İnsanın Allaha iman etdiyini göstərən mühüm əlamətlərdən biri də, duadır. Dua edən insan, aciz və zəif bəndə olduğunu, istəklərini təkbaşına yerinə yetirə bilməyəcəyini və yalnız Allahın ona verəcəyini qəbul etmiş olur. Dua, Allaha bəndə olmağın ən təmiz, ən saf və ən səmimi ifadələrindən biridir. Quranda möminlərin əsas xüsusiyyətlərindən birinin “səhər-axşam Allaha səbirlə dua etmək” olduğu bildirilir:
Səhər-axşam Rəbbinin rizasını diləyərək Ona dua edənlərlə birlikdə (çətinliklərə qarşı) səbir et! Dünya həyatının zinətini istəyərək gözlərini onlardan çevirmə! Qəlbini Bizi anmaqdan qafil etdiyimiz, nəfsinin istəklərinə uyan və işində ifrata varan kimsəyə boyun əymə!
Ancaq duanın nə demək olduğunu və necə edildiyini yaxşı bilmək lazımdır. Çünki bəzi cahil təfsirlər səbəbindən bəzi insanların dua anlayışı çox vaxt Quranda təsvir edilən dua anlayışına uyğun gəlmir. Buna görə də, Rəbbimizin Quranda bildirdiyi ruh halını yaxşı anlamaq lazımdır.
Dua, ürəkdən, Allah qarşısında acizliyini və möhtaclığını həqiqi mənada dərk edilərək edilməlidir. Bu halda edilən dua Quranda bildirildiyi kimi “yalvarıb-yaxararaq” edilməsi uyğun olar. Allah ayələrin birində belə buyurur:
Rəbbinizə yalvarıb yaxararaq və gizlicə dua edin! Şübhəsiz ki, O, həddi aşanları sevməz.
Qurani-Kərimdə möminlərin duaları təsvir olunarkən, onların gizli və son dərəcə səmimi ruh halı ilə dua etdikləri bildirilir. Zəkəriyya Peyğəmbər bu mövzuda nümunə olaraq verilən peyğəmbərlərdəndir: (Bu,) Rəbbinin Zəkəriyyə bəndəsinə olan mərhəmətinin yad edilməsidir! Bir zaman o, astadan Rəbbinə səslənmişdi. Demişdi ki: “Ey Rəbbim! Sümüklərim zəifləyib, başım da ağappaq ağarıb. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam.
Doğrusu mən özümdən sonra gələn qohumlarımdan qorxuram.
Zövcəm də qısırdır. Ona görə də Öz tərəfindən mənə bir dost (oğul) ver!
Mömin, həm Allaha qarşı səmimi, hörmət dolu qorxu hissi duyar, həm də Onun rəhmət və nemətini ümid edər.
Allah, səmimi şəkildə, Onun rizasını istəyərək edilən duanı qəbul edər.
Quranda, bu mövzuda bildirilən ayələr belədir:
Bəndələrim Məni səndən soruşsalar, (de ki:)
“Mən (onlara) yaxınam. Mənə dua etdiyi vaxt dua edənin duasını qəbul edərəm. Ona görə də dəvətimi qəbul edib Mənə iman etsinlər. Ola bilsin ki, onlar doğru yola yönələrlər”.
İnsan dua etdiyi zaman Allahın ona qarşılıq verəcəyinə əmin olmalıdır.
Allahın hər şeyi əhatə etdiyini dərk edən və buna səmimi qəlbdən inanan bir mömin, Allahın onu hər an, hər tərəfdən gördüyünü və eşitdiyini bilərək dua edər. Mömin, bir an belə ümidini kəsmədən duasının qəbul olunmasını həvəslə gözləyir.
Allahın ədalətinə qəti şəkildə inandığı üçün səbirsiz və ümidsiz davranmaqdan çəkinər. Quran ayələrinin rəhbərliyi ilə davranan möminin duasının qarşılığını görməməsi ilə bağlı beynində zərrə qədər belə şübhəyə yer yoxdur.
