dünya həyatının keçici zövqüdür, gözəl qayıdış yeri isə Allah dərgahındadır.
Belə ki, möminlər Allahın onlara verdiyi nemətlərdən ən gözəl şəkildə istifadə edir, lakin heç vaxt onlara bağlanmırlar. Dünyadakı hər şey kimi mal-mülkün də imtahan üçün insanlara verildiyini bilirlər. Bütün bunların keçici, əsil nemətlərin isə axirətdə olduğunu düşünərək dünyaya həvəs göstərmirlər. Möminlər dünyaya meyil etmədiklərinə görə bu mövzuda hər hansı çətinliklə üzləşdikdə rahatlıqla səbir edirlər. Sahib olduğu şeyləri itirəndə və ya malları azalanda üzülməzlər. Bir insan illərlə çalışıb bir çox şey əldə edə və bir gün heç gözləmədiyi anda qazandıqlarını itirə bilər. Məsələn, evi yana, bağ-bağçası dağıla bilər, yaxud da işləri pisləşib iflasa uğraya bilər. Bunlar dünyada insanların tez-tez rastlaşdığı hadisələrdir. Belə vəziyyətlərdə imanlı olanlar səbirlə Allah yönəlirlər. Bu hadisələrin səbir və təvəkkül göstərməsi üçün xüsusi yaradılmış imtahan olduğunu bilirlər. Allahın mütləq asanlıq yaradacağını, yəni bir yol açıb xeyirə çatdıracağını, axirətdə də səbirli olduqları üçün daha gözəlinə nail olacaqlarını düşünüb rahat yaşayırlar.
Dünyaya həvəslə bağlanan insanlar isə illərlə əmək sərf edib yığdığı var-dövlətə zərər gəldikdə təvəkkül etməyib üsyankar davranırlar. Onlar malın gerçək sahibinin Allah olduğunu, dilədikdə onlardan alıb daha xeyirlisini verə biləcəyini unudurlar. Buna görə də Allahın imtahan üçün yaratdığı hadisədə xeyri görə bilməyib səbirli davranmırlar.
“Siz hökmən malınız və canınızla sınaqdan keçiriləcəksiniz ...” (Ali-İmran surəsi, 186) ayəsi ilə Allah üçün səbirli olan möminlərlə dünyaya qapılıb axirəti unudanlar arasındakı fərq ortaya çıxır. Möminlər mallarını itirdikləri üçün üzülməzlər, çünki onlar maddi-mənəvi hər şeyi Allahın rizasını qazanmaq üçün niyyət ediblər. Möminlərin Allaha göstərdiyi bu sədaqət isə Quranda belə xəbər verilir:
Aclıq və yoxsulluq zamanı səbirli olurlar Əvvəlki hissələrdə də bildirdiyimiz kimi, Allah insanları dünyada qorxu, xəstəlik, mal qıtlığı və s. kimi şeylərlə imtahan edir. Belə ki, Quranda diqqət çəkilən imtahan mövzularından biri də aclıq və yoxsulluqdur. Lakin bunu qeyd etmək lazımdır ki, Allah hər insan üçün müxtəlif imtahan mühiti yaradır. Buna görə də Quranda bildirilən bu imtahanlarla hər insan fərqli şəkildə qarşılaşa bilər. Allah eyni mövzunu insanlar üçün çox müxtəlif formalarda yaradar və gözləmədikləri bir yerdən onları imtahan edər, bu da imtahanın sirridir. Həqiqi iman gətirib təvəkkül edənlər Quranda bildirilən çətinliklərlə qarşılaşanda buna hazır olurlar. Bu onların imanlarını və Allaha olan itaətlərini göstərir.
