Əvvəlki hissələrdə də üzərində dayandığımız kimi, möminlərin səbri ilə cəmiyyətin böyük qisminin adət etdiyi səbir anlayışı arasında böyük fərq var. Möminlər səbri Allaha yaxınlaşmağa bir yol kimi görür və ibadət olaraq yaşayırlar. Səbrin necə olduğunu müəyyən edən rəhbərləri isə Qurandır. Quranda möminlərin yaşadığı bu gözəl əxlaqın xüsusiyyətlərindən belə bəhs edilir:
Möminlərin səbri təvəkkülə əsaslanır İnsanların çoxu ancaq zəruri hallarda və başqa çıxış yolları qalmadıqda səbir edirlər. Əslində isə səbirli olmağın belə davranışla heç bir əlaqəsi yoxdur. Onlar sinə gərməyə məcbur olduqları çətinliyə ancaq təhəmmül edirlər (dözürlər). Təhəmmül edən insanlar başına gələn hadisələri Allahın hikmətlə yaratdığını və hamısında xeyrin olduğunu düşünmədikləri üçün sıxıntı çəkirlər. Bu mənfi ruh halı danışıqlarında və üz ifadələrində özünü bəlli edir. Təhəmmül ediləsi vəziyyət sona çatana qədər bu əhvaldan qurtula bilmirlər.
Möminlərin göstərdiyi səbir isə təhəmmül anlayışından çox fərqlidir. Bir çətinliklə üzləşəndə bunu Allahın yaratdığını və mütləq xeyirli olduğunu bilirlər. Allahın onlara ən gözəl qədəri yazdığını bildiklərinə görə baş verənlərə qəlbən razı olub təvəkkül edirlər. Bir ayədə Allaha möminlər barəsində belə buyurur:
O kəslər ki, səbirli olmuş və yalnız öz Rəbbinə təvəkkül etmişlər.
Möminlər heç bir şərtdə şikayət və üzüntünü özlərinə yaraşdırmazlar. Bununla bərabər, “Sözsüz ki, hər çətinliyin ardınca asanlıq gəlir” (İnşirah surəsi, 5) ayəsində də bildirildiyi kimi, Allahın çətinliyi asanlıqla birgə yaratdığından və bunun Allahın dəyişməyən qanunu olduğundan xəbərdardırlar.
Peyğəmbərimiz bir hədisdə belə buyurur:
...Sən qəti imanla və tam razılıqla Allaha üçün çalışmağı bacarırsansa, çalış; əgər bacarmırsansa, xoşuna gəlməyən şeyə səbir etməkdə çoxlu xeyir var. Bunu da bil ki, nüsrət səbirlə birlikdə gəlir: qurtuluş isə sıxıntı ilə gəlir. Çətinlikdə asanlıq var. İki çətinlik bir asanlığa əsla qələbə çalmaz.
Allah “Allah hər kəsi yalnız onun qüvvəsi çatdığı qədər mükəlləf edər...” (Bəqərə surəsi, 286) ayəsində insanlara əhəmiyyətli bir həqiqətdən bəhs edir. Allah hər insanı ancaq öhdəsindən gələ biləcəyi çətinliklərlə imtahan edir. İnsan hər hansı çətinliklə qarşılaşırsa, deməli, Allah ona bunun üçün səbir gücü də vermişdir. Quranın bu ayələrinə iman edən möminlər səbri təhəmmül kimi qəbul etmirlər. Dünyada ikən bu çətinliklər sona çatmasa belə, bunda bir xeyir olduğunu və Allahın axirətdə səbrin qarşılığını ən gözəli ilə verəcəyini bilirlər. Bunu bildiklərinə görə heç bir zaman sıxıntı çəkməzlər. Hər çətinliyi yalnız Allahın yox edəcəyini və yalnız Ondan kömək istəməli olduğunu bilərək Rəbbimizə dua edirlər:
... Ey Rəbbimiz, unutsaq və ya xəta etsək, bizi cəzalandırma! Ey Rəbbimiz, bizdən əvvəlkilərə yüklədiyin kimi, bizə də ağır yük yükləmə! Ey Rəbbimiz, gücümüz çatmayan şeyi daşımağa bizi vadar etmə! Bizi əfv et, bizi bağışla və bizə rəhm et! Sən bizim himayədarımızsan! Kafirləri məğlub etməkdə bizə yardım et!