Duanı, Allahın kömək etməsinə şəkk-şübhə etmədən və qəbul olacağına qəti inanaraq etmək lazımdır. Bunun əksini qəbul edən, yəni Allahın duasına qarşılıq verib-verməməsinə şübhə ilə yanaşan bir insan hər şeydən əvvəl Quran əxlaqına uyğun olmayan əxlaq göstərmiş olur. Çünki duanın mahiyyəti qəti iman və ixlasla Allaha yönəlməkdir. Bir ayədə xəbər verilən Saleh Peyğəmbərin “...Həqiqətən, mənim Rəbbim (bəndələrinə) yaxındır, (dualarını) qəbul edəndir”. (Hud surəsi, 61) sözləri ilə ifadə etdiyi kimi mömin, Allaha tam təvəkkül etməlidir.
Ancaq bu qarşılıq, mütləq insanın istədiyi şeyin eynilə reallaşacağı mənasına gəlməz. Çünki bəzən insan həqiqətdə özü üçün zərərli olan bir şeyi də Allahdan istəyə bilər. Bu vəziyyətdə Allah ona istədiyini vermək yerinə daha xeyirli və gözəl olan başqa şeyi verər.
Allah həmişə səmimi duaya qarşılıq verər. Ancaq bu qarşılıq, həmişə insanın tələbinin eynilə yerinə yetirilməsi demək deyil. Çünki insan, ayədə xəbər verilən “...Bəlkə də xoşlanmadığınız bir şey sizin üçün xeyirli, xoşlandığınız bir şey isə sizin üçün zərərlidir. Allah bilir, ancaq siz bilməzsiniz. (Bəqərə surəsi, 216) hökmə görə, nəyin yaxşı nəyin pis olduğunu həmişə ayırd edə bilməz. Və buna görə bilmədən, “İnsan (özü üçün) xeyir istədiyi kimi, şər də istəyər.” (İsra surəsi, 11) ayəsinə görə həqiqətdə zərərli olan bir şeyi də istəmiş ola bilər.
Buna görə də, insan ilk növbədə Allahdan rizasını, rəhmətini istəməlidir. Allahdan onu elm verməsini, yetkinləşdirməsini istəməlidir. Bunun necə olacağını ən yaxşı Allah bilir. Belə ki, peyğəmbərlərin duaları da bu şəkildədir. Süleyman Peyğəmbərin “...Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə güc ver!” (Nəml surəsi, 19) şəklindəki duası nümunədir.
Bundan əlavə, mömin, Allahın Quranda təriflədiyi və hədəf olaraq göstərdiyi hər cür nemətləri Allahdan istəyə bilər. Bu mövzularda etdiyi dualarda son dərəcə səmimi olmalı, istədiyi hər şey üçün Allaha dua etməkdən çəkinməməlidir. Çünki insanların nə istədiklərini bilən və bu istəyi onlara istədən Allahdır.
