“Dağlarda, ağaclarda və insanların düzəltdikləri çardaqlarda özünə pətəklər hör. Sonra bütün meyvələrdən ye və Rəbbinin səndən ötrü asanlaşdırdığı yollarla get”. O arıların qarınlarından tərkibində insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxır. Həqiqətən, bunda düşünən adamlar üçün dəlillər vardır.
Arıların hazırladığı bal dediyimiz maddənin insan bədəni üçün nə qədər əhəmiyyətli bir qida maddəsi olduğu artıq demək olar ki, hamı tərəfindən bilinir. Bəs bu qiymətli qida maddəni hazırlayan arının təfərrüatlı əhvalatını heç düşünmüşdünüzmü? Arıların qida mənbəyi məlum olduğu kimi çiçək nektarıdır. Ancaq qış aylarında çiçək nektarı tapmaları qeyri-mümkündür. Bu səbəblə də, topladıqları çiçək nektarlarını öz bədənlərindəki xüsusi ifrazatlarla qarışdıraraq, yeni bir qida maddəsini, yəni balı hazırlayar və bunu qış üçün tədarük edərlər.
Burada diqqət çəkən məqam, arıların, öz ehtiyaclardan qat-qat artıq bal tədarük etmələridir. Əlbəttə ki, ağla gələn ilk sual, arı üçün yersiz zaman və enerji itkisi kimi görünən bu; "həddən artıq istehsal"dan nə üçün imtina edilməməsidir? Bu sualın cavabı isə, yuxarıda yer verdiyimiz Nəhl surəsinin 68-ci və 69-cu ayələrində bildirilən, arının aldığı "vəhy"də gizlənmişdir. Arılar da digər bütün canlılar kimi Allahın vəhyi ilə hərəkət edərlər.
Arılar, yaradılışlarının gərəyi olaraq yalnız özləri üçün deyil, insanlar üçün də bal hazırlayırlar. Yer üzündəki bir çox canlı kimi arılar da insanların xidmətinə verilmişdir. Eynilə hər gün özünə o qədər də fayda verməməsinə baxmayaraq, ən azı bir yumurta verən toyuq və ya balasının ehtiyacından qat-qat artıq süd verən inək kimi... Şandakı mükəmməl təşkilatlanma Arıların şan içindəki həyatları və bal hazırlamaları da olduqca heyrətləndirici incəliklər ehtiva edir. Arıların şanda görmələri lazım olan çox sayda "iş" vardır və mükəmməl bir təşkilatlanmayla bu işlərin öhdəsindən gəlirlər:
Rütubətin nizamlanması və ventilyasiya: Bal üçün, əhəmiyyətli dərəcədə qoruyucu xüsusiyyət kəsb edən şan içindəki rütubət nisbəti daim müəyyən səviyyədə olmalıdır. Şanın içindəki rütubət normadan az və ya çox olduqda bal, həm qidalandırıcı, həm də qoruyucu xüsusiyyətini itirəcək, yəni xarab olacaqdır. Eynilə şandakı temperatur da 10 ay ərzində tam 32⁰ olmalıdır. Şandakı temperatur və rütubət miqdarını daimi olaraq lazımi səviyyədə saxlamaq vəzifəsi xüsusi bir "ventilyator qrupu"na verilmişdir. İsti bir gündə arıların şanların havasını dəyişdirdikləri asanlıqla görülə bilər. Şanın giriş hissəsi arılarla dolar və onlar, elə bil, zəminə yapışıb qalar və qanadlarıyla şanı yelpiklərlər. Beləliklə, şandakı hava, arılar tərəfindən bir tərəfdən girib o biri tərəfdən çıxmağa məcbur edilir. Şanın içində yelpikləyən əlavə arılar havanı dörd bir tərəfə qovar.
Şanın içindəki ventilyasiya sisteminin digər bir faydası da, şanı tüstüdən və hava çirkliliyindən qorumasıdır.
