Rəhbərə qayıt
AZTRENDEFRESNLRUITSQBSROKYDA

Quranda səbrin əhəmiyyəti: Quranda Səbir necə Təsvir Olunur?

Mündəricat
  1. Giriş
  2. Quranda Səbir necə Təsvir Olunur?
  3. Kimlər Gözəl Tərzdə Səbir Edə Bilir?
  4. Möminlərin Səbri
  5. Möminlər Hansı Şeylərə Səbir Edirlər?
  6. Səbrin İnsana Qazandırdığı Üstünlüklər
  7. Səbrin Sirləri...
  8. Möminlərin Səbir Duaları
  9. Nəticə

Ey iman gətirənlər! Səbir etmək və namaz qılmaqla kömək diləyin. Həqiqətən, Allah səbir edənlərlədir!

Bəqərə surəsi, 153

Allah insanlar üçün ən gözəl həyat tərzini, yaradılışlarına ən uyğun olan əxlaq anlayışını müəyyən etmiş və “Biz Quranda möminlər üçün şəfa və mərhəmət nazil edirik” (İsra surəsi, 82) ayəsi ilə Quranda bildirilənlərin möminlər üçün rəhmət olduğunu göstərmişdir.

Allahın razılığını və sevgisini qazanmağın yolu Quranda əmr edilənləri qüsursuz olaraq yerinə yetirməkdir. Allah qullarından həyatlarının sonuna qədər Quran əxlaqını axsamadan yaşamağı istəmişdir. Odur ki, möminlərin Allahın bu əmrini hər şəraitdə yerinə yetirməyinin sirri imandan irəli gələn səbirdə gizlənmişdir. Səbrin sirrini öyrənən insan Allahın ondan istədiyi davranışlarda iradə göstərər. Bu sirri öyrənmək çox asandır. Allah iman edən qullarının üzərində “Sabur” (çox səbirli) ismini təzahür etdirər və onların qəlbindəki qərarlılıq hissini möhkəmləndirər. Ömür boyunca davam edən gerçək səbrin əsil qaynağı möminlərin Allaha olan imanlarıdır. İman edən mömin Allahın elminin və ağlının bütün varlıqları əhatə etdiyini, Onun izni olmadan heç bir hadisənin baş vermədiyini, həmçinin Allahın hər hadisəni minlərlə xeyir və hikmətlə yaratdığını bilir. Eyni zamanda, Allahın iman edənlərin dostu və vəlisi olduğunu bilir, hadisələr mənfi görünsə belə, hər şeyin inananların xeyrinə olduğunu unutmaz. Allahın onun üçün yazdığı qədərə tərəddüd etmədən təslim olar və qədərindən razı qalar. Buna görə də səbir mömin üçün məcburi yox, qəlbən yaşanan və zövq alınan ibadətdir. Beləliklə, Quranda Allahın insanlara öyrətdiyi həqiqi səbirlə cəmiyyətlərdə yaşanan səbir anlayışının fərqi də budur.

Cəmiyyətin böyük qismi səbrin həqiqi mənasını, səbirli insanın necə davranmalı olduğunu və bunun Allah qatındakı əhəmiyyətini bilmir. İnsanların çoxu elə təsəvvür edir ki, səbir çətinlik və sıxıntılara sinə gərmək, bunlara dözüb tab gətirməkdir. Həmçinin belə inanc var ki, səbir müvəqqəti olur və zamanla tükənir. Bu yanlış anlayışa görə, hər hansı mənfəət əldə edilməyəcəksə, o şeydə səbir göstərmək yersizdir. Halbuki Quranda öyrədilən gerçək səbir bu təhəmmül anlayışından çox fərqlidir. İlk öncə qeyd etmək lazımdır ki, inananlar səbri Allahın əmri olaraq yaşayırlar və buna görə də heç vaxt onların səbri tükənib daşmaz. Həyatlarının sonuna qədər bu ibadəti şövqlə yerinə yetirərlər. Onlar Allah üçün səbir etdiklərinə görə bunun müqabilində hər hansı bir mənfəət qazanmağı güdmürlər. Çünki Allahın rizasını qazanmaq onlar üçün ən gözəl qarşılıqdır. Bundan başqa, Quranda tövsiyə edilən səbir yalnız çətinlik zamanı yaşanan xüsusiyyət də deyil. Həqiqi səbir şərtlərdən asılı olmayaraq, Quranın əmrlərini yerinə yetirməkdə, Allahın çəkindirdiyi hərəkətlərdən uzaq olmaqda və Quran əxlaqını ömür boyunca axsamadan yaşamaqda qərarlılıq göstərməkdir. Allah Quranda “Sürəkli olan yaxşı əməllər isə Rəbbinin dərgahında savab və ümid baxımından daha əfzəldir” (Kəhf surəsi, 46) ayəsi ilə saleh əməllərdə mətanətli olmağı məqbul saymış və bütün qullarını səbirli olmağa dəvət etmişdir.