Allah duaları qəbul edəndir. Möminlərin səmimi dualarını heç vaxt cavabsız qoymur. Allah bir çox peyğəmbərləri və saleh möminləri dualarına qarşılıq olaraq bəlalardan xilas etmiş və onlara bərəkət vermişdir:
Əyyubu da (yada sal)! Bir zaman o, Rəbbinə: “Mənə zərər dəydi (başıma bəla gəldi). Sən mərhəmətlilərin ən mərhəmətlisisən!” deyərək səslənmişdi. Beləliklə, Biz onun duasını qəbul edib dərgahımızdan bir mərhəmət və ibadət edənlər üçün bir xatirə olsun deyə onun başına gəlmiş bütün bəlaları sovuşdurduq, ailəsini geri verdik və onlarla yanaşı bir o qədərini də ona bəxş etdik. İsmaili, İdrisi və Zülkifli də (yad et)! Hər biri səbir edən kimsələrdəndi. Biz onları mərhəmətimizə daxil etdik. Həqiqətən, onlar saleh kimsələrdən idilər. Zünnunu da (Yunisi də yad et)! Bir zaman o, qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Nəhayət, (balığın qarnında) qaranlıqda ikən o, belə səslənmişdi: “(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam.” Biz də onun duasını qəbul etdik və onu bu kədərdən xilas etdik. Biz möminləri belə xilas edirik. Zəkəriyyanı da (yad et)! Vaxtilə o: “Ey Rəbbim, məni yalnız qoyma! Sən varislərin ən xeyirlisisən!” - deyərək Rəbbinə səslənmişdi. Onun duasını da qəbul etdik və ona Yəhyanı verdik. Zövcəsini də, onun üçün (uşaq doğmağa) qadir bir hala gətirdik. Onlar xeyirli işlər görməyə tələsir, ümid və qorxu içində Bizə dua edirdilər. Onlar Bizə qarşı çox itaətkar idilər. (Ənbiya surəsi, 83-90)
Dua edən insan Allahın onu gördüyünü və eşitdiyini bilər, Ona olan hörmət və qorxusunu bildirər, Onun qarşısında qulluğunu açıq şəkildə qəbul etmiş olar. Ona görə də dua böyük ibadətdir. Dua, təkcə dua əsnasında istənən bir şey üçün deyil, bir ibadət olduğu üçün edilər. İnsanı duaya sövq edən hər hansı bir istək, bu ibadətin vaxtının yetişdiyinin göstəricisidir.
İnsanın istəkləri həmişə olduğu üçün duası da həmişə olmalıdır. İnsanın güclü konsentrasiya yaşayacağı müəyyən vaxtlar, məsələn, Quranda sübh namazından sonra duaya və gecə vaxtına diqqət çəkilir. Amma mömin gün boyu həmişə dua etməlidir. Hər iş, hər hadisə Allahın nəzarəti ilə inkişaf etdiyi üçün hər şeydə Allaha üz tutmaq, Ondan istəmək lazımdır.
Mömin hər hansı bir işi görərkən, gördüyü işdə müvəffəqiyyət əldə etmək və gördüyü işlə Allahın rizasını qazanmaq üçün dua edə bilər. Quranda İbrahim Peyğəmbərin duası misal olaraq verilmişdir:
Bir zaman İbrahim və İsmail evin (Kəbənin) bünövrəsini ucaldırdılar (və belə dua edirdilər:) “Ey Rəbbimiz, bizdən (bunu) qəbul et! Şübhəsiz ki, Sən hər şeyi eşidənsən, bilənsən!
Mömin, “Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar…” (Ali İmran surəsi, 191) ayəsində bildirildiyi kimi, hər vəziyyətdə Allaha dua edə bilər. Necə ki, Quranda möminlərin bu xüsusiyyəti tez-tez təriflənərək izah edilir:
Həqiqətən, İbrahim yumşaq qəlbli, Allaha çox yalvaran və özünü Ona həsr edən bir kəs idi.
Duanın əhəmiyyətini qavramaq üçün, aşağıdakı ayə əhəmiyyətlidir:
De: “Əgər duanız (ibadətiniz) olmazsa, Rəbbim sizə nə üçün dəyər versin! (Ey inkar edənlər!) Siz (haqqı) təkzib etdiniz. Buna görə də (sizə əzab) vacib olacaqdır!”
Bu arada Quranda xəbər verilən başqa bir mühüm məqam da var. Quranda bildirildiyi kimi, Allahdan başqa ilah qəbul edənlər (müşriklər) bəzən Allaha dua edərlər. Lakin bu insanların duası ilə möminlərin duası arasında böyük fərq var. Möminlər hər an və hər vəziyyətdə Allaha yönələrlər. Çətinlik və rahatlıq qarşısında davranışları dəyişmir.