İnkarçılar belə vəziyyətlərdə təvəkkülsüz davranırlar. Ömürləri boyu dünyada qarşılaşdıqları saysız neməti onlara Allahın verdiyini unudur və bunlara görə Rəbbimizə şükür etmirlər. Üstəlik bu nemətlərdən bircə dənəsi belə əllərindən alınsa, o dəqiqə nankorluqla Allaha üsyan edirlər. Din əxlaqından uzaq cəmiyyətlərdə bunun nümunələrinə çox rast gəlinir. Zəngin bir adam hər hansı səbəbdən malını itirə və Allahın ona verdiyi bir çox nemətdən məhrum ola bilər. Zəngin olarkən sahib olduğu evlərin, avtomobillərin, çeşid-çeşid yeməklərin və s. uca Allahın lütfü olduğunu düşünməmiş, hamısının özünə aid olduğunu zənn etmişdir. Yoxsul olduqda isə mal-mülkünün əlindən çıxmasına görə nankorluq edər. Düşdüyü çətin vəziyyətə görə Allahın yenidən nemət verməsi üçün dua etməz. Təvəkkül etmədiyinə görə Allahın ona imtahan üçün yaratdığı bu fürsətdən yenə öz əleyhinə istifadə etmiş olur.
Halbuki bütün bu gerçəkləri bilib səbir edənlər və varlıqda da, yoxluqda da Allahdan razı olanlar mütləq Allahın rəhmətini görəcəklər. Allah bir ayədə “O zaman Rəbbiniz bildirmişdi: “Əgər şükür etsəniz, sizə (olan nemətimi) artıraram, yox əgər nankorluq etsəniz, Mənim əzabım şiddətlidir”” (İbrahim surəsi, 7) sözləri ilə şükür edən qullarına nemətini artıracağını xəbər vermişdir.
Quranda aclıq və yoxsulluqla imtahan edilən möminlərin durumundan belə bəhs edilir:
Yoxsa siz elə güman edirdiniz ki, sizdən əvvəlkilərin başına gələnlər sizin başınıza gəlmədən cənnətə daxil olacaqsınız? Onlara elə sıxıntı və xəstəlik üz vermiş, elə sarsılmışdılar ki, hətta Peyğəmbər və onunla birlikdə olan möminlər də:
“Allahın köməyi nə vaxt (gələcək)?”– dedilər. Həqiqətən, Allahın köməyi yaxındır.
Allah onların dözülməz çətinlik və yoxsulluqla qarşılaşanda Allahın yardımına sığındıqlarını bildirir. Lakin unutmaq olmaz ki, Allah səbir edib belə bir imtahanı gözəlliklə qarşılayanlara köməyinin çox yaxın olduğunu müjdələmişdir. Çünki Allah qullarını çətinliklə imtahan edərkən onlara mütləq asanlıq yaradacağını vəd edir. “Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir” (İnşirah surəsi, 5) ayəsi ilə xəbər verilən bu vəziyyət möminlərin ən çətin anlarda belə Allahın verdiklərinə razı olmasını və səbirli davranmasını təmin edir.
Bunun ən gözəl nümunələrindən birini Peyğəmbərimizin yanındakı saleh möminlərin davranışlarında görmək mümkündür. Allahın rizasını qazanmaq məqsədilə susuzluq, yorğunluq və dözülməz aclıq zamanı səbirli olmuş, Peyğəmbərimizlə birlikdə mübarizəyə davam etmişdilər. Dözülməz dərəcədə isti səhrada Allahın rizasını qazanmaq üçün çətinliyə səbir göstərən möminlərə əcr veriləcəyi bir ayədə belə buyurulur:
Mədinə əhalisinə və onların ətrafındakı bədəvilərə (döyüşdə) Allahın Elçisindən geri qalmaq, onun canından öncə öz canlarının hayına qalmaq yaraşmaz. Çünki Allah yolunda onlara üz verən elə bir susuzluq, yorğunluq və aclıq, kafirləri qəzəbləndirən elə bir atılmış addım, düşmən üzərində qazanılan elə bir uğur yoxdur ki, bunların müqabilində onlara yaxşı bir əməl yazılmasın. Həqiqətən, Allah yaxşı iş görənlərin mükafatını puç etməz.
Göründüyü kimi, Allah xəbər verir ki, möminlərin çətinliklər qarşısında səbirlərinin qarşılığı mütləq veriləcək. Başqa bir ayədə Allah Özünü “(Allah) onlara aclıqdan (sonra) yemək verdi və qorxudan (sonra) əmin-amanlıq bəxş etdi” (Qüreyş surəsi, 4) hökmü ilə tanıdaraq möminlərə rəhmətini bildirmişdir.