Sağlamlıq sistemi: Arıların balın xüsusiyyətinin korlanmaması üçün göstərdikləri səy yalnız temperatur və rütubəti nizamlamaqla məhdudlaşmır. Şanda, bakteriyaların törəməsinə səbəb olan bütün hadisələri nəzarət altında saxlamaq üçün mükəmməl bir sağlamlıq sistemi işlədilər. Bu sistem ilk növbədə bakteriya əmələ gətirməsi ehtimalı olan maddələrin yox edilməsini hədəfləyər. Arıların sağlamlıq sisteminin təməl prinsipi kənar maddələrin şana girməsinin qarşısını almaqdır. Bu səbəblə də, şanın girişində daim iki növbətçi saxlanılar. Bu tədbirə baxmayaraq, arılar, içəri yad bir böcək və ya yad bir cisim girdikdə, bunun ən qısa vaxtda şandan kənarlaşdırılması üçün səfərbər olarlar. Şandan kənara atıla bilməyəcək böyüklükdəki yad cisimlərdən ötrü isə, başqa bir qorunma mexanizmi dövrəyə girər. Arılar belə vəziyyətlər üçün "propolis" adı verilən bir maddə hazırlayarlar. Bunu, şam, qovaq, akasiya kimi ağaclardan yığdıqları qatranlara, bəzi xüsusi ifrazatlar əlavə edərək edərlər. Propolisin xüsusiyyəti, içinə bakteriyaların sığına bilməməsidir. Çöldən şana girmiş canlılar propolislə sarılarlar və beləliklə də, bir cür mumiyalanaraq şandakı mühitdən təcrid olunmuş olarlar.
Arıların bu davranışlarıyla əlaqədar əvvəlcə bu məqama diqqət çəkməkdə fayda vardır: Arılar, canlılar öldükləri vaxt, bədənlərinin sıradan çıxacağını və əmələ gələn maddələrin şandakı canlılara zərər verə biləcəyini bilirlər. Həmçinin bu korlanmanın qarşısını almaq üçün ölən canlı üzərində xüsusi kimyəvi əməliyyatların aparılmasının lazım olduğunu da bilirlər. Mumiyalama əməliyyatı üçün də özündə bakteriya saxlamamaq xüsusiyyətinə sahib bir maddə olan propolisdən istifadə edirlər. Bura qədər sadalanmış məlumatlar əsasında düşünərək bu sualları verək: Görəsən arılar bir canlıda meydana gələ biləcək korlanmaları və bu korlanmanın zərərli təsirlərini necə yox edə biləcəklərini haradan bilirlər? Üstəlik, təkcə bunları bilməklə kiyafətlənməyib, propolis kimi bir maddədən istifadə etməyə başlamağı necə dərk etmiş ola bilərlər? Arılara bunu öyrədən kimdir? Arılar bu maddəni necə kəşf etmişlər? Formulunu necə tapıb, necə hazırlamağa başlamışdırlar? Bu formula aid məlumatı digər koloniya üzvlərinə və özlərindən sonra gələn nəsillərə necə ötürmüşlər? Mumiyalama əməliyyatı, antiseptik maddənin tərkibi və hazırlanması və ya hansı yerlərdə istifadə ediləcəyi kimi mövzularda arıların həm məlumat sahibi ola bilməyəcəyi, həm də bədənlərində bunları hazırlaya biləcəkləri bir sistemi, özlərinin meydana gətirə bilməyəcəkləri aydındır. Bütün bunları arılar öz-özlərinə fikirləşib tapa bilməzlər. Hər mərhələsində müəyyən ağıl və məlumat tələb edən bu əməliyyatları, arılar təsadüfən də öyrənməmişdirlər. Çünki təsadüflər, şüurlu və ağıllı hərəkətlər meydana gətirə bilməzlər.
Bunlar, bütün bu əməliyyatların necə həyata keçiriləcəyini arılara başqa biri tərəfindən öyrədilmiş olduğunu göstərir. Bütün bu məlumatları arılara ilham edən, yaradıcıları olan Allahdır. Yer üzündəki hər şey kimi arılar da Məlik (bütün kainatın sahibi və mütləq hökmdarı) olan Allaha boyun əymişlər:
Haqq Məlik olan Allah hər şeydən ucadır! Ondan başqa ibadətə layiq olan heç bir məbud yoxdur. O, şanlı Ərşin Rəbbidir.
Ən az vəsaitlə ən çox tədarük Balarıları kiçik arı mumu parçalarına forma verərək, 30 000 arının yaşaya biləcəyi və birlikdə işləyə biləcəyi şanlar inşa edə bilərlər.
Şan, hər bir üzündə yüzlərlə kiçik pətək gözü olan, divarı da arı mumundan hörülmüş pətəklərdən ibarətdir. Bütün pətək gözləri tamamilə eyni böyüklükdədir. Bu mühəndislik möcüzəsi, minlərlə arının birlikdə işləməsiylə ortaya çıxar. Arılar, bu pətək gözlərindən qida maddələrini ehtiyyatda saxlamaq və gənc arıların baxımı üçün istifadə edərlər.