Daim Allah qarşısında acizliklərini bilirlər və dua edirlər. Müşriklər isə həyatının böyük hissəsində Allahı unudub Ondan üz çevirmişlər. Allahdan başqa cahilcə ibadət etdikləri varlıqların arxasınca düşər və onlara yönələrlər. Ancaq böyük çətinlik və sıxıntı ilə qarşılaşdıqları zaman Allahı xatırlayar, Onun qarşısında acizliklərini qəbul edər və dua edərlər.
Onların sıxıntıda etdikləri bu dua səmimidir; ancaq çətinliklər keçdikdən sonra əvvəlki pis əxlaqlarına qayıdarlar. Allaha dua etdiklərini, Ondan kömək istədiklərini unudub nankorluq edərlər. Quranda, bu müşrik əxlaqın bir çox nümunəsi verilir:
İnsana bir ziyan dəydiyi zaman uzanaraq və ya oturaraq, yaxud ayaq üstə Bizə dua edər. Ancaq onu ziyandan xilas etdiyimiz zaman özünə dəymiş ziyan üçün Bizə dua etməmiş kimi keçib gedər. Həddi aşanlara, etdikləri əməllər bu şəkildə gözəl göstərildi.
İnsana bir zərər toxunduğu zaman Rəbbinə yönələrək Ona dua edər. Sonra Allah Öz tərəfindən ona bir nemət versə, daha əvvəl dua etdiyini unudar və Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşar. De:
“Küfrünlə bir az kef çək. Şübhəsiz ki, sən cəhənnəm əhlindənsən!”
İnsanlara bir zərər toxunduğu zaman Rəbbinə yönəlib Ona dua edərlər. Sonra Allah onlara Öz tərəfindən bir rəhmət daddıran kimi onlardan bir qrup yenə Rəbbinə şərik qoşar.
Bəzi ayələrdə isə dənizdə çarəsiz qalmış insanların nümunəsi verilir: İnsanlar, batmaq üzrə olan gəmidə olduqları vaxt çox səmimi şəkildə dua edir, Allahdan bağışlanma və qurtuluş istəyirlər. Burada etdikləri dua səmimidir, çünki Allahdan başqa ibadət etdikləri hər hansı bir varlığın (məsələn ailələri, qövmləri, liderləri və s.) onları xilas edə bilməyəcəyini anlamış və yalnız Allaha yönəlmişlər. Ancaq Allah onları boğulmaqdan xilas edib quruya çıxartdıqda dərhal yenidən müşrik əxlaqı göstərərək Allahı unudurlar. Quranda onların bu davranışı belə bildirilir:
Sizi quruda və dənizdə yeridən Odur. Siz gəmidə olduğunuz zaman və xoş bir külək vasitəsilə gəmilər içindəkiləri apararkən onlar sevindikləri bir vaxtda şiddətli bir qasırğa gəlib dalğalar hər tərəfdən onların üzərinə hücum etdikdə və hər tərəfdən əhatə edildiklərini anladıqlarında:
“Əgər bizi bundan xilas etsən, mütləq şükür edənlərdən olacağıq!” - deyə sırf Allaha dua edərlər. Ancaq onları xilas etdiyi zaman bir də görərsən ki, onlar yer üzündə haqsız yerə azğınlıq edirlər. Ey insanlar! Dünya həyatının fani zövqü olan azğınlığınız yalnız öz əleyhinizədir. Sonra dönüşünüz Bizədir. Biz də etdiyiniz əməlləri sizə xəbər verəcəyik.
Dağlar kimi dalğalar onları bürüdüyü zaman onlar dini Allaha məxsus edərək Ona dua edərlər. Ancaq Allah onları quruya çıxartdığı zaman onlardan bir qismi orta yolu (haqq yolu) tutar. Bizim ayələrimizi yalnız nankorlar və xainlər inkar edər.
