Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Qurandakı əsas anlayışlar: Qardaşlıq və Birlik

Mündəricat
  1. Giriş
  2. Şirk
  3. Fitnə
  4. Vicdan və Ruh
  5. Qəlb, Ağıl və Zəka
  6. Ağıl Sahibləri və Ağlı Örtən Amillər
  7. Ağıl və Duyğusallıq
  8. Qəflət Halı və Diqqət
  9. Sədaqət və İtaət
  10. Qətiyyət
  11. Səbir Etmək
  12. Şükür
  13. Mənfəət Güdməmək
  14. Qardaşlıq və Birlik
  15. Təvazökarlıq və Təkəbbür
  16. Dua

Sədaqət və ixlas qədər əhəmiyyətli digər mömin xüsusiyyəti də, birlik olmalarıdır. Quranda bildirilən hökmə görə, bütün möminlər bir-birlərinin bacı-qardaşıdır. Onlar eyni yola uymuş, eyni kitaba tabe olmuş, eyni hədəfə sahib, eyni duyğuları daşıyan insanlardır. Buna görə də, aralarında böyük sevgi və birlik olar. Allah bu vəziyyəti belə bildirir:

Şübhəsiz ki, Allah Öz yolunda möhkəm bir divar kimi cərgə-cərgə düzülüb cəhd edənləri sevər.

Saff surəsi, 4

Yuxarıdakı ayədə təsvir edildiyi kimi birlik olub Allah yolunda cəhd etmək (səy göstərmək) qəti əmrdir. Allah Ali İmran surəsində belə hökm edir:

Hamılıqla Allahın ipinə (İslama) yapışın və parçalanmayın! Allahın, sizə olan nemətini xatırlayın. Belə ki, siz bir-birinizə düşmən ikən, O sizin qəlbinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz. Siz bir atəş quyusunun kənarında ikən O sizi oradan xilas etdi. Allah ayələrini sizə belə açıqlayır ki, bəlkə, haqq yola yönələrsiniz.

Ali İmran surəsi, 103

Möminlər gözəl əxlaqlı, təvazökar, sevgi və hörmətlə doludurlar. Ona görə də birlik möminlər arasında təbii şəkildə yaranır. Bununla belə, hələ də nəzərə alınacaq məqamlar var. Çünki möminlərin bilmədən edəcəyi müxtəlif səhvlər bu birliyə xələl gətirməz və möminlər arasında soyuqluq yaratmaz.

Səhv hərəkətlərin səbəbi möminlərin davranışına qəflət anlarında təsir edən nəfsdir. Mömin fədakar, mehriban və istiqanlı olur; amma hər kəsdə nəfs mövcuddur və insan diqqət yetirməsə bəzən nəfsinə uya bilər. Qısqanc, eqoist və həris olan nəfsinə uyması isə, bu pis hisslərin möminə təsir etməsi deməkdir.

Məhz buna görə Quranda, möminlərin birlik mövzusunda son dərəcə diqqətli olmaları üçün onlara xəbərdarlıq edilir. Madam şeytanın insandakı təzahürü olan nəfs insanı yanıldır, elə isə, qarşıdakı möminin nəfsini hərəkətə keçirəcək üslubdan qətiyyən istifadə edilməməlidir. Bu mövzuda ayədə belə buyurulur:

Bəndələrimə de ki, sözün ən gözəlini söyləsinlər. Həqiqətən, şeytan onların arasına fitnə salar. Şübhəsiz ki, şeytan insanın açıq-aşkar düşmənidir.

İsra surəsi, 53

Ayədə bildirilən əmr birliyin təmin edilməsi baxımından son dərəcə əhəmiyyətlidir. Birincisi, möminlərə bir-birlərinə qarşı həmişə ən gözəl (yalnız gözəl deyil, “ən gözəl”) xitabdan istifadə etmələri əmr edilmişdir. İkincisi, şeytanın bir xüsusiyyəti üzə çıxır: Şeytan insanlar, xüsusilə möminlər arasında ixtilaf salmağa çalışırlar.

Şeytanın və nəfsin möminlər arasındakı birliyi pozmaq üçün ən çox üz tutduğu yollardan biri isə, rəqabət duyğusudur. Əgər mömin qəflət halında olsa, mövqe, məqam kimi mövzularda rəqabət hissinə qapılıb qardaşlarını keçməyə, özünü onlardan daha ön plana çıxarmağa çalışar. Eyni şəkildə, özündən daha ön planda olan qardaşına qarşı qısqanclıq hiss edər. Əslində qəflət halında edilən bu hərəkət, Allaha üsyan mənasını verir.

Çünki, “Yoxsa onlar Allahın Öz lütfündən bəxş etdiyi şeylərə görə insanlara həsədmi aparırlar.” (Nisa surəsi, 54) ayəsinə görə, insanlara verilmiş nemətlər Allahdandır və bunları qısqanmaq Allahın təqdirinə qarşı çıxmaq mənasını verir. Buna görə də möminlər qısqanclıqdan qəti şəkildə uzaq olmalıdırlar. Əgər belə rəftar ortaya çıxarsa, bu həm Allahın rizasına uyğun olmayan hərəkətdir, həm də ayənin hökmünə görə möminlərin gücünün azalmasına səbəb olur:

Allah və Onun elçisinə itaət edin və bir-birinizlə çəkişməyin! Yoxsa qorxub zəifləyər və taqətdən düşərsiniz. Səbir edin! Şübhəsiz ki, Allah səbir edənlərlə bərabərdir.