Balarıları, pətək gözlərini milyonlarla ildir ki, (100 milyon il bundan əvvələ aid arı qalığı tapılmışdır) altıbucaqlı formada inşa edir. Görəsən niyə səkkizbucaqlı və ya beşbucaqlı kimi həndəsi formalar deyil, əksinə xüsusi olaraq altıbucaqlı forma seçilmişdir? Riyaziyyatçılar bu sualı belə cavablandırır: Vahid sahədən maksimum istifadə etmək üçün ən uyğun həndəsi forma altıbucaqlıdır. Pətəklər altıbucaqlı əvəzinə başqa bir formada inşa edilsəydi, istifadəsiz yerlər meydana çıxacaq, beləliklə, daha az bal tədarük edilə biləcək və şandan daha az sayda arı faydalanacaqdı. Dərinlikləri eyni olduğu təqdirdə, üçbucaqlı və dördbucaqlı pətək gözlərində də altıbucaqlı pətək gözlərindəki qədər bal saxlanıla bilərdi. Ancaq bu həndəsi formalardan ətrafı ən qısa olan altıbucaqlıdır. Eyni həcmə malik olmasına baxmayaraq, altıbucaqlı pətək gözləri üçün istifadə edilən vəsait üçbucaqlı və ya dördbucaqlı pətək gözləri üçün istifadə ediləndən daha azdır.
Bu vəziyyətdə bu nəticəyə gəlinər: Altıbucaqlı pətək gözü, ən yüksək miqdarda bal tədarük etməklə yanaşı, inşası üçün ən az bal mumu tələb edən həndəsi formadır. Mürəkkəb həndəsi əməliyyatlardan sonra əldə olunan bu nəticə, əlbəttə ki, arılar tərəfindən hesablanmamışdır. Bu kiçik heyvanlar altıbucaqlı formadan, yaradılışlarının gərəyi olaraq, yalnız özlərinə öyrədildiyi, digər bir sözlə "vəhy edildiyi" üçün istifadə edirlər.
Arıların altıbucaqlı pətək gözləri hər cəhətdən işəyararlı bir dizayndır. Pətək gözləri arasında ahəngdarlıq vardır və divarları ortaqdır. Bu, yenə ən az arı mumuyla, ən yüksək miqdarda qida tədarük etməyə imkan verər. Olduqca nazik olmalarına baxmayaraq pətək gözləri, öz kütlələrinin bir neçə mislindəki ağırlıqları daşıya biləcək gücdədirlər.
Arılar pətək gözlərinin yan səthləriylə yanaşı, dib tərəflərini də inşa edərkən ən yüksək qənaət qanununu nəzərə alarlar.
Pətəklər, kürək kürəyə vermiş iki sıradan ibarət bir dilim şəklində inşa edilər. Belə olduqda, iki pətək gözününü birləşmə nöqtəsi kimi bir problem ortaya çıxacaq. Bu problem, pətək gözü oturacaqlarının, üç rombun birləşdirilərək inşa edilməsiylə həll edilmişdir. Pətəyin bir üzündə üç pətək gözü inşa edilməsi, oturacağın qarşı üzündə avtomatik şəkildə bir pətək gözü oturacağının öz-özünə inşa edilmiş olması deməkdir. Oturacaq romb formasındakı arı mumu təbəqələrindən ibarət olduğundan, bu üsulla inşa edilən pətək gözlərinin dib tərəfində aşağıya doğru dərinləşmə görülər. Bu hüceyrənin həcminin, dolayısilə ehtiyyatda saxlanılacaq balın miqdarının artması deməkdir.
Bura qədər izah edilənlərdən də görüldüyü kimi altıbucaqlı forma, bir pətəyin hörülməsi üçün ən ideal formadır. Bu məqamda cavablandırılmalı olan bir sual ortaya çıxır: Arılar altıbucaqlının ən ideal forma olduğunu haradan bilirlər? Pətəklərdəki bu qüsursuz dizayn nümunəsinin arılar tərəfindən xəyali təkamül prosesində yavaş-yavaş meydana gətirilə bilməyəcəyini anlamaq üçün təkcə sağlamfikirli bir insan olmaq kifayətdir. Bir arının bir gün beşbucaqlı pətək inşa edib, daha sonrakı gün üçbucaqlı formanı sınaqdan keçirib, bir müddət belə davam edib, daha sonrakı günlərdə, illərdə və ya əsrlərdə isə altıbucaqlı formanın pətək inşasında ən səmərəli forma olduğunu anlayıb, pətəyi daim belə inşa etməyə qərar verdiyi ssenarisini düşünmək belə olduqca axmaq bir hərəkətdir. Belə bir şeyi iddia etmək, arıların ən azı insanlar qədər ağıl və şüur sahibi varlıqlar olduğunu iddia etməkdir. Belə ki, bu iddianın qəbul edilməsi də ağıl və vicdan baxımından qeyri-mümkündür.