De: “Qurunun və dənizin qaranlıqlarından (təhlükələrindən) sizi kim xilas edir?” O zaman siz gizli-gizli yalvararaq:
“Əgər bizi bundan xilas etsən, mütləq (Sənə) şükür edənlərdən olacağıq!” – deyə dua edirdiniz. De: “Allah sizi ondan da, hər cür çətinlikdən də xilas edər. Sonra siz (yenə Ona) şərik qoşursunuz?”
Mömin dua edib Allahdan kömək diləyəndə həqiqi xoşbəxtlik və rahatlıq tapır. Öz gücünün heç bir şeyə çatmadığını, ancaq hər şeyə sahib olan Rəbbimizin onu qoruduğunu və nəzarət etdiyini hiss edər. Bu, insan üçün ən böyük xoşbəxtlikdir. Buna görə də dua bir zövqdür və cənnətdə də olacaq. Möminlərin cənnətdə də dua etdikləri Quranda belə bildirilir:
Şübhəsiz ki, iman edib yaxşı işlər görənləri, iman etdiklərinə görə Rəbbi doğru yola yönəldər. Nemətlərlə dolu cənnətlərdə onların altından çaylar axar. Onların oradakı duası:
“Ey Allahım, Sən pak və müqəddəssən!”, salamlaşmaları:
“Salam!”, dualarının sonu isə: “Həmd, aləmlərin Rəbbi olan Allaha məxsusudur!” sözləridir.
• Rəhman və Rəhim olan Allahın adı ilə! Həmd olsun aləmlərin (insan, cin və mələklər aləminin) Rəbbi olan Allaha, Rəhman və Rəhim olana, Din (axirət) gününün sahibinə! Yalnız Sənə ibadət edir və yalnız Səndən kömək istəyirik. Bizi doğru yola yönəlt! Nemət bəxş etdiyin kəslərin yoluna (yönəlt), qəzəbə düçar olmuşların və azmışların yoluna yox!
“Ey Rəbbim, buranı təhlükəsiz bir şəhər et! Əhalisindən Allaha və axirət gününə inananlara (hər növ) məhsullardan ruzi ver!” Allah dedi: “İnkar edənləri (dünya nemətlərindən) bir qədər faydalandırar, sonra da cəhənnəm əzabına düçar edərəm. Ora nə pis dönüş yeridir!”
• “Ey Rəbbimiz! Bizi Sənə təslim olanlardan et və nəslimizdən də Sənə təslim olan bir ümmət çıxart! Bizə (həcc üçün) ibadət qaydalarını göstər və tövbəmizi qəbul et! Həqiqətən, Sən tövbələri qəbul edənsən, mərhəmətlisən. Ey Rəbbimiz! Onların içərisindən özlərinə Sənin ayələrini oxuyan, onlara kitabı və hikməti öyrədən və onları (günahlardan) təmizləyən bir elçi göndər! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən”.
“Ey Rəbbimiz, bizə dünyada da, axirətdə də gözəl nemətlər bəxş et və bizi cəhənnəm əzabından qoru!” deyər. Onlar üçün qazandıqlarından (axirətdə) bir pay (mükafat) vardır. Allah çox sürətli haqq-hesaba çəkəndir.
• Allah heç kəsi gücü yetdiyindən artıq yükləməz. Hər kəsin qazandığı (yaxşı əməli) lehinə, qazandığı (pis əməli) isə əleyhinədir.
“Ey Rəbbimiz, unutsaq və ya yanılsaq, bizi cəzalandırma! Ey Rəbbimiz, bizə, bizdən əvvəlkilərə yüklədiyin kimi ağır bir yük yükləmə! Ey Rəbbimiz, gücümüzün çatmadığı bir şeyi bizə yükləmə! Bizi əfv et! Bizi bağışla! Bizə rəhm et! Sən himayədarımızsan. İnkar edənlər qövmünə qarşı bizə yardım et!”