Xəstələndikdə səbirli olurlar Quran əxlaqının yaşanmadığı cəmiyyətlərdə insanların şərtlərə görə davranışlarını dəyişməsi normal qarşılanır. Şərtlər yaxşı olduqda, yəni maddi-mənəvi hər cür ehtiyacları qarşılandıqda davranışları da gözəl olur. Lakin onları narahat edən hər hansı sıxıntı olanda isə xarakterləri tamamilə dəyişir. Çətinlik keçici olsa da, buna qarşı səbirli ola bilmirlər. Onların təvəkkül etmədiklərini göstərən durumlardan biri də xəstəlikdir.
Halbuki insanların gözəl əxlaqlı olub-olmadığını göstərən amillər xəstəlik, aclıq, yorğunluq kimi hallardır. Çətin anlar insanların özünü isbat etməsi, Allaha olan sədaqət və bağlılığını ortaya qoyması üçün dəyərli zamanlardır. Allah həqiqi gözəl əxlaqın və yaxşılığın şərtlərindən birinin çətinlikdə və xəstəlikdə səbirli olub gözəl davranmaq olduğunu bildirmişdir. (Bəqərə surəsi, 177) Möminlərin xəstəlik zamanı təvəkküllü və səbirli davranmalarının ən önəmli səbəbi Allaha olan dərin imanlarıdır. Quranda bir ayədə İbrahimin bu həqiqəti “o Rəbb ki, xəstələndiyim zaman mənə şəfa verir” (Şüəra surəsi, 80) sözləri ilə dilə gətirdiyi bildirilmişdir. İbrahim kimi bütün möminlər xəstəliyi də, şəfanı da Allahın yaratdığını bilir və təlaşa düşmürlər. Əksinə olaraq, onları illərlə sağlam yaşadan Rəbbimizə şükür edirlər. Sağlam həyatın ancaq Allahın lütfü olduğunu gördükləri üçün xəstələndikdə də şükür etməyə davam edirlər.
Xəstəliklərlə yanaşı, qəza və şikəst olmaq kimi hallarda da çox itaətkar davranıb təvəkkül edirlər. Çətinliklər zamanı səbirli olduqlarına görə Allahın onları cənnətdə daha gözəl surətdə yaradacağını umurlar. Buna görə də dünyada bir şeydən məhrum olmuş kimi görünsələr də, axirətdə böyük mükafat alacaqlarını unutmurlar.
İman gətirməyənlər isə dünya həyatına bağlılıqlarına görə belə hadisə qarşısında nəinki səbirsiz olurlar, eyni zamanda ümidsizlik içində sıxıntı çəkirlər. Məsələn, əli və ya qolu şikəst olan adam belə yaşamaq yerinə ölmək istəyir, hətta belə durumlarda intihara əl atanlar da olur. Tək həyatın bu dünyada olduğunu zənn etdiklərinə görə bəzi qüsurlarla yaşamağın mənasız olduğunu düşünürlər. İntihar etmək istəməsələr də, çox tərs xarakterə bürünüb ətrafındakılara əziyyət verməyə çalışırlar. Halbuki həmin adamlar təvəkkül edib-etməsələr də, bu hadisəni dəyişə bilməzlər. Təvəkkül etdikdə isə sonsuz cənnət həyatını və bir daha zərər görməyəcək qüsursuz bədənə sahib olmağı uma bilərlər. Lakin təvəkkül etmədiklərinə görə həm dünya, həm də axirət həyatlarını alt-üst edirlər. Çünki başlarına gələnləri Allahın yaratdığını bilmirlər və buna görə də cəhənnəmə düşəcəklər.
Quran əxlaqını yaşayan insanın isə davranışları tamamilə fərqli olur. Mömin qəza keçirməklə və ya başqa səbəblə şikəst olarsa, əsla fərqli xarakter göstərməz. Bunun Allahdan gələn imtahan olduğunu və aqibətinin mütləq xeyirli olacağını bilib səbirli olar. Bundan sonra da bütün imkanları ilə Allahın rizasını qazanmağa çalışar. Fiziki baxımdan cəhd etmək imkanı olmasa belə, fikri yöndən insanlara faydalı olan və onları axirətə yönəldən işlər görər.