Arıları Allah yaratmışdır. Təkamül prosesindən keçməmişdirlər. Heç bir şəkildə dəyişikliyə məruz qalmamışdırlar. Müasir dövrdə də, ilk yaradıldıqları andakı xüsusiyyətlərinə sahibdirlər.
Pətək gözlərinin digər xüsusiyyətləri Balarılarının pətək inşası əsnasında diqqət yetirdikləri digər bir xüsusiyyət, pətək gözlərinin meylliyidir. Gözlər hər iki tərəfə doğru 13 dərəcə yüksəldilərək yerə tam paralel olmalarının qarşısı alınar. Beləliklə, bal, ağız hissədən axıb getməz. İşçi balarıları işləyərkən, elə bil, bir-birinə keçmiş halqalar kimi salxım forması halında bir yerə cəmləşərlər. Buradakı məqsəd, arı mumunun hazırlanması üçün zəruri olan 35⁰C-lik temperaturun təmin edilə bilməsidir. Arılar qarınlarındakı torbacıqlardan şəffaf bir maye çıxardarlar. Bu maye, çölə axar və ağ rəngli, nazik arı mumu təbəqələrini möhkəmlədər. Arılar da arı mumunu ayaqlarındakı kiçik qarmaqlarla toplayarlar. Daha sonra arı mumunu ağızlarına qoyar, yumşalana qədər ağızlarında əməliyyatdan keçirər və ona pətəklərdə forma verərlər. Bir çox arı birlikdə hərəkət edərək, arı mumunun yumşaq və istifadəyə yararlı vəziyyətdə qalması üçün, iş prosesi gedən yerin temperaturunun tam istənilən səviyyədə qalmasını təmin edər. Pətəyin inşasında çox maraqlı bir məqam daha vardır: Pətəyin inşasına şanın yuxarı hissəsindən başlanılar və eyni anda iki-üç cərgə aşağı doğru hörülər. Bir pətək dilimi hər iki tərəfə doğru genişləyərkən, əvvəlcə ehtiva etdiyi iki sıranın oturacaqları birləşər. Bu iş çox münasib və nizamlı şəkildə baş tutar. Belə ki, pətəyin bir-birindən fərqli iki və ya üç hissədən hazırlandığını görmək qeyri-mümkündür. Eyni vaxtda müxtəlif uclardan hörülən pətək dilimləri o qədər düzgün formaya malikdirlər ki, pətəklər yüzlərlə bucaq ehtiva etməsinə baxmayaraq, tək hissədən ibarət bir quruluş təəssüratı verərlər.
Bunun meydana gələ bilməsi üçün, arılar, başlanğıc və birləşmə nöqtələri arasındakı məsafələri əvvəlcədən hesablayıb, pətək gözlərinin ölçülərini onun əsasında planlaşdırmalıdırlar. Minlərlə arının belə bir şeyi bacara bilməsi, elm adamlarını heyrətə gətirir.
Görüldüyü kimi pətəklərin hörülməsiylə əlaqədar təfərrüatlar olduqca çoxdur. Pətəyin xüsusi olaraq hazırlanmış bir quruluş olduğu açıq şəkildə görülür. Belə bir quruluşun təsadüf nəticəsində meydana gəldiyini düşünmək isə olduqca axmaq bir hərəkət olacaq. Arıların həyatlarındakı hər mərhələ Allahın sonsuz qüdrətinin və yaratma gücünün bir təcəllisidir.
Arılar gedəcəkləri istiqaməti necə müəyyənləşdirirlər?
Arılar qida əldə edə bilmək üçün, çox vaxt uzaqlara gedərək geniş əraziləri axtarmaq məcburiyyətində qalarlar. Şanlarından 800 metr məsafəyə qədər uzanan bir sahədə, tarla çiçəklərindən nektar və tozcuq toplayarlar. Çiçəkləri tapan arı, bunların yerini digər arılara xəbər vermək üçün şanına qayıdar. Ancaq bu arı, şandakı dostlarına çiçəklərin yerini hansı yolla başa salacaq?