• (Onlar belə dua edərlər:) “Ey Rəbbimiz! Bizi doğru yola yönəltdikdən sonra qəlbimizə əyrilik salma və bizə, Öz tərəfindən bir mərhəmət bəxş et! Sən, həqiqətən (mərhəmət) bəxş edənsən. Ey Rəbbimiz! Olacağına şübhə edilməyən bir gündə insanları toplayacaq olan Sənsən!” Şübhəsiz ki, Allah, Öz vədinə xilaf çıxmaz.
“Ey Rəbbimiz, nazil etdiyinə (İncilə) iman etdik və elçisinə tabe olduq. Elə isə, bizləri (Sənin birliyini və elçisini təsdiq edən) şahidlərlə birlikdə yaz!”
• Onlar yalnız: “Ey Rəbbimiz, günahlarımızı və işlərimizdəki həddi aşmaları bağışla! Ayaqlarımızı (Sənin yolunda) möhkəmləndir və inkar edənlər qövmünə qarşı bizə yardım et!” – deyirdilər.
• Onlar ayaq üstə olanda da, oturanda da, uzananda da Allahı xatırlayar, göylərin və yerin yaradılması haqqında düşünərlər (və belə deyərlər:)
“Ey Rəbbimiz! Sən bunları boş yerə yaratmamısan. Sən pak və müqəddəssən! Bizi cəhənnəm əzabından qoru! Ey Rəbbimiz! Sən, cəhənnəmə atdığın kəsi rüsvay etmiş olarsan. Zalımların heç bir köməkçisi yoxdur. Ey Rəbbimiz! Həqiqətən, “Rəbbinizə iman edin!” – deyə imana çağıran kimsəni (elçini) eşitdik və dərhal iman etdik. Ey Rəbbimiz! Günahlarımızı bağışla, pis əməllərimizin üstünü ört və canımızı yaxşılarla birlikdə al! Ey Rəbbimiz! Elçilərin vasitəsilə vəd etdiklərini bizə bəxş et və qiyamət günü bizi rüsvay etmə! Şübhəsiz ki, Sən vədinə xilaf çıxmazsan.”
• Musa təyin etdiyimiz vaxt üçün öz qövmündən yetmiş adam seçdi. Onlar zəlzələyə məruz qaldıqları zaman Musa dedi:
“Ey Rəbbim! Əgər istəsəydin, onları da, məni də daha əvvəl məhv edərdin. Aramızdakı səfehlərin etdikləri əməllərə görə bizi (hamımızı) məhv edəcəksən? Bu, Sənin imtahanından başqa bir şey deyil. Sən onunla dilədiyin kimsəni zəlalətə düçar edər, dilədiyini də doğra yola yönəldərsən. Sən bizim himayədarımızsan. Bizi bağışla və bizə rəhm et! Sən bağışlayanların ən xeyirlisisən. Bizə bu dünyada da, axirətdə də yaxşılıq yaz (nəsib et)! Biz Sənə döndük!” Allah buyurdu:
“Dilədiyim kimsəni əzabıma düçar edərəm. Mərhəmətim isə hər şeyi əhatə etmişdir. Mərhəmətimi müttəqi olan, zəkatı verən və ayələrimizə iman edən kimsələrə yazacağam (nəsib edəcəyəm).”
“Ey Rəbbimiz! Sən Firona və qövmünə dünya həyatında zinət və mal-mülk vermisən. Ey Rəbbimiz! (İnsanları) sənin yolundan azdırsınlar deyəmi (verdin)? Ey Rəbbimiz! Onların mal-mülkünü yox et və qəlbini elə sərtləşdir ki, şiddətli əzabı görməyincə iman etməsinlər!”
• “Ey Rəbbim! Mənə mülkündən bir pay verdin və mənə yuxuların yozumunu öyrətdin. Ey göyləri və yeri yaradan! Sən dünya və axirətdə mənim sahibimsən. Canımı müsəlman olaraq al və məni əməlisalehlərə qovuşdur!”