Qurana əsaslanmadıqda insanlar səbirdə qətiyyət göstərə bilmirlər. Bir gün səbirli davranır, başqa gün isə çətin bir hadisə baş verdikdə buna səbir edə bilmirlər. Möminlər isə Allahın əmri olduğu üçün əsla belə davranmırlar. Möminlərin məqsədi odur ki, ömür boyunca gözəl əxlaq göstərməklə Allahın rizasını qazansınlar. Allahın ən bəyəndiyi davranış isə səbirdir. Çünki ayədə davamlı olan yaxşı əməllərin xeyirli olduğunu buyurur.
Başqa bir ayədə Allah inanan qullarına belə əmr edir:
Səhər və axşam çağı Rəbbinin üzünü diləyərək Ona dua edənlərlə birlikdə özünü səbirli apar.
Möminlər bu ayəyə tabe olaraq Allahın razılığını qazanmaq üçün ara vermədən səbirli davranırlar.
Möminlər Allah rizası üçün səbirli davranırlar Quran əxlaqını yaşamayanlar bir müddət səbirli olduqdan sonra buna görə mütləq mənfəət əldə etməyi düşünürlər. Belə bir şey olmayanda isə öz ifadələri desək, səbirləri tükənir. Çünki onlar yalnız dünyəvi mənfəətlər üçün səbirli olurlar. Bunu unudurlar ki, gözəl əxlaq onlara Allah rizasını qazandıracaq və etdikləri axirətdə qarşılarına çıxacaq. Halbuki Allah çətinlikləri səbir edənləri ortaya çıxarmaq üçün yaradır. Allah bu sirri insanlara “Yoxsa elə güman edirdiniz ki, Allah içərinizdən cihada çıxanları və səbir edənləri bəlli etmədən siz cənnətə daxil olacaqsınız?” (Ali-İmran surəsi, 142) ayəsində bildirir. Allahın rizasını qazanmaq üçün səbirli davrananlar cənnətə girəcək, dünyəvi faydalar üçün səbir edənlər isə Allahın vəd etdiyi gözəllikdən məhrum qalacaqlar.
Quranı özlərinə rəhbər götürən möminlər heç bir mənfəət güdmədən yalnız Allah rizası üçün səbir göstərirlər. Quranda onların bu xüsusiyyətindən belə bəhs edilir:
O kəslər ki, Rəbbinin üzünü diləyərək səbir edirlər...
Möminlər sevərək və istəyərək səbir edirlər Möminlər yalnız çətinliklər qarşısında deyil, eyni zamanda Quranın bütün hökmlərini qüsursuz şəkildə yerinə yetirmək üçün və bütün şərtlərdə mükəmməl əxlaq göstərmək üçün səbirli davranırlar. Onların bütün vəziyyətlərdə bu əxlaqı göstərməyinin səbəblərindən biri bunu qəlbən və şövqlə etmələridir. Çünki onlar üçün Allahın əmrini yerinə yetirməkdən daha əhəmiyyətli iş yoxdur. Buna görə də Qurandakı bütün hökmlərdə olduğu kimi, gözəl əxlaqı da istəyərək və sevərək yaşayırlar. Beləliklə, Rəbbimizin sevgisini və rəhmətini qazanacaqlarını bilmək onların hər şərtdə səbirli olmalarına və çətinlikləri rahatlıqla aşmalarına kömək edir. Bundan başqa, Allahın bir ayədə “Rəbbin üçün səbir et” ifadəsi ilə qullarını səbirli olmağa dəvət etməsi də onların bu əxlaqı xoşluqla yaşamasına vasitə olur. Möminlərin səbirli davranmalarının digər səbəbi isə Allahın Quranda səbir edənləri sevdiyini bildirməsidir. (Ali-İmran surəsi, 146).
Yenə Quranın başqa ayəsində “Səbir etdiyinizə görə sizə salam olsun! Axirət yurdunuz necə də gözəldir!” (Rəd surəsi, 24) hökmü ilə səbir edənlərin axirətdə gözəl qarşılıqla mükafatlandırılacaqları bildirilmişdir.
Bütün bunlar möminlərin səbri şövq və istəklə yaşamalarına səbəb olan Allahın müjdələridir.