Xəstələndikdə Allahdan üz çevirən insanlar necə xəta etdiklərinin fərqində deyillər. Çünki Allahdan başqa şəfa verən və onları xəstəlikdən qurtaran güc yoxdur. Həkimlər, dərmanlar və müalicələr ancaq Allahın izni ilə şəfa verir. Möminlər bu həqiqəti bildiklərinə görə xəstəliyi səbirlə qarşıladıqları kimi, şəfanı da səbirlə Allahdan istəyərlər. Onlar vasitələrdən tam faydalanıb bunların ancaq Allah dilədikdə yararlı olacağını unutmazlar. Quranda möminlərin xəstəlik zamanı səbirlə Allaha sığındıqlarına dair nümunə olaraq Eyyub verilir. Eyyub Allahın “Həqiqətən, Biz onu səbir edən gördük. Necə də gözəl qul idi! O, daima Allaha üz tutardı” (Sad surəsi, 44) sözləri ilə təriflədiyi peyğəmbərdir. Eyyubun səbri və Allaha üz tutması ayələrdə belə bildirilir:
Eyyubu da (yada sal!) Bir zaman o, Rəbbinə yalvarıb demişdi:
“Mənə, həqiqətən də, bəla düçar olubdur. Sən rəhmlilərin ən rəhmlisisən!” Biz onun duasını qəbul etdik və ona düçar olmuş bəlanı aradan qaldırdıq. Öz tərəfimizdən bir mərhəmət və ibadət edənlərə bir ibrət olsun deyə, ailəsini ona qaytardıq, üstəlik bir o qədər də əlavə etdik.
Eyyub peyğəmbərin belə vəziyyətdə göstərdiyi üstün əxlaqı Allaha səmimi duasından anlamaq mümkündür. Dərd və xəstəlik içində ikən Allahın mərhəmətli, şəfqətli olduğunu və hər şeyə gücünün çatdığını unutmadan səbirlə Ona yönəlmişdir. Allah bu əxlaqın əvəzində duasını qəbul edib ona şəfa vermişdir.
Göründüyü kimi, hər şeydə olduğu qədər çətinlik və xəstəlik zamanı da Allah səbirli olanlara yardım edir. Bir ayədə səbirli olanlara Allahın dəstəyi belə ifadə edilir:
Haqsızlığa qarşı səbirli olurlar Quran əxlaqından uzaq insanlar əsil ədaləti bərqərar edə bilmirlər. Dünyada böyük-kiçik hər əməllərinin axirətdə qarşılarına çıxacağını düşünmədikləri üçün ədalət mövzusunda da qərarlı olmurlar. Bundan başqa, vicdanla hərəkət etmədiklərinə görə ağıllı deyil, ani qərarlar alırlar. Əsəbiləşəndə qəzəblərini cilovlamayıb intiqam almağa çalışırlar. Mənfəətləri üçün qarşı tərəfə haqsızlıq etməkdən belə çəkinmirlər. Mediada belə xəbərlərə tez-tez rast gəlinir. İşdən qovulduğu üçün müdirinə hücum çəkən, işinə mane olan birinə iftira atan, təhqir edən birinə daha pis münasibət göstərən şəxslərə həmişə rast gəlirik. Bu adamlar onlara edilən pisliyə və ya haqsızlığa Quran əxlaqından tamamilə uzaq davranışla cavab verirlər, bəzən bu, cinayətə qədər gedib çıxır.
Möminlər də imtahan olaraq daim belə insanların ədalətsiz hərəkətləri ilə üzləşə bilərlər. Lakin onlar yuxarıda nümunə verdiyimiz adamlar kimi pisliyə pisliklə cavab vermirlər. Bunu da qeyd etmək lazımdır ki, haqsızlığa tamaşa da etmirlər. Daim təvəkküllü olduqlarına görə soyuqqanlılıqla hərəkət edirlər.