• “Ey Rəbbimiz! Həqiqətən, mən nəslimdən bəzilərini Sənin mübarək evinin yanında, əkin bitməyən bir vadidə məskunlaşdırdım. Ey Rəbbimiz! Namazı qılsınlar deyə (bunu etdim). Sən də insanlardan bir qisminin qəlbini onlara meyil etdir və onlara meyvələrdən ruzi ver ki, bəlkə, onlar şükür edələr. Ey Rəbbimiz! Şübhəsiz ki, Sən bizim gizlətdiklərimizi də, aşkar etdiklərimizi də bilirsən. Nə yerdə, nə də göydə heç bir şey Allahdan gizli qalmaz.”
• De: “Ey Rəbbim! Daxil olacağım yerə məni xoşluqla daxil et, çıxaracağın yerdən də məni xoşluqla çıxart və Öz dərgahından mənə yardım edən bir güc ver!”
• (Bu,) Rəbbinin Zəkəriyyə bəndəsinə olan mərhəmətinin yad edilməsidir! Bir zaman o, astadan Rəbbinə səslənmişdi. Demişdi ki:
“Ey Rəbbim! Sümüklərim zəifləyib, başım da ağappaq ağarıb. Ey Rəbbim! Sənə etdiyim dua sayəsində heç vaxt bədbəxt olmamışam. Doğrusu mən özümdən sonra gələn qohumlarımdan qorxuram. Zövcəm də qısırdır. Ona görə də Öz tərəfindən mənə bir dost (oğul) ver! O mənim və Yaqub nəslinin varisi olsun. Ey Rəbbim, onu razı qalacağın biri et!” (Ona belə vəhy olundu:) “Ey Zəkəriyyə, Biz səni Yəhya adlı bir oğulla müjdələyirik! Bundan əvvəl bu adı heç kimə verməmişik.” O dedi: “Ey Rəbbim! Zövcəm qısır, özüm də qocalığın son həddinə çatdığım halda mənim necə oğlum ola bilər?”
• “Ey Rəbbim, məni və nəslimdən gələnləri namaz qılanlardan et! Ey Rəbbimiz, duamı qəbul et! Ey Rəbbimiz, haqq-hesab günü məni, ata-anamı və möminləri bağışla!”
“Ey Rəbbim, qəlbimi genişlət! İşimi asanlaşdır! Dilimdəki düyünü aç (pəltəkliyimi götür) ki, sözümü başa düşsünlər! Ailəmdən də mənə bir köməkçi ver - Qardaşım Harunu! Onunla arxamı möhkəmləndir! Onu işimə ortaq et ki, Səni çox təsbeh edək (şəninə təriflər deyək). Və Səni çox zikr edək. Şübhəsiz ki, Sən bizi görürsən.”
• Zünnunu da (Yunisi də yad et)! Bir zaman o, qəzəbli bir halda çıxıb getmiş və ona gücümüzün çatmayacağını zənn etmişdi. Nəhayət, (balığın qarnında) qaranlıqda ikən o, belə səslənmişdi:
“(Ey Rəbbim!) Səndən başqa heç bir ilah yoxdur. Sən pak və müqəddəssən! Həqiqətən, mən zalımlardan olmuşam. Biz də onun duasını qəbul etdik və onu bu kədərdən xilas etdik. Biz möminləri belə xilas edirik. Zəkəriyyanı da (yad et)! Vaxtilə o:
“Ey Rəbbim, məni yalnız qoyma! Sən varislərin ən xeyirlisisən!” - deyərək Rəbbinə səslənmişdi.
• “Ey Rəbbim, mənə hökm (elm) ver və məni salehlərin arasına daxil et! Mənə, gələcək nəsillər tərəfindən xeyirlə yad edilməyi qismət et! Məni Nəim cənnətinin varislərindən et! Atamı da bağışla! Həqiqətən, o, haqq yoldan azanlardandır. İnsanların dirildiləcəkləri gün məni rüsvay etmə!”