Möminlərin səbri şəxslərə və şərtlərə görə dəyişmir Allah qorxusu və imanı az olan insanların davranışları şəxslərə və şərtlərə görə dəyişə bilir. Məsələn, mənfəət əldə edəcəkləri insanlarla gözəl davrandıqları halda, tanımadıqları və ya özlərindən aşağı gördükləri insanlarla sərt davranırlar. Buna misal olaraq, cəmiyyətdə bir mağaza sahibinin zəngin müştəriyə hörmət göstərməsi gündəlik həyatda çox rast gəlinən hadisədir. Üstəlik həmin müştəri problem çıxarsa da, alçaldıcı hərəkətlərə yol versə də, onun çirkin hərəkətlərinə göz yumurlar. Lakin eyni mağaza sahibi kasıb müştərinin haqlı istəyini belə xoş qarşılamaz. Bundan başqa, dindən uzaq insanlar mənfəətlərinə uyğun olduqda ona yaxşı davrananlara gözəl əxlaq göstərə, lakin çətin vaxtlarda tamamilə dəyişə bilirlər. Yaxın dostları onları əyləndirib xeyir verdiyi müddətcə onlarla xoş davranırlar. Amma bir gün həmin adam çətinliyə düşsə, problemləri olsa, onunla səbirsiz davranmağa başlayırlar. Bu dəyişkənliyin səbəbi budur ki, onlar əxlaq anlayışını hər şeyi ən doğru şəkildə açıqlayan Qurana görə deyil, öz cahil düşüncə və mənfəətlərinə görə müəyyən edirlər. Möminlər isə Allahın Quranda bildirdiyi əxlaqı mənimsəyib bunu yalnız Allahın razılığını qazanmaq üçün yaşayırlar. Buna görə də davranışları, ən əsas da səbirləri şəxslərə, mühitə və şərtlərə görə dəyişmir. Möminlər başqalarından fərqli olaraq çətinlik və sıxıntı vaxtlarında da gözəl şəkildə səbir edərlər.
Quranda onların bu üstün əxlaqına belə diqqət çəkilir:
Yaxşı əməl üzünüzü məşriqə və məğribə tərəf çevirməyiniz deyildir. Lakin yaxşı əməl (sahibləri) Allaha, axirət gününə, mələklərə, kitablara, peyğəmbərlərə iman gətirən, sevdiyi malı qohum-əqrəbaya, yetimlərə, kasıblara, müsafirlərə, dilənənlərə və kölələrin azad edilməsinə sərf edən, namaz qılıb zəkat verən, əhd bağladıqda əhdlərini yerinə yetirən, sıxıntı və xəstəlik üz verdikdə, habelə döyüşdə səbir edən şəxslərdir. Onlar imanlarında doğru olanlardır. Müttəqi olanlar da elə məhz onlardır.
Ayədən göründüyü kimi, Allah yaxşı əməllərdən birinin də çətin anlarda səbir etmək olduğunu bildirir. Möminlər də Allahın bu əmrinə tabe olur və ömrü boyu hər cür çətinliyə səbir edirlər.
Möminlərin səbri onlara gözəl əxlaqın yolunu açır
Möminlər səbri Allah üçün edilən ibadət kimi görürlər, bu da onlara daha gözəl xüsusiyyətlər qazandırır. Bir ayədə belə buyurulur:
Səbir edənlər doğru danışan, müti olan, xərcləyən və sübh çağına yaxın bağışlanma diləyən kimsələrdir.
Bir başqa ayədə Allah möminləri “O müttəqilər ki, bolluq zamanı da, qıtlıq zamanı da xərcləyir, qəzəblərini boğur və insanları bağışlayırlar. Allah yaxşı iş görənləri sevir” (Ali-İmran surəsi, 134) sözləri ilə təsvir edir. Ayədə bəhs edilən bütün bu xüsusiyyətlər ancaq həqiqi səbir anlayışını qavramaqla yaşana bilər.
Bir insan əsəbiləşəndə qəzəbini yalnız səbirlə boğa bilər. Yoxsul olduğu halda, ancaq səbirli davranarsa, malından başqalarına verə bilər. Çünki həmin adam, bəlkə də, başqasına malından verməklə özünü çətin vəziyyətdə qoyur, lakin Allah rizası üçün buna səbir edir və gözəl əxlaq göstərir. Bir adamın haqlı olduğu halda, haqsız birini bağışlaması da yenə səbrin ona qazandırdığı xüsusiyyətdir.
Bunun kimi Allahın Quranda bildirdiyi bütün əmrlərə tabe olmaq və qadağan etdiklərindən çəkinmək ancaq səbirlə mümkündür. Mömin həyatının sonuna qədər fədakarlıq, təvazökarlıq, dürüstlük və sədaqətdə daim qərarlı olar və bu əxlaq xüsusiyyətlərini səbirlə yaşamağa davam edər.