Ənfal surəsi, 46

Möminlər arasında yalnız yaxşı işlərdə yarışmaq vardır. Buna görə də, mömin qəti olaraq bacı-qardaşları ilə arasında çəkişmənin, rəqabət mühitinin yaranmasına mane olmalıdır. Həm özü qısqanclıq kimi bəsit duyğuya düşməməli, həm də sahib olduğu xüsusiyyətləri ön plana çıxardaraq bacıqardaşlarının nəfsindəki qısqanclıq damarını təhrik etməməlidir. Bacardığı qədər təvazökar, mülayim olmaq, rəqabət təhlükəsini yox edər. Quranda bu mövzuda verilən başqa bir meyar isə, bacı-qardaşlarının nəfsini öz nəfsindən üstün tutmaq, yəni hər vəziyyətdə fədakar davranmaq və bundan zövq almaqdır. Quranda bu meyar belə təsvir edilir:

Onlardan əvvəl (Mədinədə) məskən salmış və iman qəlbinə yerləşmiş kimsələr (ənsar) hicrət edərək yanlarına gələnləri sevərlər. Onlara verilənlərə görə qəlbində bir həsəd duyğusu hiss etməz və özləri ehtiyac içində olsalar belə, (hicrət edənləri) özlərindən üstün tutarlar. Kim nəfsinin xəsisliyindən qorunarsa, onlar əsil nicat tapanlardır.

Həşr surəsi, 9

Qısqanclıq, rəqabət, incimə iman edənlər arasında birliyin və qardaşlığın önündəki çox əhəmiyyətli üç maneədir. Hərislik nəticəsində yaranacaq hər hansı rəqabət, insanların bir-birlərinə olan sevgisini azaldır. Bu cür Quran əxlaqına uyğun olmayan hərəkət, onların ruhuna böyük zərər verir və mənəvi cəhətdən geriləməyə yol açır.

Halbuki, inananlar üçün sonsuz savab qaynağı mövcud ikən birbirlərinin qarşısını alıb, haqsız rəqabət və qısqanclıqla vaxt keçirmənin heç bir mənası yoxdur. Əgər hədəf Allah rizası olarsa, heç bir rəqabət olmaz. Çünki hər kəs bir-birinə mane olmadan Allah rizası üçün xidmət edib savab toplaya bilər.

Buna görə də, möminlərin bir insan bədəni kimi olduğunu, hər bir orqanın bir-birinə kömək və dəstək olduğunu unutmamalı, qardaş və bacılarının nailiyyətini öz uğurları kimi görərlər. Bu çox vacibdir. Quranda möminlər arasında birlik haqqında çoxlu ayələr vardır. Bir ayədə möminlərin digər möminlərlə birliyini artırmaq üçün etdikləri dua belə deyilir:

Onlardan sonra gələnlər isə:

“Ey Rəbbimiz, bizi və bizdən əvvəl iman etmiş qardaşlarımızı bağışla! İman edənlərə qarşı qəlbimizdə heç bir kin-küdurətə yer vermə! Ey Rəbbimiz, həqiqətən, Sən şəfqətlisən, mərhəmətlisən!” - deyərlər.

Həşr surəsi, 10

Möminlər arasında çəkişmə, ya da inciklik yaşanması hər kəsə zərər verər. Buna görə də, iman edənlər belə bir hərəkətə yol verməzlər. Necə ki, Quran ayəsində möminlərin bir-birlərinin vəliləri (dost və qoruyucuları) olmadıqları halda, fitnə çıxacağı belə xəbər verilir:

İnkar edənlər də bir-birlərinin dostlarıdır. Siz onu (Allahın əmrlərini) yerinə yetirməsəniz, yer üzündə böyük bir fitnə-fəsad olar.

Ənfal surəsi, 73

Həmçinin Quranda həmrəyliklə əlaqədar açıq hökmlər vardır. Bu ayələrdən bəziləri bunlardır:

Açıq-aydın dəlillər gəldikdən sonra ayrılıb ixtilafa düşən kəslər kimi olmayın! Onlar üçün böyük bir əzab vardır.

Ali İmran surəsi, 105

“...Ona görə də əgər (həqiqi) möminsinizsə, Allahdan qorxun, aranızı düzəldin (münaqişələrə son verin), Allaha və Onun elçisinə itaət edin!”

Ənfal surəsi, 1

Şübhəsiz, firqə-firqə olub dinlərini parçalayanlarla sənin heç bir əlaqən yoxdur. Onların işi ancaq Allaha qalmışdır. Sonra Allah onlara etdikləri əməlləri xəbər verəcəkdir.

Ənam surəsi, 159

Möminlər digər möminlərə qarşı son dərəcə mərhəmətli və təvazökar olmaqla məsuldurlar. Bunun əksini etmək qətiyyən Qurana uyğun deyil. Təkəbbür, qısqanclıq, paxıllıq, pis söz söyləmə, çəkişmə möminlərin deyil, inkarçıların xüsusiyyətləridir.

Buna görə də nəfsinə görə bu cür nalayiq hərəkət edən mömin dərhal özünü yığışdırmalı, Allaha sığınmalı və əsl mömin davranışını göstərərək səhvini düzəltməlidir. Əks halda, Allah o adamın yerinə daha xeyirlisini gətirəcəyini ayələrində xəbər vermişdir. İman edən hər insan aşağıdakı ayənin hökmünə girməkdən qəti şəkildə çəkinməlidir:

Ey iman edənlər! Sizdən hər kim öz dinindən dönərsə, (bilsin ki,) Allah elə bir tayfa gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı mülayim, inkar edənlərə qarşı isə sərt olar, Allah yolunda cihad edər və tənə edənin tənəsindən qorxmazlar. Bu, Allahın lütfüdür. Onu dilədiyi kimsəyə verər. Allah (lütfü ilə) genişdir, hər şeyi biləndir.

Maidə surəsi, 54