Möminlərin haqsızlıqla üzləşdikdə səbirli davranmaları bütün hadisələrin Allahın nəzarətində olduğunu və Allahın sonsuz ədalət sahibi olduğunu bilmələrindən qaynaqlanır. Çünki Allah axirət günü bütün insanların zərrə qədər haqsızlığa uğramadan etdiklərinin qarşılığını alacaqlarını bildirmişdir. Beləliklə, dünyada haqsızlıq edib ədalətsiz davrananlar axirət günü etdiklərinin qarşılığını mütləq görəcəklər. Quranda Allahın sonsuz ədalətindən belə bəhs edilir:
Biz qiyamət günü ədalət tərəziləri ilə haqq-hesab çəkəcəyik. Heç kimə hər hansı bir şeydə ədalətsizlik edilməyəcəkdir. bir xardal dənəsi mislində olsa belə, onu gətirib (tərəziyə) qoyacağıq. Biz haqqı araşdırmağa bəs edərik.
Odur ki, Allahın bu qanununu bilən möminlər haqsızlıq gördükdə də səbirli olurlar. Allah bu səbrin əvəzində onlara mütləq yardım edəcəyini belə vəd edir:
... Allah Ona yardım edənlərə, mütləq yardım edər. Şübhəsiz ki, Allah qüvvətlidir, qüdrətlidir.
Quranda Yusifin həyatı boyu dəfələrlə haqsızlıqla üzləşdiyi, ancaq təvəkkül və səbrindən dolayı Allahın ona yardım etdiyi bildirilir. Yusifin uşaqlıq illərindən başına gələnlər həm onun, həm də atası Yaqubun imtahanı üçün xüsusi olaraq yaradılmışdır. Yusif əvvəlcə onu qısqanan qardaşları tərəfindən quyuya atılmış, sonra bir karvan tərəfindən tapılıb kölə kimi satılmışdır. Quranda Yaqubun baş verənlərə gözəl şəkildə səbir etdiyindən və uşaqlarının qurduğu hiyləyə görə Allahdan yardım istədiyindən bəhs edilir:
(Qardaşları) onun köynəyinə saxta qan ləkəsi sürtüb gətirdilər. (Yaqub) dedi:
“Xeyr, sizi öz nəfsiniz bu işə vadar etmişdir. (Mənə) gözəl səbir gərəkdir. Söylədiklərinizin müqabilində Allahdan kömək diləmək lazımdır”.
Yusif bundan sonra onu pulla alan misirli vəzirin xanımının iftirasına məruz qalmışdır. Yusifin günahsız olduğu bilindiyi halda, onu zindana salmışdılar. O, uzun illər haqsız yerə həbsdə qalsa da, bunları Allahın imtahan üçün xüsusi yaratdığını unutmamışdır. Allaha sığınıb Ondan yardım istəmiş və səbirli olmuşdur. Allahın inkar edənlərin hiyləsini puç edəcəyinə və iman gətirənlərin mütləq xilas olacağına əmin olmuşdur. Allah səbir etdiyinə görə ona həm dünyada, həm də axirətdə razı qaldığı nemətlər vermişdir:
Padşah dedi: “Onu yanıma gətirin! Onu özümə yaxın edəcəyəm”. Onunla söhbət etdikdə:
“Sən bu gün yanımızda yüksək məqam sahibi, etibarlı bir adamsan”, – dedi. O dedi: “Bu yerin xəzinələrini mənə tapşır. Çünki mən qoruyanam, bilənəm”. Beləliklə, Yusifə yer üzündə hökmranlıq verdik. O, istədiyi yerdə qala bilərdi. Biz istədiyimizə mərhəmətimizi nəsib edirik və yaxşı iş görənlərin mükafatını əsirgəmirik. İman gətirənlər və müttəqi olanlar üçün, əlbəttə, axirət mükafatı daha xeyirlidir.
Bu hadisələrdən sonra Allah Yusifi illər sonra ona hiylə quran qardaşları ilə qarşılaşdırmışdır. Yusif haqsızlıqlar qarşısında Allahın rəhmətini və Ona olan güvənini belə dilə gətirmişdir:
Onlar dedilər:
“Yoxsa sən özün Yusifsən?” O dedi: “Mən Yusifəm, bu da qardaşımdır. Allah bizə mərhəmət etmişdir. Kim qorxsa və səbir etsə, Allah yaxşı iş görənlərin mükafatını puç etməz”.