Göründüyü kimi, səbir möminlərə həm də Allahın razı olduğu gözəl əxlaqın yolunu açır. Bu əxlaqı yaşamaq isə Allahın sonsuz rəhmətini və cənnətini qazanmağa vəsilə olur ki, möminlər üçün bundan daha gözəl qurtuluş yoxdur.
Möminlərin səbri ağıla əsaslanır
Möminlərin səbri çətinlikləri ortadan qaldırmaq üçün heç bir cəhd etmədən yalnız gözləməkdən ibarət deyil, belə davranış çox yanlışdır. Əksinə, Allah möminlərə vicdan, ağıl və imkanlarından sonadək istifadə etməyi, hər cür tədbir almağı əmr etmişdir. Buna görə də möminlər bir yandan çətinliklərə könül xoşluğu ilə səbir edir, digər tərəfdən var gücləri ilə çətinliyi aradan qaldırmağın yollarını axtarırlar. Məsələn, təcili görüləcək bir işin baş tutmaması səbirli olmayanların qəzəbinə səbəb olur. Xüsusilə böyük gəlir gətirəcək işdə birisinin xətası üzündən qazancı əldən vermək hər şeydə xeyir olduğunu anlamayan insanları qəzəbləndirir. İman gətirənlər isə itirdikləri qazanc nə qədər çox olsa da, təvəkkül edir və səbirli davranırlar. Əlbəttə ki, bundan sonra bənzər hadisə baş verməsin deyə lazımi tədbiri alır. Xəta edənə xəbərdarlıq edir, eyni xətaya yol verəcəyini güman edirsə, işi ondan alıb başqasına tapşırır və ya şərtlərə uyğun olaraq daha ağıllı tədbirlər alır.
Quranda bəhs edilən səbir anlayışını bilməyənlər elə düşünürlər ki, səbir heç bir iş görmədən oturub gözləməkdir. Halbuki Allah qatında məqbul olan səbir çətinliklər zamanı ağıl, vicdan və maddi-mənəvi bütün imkanlardan istifadə etməyi tələb edir. Quranda möminlərin səbirlə yanaşı cəhd göstərmələrinə bir çox ayədə diqqət çəkilir. Bunun bir nümunəsini hicrət edənlərdə görmək mümkündür. Ayədə belə buyurulur:
...Sonra hicrət edənləri, daha sonra cihad edib səbir edənləri isə bunlardan sonra Rəbbin, şübhəsiz ki, bağışlayandır, (onlara) rəhm edəndir!
Bununla yanaşı, möminlər bir tərəfdən çətinliklərlə feili mübarizə apararar, digər tərəfdən də dua ilə Allahdan yardım istəyib cəhdlərinə davam edərlər.
Onlar Calutun və onun qoşununun qarşısına çıxdıqda dedilər:
“Ey Rəbbimiz! Bizə səbir ver, qədəmlərimizi möhkəmlət və kafir qövmə qələbə çalmaqda bizə yardım et!”
Göründüyü kimi, möminlərin səbri ağıla əsaslanır, Allah qatında gözəl qarşılıq görəcək davranış da budur.
Möminlər səbirdə sərhəd tanımayıb, səbirdə yarışırlar “Xeyr! İnsan, doğrudan da, həddini aşır, özünün ehtiyacsız olduğunu zənn etdiyinə görə” (Ələq surəsi, 6-7) ayələrində bildirildiyi kimi, insanın özünü kamil görməsi onu azğınlığa aparır. Buna görə də ən yaxşı xüsusiyyətlərində belə möminlər özlərini kamil görməzlər. Ömrü boyu hər mövzuda özlərini inkişaf etdirməyə və daha gözəl əxlaqlı olmağa çalışırlar. Möminlərin səmimi cəhdlərinin arxasında Allaha olan bağlılıq və Allah qorxusu dayanır. Əsas məqsədləri Allahın sevgisini qazanmaq olduğu üçün Onun əmr etdiyi kimi, Quran hökmlərinin hamısına əməl etməyə çalışırlar. Buna görə də heç vaxt özlərini ehtiyacsız görmür, daim daha çoxuna nail olmaq üçün cəhd göstərirlər. Çünki Allah qatında əzmkarlıqları qədər əcr qazanacaqlarını və bu minvalla Allahın rəhmətinə çatacaqlarını bilirlər. Allah bir ayədə “Rəbbiniz tərəfindən bağışlanmağa və müttəqilər üçün hazırlanmış, genişliyi