Rəqs yoluyla!... Şana qayıdan arı bir növ rəqs etməyə başlayar. Bu rəqs, digər arıların çiçəklərin yerini tapa bilmələri üçün istifadə edilən bir izahat yoludur. Arının təkrar etdiyi rəqs, digər arılara hədəfə çatmaq üçün lazım olan istiqamət, uzaqlıq kimi bütün məlumatları əskiksiz şəkildə verər.
Rəqs, arının dayanmadan çəkdiyi "8" rəqəmi formasından ibarətdir. Arı, səkkizin ortasını, quyruq hissəsini titrədərək ziq-zaqlar halında çəkər. Ziq-zaqlı yolun Günəşşan arasındakı düz xəttlə əmələ gətirdiyi bucaq, tamamilə çiçəklərin olduğu yerin istiqamətini verər.
Təkcə həmin bu yerin istiqamətini bilmək də kifayət etməz. İşçi arılar nektar toplaya bilmək üçün, nə qədər uzağa getməli olduqlarını da "bilməli"dirlər. Şana geri qayıdan arı, digər arılara, yenə müəyyən bədən hərəkətləriylə tozcuqlara olan məsafəni "başa salar". Bunu bədənin alt hissəsini yırğalayıb ani hava axınları meydana gətirərək ifadə edər. Digər arılar da bığcıqlarıyla bu axınları hiss edərək gedəcəkləri qida mənbəyinin uzaqlığını müəyyənləşdirərlər. Məsələn, 250 metr uzaqlıqdakı yeri "təsvir etmək" üçün yarım dəqiqəlik bir müddət ərzində bədəninin alt hissəsini 5 dəfə yırğalayar. Beləliklə də, ifadə edilən bucaq və uzaqlıqla hədəfin yeri konkret şəkildə ifadə edilmiş olar.
Amma mənbəyə gediş-gəliş müddəti böyük vaxt aparan uçuşlarda, arını yeni bir problem gözləyər: Qida mənbəyini yalnız Günəşə görə təsvir etmə qabiliyyətinə sahib olan arı, şana qayıdana qədər, günəş hər 4 dəqiqədə 1 dərəcə yer dəyişdirər. Buna görə də arı, yolda keçirdiyi hər 4 dəqiqə üçün yoldaşlarına verdiyi istiqamətdə bir dərəcə xəta etməsi lazım gəldiyi halda, o heç vaxt belə bir problemlə üzləşməz. Çünki gözü yüzlərlə kiçik altıbucaqlı linzalardan ibarətdir. Hər linza eynilə bir teleskopda olduğu kimi çox dar bir sahəni görər. Günün müəyyən vaxtında Günəşə doğru baxan bir arı, uçarkən daim yerini tapa bilər. Elm adamları arının bu işi, zamana görə günəşin yaydığı işıq miqdarının dəyişməsindən faydalanaraq etdiyini söyləyirlər. Nəticədə arı, günəş hərəkət etdikcə şanda, verəcəyi istiqamətdə dəyişiklik edərək hədəfin istiqamətini düzgün şəkildə müəyyənləşdirər.
Çiçək işarələmə üsulu Balarıları, bir çiçəyin nektarının daha əvvəl başqa arılar tərəfindən istifadə olunduğunu həmin çiçəyə qonan kimi anlayar və dərhal həmin çiçəyi tərk edərlər. Bu sayədə həm vaxt, həm də enerji itkisinə yol verməzlər. Bəs arı çiçək üzərində araşdırma aparmadan nektarın bitdiyini haradan bilir?
Çünki çiçəkdən faydalanan və nektarından istifadə edən yoldaşları həmin çiçəyin üstünə, özünəməxsus qoxuya malik bir damla buraxaraq, onu işarələyərlər. Onlardan sonra gələn hər hansı bir arı çiçəyə qonan kimi əvvəlcədən buraxılan qoxunu hiss edər və çiçəyin işə yaramaz olduğunu başa düşərək dərhal başqa bir çiçəyə yönələr. Beləliklə də, birdən çox arının eyni çiçək üzərində qalaraq vaxt itirmələrinin qarşısı alınar. Bal möcüzəsi Allahın kiçik bir heyvan vasitəsiylə insanlara bəxş etdiyi balın necə əhəmiyyətli bir qida mənbəyi olduğunu bilirsinizmi?