Quranda Yusif ilə əlaqədar bəhs edilənlər möminlərin hikmətləri görə bilmələri baxımından əhəmiyyətli nümunələrdir. Çünki Allahın Yusifə yardımı bütün inananlara şamil edilir. Allah möminlərə qarşı qurulan hiylələri pozan, haqsızlıqlara mütləq cavab verəndir.
İnkarçıların iftiraları və acı sözləri qarşısında səbirli olurlar Quranda möminlərin imtahanından bəhs edilərkən inkarçılardan incidici sözlər eşidəcəkləri də bildirilir:
Sizdən əvvəl kitab verilənlərdən və müşriklərdən bir çox əziyyətverici sözlər eşidəcəksiniz. Əgər səbir edib qorxsanız, bu, əzmkarlıq (tələb edən) əməllərdəndir.
Tarix boyu göndərilən bütün peyğəmbərlər qövmlərinin müxtəlif iftira və ittihamları ilə üzləşiblər. Xüsusilə bu qövmlərin başçıları onları belə hərəkətlərə təşviq etməklə iman gətirənlərə qarşı qızışdırıblar. Bunun əsas səbəbi odur ki, haqq din onların ədalətsizliklə əldə etdiyi dünyəvi mənfəətləri əllərindən alır. Onlar yaşadıqları ərazidə zənginlik, məqam və etibar baxımından üstün olduqları üçün xalqı rahatlıqla soyub, ədalətsizliyi və haqsızlığı insanlara normal göstəriblər.
Biz Musanı möcüzələrimizlə və aşkar bir dəlillə göndərdik – Fironun, Hamanın və Qarunun yanına. Onlar isə:
Firon və ətrafının Musaya dedikləri bu sözlər tək onlara xas deyil. Tarixən Allahın din əxlaqını yaymaq üçün göndərdiyi bütün elçilərə eyni ittihamlar atılmışdır. Yalançılıq, sehrbazlıq, məcnunluq, şairlik və ya mənfəətpərəstlik bunlardan bir neçəsidir. İman gətirənlərin hər dövrdə belə iftiralarla üzləşmələri isə qətiyyən təsadüf deyil. Əksinə olaraq, Allahın möminlərin səbir və təvəkküllərini yoxlamaq üçün yaratdığı xüsusi hadisələrdir.
Quranda bunun keçmişdən bəri davam etdiyi barədə belə deyilir:
Beləcə, onlardan əvvəlkilərə də elə bir elçi gəlmədi ki, (onun barəsində):
“Biz sənin özümüz kimi sadəcə bir insan hesab edir və içimizdən ancaq düşüncəsiz olan ən rəzil adamların sənə qoşulduğunu görürük. Həmçinin sizin bizdən üstün olduğunuzu da görmürük. Əksinə, biz sizi yalançı hesab edirik”.
Allahın elçiləri və saleh möminlər inkarçıların iftiralarının qarşısında səbir göstərib Allaha sığınmış və Ondan yardım istəmişlər. Bunun bir nümunəsi Quranda belə bildirilir:
(Peyğəmbər) dedi:
“Ey Rəbbim! haqq hökm ver! Sizin aid etdiyiniz sifətlərə qarşı ancaq Rəhman olan Rəbbimizdən kömək diləmək lazımdır”.
Allahın ayədə bildirdiyi kimi, mömin hansı çətinliklə qarşılaşsa da, Quran əxlaqını yaşamağa və insanlara bu yöndə öyüd verməyə davam etməlidir. Buna görə də möminlər inkarçıların bu hərəkətlərinə fikir verməməli, təvəkkül və səbirlə doğru bildikləri yolda irəliləməlidirlər. Bundan başqa, inkar edənlər öz əməlləri ilə fərqində olmadan iman gətirənlərin şövq və həyəcanının artmasına səbəb olurlar.