göylər və yer qədər olan cənnətə tələsin” (Ali-İmran surəsi, 133) sözləri ilə möminləri Allahın rizasını və cənnətini qazanmaq üçün yarışmağa çağırmışdır. Bu mövzulardan biri də Allahın Quranda “Ey iman gətirənlər! Səbir edin və səbirdə yarışın” (Ali-İmran surəsi, 200) sözləri ilə bildirdiyi səbirdir. Möminlər onları Allaha yaxınlaşdıran əməldə nümunəvi davranmaqla bir-birləri ilə yarışırlar. Allaha iman gətirən insan başına nə iş gəlsə də, səbirli davranıb bunu sonadək davam etdirməkdə qərarlı olar. Məsələn, bir insan dünya imtahanının gərəyi olaraq bir çox problemlə üzləşə bilər. Heç gözləmədiyi anda evi yanar və bu səbəbdən bir müddət pis şəraitdə yaşamağa məcbur qalar. Belə vəziyyətdə iman gətirən insan əsla şikayət etməz. Çətinliyi nə qədər uzun çəksə də, səbirli davranar, Allahın ona asanlıq yaradacağını bilib hüzurlu olar. Belə çətin vəziyyətdə başqa sıxıntılar da əlavə olunsa həyatında, səbirli davranışını heç dəyişməz. Qısa olaraq, nə qədər çətinliklərlə qarşılaşsa da, Allahın əmrini yerinə yetirməkdən, yəni səbirdə yarışmaqdan vaz keçməz.
Möminlər bir-birilərinə səbri tövsiyə edirlər Allah “Qoy sizin içərinizdən xeyrə çağıran, yaxşı işlər görməyi buyuran və pis əməlləri qadağan edən bir camaat çıxsın. Məhz onlar nicata qovuşanlardır” (Ali-İmran surəsi, 104) ayəsi ilə əmr edir ki, möminlər bir-birilərini pislikdən çəkindirsin və xeyirli əməllərə təşviq etsinlər. Allahın bu əmri əsasında möminlər həyatlarının sonuna qədər bir-birilərini Quranın əmrinə tabe olmağa çağırır və qadağan etdiyi şeylərdən çəkindirməyə çalışırlar. Onların təşviq etdiyi mövzulardan biri də səbirdir. Çünki möminlər ancaq Allahın bəyəndiyi əxlaqı yaşayanların cənnətə qovuşacaqlarını, digər insanların isə cəhənnəm əzabı ilə qarşılıq görəcəklərini bilirlər. Bu həqiqəti bildiklərinə görə özlərinin sonsuz qurtuluşunu nə qədər istəyirlərsə, mömin qardaşlarının cənnətə girməyini də o qədər arzu edirlər. Elə bu səbəbdən onları bütün ibadətlərində səbirli olmağa çağırır və bunu ömrü boyu səbirlə davam etdirirlər. Quranda bəhs edilən bir hadisə buna nümunədir, hansı ki Peyğəmbərimiz yanındakı şəxsə Allahı xatırlatmış və ümidvar olmağını istəmişdir:
Əgər siz (Peyğəmbərə) kömək etməsəniz, Allah ona artıq kömək göstərmişdir. O vaxt kafirlər onu iki nəfərdən ikincisi olaraq (Məkkədən) çıxartdılar. O iki nəfər mağarada olarkən biri öz yoldaşına dedi:
“Qəm yemə, Allah bizimlədir!” (Bundan sonra) Allah ona arxayınlıq nazil etdi...
Ayədən göründüyü kimi, Peyğəmbərimiz çətin durumda ikən yanındakı dostuna Allahın yardımını xatırlatmışdır. Peyğəmbərimizin bu gözəl davranışı, şübhəsiz ki, bütün müsəlmanlara nümunədir. İnananlar bir-birinə bütün şərtlərdə Allahın gücünü və yardımını xatırladıb səbri tövsiyə edərlər ki, bu da əxlaq üstünlüyüdür. Quranda belə üstün əxlaqlı şəxslər “əshabi-meymənə” olaraq adlandırılır:
Ona iki yoxuşlu yola yönəltmədikmi?
O isə sərt yoxuşu aşmağa can atmadı.
Sən nə bilirsən ki, sərt yoxuş nədir?
O, bir kölə azad etməkdir və ya aclıq günündə yemək verməkdir – qohumluq əlaqəsi çatan bir yetimə, yaxud yerə uzanmış kasıba!
Sonra isə o, iman gətirən, bir-birinə səbir və mərhəmət tövsiyə edənlərdən olmaqdır.