Bal, fruktoza və qlükoza kimi şəkərlərlə yanaşı maqnezium, kalium, kalsium, natrium xlor, kükürd, dəmir və fosfor kimi minerallara malikdir. Nektar və tozcuqların xüsusiyyətlərinə görə dəyişməklə yanaşı, balda B1, B2, B6, B5, B3 və C vitaminləri var. Həmçinin az miqdarda mis, yod, dəmir və sink də olur. Balın tərkibində bunlardan başqa bəzi hormonlar da vardır.
Bal, Quran ayəsində xəbər verildiyi kimi, "insanlara şəfa" vermə xüsusiyyəti daşıyır. 1993-cü il 20-26 sentyabr tarixləri arasında Çində keçirilən Dünya Arıçılıq Konqresində elm adamlarının bal haqqındakı şərhləri də bunu təsdiqləyir:
Konqresdə müzakirə olunan əsas mövzu arı məhsulları ilə müalicə mövzusu oldu. Xüsusilə də amerikalı elm adamları bal, arı südü, tozcuq və propolisin bir çox xəstəliyi müalicə etdiyini bildirdilər. Rumıniyalı bir həkim balı katarakt xəstələri üzərində sınaqdan keçirdiyini və 2094 xəstədən 2002-sinin (95%) bal sayəsində tam olaraq yaxşılaşdığını dedi. Polşalı həkimlər isə propolisin babasil, dəri və qadın xəstəlikləri kimi bir çox xəstəliyə fayda verdiyini müəyyənləşdirdiklərini bildirdilər. (Hürriyet, 19 oktyabr 1993)
Elm sahəsində ən qabaqcıl yerləri tutan ölkələrdə arıçılıq və arı məhsulları artıq özlüyündə bir tədqiqat sahəsidir. Balın digər faydaları isə belə sadalana bilər: Asanlıqla həzm olunar: İçindəki şəkərlərin digər bir şəkər növünə (fruktozanın qlükozaya) çevrilə bilmə xüsusiyyəti sayəsində bal, yüksək miqdarda turşu ehtiva etməsinə baxmayaraq, ən həssas mədə tərəfindən belə asanlıqla həzm edilər. Həmçinin bağırsaqların və böyrəklərin daha yaxşı işləməsinə kömək edər.
Kalorisi azdır: Balın digər bir xüsusiyyəti də, eyni miqdardakı şəkərlə müqayisədə olduqca şirin olmasına baxmayaraq, bədəni təxminən 40% nisbətində daha az kalori ilə təmin etməsidir. Bədənə yüksək enerji verməsinə baxmayaraq, kökəltməməsi balı üstün bir qida mənbəyi etməyə kifayət edər.
Sürətlə qana qarışar: Bal ilıq suyla qarışdırıldığında 7 dəqiqə ərzində qana qarışar. Tərkibində olan sərbəst haldakı şəkərlərdən ötrü beynin işləməsi asanlaşar. Qan hazırlanmasına dəstək olar: Bal, qan hazırlanması üçün bədənin ehtiyac duyduğu enerjinin əhəmiyyətli bir hissəsini təmin edər. Həmçinin qanın təmizlənməsinə də yardım edər. Həm qan dövranını tənzimləyər, həm də onun hərəkətinin asanlaşdırar. Damar sərtləşməsinə qarşı əhəmiyyətli bir qoruyucudur.
İçinə bakteriya sığına bilməz: Balın bakteriyaların sığınmasına imkan verməyən xüsusiyyəti "öldürücü təsir" deyə adlandırılar. Aparılan təcrübələr sulandırılmış balın bakteriya öldürücü xüsusiyyətinin saf bala görə iki qat artdığını göstərmişdir. İşin maraqlı cəhəti, arı koloniyasına yeni daxil olacaq tırtılların, özlərinə baxmaqla mükəlləf olan arılar tərəfindən (sulandırılmış balın bu xüsusiyyətini bilirmiş kimi) sulandırılmış balla bəslənməsidir.
Arı südü: Arı südü, şandakı işçi arıların hazırladığı maddədir. Çox bəsləyici olan arı südündə şəkər, zülal, yağ və bir çox vitamin olur. Bədənin gücsüz düşdüyü vəziyyətlərdə və toxumaların yaşlanmasından yaranan pozulmalarda istifadə edilər.