“Ey Rəbbim! Həm mənə, həm də ata-anama verdiyin nemətə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə güc ver! Öz mərhəmətinlə məni saleh bəndələrinin arasına daxil et!”
• Ərşi daşıyanlar və onun ətrafındakılar (mələklər) Rəbbini həmd ilə təsbeh edir, Ona inanır və möminlərin bağışlanmasını diləyərək belə deyirlər:
“Ey Rəbbimiz! Sənin mərhəmətin və elmin hər şeyi əhatə etmişdir. Ona görə də tövbə edib Sənin yoluna tabe olanları bağışla və onları cəhənnəm əzabından qoru! Ey Rəbbimiz! Həm onları, həm də onların atalarından, zövcələrindən və nəsillərindən əməlisaleh olanları özlərinə vəd etdiyin Ədn cənnətlərinə daxil et! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən. Onları pisliklərdən qoru! Şübhəsiz ki, o gün Sən kimi pisliklərdən qorusan, ona rəhm etmiş olarsan. Böyük uğur məhz budur!”
• Biz insana ata-anasına yaxşılıq etməyi tövsiyə etdik. Anası onu (bətnində) əziyyətlə daşımış və əziyyətlə doğmuşdur. Onun (ana bətnində) daşınması və süddən kəsilməsi otuz ay ərzindədir. Nəhayət, o, yetkinləşib qırx yaşına çatanda belə deyər:
“Ey Rəbbim! Mənə və ata-anama verdiyin nemətlərə görə şükür etməyim və Sənin razı qalacağın yaxşı işlər görməyim üçün mənə ilham ver! Mənim nəslimi islah et! Həqiqətən, mən tövbə edib Sənə yönəlmişəm və mən Sənə təslim olanlardanam”. Etdikləri yaxşı əməllərini qəbul edəcəyimiz və günahlarını bağışlayacağımız bu kimsələr cənnət əhli arasında olacaqlar. Bu, onlara verilmiş haqq bir vəddir.
“Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman etmiş qardaşlarımızı bağışla! İman edənlərə qarşı qəlbimizdə heç bir kin-küdurətə yer vermə! Ey Rəbbimiz, həqiqətən, Sən şəfqətlisən, mərhəmətlisən!” - deyərlər.
• ...“Ey Rəbbimiz! Biz Sənə təvəkkül etmişik, Sənə yönəlmişik. Axır dönüş Sənədir! Ey Rəbbimiz, bizi inkar edənlər üçün imtahan vasitəsi etmə! Ey Rəbbimiz, bizi bağışla! Şübhəsiz ki, Sən qüdrətlisən, hikmət sahibisən!”
• Nuh dedi: “Ey Rəbbim, yer üzündə heç bir inkar edəni sağ buraxma! Əgər onları sağ buraxsan, Sənin bəndələrini azdıracaq və əxlaqsız inkar edənlər dünyaya gətirəcəklər.”
Gündəlik həyatda tez-tez istifadə edilən bəzi anlayışlar Quranın bir çox ayəsində yer alır. Ağıl, səbir, vəfa, inkar, nemət və hikmət bu anlayışlardan bir neçəsidir. Bu anlayışlar Quranın başa düşülməsində və həyata keçirilməsində mühüm rol oynayır. Halbuki gündəlik həyatda bunların bir çoxu Qurandakı həqiqi mənalarından fərqli mənalarda istifadə olunur.
Quranın düzgün və ən doğru şəkildə başa düşülməsi, qəlbə yerləşməsi və tətbiqi üçün Qurandakı əsas anlayışların hansı mənada və hansı məqsədlə istifadə edildiyini, hansı hikmətləri ehtiva etdiyini dəqiq bilmək lazımdır.
Bu rəhbərdə, Quranda ən çox bəhs edilən anlayışlar, içərisində keçən ayələrin işığında araşdırılaraq bunların ümumi və konkret olaraq hansı mənada, hansı hikmətlə işlədildiyi açıqlanmışdır.