Din əxlaqını təbliğ edərkən səbirli olurlar Allah peyğəmbərlərin həyatı boyu göstərdikləri səbri Quran ayələri ilə bizə bildirərək bu üstün əxlaqı necə yaşayacağımızı bizə göstərmişdir. Şübhəsiz ki, bu, inanan və Allaha yaxınlaşmaqda yol axtaranlar üçün böyük nemətdir.
Quranda peyğəmbərlərin ömür boyu ətrafındakı insanlara və qövmlərinə Allahın dinini təbliğ etdikləri xəbər verilir. Lakin hər peyğəmbər qövmünü doğru yola dəvət edərkən çoxlu düşmən qazanmış, əvvəl də dediyimiz kimi, onların sözlü və feili hücumlarına məruz qalmışdır. Fəqət inkarçıların bu cəhdləri elçiləri əsla təşvişə salmamış, əksinə olaraq onlar din əxlaqını nümunəvi səbir və qətiyyətlə təbliğ etmişlər. Quranda həyatından nümunələr verilən bu elçilərdən biri də İbrahimdir. İbrahim peyğəmbər həyatı boyu səbir tələb edən müxtəlif hadisələrlə imtahan edilmişdir. Allahın qarşısına çıxardığı bütün hadisələrdə təvəkküllü və səbirli olmuşdur. İbrahim daşdan büt düzəldib ona ibadət edən qövmünü haqq dinə və tək Allaha iman gətirməyə çağırdığına görə oda atıb onu yandırmaq istəmişdilər. Quranda İbrahimin bu imtahanından belə bəhs olunur:
“İbrahim deyilən bir gəncin onları pislədiyini eşitmişik”, – dedilər. (Digərləri də:) “Onu camaatın gözü qabağına gətirin ki, şahidlik etsinlər”, – dedilər.
“Bundan ötrü bir bina tikin və onu orada odlayın!” Onlar hiylə qurmaq istədilər, Biz də onları rüsvay etdik. (O dedi): “Mən Rəbbimə doğru gedirəm. O, məni doğru yola yönəldəcəkdir”.
Ayələrdə bildirildiyi kimi, qövmü İbarhimi oda atmaq istəmiş, lakin Allah ona səbirli və təvəkküllü olduğu üçün rəhm edib oda soyuq olmağı əmr etmişdi:
Biz: “Ey od! İbrahim üçün sərin və zərərsiz ol!”– dedik. Onlar İbrahimə qəsd etmək fikrinə düşdülər, lakin Biz onları daha şiddətli cəzaya məruz qoyduq.
İbrahimin başına gələn bu hadisə Allahın səbirli və təvəkküllü qullarına olan yardımıdır, həmçinin Rəbbimizin səmimi müsəlmanlara çox böyük nemətlər verdiyinin gözəl nümunəsidir.
Quranda təkcə İbrahimin səbrindən bəhs edilmir. İbrahim peyğəmbər həyatının sonuna qədər insanlara Allahın varlığını anlatmış, onları haqq dini yaşamağa dəvət etmişdir. Lakin onlar bütlərə sitayiş etməkdən əl çəkməyib dini qəbul etməmişdilər. İbrahim heç kimin iman gətirmədiyinə baxmayaraq, təbliğinə səbirlə davam etmişdi. Onun din əxlaqını necə səbirlə təbliğ etdiyini babası ilə söhbətindən də görmək mümkündür:
Bir zaman o, atasına demişdi:
“Atacan! Nə üçün eşitməyən, görməyən və sənə heç bir faydası olmayan bir şeyə sitayiş edirsən? Atacan! Həqiqətən, sənə gəlməyən bir elm mənə gəlmişdir. Arxamca gəl ki, səni doğru yola yönəldim. Atacan! Şeytana ibadət etmə! Həqiqətən, şeytan Rəhmana çox asi oldu. Atacan! Qorxuram ki, Rəhmandan sənə bir əzab toxunsun və beləcə şeytana yoldaş olasan”. (Atası) dedi: “Sən mənim tanrılarımdan üzmü çevirirsən, ey İbrahim!? Əgər son qoymasan, səni mütləq daşqalaq edəcəyəm. Uzun müddət məndən uzaq ol!”
Allahın təbliğdə səbir və əzmlə cəhd edən elçilərindən biri də Nuhdur. O, qövmünə Allahın haqq dinini təbliğ etmək üçün böyük səbir göstərmişdi. Hər dəfə üz çevirsələr də, onlara müxtəlif və fərqli yollarla yaxınlaşmağa çalışmış, lakin qövmü iman gətirməmişdi. Nuh qövmü iman gətirməməklə yanaşı, Peyğəmbəri qorxutmaq üçün ona təzyiq edib fəaliyyətlərinə mane olmağa çalışmışdı. Nuh səbirli və təvəkküllü olduğuna görə təzyiqlər ona heç təsir etməmişdi. Onun təbliğdə göstərdiyi səbirdən Quranda belə bəhs edilir:
Onlardan əvvəl Nuh qövmü (elçiləri) yalançı hesab etmişdi. Onlar qulumuzu yalançı sayıb:
“O, dəlidir!”– dedilər və ona hədə-qorxu gəldilər.
O dedi: “Ey Rəbbim, mən xalqımı gecə də, gündüz də dəvət etdim. Amma dəvətim onların qaçmalarını daha da artırdı. Sən onları bağışlayasan deyə, mən hər dəfə onları dəvət etdikdə, onlar barmaqlarını qulaqlarına tıxayır, paltarlarına bürünür, israr edir və ötkəm-ötkəm təkəbbürlənirdilər. Sonra mən onları aşkarcasına dəvət etdim. Sonra mən onlara (həm uca səslə), (həm də) gizlicə bildirib dedim:
“Rəbbinizdən bağışlanmağınızı diləyin! Həqiqətən, O, çox bağışlayandır!
Əlbəttə, keçmiş peyğəmbərilərin həyatlarından verilən bu nümunələr müsəlmanlar üçün ibrətamizdir. Allah bu əhvalatları Quranda bizə bildirərək səbirdə qərarlılıq göstərən peyğəmbərlərindən nümunə götürməyimizi istəyir:
Elçilərdən möhkəm iradə sahiblərinin səbir etdiyi kimi, sən də səbir et! ...
İman gətirənlər keçmişdə olduğu kimi, bu gün və ya gələcəkdə də dini bilməyən, inkar edən, qavrayışı zəif olan insanlarla qarşılaşa bilər. Hər dövrdə Allahın varlığını və axirəti inkar edən insanlar ola bilər. Müsəlmanlar qorxmadan və çəkinmədən Allahın dinini, yaradılış həqiqətini insanlara izah etməlidirlər. Belə ki, Allahın varlığını qəbul etməyən ateistlərlə, eləcə də həqiqətləri, elmi dəlilləri inkar edən insanlarla qarşılaşa bilərlər. Yaxud da o adamlar mənsub olduğu cahil topluluğun mənfi təsirlərindən ayrıla bilməyən, həqiqətləri görməkdə çətinlik çəkən şəxslər ola bilər. Bəzən bir adama çox açıq olan bir həqiqəti anlatmaq həftə, ay və ya illər çəkə bilər. Belə vəziyyətdə Nuh kimi hər cür yolu sınayaraq və İbrahim kimi hər cür təhlükəni gözə alaraq səbirli olmaq çox əhəmiyyətli ibadətdir. Çünki dini təbliğ edərkən qəti səbir göstərmək din əxlaqından uzaq insanların həqiqətləri görmələrinə və axirətlərinin qurtulmalarına vəsilə olar.
İman gətirənlər bu gözəl xidməti heç bir mükafat gözləmədən, yalnız insanların axirəti üçün və səbirlə yerinə yetirirlər. Əlbəttə, müsəlmanların səmimi cəhdlərinin qarşını almağa və onlara mane olmağa cəhd edə bilərlər, ancaq bunlar dünyada və axirətdə qarşılıqsız qalmayacaq. Təbliğ edərkən buna bir nəfər belə inanmasa da, səbirli olduqlarına görə Allah onlara dünyada gözəllik və hüzur, həmçinin axirətdə onlara böyük mükafat verəcək.